Məhkəmə qərarları › İş №2-2(105)-1/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-1/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-1/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X6 və Nəcəf-zadə Anar Ziya oğlunun iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X12 Təsərrüfatı” MMC-yə qarşı cavabdehdən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-ci il tarixli, 2-2(085)-16/2019 nömrəli qətnaməsindən cavabdeh “X12 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İş materiallarında olan İddiaçı ASC ilə “X12 Təsərrüfatı” MMC arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 14 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit verilmişdir. 2017-ci il 7 dekabr tarixli, 10/H-7425 saylı maliyyə arayışına əsasən, “X12 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə 2017-ci il 5 dekabr tarixə 12.000.000 manat əsas borc, 1.154.998,84 manat faiz borcu, 2.050,83 manat cərimə borcu, cəmi 13.157.049,67 manat məbləğində borcu vardır. Kreditlərin və ona hesablanmış faizlərin ödəniş cədvəlinə əsasən, “X12 Təsərrüfatı” MMC-nin İddiaçı ASC-yə 2017-ci il 5 dekabr tarixə faizlərlə birlikdə 16.200.000 manat borcu olmuşdur. 383501 E1 saylı çekin surətinə əsasən, 12 milyon manat iddiaçı tərəfindən 2016-cı il 20 iyul tarixdə cavabdehin nümayəndəsi olan və müqaviləni imzalamış X3 təqdim olunmuş, onun tərəfindən imzalanmış və hər iki tərəfin möhürü ilə təsdiqlənmişdir. 2016-cı il 20 iyul tarixli arayışa əsasən, 12 milyon manat iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra mətndə iddiaçı) cavabdeh “X12 Təsərrüfatı” MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 12.000.000 manat məbləğində əsas, 1.154.998,84 manat məbləğində faiz, 2.050,83 manat cərimə olmaqla ümumilikdə 13.157.049,67 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə əsasən, cavabdehə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə 60 ay müddətinə illik 7 faiz dərəcəsi olmaqla 12.000.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Müqavilənin tələblərinə əsasən, cavabdeh müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürsə də, sonradan müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, bankla imzalanmış müqavilənin şərtlərini pozaraq ödənişlərini vaxtı-vaxtında etməmişdir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında təqdimat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin tələb olunan öhdəlik yerinə yetirilməmişdir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 385, 428.4, 442, 445.1, 448.1, 449.4, 462.3-cü maddələrinə istinad etmişdir. Cavabdeh tərəfində iddiaya qarşı etiraz təqdim edlməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 8 may tarixli, 2-2(85)-193/2018 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspert qarşısına tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli 021/16 saylı kredit müqaviləsi üzrə cavabdehin 2018-ci il 26 fevral tarixə əsas borc, faiz borcu və cərimə borcunun nə qədər təşkil etməsinə dair sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2019-cu il 21 noyabr tarixli, 12380 saylı rəyə əsasən, cavabdehin 2016-cı il 20 iyul tarixli 021/16 saylı kredit müqaviləsi üzrə 2018-ci il 26 fevral tarixə iddiaçıya olan borcu əsas borc üzrə 12.000.000 manat, faiz borcu üzrə 1.344.000 manat təşkil edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli, 2-2(085)- 16/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Vəfa Əzizova). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 2016-cı il 20 iyul tarixli kredit müqaviləsi üzrə cavabdeh illik 7 faizlə 60 ay müddətinə 12.000.000 manat məbləğində kredit götürmüş, həmin məbləği və hesablanmış faiz borcunu vaxtında ödəməmiş, bununla da, kredit müqavilələrinin şərtlərini pozmuşdur. Kredit müqavilələri üzrə əsas krediti və hesablanmış faizlərin ödənilməsi ilə bağlı bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilsə də, sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası MM-in 385.1, 386.1, 425.1, 442, 739.1, 739.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdeh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-ci il tarixli, 2- 2(085)-16/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, borc düzgün hesablanmaqla yeni qətnamənin qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-ci il tarixli, 2-2(085)-16/2019 nömrəli qətnaməsi qanunsuzdur. Belə ki, cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmə isə onu sübut saymaqla AR MPM-in 88-ci maddəsini düzgün tətbiq etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 16 noyabr tarixli, 2-2(105)-105/2020 qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Elman Əhmədov). Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, “Tərəflər arasında bağlanmış mübahisəli kredit müqaviləsi formal olaraq imzalanmışdır. Belə ki, iddiaçı bank tərəfindən cavabdehə və qeyrilərinə ayrılmış kredit vəsaitləri bankın idarə heyətinin sədri X9 tərəfindən mənimsənilmişdir. Göstərilən fakt Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlanılmış 20202653 saylı cinayət işi üzrə aparılmış istintaq nəticəsində öz təsdiqini tapmış və istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Apellyasiya məhkəməsi tərəfindən yalnız iddiaçının mövqeyinə istinad olunmuş və sübutların hərtərəfli və lazımi qiymətləndirilməsi aparılmamışdır. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 60, 127, Azərbaycan Respublikası MPM-nin 88, 418.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2-2(102)- 301/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilən kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16 noyabr 2020-ci il tarixli, 2-2(105)-105/2020 saylı qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakimlər Kəmalə Abiyeva (sədrlik edən və məruzəçi), İlqar Dadaşov və Vüqar Həsənov). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin vəkili Vəkil2 Hümbət oğlu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə «X12 Təsərrüfatı» MMC tərəfindən ona verilmiş etibarnamənin müddətinin bitdiyinu, MMC uzun müddətdir fəaliyyət göstərmədiyi üçün etibarnamə alınmasında texniki gecikmələr baş verdiyini, yaxın günlərdə ona etibarnamə verilməsinin mümkün olacağını, bu səbəbdən də MMC-nin vəkili olaraq təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının qısa müddətdə başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası barədə lazımi qaydada əvvəlcədən məlumat verildiyi üçün işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər hdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbi təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin göstərişlərinə əsasən işə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-2(105)-144/2021 nömrəli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X12 Təsərrüfat” MMC-yə qarşı cavabdehdən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair hazırkı kommersiya işi üzrə icraat İddiaçı ASC-nin idarə heyətinin sədri vəzifəsində işləmiş X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə çıxarılacaq məhkəmə hökmü qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X9 qeyrilərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vuraraq mənimsəmə yolu ilə talamış, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla, vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Belə ki, o, eyni niyyətlə, 2014-cü ilin aprel ayının sonlarında qohumu X2 adına 6.000.000 manat, 2016-cı ilin iyul ayının ortalarında sonuncunun direktoru olduğu “MMC “X12 Təsərrüfatı”nın adına 12.000.000 manat məbləğində təminatsız kredit rəsmiləşdirilməsinə dair qanunsuz tapşırığına əsasən, Binyadalı Hüseynovun və həmin təsərrüfatın fəaliyyət və maddi vəsaitlərin sərf istiqamətlərinin rentabelliyi, ayrılacaq vəsaiti geri qaytarmaq üçün əmlaka və ya maliyyə vəsaitlərinə malik olub-olmaması üzrə hər hansı yoxlama və analiz aparılmadan, bankın ünvan 1 ünvanında yerləşən baş ofisində müvafiq olaraq həyət evinin tikintisi və kənd təsərrüfatı məhsullarının istehsalı və inkişafı təyinatı üzrə müvafiq olaraq Binyadalı Hüseynova 6.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair xx.xx.2014-cü il tarixli 125/14 saylı kredit müqaviləsi, həmin müəssisəyə 60 ay müddətə 12.000.000 manat məbləğində təminatsız kredit verilməsinə dair 20 iyul 2016-cı il tarixli 021/16 saylı kredit müqaviləsi və həmin vəsaitin Binyadalı Həsənov tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixlərdə qeyd edilən sənədlər sonuncu tərəfindən imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 14 iyul 2016-cı il tarixə guya həmin X8 qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/09 saylı iclas protokolu tərtib edilməklə, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini qeyd edilən ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləməklə, 18.000.000 manat məbləğində əsas, müvafiq olaraq 4.234.667,14 manat və 3.175.380,00 manat, cəmi 7.410.047,14 manat faiz və cərimə borcunu, ümumilikdə, qeyd edilən qaydada 10 fiziki, 3 hüquqi şəxs və özünün adına ayrılmış cəmi 72.328.213,37 manat (yetmiş iki milyon üç yüz iyirmi səkkiz min iki yüz on üç manat otuz yeddi qəpik) məbləğində İddiaçı ASC-yə məxsus olmaqla ona etibar edilmiş pul vəsaitini həmin bankın səlahiyyətli vəzifəli şəxslərinin köməkçiliyi ilə öz qulluq mövqeyindən istifadə edərək həmin banka vahid niyyətlə külli miqdarda ziyan vurub mənimsəməklə talamış, həmin hərəkətləri, habelə 31.041.813,11 manat (otuz bir milyon qırx bir min səkkiz yüz on üç manat on bir qəpik) məbləğində faiz məbləğlərini qəsdən ödəməməklə İddiaçı ASC-nin əmlakının qorunub saxlanılması, verilən kredit məbləğləri üzrə öhdəliklərin təminatlılığının və vəsaitlərinin geri qaytarılmasının təmini üzrə əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İşin hallarına əsasən müəyyən edilir ki, iddiaçı hazırki iddia ərizəsi ilə 2016-cı il 20 iyul tarixli, 021/16 saylı kredit müqaviləsinə istinad edərək mövcud tələblə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bu mənada məhkəmə kollegiyası ilk öncə iddiaçının əsaslandığı həmin əqdə hüquqi qiymət verilməsini zəruri hesab edir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının birgə qərardadının 13-cü bəndində qeyd edilmişdir ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olubolmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli hökmünə əsasən müəyyən olunur ki, iddiaçının istinad etdiyi 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi X7 göstərişinə əsasən cavabdehin adına formal olaraq bağlanılmaqla, müqavilə üzrə vəsaitin Binyadalı Həsənov tərəfindən götürülməsinə dair məxaric orderi hazırlanmaqla həmin tarixlərdə qeyd edilən sənədlər sonuncuya imzaladıldıqdan sonra, köhnə tarixə, yəni 14 iyul 2016-cı il tarixə guya həmin X8 qeyd edilən məbləğdə kredit vəsaitinin ayrılmasına icazə verilməsinə dair 24/09 saylı iclas protokolu tərtib edilməklə, ümumilikdə 18.000.000 manat məbləğində pul vəsaitini X9 ünvan 2 ünvanda yerləşən bankın baş ofisinin xəzinəsindən bankın vəzifəli şəxsləri vasitəsi ilə götürüb şəxsi ehtiyaclarına xərcləmişdir. Yuxarıda qeyd edilmiş Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı formalaşmış hüquqi mövqeyinə görə isə əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (Mülki Məcəllənin 385.1. və 386.1. maddələri). Bu mənada məhkəmə kollegiyası 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsinə kredit müqaviləsinin etibarlılığına qiymət verərək hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarı baxımdan bu müqavilə (əqd) uydurma olmaqla əhəmiyyətsiz əqddir. 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, həmin əqdə əsaslanaraq borcun cavabdehdən tutulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 20 iyul 2016-cı il tarixli, 021/16 saylı kredit müqaviləsi üzrə münasibətlərə yuxarıda qeyd edilən Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir.Həmin maddəyə əsasən “Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. Yuxarıda qeyd edilən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli hökmünə əsasən qeyd olunan müqavilə üzrə 12.000.000 manat məbləğində pul vəsaiti faktiki olaraq X9 tərəfindən mənimsənilmişdir və işin həmin halına qeyd olunan hökmlə müvafiq qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilməlidir. Apellyasiya şikayətinin təmin olunmasına münasibətdə məhkəmə kollegyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və borcun düzgün hesablanmaqla yeni qətnamənin qəbul olunmasını xahiş etsə də, kassasiya şikayəti verərkən cavabdeh kredit müqaviləsi üzrə borc məbləğinin onun trəfindən götürülməməsini mübahisələndirmişdir. Buna görə də məhkmə kollegiyası belə hesab edir ki, iddia tələbi rədd edildiyindən cavabdehin də apellyasiya şikayəti təmin edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “X12 Təsərrüfatı” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09 dekabr 2019-ci il tarixli, 2-2(085)- 16/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh “X12 Təsərrüfatı” MMC-yə qarşı cavabdehdən 12.000.000 manat məbləğində əsas borc, 1.154.998,84 manat məbləğində faiz borcu, 2050,83 manat cərimə, ümumilikdə 13.157.049,67 manat məbləğində borc və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar