Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-90/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2129/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, Zamin1, Zamin2 və Zamin3 müştərək qaydada 6949.23 manat məbləğində əsas bоrc və 2282.83 manat faiz borcu оlmaqla, cəmi 9232.06 manat borcun, mediasiya xidmətinin göstərilməsinə dair ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və əlavə olaraq məhkəməyə ödənilmiş 12.73 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 31 yanvar 2020 il tariхli 900842-847839/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 30 ay müddətinə, illik 27% dərəcəsi ilə 12000 manat məbləğində krеdit vеrilmişdir. Еyni zamanda Bank və digər cavabdehlər Zamin1 arasında 31 yanvar 2020 il tariхli, 900842-847839/1 nömrəli, Zamin2 arasında 31 yanvar 2020 il tariхli, 900842-847839/1/2 və Zamin3 arasında 31 yanvar 2020 il tariхli 900842- 847839/1/3 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında bоrcalanla еyni dərəcədə, krеditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, bоrcalan tərəfindən krеdit müqaviləsi üzrə icra еdilməyən və icrası mümkün оlmayan öhdəliklər üzrə bоrcların yığılması ilə əlaqədar məhkəmə хərclərinin və digər хərclərin ödənilməsinə cavabdеhlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da onlar Banka olan borclarını ödəməmişlər. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-2129/2022 saylı, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli 900842-847839/1 saylı kredit müqaviləsi üzrə yaranmış 6949 manat 23 qəpik kredit borcunun, 2282 manat 83 qəpik məbləğində faiz borcu olmaqla, cəmi 9232 manat 06 qəpik məbləğində borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 12 manat 73 qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3 müştərək qaydada 99 manat 59 qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: 31 yanvar 2020-ci il tarixli 900842-847839/1 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən faiz dərəcəsi 27% оlmaqla, 30 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə 12000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 6949.23 manat məbləğində krеdit bоrcu, 2282.83 manat məbləğində faiz bоrcu olmaqla, ümumilikdə 9232.06 manat məbləğində bоrcu vardır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, borclulara yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişlər. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2129/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddianın tələbinin baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə aidiyyətin pozulması ilə, həmçinin maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxaraq qətnamə qəbul etmişdir. Məhkəmə işin hallarını araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, o fiziki şəxsdir, sahibkarlıq fəaliyyəti ilə məşğul deyildir. Sahibkar kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətində vergi ödəyicisi kimi qeydiyyatda deyildir. Onun götürdüyü kredit isə istehlak müqaviləsinə əsaslanan istehlak məqsədilə götürmüş kreditdir. Odur ki, hazıki mübahisəyə Gəncə Kommersiya Məhkəməsində deyil Bərdə Rayon Məhkəməsində baxılmalı idi. Konstitusiyanın həmin maddəsi ilə təsbit edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. X5 Məhkəməsi hətta hazırkı işi qanunsuz olaraq Kommersiya işi kimi icraatına qəbul edib baxmış olsa da, sözügedən qətnaməsi aidiyyatı qanunlarla əsaslandırılmadığından, son nəticədə qanunsuz qətnamə çıxarılmışdır. Gəncə Kommersiya Məhkəməsi aidiyyatı qanunları tətbiq etməklə hazırkı iş üzrə mübahisənin kommersiya mübahisəsi olmaması nəticəsinə gəlməli və iddiaçının iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə özünə qaytarmalı idi. Bu zaman məhkəmə əsaslandırma üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1 və 13-cü maddələrini, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini, "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinim müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli 10 saylı Qərarına istinad etməli idi. İddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30+1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilməlidr. Qətnamədən belə məlum olur ki, iddiaçı dövlət rüsumu kimi 100 manat mediasiya xidmətinə, 12,73 manat isə məhkəməyə dövlət rüsumu ödəməklə cəmi 112,73 manat rüsum ödəmişdir. Gəncə Kommersiya Məhkəməsi hazırkı işi qanunsuz olaraq kommersiya mübahisəsi kimi icraatına qəbul etmiş olsa da, iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edib keçirilməklə əsas və faiz borcunun düzgün hesablanıb-hesablanmadığı barədə rəy alınmalı idi. Lakin məhkəmə bunu da etməmişdir. Onun xx.xx.2020-ci il tarixli, 900842-847839/1 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcu 6949 manat deyil, 5211 manat, faiz borcu isə 2282 manat deyil 1019 manat həcmindədir, bank onun ödənişlərini əsassız olaraq cərimələrə və digər istiqamətlərə hesbalamışdır. Həmçinin, mediasiya arayışı saxtadır, mediasiya sessiyasının xx.xx.2022-ci il tarixində keçirilməməsi mediator Müşviq Mehdiyevin olmaması və "xxxx" ASC-nin nümayəndəsinin sessiyaya gəlməməsi səbəbindən baş tutmayıb. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, bu qanunsuzluqlar aradan qaldırılmazsa, onun və digər cavabdehlərin işinə baxılmasından iştirak etməsi sual altında olacaqdır. X5 Məhkəməsi bu ərizələrlə bildirilən xüsusatları nəzərə almamış, qanunsuzluqları aradan qaldırmağa təşəbbüs göstərməmiş və işə cavabdehlərin iştirakı olmadan baxaraq qanunsuzluqlar etməkdə davam etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
739. Borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(115)-2129/2022 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni məhkəmə aidiyyətinin pozulması və tələb edilən borc məbləğinin əsaslılığı hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçıASC Cavabdeh arasında 31 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən faiz dərəcəsi 27% оlmaqla 30 ay müddətinə hissə-hissə qaytarmaq şərti ilə dövriyyə vəsaitinin alınması və cari xərclər məqsədi ilə Cavabdeh 12000 manat məbləğində borc pul verilmişdir. İddiaçı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, kredit məbləğini cavabdehə vermiş, cavabdeh isə kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş və iddiaçıya 6949,23 manat əsas, 2282,83 manat faiz məbləğinə borcu yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin işə məhkəmə aidiyyət qaydalarının pozulması ilə baxılmasına dair apellyasiya şikaytinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” şəhadətnamənin surətindən və vergi ödəyicisinin məlumat vərəqindən görünür ki, Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 29 yanvar 20220-ci il tarixdə vergi orqanı tərəfindən qeydiyyata alınmışdır. Həmçinin, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı dövriyyə vəsaitinin alınması və cari xərclər olmuşdur ki, bununla da iddiaçı hüquqi şəxs, cavabdeh isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla, həmçinin onlar arasında bağlanmış müqavilə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar münasibətlərdən yaranmışdır. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Buna görə də işə baxılan zaman məhkəmə aidiyyətinin pozulması müəyyən edilməmişdir. Cavabdehin digər apellyasiya şikayətinin dəlili onun xx.xx.2020-ci il tarixli, 900842- 847839/1 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə əsas borcunun 6949 manat deyil 5211 manat, faiz borcunun isə 2282 manat deyil 1019 manat olması ilə bağlı olmuşdur ki, cavabdeh həmin məbləği hansı əsasla müəyyən etməsini əsaslandıra bilməmişdir. Həmçinin, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməli olmasını əsaslandıra bilməməklə yanaşı, tələb edilən borc məbləğinin düzgün hesablanmaması ilə əlaqədar hər hansı bir arqument irəli sürə bilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən tələb edilən borc məbləğinin əsaslılığına da hər hansı bir şübhə olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, cavabdeh ödəniş cədvəli üzrə 2021-ci ilin aprel ayına kimi ödəniş cədvəlinə uyğun olaraq hər ay 555 manat məbləğində ödənişlərini etsə də, həmin tarixdən sonra ödəniş cədvəlinə uyğun ödəniş etməməklə, 2021-ci ilin iyun ayında 270 manat, iyul və avqust aylarında isə müvafiq olaraq 260 manat ödəniş etmiş, daha sonra isə heç bir ödəniş etməmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin 2021-ci ilin aprel ayınadək, yəni öhdəliyini ödəniş cədvəlinə əsasən lazmı qaydada icra etdiyi tarixə qalıq əsas borcu 6997,76 manat olmudur ki, bununla da tələb edilən 6949,23 manat əsas borc məbləğinin əsassız olması şübhə yaratmamışdır. Həmin əsas məbləğə hesablanmalı olan aylıq faiz məbləğinin 157,45 manat olması, həmin tarixdən sonra isə cavadbehin əsas borc məbləğindən demək olar ki ödəniş etməməsi və müqavilə üzrə öhdəliyin icrasının son müddətinə kimi, yəni 21 iyul 2022-ci il tarixədək 16 aylıq müddətin keçməsi nəzərə alındıqda hesablanmış faiz məbləğinin də 2282,83 manat məbləğində olması da real olmaqla, hər hansı bir şübhə yaratmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdehin qeyd olunan apellyasiya şikayətinin dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin mediasiyanın keçirilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarına mediasiya arayışı əlavə edilmişdir ki, birinci instansiya məhkəməsi də həmin arayışa əsasən iddianı icraata qəbul etmişdir. Mediasiyanın məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdən ibarətdir ki, bu məqsədə məhkəmə icraatı çərçivəsində də nail olmaq mümkündür. Lakin, cavabdeh isə həm birinci, həm də apellyasiya instansiysı məhkəməsi iclaslarına gəlməməklə, mübahisənin barışıq yolu ilə həlli imkanlarını da təklif etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməklə, əsaslı və qanuni qətnamə çıxarmışdır. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2129/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2-2(115)- 2129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.