Məhkəmə qərarları › İş №2-2(104)-95/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-95/2023

15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-95/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, М Ü Ə Y Y Ə N Е Т D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4251.63 manat məbləğində kredit bоrcu, 859.02 manat məbləğində faiz bоrcu və 1717.66 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6828 (altı min səkkiz yüz iyirmi səkkiz) manat 31 (otuz bir) qəpik məbləğində bоrcun və ödənilmiş 100 manat məbləğində mediasiya xərcininin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadı ilə iddia tələbininin məzmununu təşkil edən məlumatların və istinad olunan faktların iddia ərizəsində natamam və qeyri-düzgün təqdim edilməsi əsası ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhlkəmə yuxarıda qeyd olunan nəticəyə gələrkən iş materialları ətraflı araşdırılmamışdır. Belə ki, təqdim edilmiş maliyyə arayışında cavabdehin xx.xx.2021-ci il tarixə olan 859.02 manat məbləğində faiz borcu və 1717.66 manat məbləğində cərimə borcu tələb olunmuşdur. İddia ərizəsinin məzmununda 859.02 manat məbləğində faiz borcu və 1717.66 manat məbləğində cərimə borcu xx.xx.2021-ci il tarixə deyil xx.xx.2022-ci il tarixa göstərilməsi texniki səhvdir. Göründüyü kimi maliyyə arayışında və iddia ərizəsində tələb olunan əsas, faiz va cərimə məbləğləri eynidir. Bundan başqa, Cavabdeh1 025G**********03 saylı xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə imza ataraq Cavabdeh2 ila birlikdə bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdur. İddia ərizəsinin məzmununda zaminlik müqaviləsinin nömrəsi və tarixi qeyd edilməsə da zaminlik müqaviləsi iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısına əlavə edilərək ərizənin qoşma hissəsində onun nömrəsi və tarixi qeyd edilmişdir. Mediasiya sessiyası zamanı İddiaçı QSC tərəfindən 100 manat məbləğində mediasiya xərci ödənilmiş va bu barədə sənəd iddia ərizəsinə əlavə edilmiş və iddia ərizəsi etibarnamə üzrə səlahiyyətli nümayəndə tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(115)-26/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 26/2023 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işin materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 23 yanvar 2023-cü il tarixli, 2-2(115)-26/2023 saylı qərardadı ləğv edilməli və iş materialları işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi iddia tələbininin məzmununu təşkil edən məlumatların və istinad olunan faktların iddia ərizəsində natamam və qeyri-düzgün təqdim edilməsi əsası ilə baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Birinci instansiya məkhəməsi qərardadda göstərmişdir ki, iddiaçı tərəfin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən qeyd olunan nöqsanları onunla müzakirə etmək və müəyyən vaxt ərzində aradan qaldırılmasını təklif etmək mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-in 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmağa hazırlanması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilir; 167.1.2. tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir; 167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir; 167.1.4. birgə cavabdehlərin və birgə iddiaçıların və ya üçüncü şəxslərin işə daxil olması məsələsini, habelə əsl olmayan tərəfin əvəz edilməsi məsələsini həll edir; 167.1.5. mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə müraciət etmək hüququnu və bu hərəkətin nəticələrini onlara izah edir; 167.1.5-1. tərəflərə mübahisənin mediasiya vasitəsilə ilə həllinə dair təklif verir; 167.1.6. tərəflərin barışması üçün tədbirlər görür; 167.1.7. işin nəticəsində maraqlı olan fiziki və hüquqi şəxslərə onun baxılma yeri və vaxtı barədə məlumat verir; 167.1.8. şahidlərin çağırılması məsələsini həll edir; 167.1.9. tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; 167.1.10. Bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir; 167.1.11. təxirə salınmamalı hallarda işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və yazılı sübutların yerində müayinəsini aparır; 167.1.12. məhkəmə tapşırıqları göndərir; 167.1.13. iddianın təmin edilməsi üçün tədbirlər görür. 167.2. Hakim işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri də edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia ərizəsi xx.xx.2022-ci il tarixdə icraata götürülmüş, işə məhkəmədə məhkəmədə baxılmasına hazırlıq iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddaçı iddia ərizəsində formal xətalar buraxsa da, məhkəmə işi məhkəmə iclasında baxılmağa hazır hesab edərək məhkəmə baxışına təyin etmiş, iş materiallarında olan məhkəmə iclasının protokollarından görünür ki, iddiaçı təşkilatın nümayəndəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iclaslarda (i.v. 55-56, 84-86) iştirak etmiş, lakin nümayəndəyə iddia ərizəsində olan formal xətanın düzəldilməsi ilə bağlı təklif edilməmiş, MPM-in 172.1.3-cü maddəsi ilə müəyyən edilmiş müddətin bitməsinə 03 gün qalmış iş üzrə mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi xx.xx.2022-ci il tarixdə alınsa da, iş üzrə icraat xx.xx.2022-ci il tarixdə təzələnmiş və iş xx.xx.2023-cü il tarixə məhkəmə baxışına təyin edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçı iddia ərizəsinin məzmununda zaminlə bağlanmış müqavilənin tarixini və nömrəsini qeyd etmiş olmasa da, iddia ərizəsinin qoşma hissəsində həmin müqavilənin nömrəsini və tarixini qeyd etməklə müqavilənin özünü iddia ərizəsinə əlavə etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 09.01.023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2-2(115)- 26/2023 saylı qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün yenidən Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Azərbaycan Respublikası MPM-in 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 09.01.023-cü il tarixli, e-2-2(115)-26/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, 2-2(115)-26/2023 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün yenidən Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar