Məhkəmə qərarları › İş №2-2(104)-88/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-88/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-88/2025 03.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Firmasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Firmasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1411/2024 nömrəli qərardadından iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərardad qəbul etdi. İşin halları: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1411/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh6 arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli 016R********** saylı krеdit razılaşması üzrə 32844 manat 85 qəpik krеdit bоrcu, 5100 manat 03 qəpik faiz bоrcu, 1500 manat cərimə borcu olmaqla, ümumilikdə 39444 manat 88 qəpik bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 208 manat 34 qəpik dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqının müştərək qaydada cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış sahəsi açıq hərracdan satılması və qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 90000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən və əmlak satıldıqdan sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qeyri-yaşayış sahəsinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh3 Firmasına qaytarılması, iş üzrə qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı 350 manat ekspertiza xərci cavabdehlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdеhlər Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 müştərək qaydada iddiaçının хеyrinə 016R********** saylı krеdit razılaşması üzrə 32844,85 manat krеdit bоrcu, 5100,03 manat faiz bоrcu və 2207,19 manat cərimə borcu olmaqla, ümumilikdə 40152,07 manat bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 210,46 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh3 Firmasının xüsusi mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 47.4 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binası-kateqoriya: yaşayış məntəqələrinin torpaqlarına yönəldilməsi, ipoteka predmetinin hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6, Cavabdeh3 Firmasından, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 ümumi müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1411/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Ərizəçi 17 fevral 2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə ilə ilə məhkəməyə müracət edilmiş, Gəncə Kommersiya Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli e-2-2(115)-1411/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1411/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)- 1411/2024 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Ərizəçi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)- 1411/2024 nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət etmiş və qərardadın ləğv edilməsi xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1411/2024 nömrəli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 26 fevral 2025-ci il tarixli e-2- 2(115)-1411/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan şikayətinin və ona qarşı etirazın dəlilləri a) Qərardaddan şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin həmin qətnaməsi üzrə borcun təminatı kimi ipoteka predmeti olan, 100%-lik payla Cavabdeh6 məxsus Cavabdeh3 firmasının mülkiyyətində olan yanacaqdoldurma məntəqəsi məhkəmə işə baxarkən, məhkəmə qərarı əsasında həmin şəxsə deyil, X3 məxsus olmuşdur. Həmin yanacaqdoldurma məntəqəsi ilə bağlı məhkəmə mübahisələri 2019-cu ildən başlayaraq 2024-cü ildə başa çatmışdır. Belə ki, hazırki məhkəmə qətnaməsi ilə maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermiş Ərizəçi Cavabdeh3 firmasının həmin vaxtkı və hazır ki, sahibi olan X4 ilə aralarında notariusda təsdiq olunmuş xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə Ərizəçi tərəfindən Hüseyn Ələkbərova 150000 manat məbləğdə borc verilmişdir. Həmin borcun təminatı olaraq müqavilədə Hüseyn Ələkbərov borcu qaytara bilməyəcəyi halda, təsisçisi olduğu Cavabdeh3 firmasının Tovuz’ rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin 1/2 hissəsini iddiaçı Ərizəçi adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. İddiaçı Ərizəçi cavabdeh tərəfindən kredit müqaviləsinin şərtlərini pozulduğuna və öhdəliyi yerinə yetirmədiyinə görə, Tovuz Rayon Məhkəməsində iddia qaldıraraq, ondan 150000 manat borcun alınmasını və borcun cavabdehin mülkiyyətçisi olduğu Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaq doldurma məntəqəsinin hərracda satılmaqla, əldə olunan vəsaitə yönəlməsini xahiş etmişdir.Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarıxli qətnaməsi ilə iddiası təmin edilmiş, cavabdeh X1 150000 manat borcun alınıb ona verilməsi qət edilmiş, tutmanın xx.xx.2018-ci il tarixli kredı müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin mülkiyyətində olan Qovlar şəhəri Vağzal küçəsində yerləşən yanacaq doldurma məntəqəsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsininxx.xx.2020-ci il tarixli qərarı ilə, qətnamə cavabdehdən 150000 manat borcun alınması hissəsində qüvvədə saxlanılmış, borcun cavabdehin mülkiyyətində olan yanacaq doldurma məntəqəsinin 1/2 hissəsinə yönəldilməsi ilə bağlı qanunun tələblərinə əməl edilmədiyi, yəni aralarında ipoteka müqaviləsi bağlanmadığı, həmin müqavilənin notariusda təsdiq olunmadığı və dövlət qeydiyyatından keçmədiyi əsas göstərilərək, həmin hissədə ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya Məhkəməsi qərarının məzmunu ondan ibarət olmuşdur ki, cavabdehlə borc müqaviləsi bağlayarkən və cavabdeh öz əmlakını girov qoyarkən onlar aralarında ayrıca ipoteka müqaviləsi bağlayıb, həmin müqaviləni dövlət reyestr orqanında qeydiyyatdan keçirməli olduqları halda, bunu etməmişlər. Ona görə iddianın həmin hissədə təmin olunması qanun tələbinə uyğun olmamışdır. Yekunda cavabdeh X1 150000 manat borcun alınıb ona verilməsinə dair məhkəmə qərarının icrasına başlanılmışdır. İcra prosesində icra məmuru cavabdehin əmlak vəziyyətini yoxlayarkən məlum olmuşdur ki, kassasiya instansiyası məhkəməsinin qərarından sonra cavabdeh Hüseyn Ələkbərov təsisçi olduğu Cavabdeh3 firmasındakı 100 faizlik payının 50 faizini oğlu Cavabdeh4, digər 30 faizini isə Cavabdeh1 adına bağışlama müqaviləsi əsasında keçirmişdir. Həmin bağışlama müqaviləsi cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 150000 manat borcunun, icra qaydasında onun əmlakına yönəlməsinin qarşısının alınması üçün məqsədli bağlandığından, formal və uydurma müqavilə olduğundan, etibarsız müqavilə olmuşdur. Bununla da, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli yekun qərarı ilə cavabdeh X6 Ələkbərova borclu olduğu 150000 manatın alınıb verilməsi barədə mübahisə başa çatmışdır. Məhkəmə qərarından sonra icra vərəqəsi icra şöbəsinə daxil olanadək cavabdeh Hüseyn Ələkbərov borcunun icra qaydasında yönələcəyi yeganə əmlakı olan, Cavabdeh3 firmasındakı 100 faizlik nizamnamə kapitalının və firmanın xüsusi mülkiyyətində olan yanacaq doldurma məntəqəsinin 80 faizini bağışlama yolu ilə formal olaraq uşaqlarının adına keçirmişdir. Burada cavabdehin niyyəti 150000 manat borcunun əmlakı hesabına ödənilməsinə maneçilik yaratmaq olmuşdur. Bundan sonra iddiaçı Ərizəçi iddia tələbinin həcminin artırılması barədə birinci instansiya məhkəməsinə ərizə verərək, cavabdeh X2 Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən Cavabdeh3 firmasındakı 100 faizlik təsis payının 50 faizini Cavabdeh4, 30 faizini isə Cavabdeh1 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin və həmin əmlakın cavabdehlərin adından Cavabdeh6ə Hidayət qızının adına X9 Xidmət mərkəzinin Notariat ofisində rəsmiləşmiş xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(062)-148/2023 saylı qətnaməsi ilə iddia tələbin təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin həmin tarixli qətnaməsi Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1270/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-129/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 822/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlamılmışdır. Apellyasiya Məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almış, bununla da, həmin mübahisə başa çatmışdır. Yəni, borclu X2 tələbkar Ərizəçi Ali Məhkəmə qətnaməsi əsasında ödəməli olduğu 150000 manat pulun, onun xüsusi mülkiyyətində olan Cavabdeh3 firmasında olan əmlakına yönəldilməməsi üçün, hüquqdan sui-istifadə edərək həmin əmlakını öz ailə üzvlərinə bağışlamasına dair saxta müqavilə etibarsız sayılmaqla, əmlak onun adına qaytarılmışdır. Buna baxmayaraq Hüseyn Ələkbərov əmlakını qanundan sui-istifadə etməklə öz ailə üzvlərinə bağışlamaqla adlarına keçirdiyi ərəfədə, məqsədli olaraq həmin əmlakı İddiaçıa ucuz qiymətə girov qoymaqla kredit götürmüşlər və kredit borclarını məqsədli olaraq ödəməməklə həmin əmlakın borc hesabına hərracda satılmasına nail olmağa cəhd etmişlər. X5 Məhkəməsinin hazırda məlum olan qətnaməsindən görünür ki, Bankın iddiası əsasında Ələkbərovlar ailəsinin götürdüyü kredit müqaviləsinin təminatı olaraq mübahisə predmeti olan əmlakın hərraca çıxarılmaqla satılıb Bankın borcunun bağlanmasına dair qətnamə çıxarılmışdır. Həmin məhkəmə prosesində cavabdeh qismində iştirak etmiş Hüseyn Ələkbərovun ailə üzvləri Rüfət və Cavabdeh1lar və digərləri məqsədli olaraq iddianı etiraf edərək qəbul etdiklərini bildirmişlər. Həmin iş üzrə cavabdehlər məqsədli olaraq məhkəmədə girov predmeti olan əmlakın onların adından məhkəmə qətnaməsinə əsasən çıxarılıb, Hüseyn Ələkbərovun adına keçdiyini gizlətmişlər. Nəticədə düzgün olmayan qətnamənin çıxarılmasına nail olmuşlar. Tovuz Rayon Məhkəməsi isə Gəncə Kommersiya Məhkəməsinin həmin qətnaməsinə əsaslanaraq icra məmurunun təqdimatını təmin etməmişdir. Ərizəçi təqdimatın təmin edilməməsinə dair Tovuz Rayon Məhkəməsinin 8(062)-2/2025 nömrəli qərardadının surətini xx.xx.2025-ci il tarixdə məhkəmədən aldıqdan sonra, ona məlum olmuşdur ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Hüseyn Ələkbərova məxsus olan əmlak saxta bağışlama müqaviləsi əsasında gəlini Gülnar Ələkbərovanın adına olan vaxtda girov qoyulduğu üçün, onların götürdükləri borc hesabına Bankın borcunun ödənilməsi üçün hərraca çıxarılması qət edilmişdir. Hərrac predmeti olan yanacaq doldurma məntəqəsi məhkəmə qətnaməsinə əsasən Ərizəçi 150000 manat borclu olan X2 mülkiyyətinə qaytarıldığına baxmayaraq, gəlini Cavabdeh6 adından Bankın borcu hesabına hərraca çıxarıldığı üçün, həmin qətnamə Ərizəçi hüquq və vəzifələrinə ciddi toxunduğu üçün, onun işdə iştirak etməyə cəlb edilməyən şəxs qismində, həmin qətnamədən şikayət vermək hüququ yaranmışdır. Məhkəmə qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh6 arasında 29 noyabr 2021-ci il tarixdə 50000 manata dair kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı olaraq, həmin vaxtı saxta bağışlama müqavilələri əsasında Cavabdeh6 adına keçirilmiş Cavabdeh3 firmasının yanacaqdoldurma məntəqəsi girov qoyulmuşdur. 2021-ci ildən sonrakı 3 illik müddətdə borclu Cavabdeh6 cəmi 18000 manat pul ödəmiş, onun banka 32000 manat ödənilməmiş borcu qalmışdır. Ələkbərovlar ailəsi məqsədli olaraq, 250000 manatdan artıq dəyəri olan yanacaq doldurma məntəqəsini cəmi 70000 manata girov qoymuşlar. Sonradan onlar məqsədli olaraq, kredit borcunu ödəməməklə əmlakın 90000 manata hərraca çıxarılmasına dair istəklərinə nail olmuşlar. Onlar hüquqdan suiistifadə etməklə Ərizəçi zərər vurmaq niyyətlərini davam etdirərək, hərracda üstün almaq hüquqlarından istifadə etməklə 90000 manat ödəyib, 40000 manatı İddiaçıa ödəyib borcu bağlamaqla, 50000 manat isə özlərinə qayıtmaqla, 3 qat baha əmlakı başqa şəxsin adına almaqla, 2018-ci ildən Ərizəçi olan 150000 manat borcun 7 il müddətində ödəmədikləri kimi, ödəməməkdə davam etmək niyyətindədirlər. Ona görə də həmin qətnamənin həmin əsaslara görə ləğv edilməsi zəruridir. b) Qərardaddan şikayətə qarşı etirazın dəlilləri Qərardaddan şikayətə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2-ci maddəsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdirlər. Prokuror bu Məcəllənin 500-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 398.0.1-ci maddəsinə əsasən, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apellyasiya instansiyası məhkəməsinin hüququdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Qərardad və şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İddiaçı QSC cavabdehlər Cavabdeh3 Firmasına, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edən Ərizəçi isə iş üzrə tərəf olmamışdır. O çıxarılmış qətnamənin onun maraqlarına toxunduğunu iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh6 arasında 29 noyabr 2021-ci il tarixdə bağlanmış kredit razılaşmasına əsasən borcalana aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində krеdit verilmişdir. Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Cavabdeh3 Firması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh3 Firmasının mülkiyyətindədir. Həmin qeyriyaşayış sahəsi İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 10 iyun 2021-ci il tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. Ərizəçi X2 ona pul borcunun olmasını, X2 Cavabdeh3 Firmasına məxsus paylarının bağışlanması ilə bağlı müqavilələrin məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyini, hazırda Cavabdeh3 Firmasına məxsus yanacaq doldurma məntəqəsinin X2 mülkiyyətinə qaytarıldığını, buna baxmayaraq Cavabdeh3 Firmasına məxsus yanacaq doldurma məntəqəsinin Cavabdeh6 tərəfindən məqsədli şəkildə AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edildiyini, bunun isə X2 ona olan borcunu ödəməkdən yayınmaq məqsədi daşıdığını bildirir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mülkiyyətçi olan Cavabdeh3 Firması özünə məxsus olan qeyri-yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etdirmiş, bununla bağlı tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə də qətnaməsində borcun tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsinə yönəldilməsini, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsini qət etmişdir. Ərizəçi sözügedən əmlaka, yəni Cavabdeh3 Firmasının mülkiyyətində olan Tovuz rayonu, Qovlar qəsəbəsi, Vağzal küçəsində dövlət mülkiyyətində olan 0.02 ha torpaq sahəsində yerləşən 47.4 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına dair hər hansı hüquqlarının olması, hazırkı qətnamənin Ərizəçi hüquqlarına toxunması müəyyən edilmir. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi Ərizəçi ilə Cavabdeh3 firması arasında hər hansı hüquq münasibətləri mövcud deyildir və Cavabdeh3 firması Hüseyn Ələkbərovun öhdəliklərinə görə məsuliyyət daşımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Göründüyü kimi Cavabdeh3 firması təsisçisinin öhdəlikləri üçün məsuliyyət daşımır ki, 150000 manat pulun tutulmasına dair məhkəmə qətnaməsinin icrası qaydasında tələb Cavabdeh3 firmasının əmlakna deyil, Hüseyn Ələkbərovun səhmlərinə yönəldilə bilər. Belə olan halda Gəncə Kommersiya Məhkəməsi tərfindən qəbul edilmiş məhkəmə aktı Ərizəçi qanunla qorunan maraqlarına toxunmur və sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən hazırki qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1411/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar