Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-89/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı ilk iddiası, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddiası üzrə pul tələblərinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Cavabdeh MMC-nin X4 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonran – iddiaçı və ya ASC) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) qarşı “pul” tələbinə, Cavabdeh MMC-nin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə dair Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 373/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə cavabdeh MMC arasında bağlanmış 24 fevral 2020-ci il tarixli ***- *******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə illik faiz dərəcəsi 7,5% olmaqla, 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə X2 arasında bağlanmış 2020-ci il 7 fevral tarixli 16-D-000008-0220 nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi A.Bayraməliyevdən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ33AMRA**********00044U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il 8 fevral tarixinədək bağlanır.
3. İddiaçı ASC ilə X6 arasında bağlanmış 2020-ci il 7 fevral tarixli 16-D-000009-0220 nömrəli güvən əmanət müqaviləsinə əsasən, bank əmanətçi L.Şahbazovadan 17.600 ABŞ dolları məbləğində pul vəsaitini AZ94AMRA**********00002U41120 nömrəli hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 2,5% dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə 12 ay müddətinə, 2021-ci il 8 fevral tarixinədək bağlanır.
4. Girovqoyan A.Bayraməliyev 2020-ci il 24 fevral tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000008-0220 depozit müqaviləsi AZ33AMRA**********0004U41120 nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (ASC, MMC və A.Bayraməliyev arasında bağlanmış 2020-ci il 24 fevral tarixli ***-*******DKX240220-01/G nömrəli əmanət girovu müqaviləsi).
5. Girovqoyan L.Şahbazova 2020-ci il 24 fevral tarixli kredit xətti müqaviləsi üzrə öz öhdəliklərinin icrasının təminatı olaraq ASC-nin Sumqayıt filialında 16-D-000009-0220 depozit müqaviləsi AZ94AMRA**********0002U41120 nömrəli depozit hesabında saxlanılan ona məxsus və girov predmeti kimi çıxış edən 17.600 ABŞ dolları məbləğində pul vəsaitini və həmin hesaba daxil olacaq artım məbləğini girov qoyur. Müqavilənin 3.1.3cü bəndinə əsasən kredit xəttinin açılması barədə müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi halda girov saxlayana girov qoyulmuş hesabdan girov saxlayanın tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinməsi üçün hüquq verir (iddiaçı ASC, cavabdeh MMC və L.Şahbazova arasında bağlanmış 2020-ci il 24 fevral tarixli ***-*******DKX240220-01/G nömrəli əmanət girovu müqaviləsi).
6. Cavabdeh MMC tərəfindən ASC-nin Sumqayıt filialına hesabdan 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “VTK”-ya Volqoqradsakaya Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair xx.xx.2020-ci il tarixdə tapşırıq verilmişdir (ASC-nin Sumqayıt filialı tərəfindən təsdiq edilmiş 2020-ci il 24 aprel tarixli köçürmə tapşırığı).
7. Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli 2-3(103)-130/2020 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – “ƏSF”) ləğvedici təyin edilmişdir.
8. 2020-ci il 24 fevral tarixli kredit müqaviləsinə əsasən, MMC-nin hesabına 2020-ci il 24 fevral tarixdə 295.000 ABŞ dolları mədaxil edilmiş, 2020-ci il 29 mart tarixində 19.754,90 ABŞ dolları və 215,10 ABŞ dolları (33.949 manat) MMC-nin hesabından götürülmüşdür (2024-cü il 25 yanvar tarixli MMC-nin 2020-ci il 1 yanvar - 2021-ci il 27 may tarixləri üzrə hesabdan çıxarış). 9. 2020-ci il 29 mart tarixdə sifarişə əsasən 33.949 manat (kurs=1,7025) konvertasiya edilmişdir. Həmçinin 2020-ci il 24 aprel tarixinə qalıq olaraq 226.355,56 manat göstərilmişdir (MMC-nin 2020-ci il 1 yanvar - 5 may tarixləri üzrə hesabdan çıxarış).
9. L.Şahbazovaya 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il 7 iyul tarixində kompensasiya edilmişdir (2024-cü il 12 mart tarixli L.Şahbazovanın 2020-ci il 29 aprel - 2021- ci il 27 may tarixləri üzrə hesabdan çıxarışı).
10. A.Bayraməliyevə 17.628,09 ABŞ dolları (30.086,60 manat) 2020-ci il 7 iyul tarixində kompensasiya edilmişdir (2024-cü il 12 mart tarixli A.Bayraməliyevin 2020-ci il 29 aprel - 2021-ci il 27 may tarixləri üzrə hesabdan çıxarışı).
11. 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait 2020-ci il 28 aprel tarixində MMC-nin hesabına qaytarılmışdır (2020-ci il 26 avqust tarixli MMC-nin 2020-ci il 28 aprel - 24 avqust tarixləri üzrə hesabdan çıxarışı).
12. MMC-nin kredit müqaviləsi üzrə 2023-cü il 2 noyabr tarixinə banka 9.745 ABŞ dolları əsas, 1.343,96 ABŞ dolları faiz və 1.328,40 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 12.417,46 ABŞ dolları məbləğində bоrcu vardır (2023-cü il 6 noyabr tarixli maliyyə arayışı).
13. Borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyət barədə xəbərdarlıq edilmişdir (2023-cü il 13 noyabr tarixli xəbərdarlıq məktubunun surəti).
14. MMC-nin ƏSF-ya ünvanladığı 2020-ci il 25 avqust tarixli, 2020-ci il 26 avqust tarixində ləğv prosesində olan ASC-yə daxil olmuş ərizəsindən görünür ki, MMC-nin ASCnin Sumqayıt filialındakı hesabında 2020-ci il 28 aprel tarixinə 226.355,56 manat, 57.107 ABŞ dolları və kart hesabında 1.352,94 manat vəsait olması və 2020-ci il 24 fevral tarixli müqavilə üzrə 29.500 ABŞ dolları kredit götürüldüyü qeyd edilmiş, hüquqi şəxsin cari hesab qalığının lazım olan hissəsini bankda olan kredit borcundan silinməsi xahiş edilmişdir.
15. MMC-nin 2020-ci il 26 avqust tarixli ərizəsinə baxılmış, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən, müflis bankla onun kreditoru arasında öhdəliklərin əvəzləşdirilməsi yalnız Qanunun 82-ci maddəsinin tələblərinə əməl etmək şərti ilə aparıla bilməsi izah edilmişdir (ƏSF-nın MMC-yə 2020-ci il 15 sentyabr tarixli müraciətinə cavab məktubu).
16. 2020-ci ildə ASC bağlanan zaman MMC-nin ASC-nin Sumqayıt filialındakı hesabında 226.355,56 manat, kart hesabında 1.352,94 manat və 57.107 ABŞ dolları vəsait olmuşdur. Qeyd olunanların nəzərə alınmasını, kredit borcunun MMC-nin ASC-də olan vəsaitindən silinməsini xahiş etmişlər (MMC-nin ƏSF-ya ünvanladığı 2023-cü il 22 noyabr tarixli məktubu).
17. Bank hesablarında qalıq vəsaitin mövcud kredit borcu ilə əvəzləşdirilməsi barədə müraciətə baxılmış, MMC-nin qeydə alınmış kreditor tələbinin ödənilməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsində göstərilmiş növbəlilik qaydasında həyata keçiriləcəyi, həmin Qanunun 78 və 82-ci maddələrinin tələblərinə əməl etmək şərti ilə müflis bankla kreditorlar arasında öhdəliklərin əvəzləşdirilməsinin aparıla bilməsi bildirilmişdir (ƏSF-nın MMC-yə 2023-cü il 22 noyabr tarixli müraciətinə cavab məktubu).
18. Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli, 6-1-31/2-11422/2025 nömrəli məktubla bildirmişdir ki, Mülki Məcəllənin 959-cu maddəsinin tələblərinə müvafiq olaraq müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. Qeyd olunanları nəzərə alaraq, ödəniş tapşırığının icrası ilə bağlı müddətlər tərəflər arasında imzalanmış müqavilə şərtləri əsasında müəyyən edilir. X13 Heyətinin xx.xx.2020-ci il tarixli, 19 saylı qərarı ilə Banka müvəqqəti inzibatçı təyin olunmuş, bankın idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-3(103)-125/2020 nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə müvafiq olaraq Bank kapitalının itirilməsi səbəbilə müvəqqəti inzibatçı təyin olunduğu dövrdə hüquqi və fiziki şəxslərin bankdakı depozitləri və bankın digər öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Eyni zamanda, “Banklar haqqında” Qanunun 73-cü maddəsində qeyd edir ki, bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun. Ödəniş tapşırığı bankın müflis elan olunmasına qədər, yəni xx.xx.2020-ci il tarixinə qədər verilərək Bankın aralıq hesabına düşmüşdür və SWİFT sistemində yığılmadığına görə gerigötürülən hesab edilir. Odur ki, Cəmiyyətin cari hesabından silinən məbləğ moratorium çərçivəsində məxaric əməliyyatlarının dayandırılması və tapşırığın gerigötürülən hesab edilməsi ilə əlaqədar aralıq hesabdan geri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 24 fevral tarixli 016- 7271274DKX240220-01 nömrəli kredit müqaviləsi üzrə 2023-cü il 13 noyabr tarixinə banka ödənilməmiş 9.745,10 ABŞ dolları əsas borc, 1.343,96 ABŞ dolları faiz borcu, 1.328,40 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra Konstitusiya Məhkəməsinin 2014-cü il 24 dekabr tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun, ödənilmiş 153,33 manat dövlət rüsumunun və ödənilmiş 210 manat mediasiya xərcinin cavabdeh MMC-dən tutularaq iddiaçı LPO ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ASC-nin Sumqayıt filialı ilə MMC arasında bağlanmış 2020-ci il 24 fevral tarixli ***-*******DKX240220-01 nömrəli kredit müqaviləsinə əsasən, MMC-yə 11 ay müddətinə, illik 7,5 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən, MMC müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar bank tərəfindən MMC-yə dəfələrlə şifahi müraciətlər olunmasına və 2023-cü il 13 noyabr tarixli **********567 nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq MMC kredit borcunun banka qaytarılmasını təmin etməmişdir.
21. Cavabdeh MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmiş, 2024-cü il 17 fevral tarixində qarşılıqlı iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, ASC-nin təqsiri ucbatından 2020-ci il 24 fevral tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun ASC-dən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddiada istinad edilmiş kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndləri yoxdur. ƏSF onların kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürdüyünü, öhdəliyi yerinə yetirmədiklərini yazdığı halda, verdiyi 29.500 ABŞ dolları məbləğindən onlardan cəmi 12.417,46 ABŞ dolları tələb etdiyini bildirmiş, qalan 17.082,54 ABŞ dollarının harada, kimdə, nə üçün qalmasına aydınlıq gətirməmişdir. Həmçinin ƏSF borcun ödənilməsi ilə bağlı dəfələrlə onlara müraciət etdiklərini göstərsə də şifahi müraciətlər olunmasının mahiyyətini izah etməmiş, bunu sübut etməmiş, bu müraciətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. MMC ASC-nin Sumqayıt filialında 2017-ci il 30 oktyabr tarixində bank hesabı açmışdır. MMC-nin ASC ilə 2020-ci il 24 fevral tarixində kredit müqaviləsi bağlayaraq 11 ay müddətinə götürmüş olduğu 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,10 ABŞ dollarını müqavilə bağlanmasından 1 ay 5 gün sonra, 2020-ci il 29 mart tarixində ASC-nin Sumqayıt filialı cəmiyyətin dollar hesabından artıq silmişdir. Bundan başqa, 2020-ci il 28 aprel tarixində MMC-nin ASC-də manat hesabında 226.355,56 manat dollar hesabında 57.109,18 ABŞ dolları vəsait, biznes kartında 1.352,94 manat pul olmuşdur. Ən başlıcası isə, ASC-nin Sumqayıt filialı ilə 2020-ci il 7 fevral tarixli güvən əmanət müqavilələri bağlanılan əmanətçiləri A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin filialda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Bankın bağlanmasından qısa bir müddət sonra sözügedən mübahisəli kredit müqaviləsi üzrə zaminlərə əmanətləri qaytarılarkən həmin kredit borclarını müqavilələrin şərtləri çərçivəsində həmin əmanətçilərin dollar hesablarında olan vəsaitlərdən çıxmaq, silmək, əvəzləşdirmək olardı. Göründüyü kimi, ASC 2020-ci il 29 mart tarixində müqavilə bağlanmasından 1 ay 5 gün sonra cəmiyyətin dollar hesabından 19.754,10 ABŞ dollarını sildiyi halda, sonrakı dövrlərdə, yəni gələn bir ay müddətində qalan 17.082,54 ABŞ dollarını cəmiyyətin hesablarından silməməsi, götürməməsi, əmanətçilərin hesablarından silməmələri, əvəzləşdirməmələri müəammalıdır. Eyni zamanda, bütün bu proseslərdə hər hansı bir idarəetmə rəhbərliyi mövcud olmamışdır. Bunlardan başqa, onlar kreditin silinməmiş qalan hissəsini şəxsi təşəbbüsləri ilə ödəmək istəmişlər. Ancaq bank filialının harada olmasını, hansı qaydada kreditin qalan hissəsini ödəməli olmalarını bilməmişlər, bankın əməkdaşları ilə əlaqə saxlaya bilməmişlər. Ünvanları, telefon nömrələri bank filialının əməkdaşlarında olduğu halda bu illər ərzində, yəni 3,6 il müddətində bankın, bank filialının hər hansı əməkdaşı onlarla maraqlanmamış, onlarla əlaqə saxlamamışlar. Hazırkı iddia ərizəsini alandan sonra 2023-cü il 22 noyabr tarixində ƏSF-ya müraciət etmiş, bildirmişlər ki, bank bağlanan zaman cəmiyyətin 9.745,10 ABŞ dolları kredit borcu, MMCnin ASC-nin Sumqayıt filialındakı hesablarında isə 226.355,56 manat, 1.352,94 manat, 57.107 ABŞ dolları vəsaiti olmuşdur. Yəni, həmin vaxt kreditin ödənilməməsinin səbəbi, bankın bağlanması ilə bağlı, bank filialının hesablarının, hesabdakı pulların dondurulması olmuşdur. Ona görə də xahiş etmişlər ki, MMC-nin kredit borcunu, cəmiyyətin ASC-nin Sumqayıt filialındakı hesablarından silinsin. Ona görə də iddiaçının faizlərlə bağlı hesablamaları əsassızdır və məhkəmə tərəfindən təmin edilə bilməz.
23. Həmçinin, qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, 2020-ci il 24 aprel tarixində köçürmə ərizəsi ilə ASC-nin Sumqayıt filialına müraciət edərək MMC-nin bağlamış olduğu müqavilə əsasında 57.021,10 ABŞ dollarını OOO “VTK”-ya (Rusiya Federasiyası Volqaqrad vilayəti) ASC-nin Sumqayıt filialındakı AZ29AMRA******************** hesabından köçürülməsini filiala həvalə etmişdir. ASC-nin Sumqayıt filialının 2020-ci il 24 aprel tarixli möhürlə qəbul etdiyi sənədə əsasən 57.021,10 ABŞ dolları guya, Rusiya Federasiyasının Volqaqrad vilayətində yerləşən OOO “VTK”-ya məxsus banka göndərilmişdir. Bir müddət keçmiş, Rusiya Federasiyasının Volqaqrad vilayətindən onlara məlumat verilmişdir ki, danışdıqları halda onlara göndərməli olduqları 57.021,10 ABŞ dolları onlara göndərilməmişdir. Bu səbəbdən onlarla əməkdaşlıqlarına xitam verirlər və bütün işgüzar əlaqələrini kəsirlər. Onlar ASC-nin Sumqayıt filialına gəlib cəmiyyətin bankda olan hesabından göndərilmiş 57.021,10 ABŞ dollarının hansı səbəbdən sahibinə çatmamasını aydınlaşdırmışlar. Onlara bildirmişlər ki, bank 2020-ci il 28 aprel tarixində bağlanmışdır. Halbuki onlar 57.021,10 ABŞ dollarını 2020-ci il 24 aprel tarixində göndərmişlər və bank onlara pulların 2020-ci il 24 aprel tarixində qəbuluna dair təsdiqedici sənədlər vermişdir. Beləliklə, cəmiyyətə məxsus 57.021,10 ABŞ dolları ASCnin Sumqayıt filialının təqsiri ucbatından itirilmişdir. Ona görə də MMC-nin ASC-nin Sumqayıt filialındakı bank hesabında olan 226.355,56 manat pulla bərabər ASC-nin təqsiri ucbatından itirdiyi, ünvana çatmayan, cəmiyyətə maddi ziyan vurulmasına səbəb olmuş 57.109,18 ABŞ dolları hazırkı iş üzrə iddiaçı ASC-nin ləğvedicisi ƏSF-dan məhkəmə qaydasında tələb olunmalıdır.
24. Cavabdeh MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddianın təmin edilməməsini, cavabdeh İddiaçı ASC-nin təqsiri ucbatından xx.xx.2020-ci il tarixli köçürmə ərizəsi üzrə köçürülməmiş 57.109,18 ABŞ dollarının və ödənilmiş 383 manat dövlət rüsumunun cavabdeh İddiaçı ASC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. İddiaçı ASC-nin nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" MMC-yə tərəflər arasında bağlanmış 24 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 29.500 ABŞ dollar kredit verilmişdir. Hazırda kredit məbləğindən əsas məbləğ üzrə cavabdehin 9745,10 ABŞ dolları borc qalmışdır. Ona görə də ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir.
26. Cavabdehin MMC-nin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, onlarla bank arasında kredit müqaviləsi bağlanmış və İddiaçı ASC 24 fevral 2020-ci il tarixdə Cavabdeh MMCyə 29.500 ABŞ dollar kredit vermişdir. Onlar müraciət edərək kredit məbləğinin hamısının onların banda olan hesabından silinməsini xahiş etmişlər. Kredit məbləğindən 19.754,10 ABŞ dolları müqavilə bağlanandan 1 ay 5 gün sonra onların bankda olan hesabından silinmişdir. Lakin qalan məbləğ silinməmişdir. Onların banka 9745,10 ABŞ dolları borclarının olmasını qəbul edirlər, lakin faizlərlə razı deyillər. Belə ki, kreditin məbləğinin bir hissəsi silinərkən onların bankda hesablarda həm manatla, həm də dollarla vəsaiti olmuş, biznes kartında vəsait olmuşdur. Bank ləğv edilməmişdən əvvəl kreditin məbləğini tam olaraq hesablarında olan vəsaitdən silə bilərdilər. Bundan başqa bankla güvən əmanət müqavilələri bağlamış X1 və X5 hər birinin bankda 17.600 ABŞ dolları vəsaitləri olmuşdur. Hər iki əmanətçi ilə bank arasında müqavilə bağlanılmış, əmanətçilər kreditin təminatı olaraq bank hesabında olan vəsaitləri ilə məsuliyyət daşımışlar. Lakin bank nə onların bankda olan hesablarından, nə də ki, əmanətçilərin bankda olan hesablarından kreditin qalan məbləğini silməmişdir. Bank bağlandıqdan sonra isə dəfələrlə Əmanətlərin Sığortalanması Fonduna müraciət etmişlər ki, kreditin qalan məbləği onların bankda hesabında olan vəsaitləri ilə əvəzləşdirilsin. Buna baxmayaraq borc hesabda olan vəsaitlərlə əvəzləşdirilməmişdir. Ona görə də hesab edirlər ki, onlara faiz məbləği hesablana bilməz. Bundan başqa onlar 57.021,10 ABŞ dollarının köçürülməsi ilə bağlı banka tapşırıq vermiş, bank həmin vəsaitin köçürüldüyünü onlar bildirmiş, lakin həmin vəsait ünvanına çatmamışdır. Ona görə də ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
27. Cavabdehin MMC-nin nümayəndəsi X8 ilkin iddianın yalnız əsas borc hissəsində təmin edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir.
28. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 29 may tarixli e-2-2(115)-373/2024 nömrəli qətnaməsi (hakim Gülnaz Quliyev) ilə, ilkin iddianın qismən təmin edilməsi, ASC ilə MMC arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış 9.745,10 ABŞ dolları kredit borcunun, 1.343,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 11.089,06 ABŞ dolları borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 210 manat mediasiya xərcinin və 123,17 manat dövlət rüsumunun MMC-dən tutularaq ASC-yə ödənilməsi, ilkin iddianın qalan hissəsinin təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, ASC-dən 57.109,18 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.
29. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd etmişdir ki, MMC ilə ASC arasında 2020-ci il 24 fevral tarixində kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə 29.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin ASC ilə A.Bayraməliyev və L.Şahbazova arasında ayrı-ayrılıqda 2020-ci il 7 fevral tarixində güvən əmanət müqaviləsi bağlanılmış, bank hər birinin hesabına 17.600 ABŞ dolları məbləğində vəsaiti qəbul etmişdir. MMC ilə ASC arasında 2020-ci il 24 fevral tarixində bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bank, kredit alan və əmanətçilər arasında 2020-ci il 24 fevral tarixində əmanət girovu müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilmiş kreditin 19.754,90 ABŞ dolları hissəsi 2020-ci il 29 mart tarixində konvertasiya edilmiş, müqavilə üzrə MMC-nin 9.745,10 ABŞ dolları əsas borcu qalmışdır. ASC məhkəmə qərarı ilə 2020-ci il 30 aprel tarixində müflis elan edilmiş, ƏSF ləğvedicisi təyin edilmişdir. MMC-nin LPO ASC-yə 9.745,10 ABŞ dolları əsas kredit borcunun olması iş materialları və tərəflərin nümayəndələrinin izahatları ilə təsdiq edilir. Ona görə də ilkin iddia üzrə iddiaçının əsas borcun ilkin iddia üzrə cavabdehdən tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
30. İlkin iddia tələbində həmçinin müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu, həmçinin müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun ilkin iddia üzrə cavabdeh MMC-dən tutulması xahiş edilmişdir.
31. Məhkəmə müqavilə üzrə hesablanmış faiz borcunun da ilkin iddia üzrə cavabdehdən tutulması hissəsini əsaslı hesab etmiş və təmin olunmalı olması qənaətinə gəlmişdir. Belə ki, MMC-nin nümayəndələri əsas borcun böyük qisminin onların bankda olan hesabından kredit müqaviləsi bağlandıqdan qısa bir müddət sonra silinməsini, həmin silinmə aparılarkən bankın borcun tam hissəsini silmək səlahiyyətində olduğunu, habelə əmanətçilərin hesabda olan vəsaitlərindən silmək səlahiyyətində olduğunu, lakin silmədiyini, sonradan isə ləğvediciyə borcun onların bank hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün müraciət etdiyini, lakin əvəzləşdirilmədiyini bildirmişdir.
32. Məhkəmə qeyd edilənlərlə bağlı bildirmişdir ki, kredit müqaviləsi 2020-ci il 24 fevral tarixində illik faiz dərəcəsi 7,5% olmaqla 11 ay müddətinə bağlanılmış, həmin müddətdə tərəflər verilmiş kredit məbləğinin və ona hesablanacaq faizlərin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit məbləğinin tam və ya hər hansı hissəsinin borcalanın bankda olan hesabından silmək bankın hüququ olmuşdur ki, bank 19.754,90 ABŞ dolları hissəsini silmiş, 9.745,10 ABŞ dolları hissəsi isə qalmışdır. Borcun qalması MMC-yə məlum idi, ödənilmədiyi təqdirdə müqavilə şərtlərinə əsasən faiz məbləğinin hesablanacağını bilirdi. Həmçinin MMC-nin nümayəndəsi bank ləğv olunmamışdan qabaq yəni, kredit məbləğinin bir hissəsinin silinməsi vaxtı, 2020-ci il 29 mart tarixində məbləğin məhz borcalanın bankda hesabında olan vəsait hesabına ödənilməsi ilə bağlı banka özü müraciət etdiyini qeyd etmişdir. Lakin borc məbləğinin tam olaraq və ya qismən əvəzləşdirilməsi üçün müraciət etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddətinə hesablanmış 1.343,96 ABŞ dolları faiz borcu da ilkin iddia üzrə cavabdehdən tutulmalıdır və bu hissədə də ilkin iddiaçının tələbi əsaslıdır. İlkin iddianın müqavilə müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması ilə bağlı məhkəmə bildirmişdir ki, borc alan MMC-nin həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır.
33. Yuxarıda da qeyd edildiyi kimi, bank verdiyi kredit məbləğinin böyük bir qismini krediti verdiyi vaxtdan qısa bir müddət sonra, yəni 2020-ci il 29 mart tarixində borc alanın bankda olan hesabından silmiş, borcun qalan hissəsinin də eyni qaydada silmək ixtiyarı olmuş, lakin silməmişdir. Belə ki, iş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, 2020-ci il 29 mart tarixindən bankın ləğv edildiyi 2020-ci il 30 aprel tarixinədək bank hesabında qalan borc məbləği həddində vəsait olmuşdur. Bundan başqa, kreditin təminatı olaraq əmanətçilərin bank hesabında girov qoyulmuş vəsaiti olmuşdur. Girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitlərinin akseptsiz qaydada silinmək hüququ olmuşdur. Əmanətçilərin bank hesabında olan və girov qoyulmuş vəsaitləri isə 2020-ci il 7 iyul tarixində əmanətçilərin özlərinə ödənilmişdir. Girov qoyulmuş məbləğləri girov qoyanlara qaytararkən girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, həmin məbləğdən borcu silmək hüququ olsa da, bunu etməmişdir.
34. Bundan başqa, borcalan qalan borc məbləğinin bankda dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəzləşdirilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı təqsiri olmamışdır. Həmin hissədə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir.
35. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında nəzərdə tutulan məsələlər üzrə iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməli, bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialara isə iddia icraatı qaydasında baxılmalıdır. İşdə olan sənədlərdən görünür ki, MMC tərəfindən ASC-nin Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “VTK”-ya Volgogradskaya oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixdə verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il 24 aprel tarixində OOO “VTK”-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir.
36. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdır. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələri təşkil edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.
37. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, MMC 57.109,18 ABŞ dolları vəsaiti ləğv prosesində olan ASC-dən tələb etməkdə haqlıdır və qarşılıqlı iddia həmin hissədə təmin edilməlidir.
38. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 449.1, 567, 739.1, 739.2-ci; “Banklar haqqında” Qanunun 73.1, 76-82 və 87-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair”” 2017-ci il 13 iyun tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.3 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin qismən - ilkin iddia tələbinin təmin edilməmiş illik 5 faiz borcun tutulması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin həmin hissədə tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
40. Birinci instansiya məhkəməsi iş üzrə düzgün araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında göstərmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, borclunun kreditorun pul vəsaitlərini özündə saxlamasından və ya istifadə etməsindən asılı olmayaraq illik 5 faiz üçün əldən çıxmış faiz məbləğini də ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunvericiliyin mövqeyindən də aydın olur ki, gecikdirilmiş kredit borcuna görə, borclu illik minimum faiz məbləğini kreditora ödməyə borcludur. Qeyd olunanlardan aydın olur ki, əldən çıxmış faiz məbləğinin kreditor təşkilatın aktiv və ya passiv fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur və borclunun statusu dəyişməz olaraq qaldığı üçün kredit öhdəliyində də hər hansı üstünlükdən söhbət gedə bilməz. Təminatlı kreditorların tələbləri növbədənkənar qaydada təminatın satılmasından əldə edilən vəsait hesabına ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ təminatsız kreditor tələbi kimi bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəliliklə ödənilir. Maddənin məzmunundan aydın olur ki, qanunvericilik ləğvedicinin üzərinə yalnız təminatlı kreditor tələblərini növbədənkənar ödənilməsi öhdəliyini qoyub. Yəni, digər tələblər müvafiq növbəlilik cədvəli əsasında Bakı Apellyaisya Məhkəməsinin İnzibati Kollegiyasının təsdiq etdiyi bankın müvafiq ləğv planına əsasən həyata keçirilir. Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan şikayət verilə bilməz. Nəzərə almaq lazımdır ki, ləğv prosesində olan bankların işinə baxan aidiyyətli məhkəmənin Cavabdeh MMC-yə aid bankın hesablarında olan vəsaitlərin növbəlilik əsasında verilməsi barədə müvafiq qərarın olması, tərəfin ayrıca iddia tələbi əsasında məhkəmə mübahisəsi açmağı əsassız və qanuna ziddir. Məhkəmə iş materiallarında olan kredit və maliyyə sənədlərinə əsasən, borclunun kreditor qarşısında əldən çıxmış faydanın hüquqi mahiyyətini nəzərə almamış və illik 5 (beş) faiz üçün sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)- 373/2024 saylı qətnaməsinin ilkin iddia tələbinin təmin edilməyən illik 5 (beş) faiz hissəsində, eləcə də qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirildiyi üçün, qətnamə qismən ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməklə, ilkin iddia tələbi tam təmin edilməli, qarşılıqlı iddia tələbi isə tamamilə əsassız olduğu üçün rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
42. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə, yəni, kredit müqaviləsinin müddəti bitəndən sonra illik 5%-lə əsas borca hesablanmış 1.328,40 ABŞ dolları faiz borcunun tutulması tələbinə dair ilk iddianın təmin edilmədiyi və qarşılıqlı iddianın təmin edildiyi hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – A.Bayramov, hakimlər – A.İsgəndərova və R.Mamedov).
43. Məhkəmə kollegiyası ASC-nin illik 5%-lə əsas borca hesablanmış 1.328.40 ABŞ dollarının MMC-dən tutulmasına dair tələbinə münasibətdə bildirmişdir ki, borc alan MMCnin həmin məbləğdə zərərin yaranmasında və ya artmasında hər hansı təqsiri olmamışdır. Belə ki, 2020-ci il 24 fevral tarixli kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 7,5% olmaqla 11 ay müddətinə verilmiş 29.500 ABŞ dolları məbləğində kreditin 19.754,90 ABŞ dolları hissəsi qısa müddət sonra 2020-ci il 29 mart tarixində borc alan MMC-nin bankda olan hesabından konvertasiya edilmişdir. Borcun konvertasiya edildiyi vaxt borcverən tərəfindən borcun qalan hissəsində eyni qaydada silməyə ixtiyarı olsa da, qalan borc silinməmişdir. İş materiallarında olan borcalanın hesabdan çıxarışından görünür ki, borcun qalan 9.745,10 ABŞ dolları məbləğindəki hissəsini ödəməyə yetərli olacaq məbləğ borcun 19.754,90 ABŞ dolları hissəsinin konvertasiya edildiyi 2020-ci il 29 mart tarixindən bankın ləğv edildiyi 2020-ci il 30 aprel tarixinədək müddətdə bank hesabında olmuşdur.
44. Bununla yanaşı iş materiallarında görmək olur ki, götürülmüş kreditin təminatı olaraq əmanətçilər A.Bayraməliyevin və L.Şahbazovanın hər birinin hesabında 17.600 ABŞ dolları məbləğində vəsait olmuşdur ki, girov saxlayan tələblərinin tam həcimdə ödənilə biləcək məbləğdə pul vəsaitini akseptsiz qaydada silmək hüququna malik olsa da, əmanətçilərin bank hesabında olmuş və girov qoyulmuş vəsaitlər 2020-ci il 7 iyul tarixində əmanətçilərin özlərinə ödənilmişdir.
45. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, götürülmüş kreditin təminatı olaraq girov qoyulmuş məbləğ girov qoyanlara qaytarıldığı zaman girov saxlayan kredit borcunun bir hissəsinin ödənilməməsini nəzərə almamış, borcun qalan 9.745,10 ABŞ dolları hissəsini silmək hüququna malik olsa da, bunu etməmişdir. Borcalan qalan borc məbləğinin bankda olan dollar, manat və kart hesabında olan vəsaitlərlə əvəz edilməsi üçün dəfələrlə ləğvediciyə müraciət etsə də, qeyd olunan borc məbləği borcalanın bankda olan vəsaitlərindən silinməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilə müddəti bitəndən sonra zərərin yaranmasında və ya artmasında borcalanın hər hansı bir təqsiri olmadığından iddiaçının bu hissədə apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
46. Digər tərəfdən, 2020-ci il 30 aprel tarixində bank müflis elan edilmiş, bank ləğv edildiyi tarixdə hazırkı kredit müqaviləsinin icra müddəti başa çatmamışdır. Bankın ləğv edildiyi tarixdən sonra isə iddiaçının bank kimi fəaliyyəti mövcud olmadığından, onun hər hansı gəlir (fayda) əldə etməsi mümkün deyildir. Belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsası yoxdur.
47. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin digər dəlilinə yəni, 57.109.18 ABŞ dollarına aid hissədə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, MMC tərəfindən ASCnin Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO “VTK”-ya Volgogradsakaya Oblast, Svetliy Yar, Rusiya ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq icra edilməmiş və vəsait ünvana çatdırılmamışdır. 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait MMC-nin hesabına qaytarılmışdır.
48. Hazırkı mübahisə məhz 2020-ci il 24 aprel tarixində verdiyi ödəniş tapşırığının bank tərəfindən icra edilməməsi ilə bağlı yaranmışdır. Yəni, MMC ASC-yə bankın Sumqayıt filialında dollar hesabındakı 57.021,10 ABŞ dollarının 2020-ci il 24 aprel tarixində OOO “VTK”-ya köçürülməsi ilə bağlı olmuş, bank köçürməni qəbul etmiş, lakin köçürmələri yerinə yetirməmişdir. ASC Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə müflis elan olunmuş, iflas proseduruna başlanılması qərara alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı məlum köçürmə tapşırıqlarını verərkən (2020-ci il 24 aprel tarixində) ASC hələ müflis elan olunmamışdı. Bu baxımdan, iddiaçının həmin vəsaitin geri qaytarılmasına dair tələbinin qanuni əsasını “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1ci maddələri təşkil edir. Odur ki, cavabdeh MMC qeyd edilən pul vəsaitini mülki icraat qaydasında mübahisələndirməklə tələb etməkdə haqlı olmuşdur.
49. Apellyasiya instansiya məhkəməsi mövqeyini MM-in 385.1, 386.1, 389.1, 390.2, 399.1, 404.1, 404.2, 405.1, 405.2, 406.1, 406.3, 407.1, 445.5, 445.7, 739.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarına; MPM-in 14.1, 77.1, 78.1, 80, 88, 106.1, 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
50. İddiaçı ASC kassasiya şikayəti və sonradan ona əlavə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin tam təmin edilməsi (təmin edilməmiş illik 5 faiz), qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-54/2025 nömrəli qərarı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
52. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əvvəla, məhkəmə kollegiyası bankın ləğv edildiyi tarixdən sonra iddiaçının bank kimi fəaliyyəti mövcud olmadığından, onun hər hansı gəlir (fayda) əldə etməsinin mümkün olmamasına, belə olan vəziyyətdə iddiaçının kredit müqaviləsi bitdikdən sonra əldən çıxmış fayda kimi əsas borca hesablanmış 5 faiz məbləğində borcun tələb etməsinin hüquqi əsasının olmamasına dair məhkəmənin mövqeyi ilə aşağıdakı səbəbdən razılaşmadığını qeyd edir.
53. Faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi hesablanan məbləğdir. Kredit borcuna hesablanması mümkün olan faizlər mahiyyət etibarilə bir-birindən fərqlənir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz – bax § 60) fərqləndirilir.
54. Sözügedən qanun normasından və Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən aydın olur ki, MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz kredit müddəti bitdikdən sonra pulun gecikdirilməsi ilə bağlı dəyən zərərə görə, əlavə sübutetməyə ehtiyac olmadan faizlə hesablanan əvəzdir.
55. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin zərəri “gəlir (fayda)” kimi qiymətləndirməklə səhvə yol vermişdir.
56. Bundan əlavə qeyd edilmişdir ki, mübahisələndirilən qətnamədə isə həmin vəsaitin cavabdehin hesabına qaytarılması qeyd olunsa da, iştirakçının hesabından silibsilinməmiş olmasına aydınlıq gətirilməmişdir.
57. O da qeyd olunmalıdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində istinad olunmuş iddiaçı bankın müflis elan edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli 2-3(103)-130/2020 nömrəli qərarından (İ cild, i/v 12-19) görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 27 aprel tarixli Qərarı ilə banka müvəqqəti inzibatçı təyin edilmiş, Mərkəzi Bankın 2020-ci il 28 aprel tarixli Qərarı ilə iddiaçı bankın bank lisenziyası ləğv edilmişdir. 98. Ödəniş tapşırığının verildiyi 2020-ci il 24 aprel tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütün idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edildiyi nəzərə alındıqda, sözügedən xüsusatların dəqiq müəyyən edilməsi işin düzgün həlli üçün xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmək olar.
58. Lakin sözügedən məsələlər apellyasiya instansiyası məhkəməsinin diqqətindən kənarda qaldığından hazırda iş üzrə, o cümlədən qarşılıqlı iddia ilə tələb olunan pul vəsaitinin növbəlilik cədvəlinə uyğun olaraq və ya ondan kənar qaydada ödənilməli olması barədə birmənalı nəticəyə gəlmək qeyri-mümkündür.
59. Bu səbəbdən də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən hissədə MPM-in 217.1-ci maddəsinə (bax § 68) zidd olaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Odur ki, qətnamə həmin hissədə ləğv edilməlidir.
60. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)-173/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün həmin məhkəməyə qaytarılmalıdır.
61. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən pulun köçürülməsi barədə cavabdeh tərəfindən iddiaçı banka verilmiş tapşırığın gerigötürülməz olub-olmamasına yuxarıda əks olunmuş hüquqi mövqelər, habelə Azərbaycan Respublikası Mərkəzi X9 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın tələbləri nəzərə alınmaqla hüquqi qiymət verilməli, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
62. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia tələbinin təmin edilməmiş əsas borca hesablanmış illik 5 (beş) faiz borcun tutulması hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin həmin hissədə təmin edilməsini, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçının isə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
63. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
64. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
65. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
66. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
67. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
68. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
69. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
70. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
71. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
72. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır
73. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin
74. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər.
75. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.
76. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
77. Maddə 959.1. Bank müştərinin hesabına daxil olmuş pul vəsaitini həmin əməliyyat günündən (bankın müştəri sərəncamlarının qəbulu və bank əməliyyatlarının aparılması üçün müəyyən etdiyi iş vaxtından) gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda ayrı qayda nəzərdə tutulmasın.
78. Maddə 959.2. Müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın.
“Banklar haqqında” Azərbaycan Respublikası Qanunu
79. Maddə 73.1. Bu Qanunun 72.1-ci maddəsinin müddəalarından asılı olmayaraq: 73.1.1. ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları, o cümlədən qiymətli kağızlar üzrə ödənişlər bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun;
Azərbaycan Respublikası Mərkəzi X9 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”
80. Bənd 8.7. Ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.
Azərbaycan Respublikası Mərkəzi X9 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın (zamana görə qüvvədə olan)
81. Bənd 4.5. Kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir.
Azərbaycan Respublikası Mərkəzi X9 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”
82. Bənd 2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. iştirakçı - AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖSdə əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs;
83. Bənd 3.3. İştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017ci il 13 iyun tarixli Qərarı
84. Müflis elan olunmuş banka qarşı (və ya bankın iddiaçı olduğu) iddiaları 2 əsas qrupa bölmək olar: 1. müflis elan olunmuş bankın bilavasitə bank fəaliyyəti ilə bağlı olan iddialar; 2. müflis elan olunmuş bankın hüquqi şəxs kimi hüquq qabiliyyətindən irəli gələn fəaliyyəti ilə bağlı iddialar. “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
85. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
87. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
88. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
90. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
91. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır
92. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
93. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
94. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
95. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
96. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
97. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
98. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
99. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
100. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
101. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
102. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin 5 %-lə əsas borca hesablanmış 1328.40 ABŞ dolları faiz borcunun təmin edilmədiyi hissədə və qarşılıqlı iddia üzrə tələbin təmin edilmiş hissəsində ləğv edilməsi xahiş etsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2-2(102)-54/2025 nömrəli qərarı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 23 sentyabr tarixli 2-2(104)- 173/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılmaq üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
103. Bu səbəbdən də hazırki məhkəmə tərəfindən yalnız qarşılıqlı iddianın təmin edilmiş hissəsinə hüquqi qiymət verilərək əsaslılığı yoxlanılmışdır.
104. Eyni zamanda məhkəmə göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə əməl edilməlidir.
105. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
106. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
107. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
108. Belə ki, işin halları ondan ibarətdir ki, cavabdeh MMC ilə iddiaçı ASC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, borcalana illik faiz dərəcəsi 7.5% olmaqla 11 ay müddətinə 29500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, iddiaçı ilə X2 və X6 arasında ayrı-ayrılıqda 07 fevral 2020-ci il tarixdə güvən əmanət müqaviləsi bağlanılmış, bank hər birinin hesabına 17600 ABŞ dolları məbləğində vəsaiti qəbul etmişdir. Cavabdeh ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq bank, kredit alan və əmanətçilər arasında xx.xx.2020-ci il tarixdə əmanət girovu müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən verilmiş kreditin 19754,90 ABŞ dolları hissəsi xx.xx.2020-ci il tarixində konvertasiya edilmiş, müqavilə üzrə cavabdehin 9745,10 ABŞ dolları əsas borcu qalmışdır. İddiaçı məhkəmə qərarı ilə 30 aprel 2020-ci il tarixdə müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedicisi təyin edilmişdir.
109. Bundan əlavə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı bankın Sumqayıt filialına 2020-ci il 24 aprel tarixində 57.021,10 ABŞ dolları məbləğində vəsaitin OOO VTK-ya Volgogradsakay Oblast. Svetliy Yar. Russia ünvanına köçürülməsinə dair tapşırıq verilmiş, bank tapşırığı qəbul etmiş, həmin tapşırıq üzrə qeyd edilən vəsaitin küçürülməsi təmin edilməmiş və vəsait ünvana çatdırılmamış, 2020-ci il 28 aprel tarixində köçürülməsi nəzərdə tutulan 57.021,10 ABŞ dolları vəsait və 85,53 ABŞ dolları köçürməyə görə ödənilmiş xidmət haqqı, cəmi 57.109,18 ABŞ dolları (97.081,27 manat) məbləğində vəsait cavabdehin hesabına qaytarılmışdır.
110. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinə istinad edərək qarşılıqlı iddianın qismən əsaslı olması barədə nəticəyə gəlmişdir.
111. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 və 73.1.1-ci maddələrinin məzmunundan aydın olur ki, bu Qanunun 72.1-ci maddəsinin (bankın müflis elan olunmasının nəticələri) müddəalarından asılı olmayaraq, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda hüquqi qüvvədə qalır və üçüncü tərəf üçün məcburi olur, bu şərtlə ki, ödəniş tapşırıqları həmin qərar qüvvəyə minənədək gerigötürülməz olsun.
112. Kassasiya instansiya məhkəməsinə göstərişinə əsasən birinci instansiya məhkəməsinin qənaətinin qanuni və əsaslı olub-olmamasının müəyyən edilməsi üçün hazırkı halda cavabdehin ödəniş tapşırığının iddiaçı bankın müflis elan olunmasına dair qərar qəbul edilənədək gerigötürülməz olub-olmamasına düzgün hüquqi qiymət verilməlidir.
113. Azərbaycan Respublikası Mərkəzi X9 2024-cü il 13 mart tarixli 12/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın 8.7-ci bəndinə əsasən, ödəyici pul köçürməsi üzrə pul vəsaitinin vəsait alan tərəfindən alındığı ana qədər pul köçürməsi üzrə sistemin qaydaları ilə dəyişdirilməsinə icazə verilən rekvizitlərdə dəyişiklik edə və ya geri götürə bilər.
114. Həmçinin, zamana görə qüvvədə olan Azərbaycan Respublikası Mərkəzi X9 2013-cü il 19 sentyabr tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 4.5-ci bəndinə əsasən, kağız və ya elektron formada təqdim olunan ödəniş sənədlərinin geri götürülməsi ödəniş sisteminin qaydaları nəzərə alınmaqla bank hesabı müqaviləsi ilə tənzimlənir.
115. İstinad olunan normalardan aydın olur ki, müvafiq hallarda ödəniş tapşırığının (sifarişinin, sərəncamının) geri götürülməsi mümkündür.
116. Azərbaycan Respublikası Mərkəzi X9 2016-ci il 18 iyul tarixli 33/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydaları”nın 3.3-cü bəndinə əsasən, iştirakçı tərəfindən göndərilən ödəniş sənədi iştirakçının hesabından vəsaitin silindiyi andan etibarən gerigötürülməz və onun şərtsiz tapşırığı kimi qəbul edilir.
117. Sözügedən “iştirakçı” həmin Qaydaların 2.1.1-ci bəndində “AZİPS, XÖHKS və AÖS-də (bundan sonra birlikdə - sistemlər) ödəniş əməliyyatları həyata keçirən bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən bank hesablarına xidmət göstərilən digər hüquqi şəxs və AZİPS-ə qoşulmuş bank vasitəsilə likvidliyin təmin edilməsi yolu ilə AÖS-də əməliyyatların həyata keçirilməsində iştirak edən hüquqi şəxs” kimi müəyyən edilmişdir.
118. “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələrinin və banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində hesablaşmaların təşkili Qaydalarının 2.1.1 və 3.3cü bəndlərinin qarşılıqlı təhlili belə qənaətə gəlməyə əsas verir ki, bankın ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən, yəni iştirakçının hesabından vəsait silinən hesablaşmalar üzrə ödəniş tapşırıqları gerigötürülməz hesab edilir, bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda da hüquqi qüvvədə qalır.
119. Bu o anlama gəlir ki, hər hansı ödəniş tapşırığı üzrə vəsait iştirakçının hesabından silinməmişdirsə, gerigötürülməz hesab edilə bilməz.
120. Beləliklə, hazırkı mübahisənin həllinə “Banklar haqqında” Qanunun 73.1 və 73.1.1-ci maddələrinin tətbiq edilməsi o zaman mümkündür ki, qarşılıqlı iddia ilə tələb olunan vəsait bankın hesabından silinmiş olsun.
121. Eyni zamanda, qeyd olunmalıdır ki, iş üzrə qəbul edilmiş məhkəmə qətnamələrində istinad olunmuş iddiaçı bankın müflis elan edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli 2-3(103)- 130/2020 nömrəli qərarından (İ cild, i/v 12-19) görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il 27 aprel tarixli Qərarı ilə banka müvəqqəti inzibatçı təyin edilmiş, Mərkəzi Bankın 2020-ci il 28 aprel tarixli Qərarı ilə iddiaçı bankın bank lisenziyası ləğv edilmişdir.
122. Ödəniş tapşırığının verildiyi 2020-ci il 24 aprel tarixinin cümə gününə, yəni həftənin sonuncu iş gününə təsadüf etdiyi, bundan cəmi üç gün sonra, yəni növbəti həftənin ilk iş gününə təsadüf edən 27 aprel tarixində banka müvəqqəti inzibatçı təyin edilərək qanuna əsasən bütün idarəçiliyin həmin şəxsə keçdiyi, növbəti gün, yəni 28 aprel tarixində isə bankın lisenziyasının ləğv edildiyi nəzərə alındıqda, sözügedən xüsusatların dəqiq müəyyən edilməsi işin düzgün həlli üçün xüsusilə mühüm əhəmiyyət kəsb etdiyi qənaətinə gəlmək olar.
123. Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, təqdim olunmuş sənədləri, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının 12 avqust 2025-ci il tarixli, 6-1-31/2- 11422/2025 nömrəli məktubunu, eləcə də kassasiya instansiya məhkəməsinin 20 fevral 2025-ci il tarixli qərarında verilmiş göstərişləri hərtərəfli araşdıraraq aşağıdakı hüquqi nəticələrə gəlmişdir.
124. İlk növbədə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959-cu maddəsinə görə, bank müştərinin pul vəsaitini onun sərəncamına əsasən müvafiq ödəniş tapşırığı təqdim edildiyi gündən gec olmayaraq ertəsi gün icra etməlidir. Lakin, bu vəzifə istisnasız xarakter daşımır. Həmin maddənin tələblərinə görə, ödənişlərin icrası qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə müəyyən edilmiş başqa müddətlər daxilində həyata keçirilə bilər. Bu isə o deməkdir ki, bank ödəniş tapşırıqlarını yalnız normal fəaliyyət şəraitində və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq icra etməlidir. Əgər, bankın fəaliyyətinə qanunla məhdudiyyətlər tətbiq olunarsa, müştərinin təqdim etdiyi ödəniş tapşırığının icrası həmin məhdudiyyətlər çərçivəsində mümkün olmur.
125. İş materiallarından görünür ki, 27 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X9 19 saylı qərarı ilə İddiaçı ASC-yə müvəqqəti inzibatçı təyin edilmişdir. Həmin qərarla bankın idarə olunması üzrə bütün səlahiyyətlər müvəqqəti inzibatçının səlahiyyətlərinə verilmişdir. Ardınca, Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2020-ci il tarixli, 2-3(103)-125/2020 nömrəli qərarı ilə “Banklar haqqında” Qanunun 57.8-ci maddəsinə əsasən bankın hüquqi və fiziki şəxslər qarşısında olan öhdəlikləri üzrə ödənişlərinə moratorium tətbiq edilmişdir. Moratorium tətbiqi nəticəsində bank tərəfindən müştərilərin hesablarından məxaric əməliyyatların aparılması hüquqi cəhətdən dayandırılmışdır. Bu qərarlar qüvvədə olduğu müddətdə bank ödəniş tapşırıqlarını icra etmək imkanına malik olmamışdır.
126. Azərbaycan Respublikası “Banklar haqqında” Qanununun 73-cü maddəsinə əsasən, ödəniş sistemlərinə daxil edilən və həmin sistemlərin qaydaları ilə gerigötürülməz hesab edilən hesablaşmalar üzrə ödəniş tapşırıqları bankın müflis elan olunmasına dair qərar qəbul edildiyi halda belə hüquqi qüvvədə qalır və üçüncü şəxslər üçün məcburi olur. Həmin maddənin məzmunundan göründüyü kimi, yalnız ödəniş sistemlərinin qaydalarına uyğun şəkildə gerigötürülməz status qazanmış tapşırıqlar bu istisna rejimə tabedir. Əgər ödəniş tapşırığı ödəniş sistemlərinə daxil edilməyibsə və sistem qaydalarına uyğun olaraq gerigötürülməz hesab edilməyibsə, həmin tapşırığın adi ödəniş tapşırığından fərqi yoxdur və o, digər kreditor tələbləri ilə eyni hüquqi rejimə tabedir.
127. Azərbaycan Respublikası Mərkəzi Bankının 12 avqust 2025-ci il tarixli, 6-1- 31/2-11422/2025 nömrəli məktubunda aydın şəkildə göstərilmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ödəniş tapşırığı yalnız bankın aralıq hesabına daxil edilmiş, lakin SWİFT sisteminə ötürülməmişdir. Bu səbəbdən ödəniş tapşırığı ödəniş sistemlərinin qaydalarına əsasən gerigötürülməz status qazanmayıb və “gerigötürülən” hesab edilmişdir. Bunun nəticəsində ödəniş tapşırığı icra edilməmiş, bank hesabından silinmiş vəsait isə moratorium şəraitində aralıq hesabdan geri qaytarılmışdır.
128. Məhkəmə həmçinin nəzərə alır ki, ödəniş sistemlərinə daxil edilməmiş tapşırıqlar bankın daxili əməliyyatlarında “aralıq hesab” səviyyəsində qalır və bu halda belə tapşırıqlar ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş “gerigötürülməz” status qazanmadığından “gerigötürülən” ödəniş hesab olunur. İş üzrə Mərkəzi Bankın təqdim etdiyi mövqe də bunu təsdiqləyir.
129. Buna görə də, hərçənd ki, qarşılıqlı iddiaçının hesabından vəsaitin silinməsi faktı mövcuddur, bu hal ödəniş tapşırığının gerigötürülməz status almasına səbəb olmur. Hesabdan silinmə yalnız bank daxilində texniki əməliyyat kimi qiymətləndirilməli, lakin ödəniş sistemlərinə ötürülmədiyi halda ödənişin gerigötürülməzliyi barədə nəticə çıxarılmamalıdır.
130. Kassasiya instansiya məhkəməsinin qərarında apellyasiya məhkəməsinə göstəriş verilmişdir ki, mübahisəli ödəniş tapşırığının “gerigötürülməz” olub-olmaması xüsusi olaraq araşdırılsın. Həmin göstəriş əsasında aparılan əlavə araşdırmalar, Mərkəzi Bankın rəsmi cavabı və iş materialları əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, cəmiyyətin təqdim etdiyi ödəniş tapşırığı ödəniş sistemlərinə daxil edilməmişdir və ona görə də qanunvericiliyin nəzərdə tutduğu “gerigötürülməz” ödənişlərdən hesab edilə bilməz.
131. Məhkəmə eyni zamanda qeyd edir ki, ödəniş tapşırığının gerigötürülməz status daşımaması halında bu tələbin digər kreditorların tələblərindən fərqləndirilməsi və ayrı qaydada ödənilməsi üçün hüquqi əsas yoxdur. Belə halda həmin tələb moratoriumun tətbiqi və müflislik proseduru çərçivəsində digər kreditorların tələbləri ilə eyni qaydada nəzərdən keçirilməlidir.
132. Mülki Prosessual Məcəllənin 78, 80, 88, 106 və 217-ci maddələrinin tələblərinə uyğun olaraq, iş üzrə təqdim olunmuş bütün sübutlar bir-birindən ayrılıqda və məcmu şəkildə qiymətləndirildikdən sonra məhkəmə belə nəticəyə gəlmişdir ki, MMC-nin qarşılıqlı iddiasının təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Çünki, ödəniş tapşırığı ödəniş sistemlərinin qaydaları ilə müəyyən edilmiş gerigötürülməz statusa malik olmamış, əksinə “gerigötürülən” ödəniş kimi qiymətləndirildiyindən, bank tərəfindən moratorium çərçivəsində icra edilməmiş və geri qaytarılmışdır.
133. Məhkəmə qənaətə gəlir ki, iştirakçının hesabından vəsaitin silinməsi faktı özüözlüyündə qarşılıqlı iddianın təmin edilməsi üçün hüquqi əsas yaratmır. Əksinə, ödəniş tapşırığının ödəniş sistemlərinə daxil edilməməsi və gerigötürülməz statusu qazanmaması səbəbindən həmin əməliyyatın moratorium tətbiq olunan dövrdə icra olunmaması və vəsaitin geri qaytarılması qanuni və əsaslı olmuşdur.
134. Beləliklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 959-cu maddəsi, “Banklar haqqında” Qanunun 57.8 və 73-cü maddələri, eləcə də Azərbaycan Respublikası Mərkəzi X9 müvafiq qərarları və rəsmi cavabı nəzərə alınmaqla məhkəmə bildirir ki, cavabdehin qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir.
135. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
136. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
137. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
138. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia təmin edilməməlidir.
139. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
140. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 388, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-373/2024 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın qismən təmin edilən “LPO İddiaçıASC-dən 57.109,18 ABŞ dollarının ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə, ödənilmiş 381,26 manat dövlət rüsumunun tutularaq Cavabdeh MMC-yə ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.