Məhkəmə qərarları › İş №2-2(104)-92/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-92/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-92/2025 04.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh2 Riza oğlunun və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 Riza oğluna qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-937/2024 saylı qətnaməsindən Cavabdeh2 Riza oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-937/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, Cavabdeh2 Riza oğlundan 840000 manat məbləğində pul, ödənilmiş 1146,72 manat məbləğində dövlət rüsumu və 1660 manat vəkil xidmət haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh2 Riza oğlu həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Kiyas Akkurtdan, Haydar Akkurtdan, Halis Akkurtdan və Sadrettin Akkurtdan müştərək qaydada 840000 manat müqavilə öhdəliyi üzrə pul və məhkəmə xərci üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı olan 2806,72 manat pul olmaqla cəmi 842806,72 (səkkiz yüz qırx iki min səkkiz yüz altı manat yetmiş iki qəpik) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsinin xahiş hissəsində texniki səhvə yol verildiyini qeyd etməklə, Cavabdeh2dan 840000 manat müqavilə öhdəliyi üzrə pul, eləcə də məhkəmə xərci üçün ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı olan 2806,72 manat pul olmaqla cəmi 842806,72 (səkkiz yüz qırx iki min səkkiz yüz altı manat yetmiş iki qəpik) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-469/2024 nömrəli, 16 fevral 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddiası barədə mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, özünü ünlü Türk iş adamı kimi ona təqdim edən Akkurt Kiyas dələduzluq yolu ilə onun 1 milyon manata yaxın vəsaitini ələ keçirdib. O, həqiqətən Gəncə şəhərində sahibkarlıq fəaliyyəti göstərirdi. X2 böyük ofisləri də var. Bir dəfə söz düşmüşdür ki, “bəs mən burda səninlə şərikli zavod aça bilərəm və həmin zavod məişət tavaları və qazanların istehsalı ilə məşğul olacaqdır”. Fərqli modellərdə və kefiyyətdə məhsul istehsal edən iki zavod olacaqdır. Pulunu ələ keçirtmək məqsədi ilə onu inandırmaq üçün bildirmişdir ki, bu zavod Azərbaycanda yeganə zavod olacaq və bazarda onlardan başqa heç kim olmayacaq. Ona bildirmişdir ki, “iki zavodun ümumi dəyəri təxminən 3 milyon manata başa gələcək. Yarısını sən qoyarsan, yarısını da mən”. O, ilkin olaraq 2022-ci ilin əvvəllərində bu iş üçün cavabdehə 530000 manat pul vermiş, ilkin olaraq 530000 manat pulu verəndən təxminən 2- 3 ay sonra 935000 manat pul vermişdir. Həmin pul biraz çox olduğu üçün Akkurt Kiyasla aralarında borc müqaviləsi də bağlamışlar. O, 530000 manatı verərkən birinci zavodun avadanlıqlarının sifarişlərini vermişlər. Onlar iddiaçıya malları hazırlamaq üçün bir az vaxt lazım olacağını bildirmişdilər. Mallar Türkiyə Respublikasından gətiriləsi olduğu üçün əsas işləri, yəni qiymətləri, daşımanı və s. cavabdeh Akkurt Kiyas özü danışırdı. Cavabdeh, Türkiyə Respublikasından birinci zavod üçün avadanlıqları alıb gətirərək ona bildirmişdir ki, guya həmin avadanlıqlara ******* manatdan çox pul veribdir. Lakin tərəfindən araşdırma apararkən müəyyən olunmuşdur ki, həmin malların dəyəri ondan ilkin olaraq aldığı 530000 manat dəyərində olmuşdur. Yəni ancaq onun cavabdehı verdiyi pula yetən miqdarda mal almış, onu da aldatmışdır ki, güya bir milyon xərci çıxıbdır. O, cavabdehə bildirmişdir ki, “bəs bir milyonluq mal deyil axı, burda cəmi beş yüz min manatlıq mal var”. Cavabdeh də bildirmişdir ki, “narahatlıq yoxdur, o biri zavodun avadanlıqlarını gətirəndə səndən əlavə pul almayacağam”. Təzə avtomobil bazarı ərazisindən icarəyə yer götürüb ilkin zavodu qursalar da, həmin zavod da tam qurulmamışdı. Əslində cavabdehin ona qarşı belə bir addım atacağını ağlına belə gətirməzdi. Çünki cavabdehin burda uzunmüddətli sahibkarlıq fəaliyyəti var idi. Sonradan araşdırmalarla müəyyən olunmuşdu ki, əslində Akkurt Kiyasın çox adama borcu var imiş. xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış borc (kredit) müqaviləsinin şərtlərinə əsasən Akkurt Kiyas borcu xx.xx.2023-cü il tarixədək ona tamamilə qaytarmalı idi. Lakin sonradan ona aydın olmuşdur ki, cavabdeh onun etibarını qazanmaq üçün birinci zavodun avadanlıqlarını sifariş vermiş, onun pullarını ödəmişdir ki, ondan külli miqdarda pul ala bilsin. Lakin avadanlığın gəlişi ilə bağlı sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, Akkurt Kiyas onu aldatmışdır. Belə ki, zavodun qurulması üçün gətirilmiş avadanlıqlar barədə saxta sənədlər tərtib edilərək qiyməti iki dəfədən çox şişirdilməsi aşkar olunmuşdur. Bundan sonra, o, cavabdehə bildirmişdir ki, “ilk addımdan sən mənə qarşı dələduzluq etdinsə, mənim səninlə şərikliyim baş tutmaz”. O, pulun hamısını tələb etdikdə cavabdeh bildirmişdir ki, verilən 530000 manat pula görə avadanlıqlar gəlib və hamısı ona təhvil verilmişdir. O, 935000 manatı tələb etdikdə isə cavabdeh 95000 manatı qaytarmış, digərini isə qaytarmamaq üçün ölkəni tərk edib qaçmışdı. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh Akkurt Kiyasın ona vurduğu zərərə görə əlavə xərcləri də çıxıb. Hesab edir ki, iş üzrə dövlət rüsumuna, vəkil xidmət haqqına görə, eləcə də etibarnamə üçün ödədiyi vəsait də cavabdehdən tutulub ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hər hansı bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız qətnamə çıxarmış, bununla da onun hüquqlarını kobud surətdə pozmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, uzun illərdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyəti Azərbaycanın əksər şəhər və rayonlarını əhatə edir. Bu vaxta qədər xeyli sayda yeni iş yerləri açmışdır ki, burada da Azərbaycan vətəndaşları işləməklə öz ailələrini dolandırırlar. Özü də bundan çox böyük qürur hissi duyur. Çünki, hesab edir ki, Türkiyə kimi Azərbaycan da onun doğma vətənidir. 2022-ci ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ona X1 verilmişdir. Bundan sonra fəaliyyət göstərdiyi Gəncə şəhərində 2 ədəd zavod açmaq qərarına gəlmişdir. Bunun üçün xeyli vəsait tələb olunduğuna görə İddiaçı zavodları şərikli açmaq təklifi etmişdir. Həmin vaxt iddiaçı onunla razılaşdı və müqavilədə qeyd edilən pul məbləğini ona verdi. Lakin müqavilə borc müqaviləsi kimi rəsmiləşdirildi. Əslində isə iddiaçı ona borc deyil, zavodların qurulması üçün pul vermişdir ki, onunla şərik olsun. Razılaşmadan sonra Gəncə avtomobil bazarının ərazisindən icarəyə 2 ədəd yer götürərək zavodun qurulmasına başlanıldı. Bunun üçün Türkiyə Respublikasından müxtəlif avadanlıqlar, xammal məhsullar gətirildi və “Galaksi” və “Türk Tekstil” zavodları quruldu. Bütün gətirilmiş məhsulların qaimələri, gömrük bəyannamələri mövcuddur və məhkəməyə təqdim edir. Yalnız Türkiyədə zəlzələ olması səbəbindən məhsulların bir hissəsi qalmışdı. Hazırda bütün məhsullar gətirilmişdir və zavodların hər ikisi tam gücü ilə fəaliyyət göstərir. Bu zavodlarda 100 nəfərdən çox Azərbaycan vətəndaşı çalışır və ailələrini dolandırırlar. Məhsullar 30-dan çox avtomobillə Azərbaycanın bütün rayonlarına paylanılır. Bü günə kimi təxminən 1 milyon manat məbləğində mal paylanılmışdır. Hazırda Qarabağda da 3cü zavodun quraşdırılması ona təklif edilmişdir və bu istiqamətdə də işlər gedir. Yəni iddiaçının iddia ərizəsində onun haqqında qeyd etdiyi fikirlər həqiqəti əks etdirmir və bir sahibkar kimi onun imiciinə xələl gətirir. Buna baxmayaraq, məhkəmə hər hansı bir araşdırma aparmadan, tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır, bununla da onun hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onu aldadaraq ondan göstərilən məbləğdə pul almış, sonra qaçıb Türkiyə Respublikasına getmişdir. Əslində isə onun heç vaxt belə bir niyyəti olmamışdır. Sadəcə olaraq 2023-cü ilin iyun ayında səhhətilə əlaqədar olaraq Türkiyəyə getməli oldu və orada olan zaman əməliyyat olunmuşdur. Məhz bu səbəbdən də bir müddət Azərbaycanda olmadı. Müalicə olunduqdan sonra isə 2024-cü ilin iyul ayında Azərbaycana qayıtdı və fəaliyyətini davam etdirməyə başladı. Yuxarıda qeyd etdiyi kimi, hazırda zadovların hər ikisi tam gücü ilə fəaliyyət göstərir. 2024-cü ilin iyul ayından bu günlərə kimi nə məhkəmə tərəfindən, nə də ki iddiaçının özü tərəfindən sözügedən qətnamə ilə bağlı ona hər hansı bir məlumat verilməmişdir. Hesab edir ki, əgər bu barədə ona vaxtında məlumat verilsəydi, qeyd etdiklərinin həqiqət olduğunu sübut edə bilərdi. Lakin çox təəsüflər olsun ki, bu baş verməmiş, nəticədə hüquqları pozulmuşdur. Bundan başqa, iddiaçınn özü də iddia ərizəsində göstərmişdir ki, müqavilədə göstərilən pul məbləği ona borc olaraq deyil, şərikli iş qurmaq üçün verilmişdir. Yəni, qeyd edilən kredit (borc) müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd olmaqla, yalan əqddir. Ona görə də məhkəmə hazırki qətnaməni qəbul edərək iddianı təmin edən zaman ilk olaraq həmin kredit (borc) müqaviləsinin etibarsız əqd olub-olmamasını araşdırmalı və yalnız bundan sonra həmin müqavilə əsasında pulun tutulması məsələsinə aydınlıq gətirə bilərdi.. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 Riza oğlu və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh2 Riza oğlu əlavə olaraq izah etdi ki, iddiaçı tərəfindən ona şifahi müqavilə əsasında verdiyi 530 000 manatı, həmçinin xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ödəmiş olduğu 935 000 manatdan 95 000 manatı qaytarmışdır. Qalan məbləği isə istehsalata qoymuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməsinə dair cavabdeh tərəfin izahatını, həmin şikayətin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-937/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh2 935000 manat məbləğində borc pul verməyi, borcalan isə xx.xx.2023-cü il tarixədək həmin məbləği borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan pul vəsaitinin köçürülməsi üçün xx.xx.2022-ci il tarixli ərizədən və FJB**********940 nömrəli xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 ödənilməsi çün 935000 manat pul bankda müvafiq hesaba köçürülmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh Akkurt Kiyas İddiaçı şərik olaraq iş qurmaq adı ilə 935000 manat pul götürmüş, lakin vədinə əməl etməmişdir. Bu səbəbdən borcun bir hissəsini, yəni 95000 manatını qaytarmışdır. İş materiallarında olan sənədlərdən də görünür ki, həmin məbləğdə borc cavabdehə verilmişdir. Cavabdeh həmin məbləğdə pulu şərikli iş qurmaq üçün aldığını və həmin pulla iki zavod açdıqlarını göstərmiş olsa da, məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış 29 mart 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh2 935000 manat məbləğində borc pul verməyi, borcalan isə xx.xx.2023-cü il tarixədək həmin məbləği borc verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmiş, kredit müqaviləsində qeyd olunan məbləğ cavabdehin müvafiq hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, kredit məbləğini vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış müqavilə, ödəniş tapşırığı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, 840000 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 1146,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən 1146,72 manat məbləğində dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 1146,72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 5 saylı Vəkil Bürosuna 1600 manat məbləğində xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi hüquqi yardıma görə 1600 manat məbləğində xidmət haqqı da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (24 fevral 2023-cü il tarixli qanunla edilmiş dəyişikliyə qədərki redaksiyada) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə pul vəsaitini borcalan cavabdehə vermiş, sonuncu isə həmin pul borcunu müqavilə ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin əslində şərikli iş qurmaq məqsədi ilə bağlandığını qeyd edərək etibarsız müqavilə olduğunu göstərmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə şifahi razılaşmaya əsasən əvvəlcə 530.000 manat pul verilmiş, həmin məbləğ bu və ya digər qaydada qaytarılmışdır. xx.xx.2022-ci il tarixli müqavilə əsasında verilmiş 935.000 manat pul vəsaitindən də iddiaçının etirafına görə 95.000 manat qaytarılmışdır. Qaytarılmayan məbləğ 840 000 manat təşkil edir. İş üzrə hər iki tərəf - həm iddiaçı, həm də cavabdeh göstərilən məbləğin şərikli iş qurmaq məqsədi ilə verildiyini bildirir. İddiaçı tərəfin bildirdiyinə görə cavabdeh ondan həmin məbləği şərikli iş qurmaq adı ilə almış olsa da, lakin onu aldadaraq şərikli iş qurmamışdır. Cavabdeh isə izahatında iddiaçıdan almış olduğu vəsaitlə iki zavod qurduğunu, həmin zavodlarda 100 nəfərdən çox işçi çalışdığını bildirmiş olsa da, məhkəməyə müəyyən avadanlıqların gətirildiyini təsdiq edən gömrük bəyannamələrindən başqa, istər qurulmuş zavodlar, işə götürülmüş işçilər və ya da yaradılmış müəssisələr, müəssisələrin (zavodların) fəaliyyəti ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin etibarsız əqd hesab edilməsi əsas saymır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 Riza oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-937/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar