Məhkəmə qərarları › İş №2-2(105)-10/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-10/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-10/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08.05.2019-cu il tarixli, 2-2(085)- 225/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışa görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 14 dekabr 2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

2. Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında şəhadətnaməyə və kommersiya qurumunun Dövlət reyestrindən çıxarışa görə, Cavabdeh 21 iyun 1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokolundan çıxarışa görə, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qoşulması şəklində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi, “X1 (CDB)” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçirilməsi qərara alınmışdır.

4. “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK- 0023/04 saylı kredit müqaviləsinə görə, “X1 (CDB)” ASC cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər.

5. “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə görə, “X1 (CDB)” ASC cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər.

6. 06 may 2019-cu il tarixli, MD11-01069 saylı arayışa görə, cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 1.115.440,16 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1.402.884,61 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun, 315.440,16 manat faiz borcunun, ümumilikdə 1.115.440,16 manat kredit borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borcun, 87.444,45 manat faiz borcunun, ümumilikdə 287.444,45 manat kredit borcunun, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcunun, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərcinin və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının səhmdarlarının növbədənkənar ümumi yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokoluna əsasən, “X1 (CDB)” ASCnin iddiaçıya qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, “X1 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır.

9. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 30.05.2017-ci il tarixli çıxarışa əsasən iddiaçı “X1 (CDB)” ASC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmiş və həmin hüquqi şəxsin hüquqi varisidir. “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə görə kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Müqavilənin 2.6-cı bəndinə əsasən borc alan bu müqavilə ilə verilmiş kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Müqavilənin 3.4.3-cü bəndinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsidir. 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə görə kredit məbləğinin borc alanın bank hesabına daxil edildiyi gündən verilmiş sayılır. Müqavilənin 2.6-cı bəndində göstərilmişdir ki, borcalan bu kreditdən istifadəyə görə illik 20 faiz olmaqla faiz ödəyir. Həmin müqavilənin 3.4.3-cü bəndində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 11.154.40,16 manat təşkil edir. 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat təşkil edir, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1.402.884,61 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqavilələri üzrə əsas və faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli, e-2-2(085)- 225/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 800.000 manat əsas borc, 315.440,16 manat faiz borcu, ümumilikdə 1.115.440,16 manat kredit borcu, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 200.000 manat əsas borc, 87444,45 manat faiz borcu, ümumilikdə 287.444,45 manat kredit borcu, hər iki kredit müqaviləsi üzrə cəmi 1.402.884,61 manat kredit borcu, kredit müqavilələrinin, cavabdehə aid hüquqi sənədlərin notarial qaydada təsdiq olunması ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 60 manat notariat xərci və 30 manat məbləğində məhkəmə üçün ödənilmiş dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim - Z.Pirverdiyev).

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən “X1 (CDB)” ASC cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər.

12. “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə əsasən “X1 (CDB)” ASC cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200.000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının səhmdarlarının növbədənkənar ümumi yığıncağının 17.04.2017-ci il tarixli, 04 saylı protokol qərarı ilə “X1 (CDB)” ASC-nin İddiaçı ASC-yə qoşulması şəklində iddiaçının yenidən təşkil edilməsi, “X1 (CDB)” ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan iddiaçıya keçirilməsi qərara alınmışdır. Cavabdehin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan əsas borcu 800.000 manat, faiz borcu 315.440,16 manat, ümumilikdə 1.115.440,16 manat, 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 nömrəli kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə banka olan 200.000 əsas borcu, faiz borcu 87.444,45 manat, ümumilikdə kredit borcu 287.444,45 manat, hər iki kredit müqaviləsi üzrə 22 fevral 2019-cu il tarixə ümumi borc 1.402.884,61 manat təşkil edir.

13. 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı və 26 aprel 2017-ci il tarixli, CBHK0023/05 saylı kredit müqavilələri üzrə əsas borcun cavabdehdən tutulması tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir.

14. Kredit müqavilələrinin 2.6-cı bəndlərinə əsasən cavabdeh kredit üzrə hesablanacaq faizləri iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, iddiaçı tərəfindən əsas kredit məbləğinə hesablanmış faiz borcları əsaslı olduğuna görə cavabdehdən tutulmalıdır.

15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.1, 421.2, 423.2, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

16. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin faiz məbləğinin hesablanması hissəsində tam rədd edilməsi, əsas borcun və faiz borcunun tutulması hissəsində isə banka ödənilmiş və bank tərəfindən cərimə faizi (penya) kimi silinmiş pulun əsas borcdan və faiz borcundan silinərək yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi ilə (hakimlər S.İ.Bəktaşi (sədrlik edən), T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 08 may tarixli, 2-2(85)225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, iddiaçının xeyrinə cavabdehdən tutulması qət edilən faiz borcun məbləği azaldılaraq 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 208.773,74 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 62.888,93 manat həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun tutulmasını tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlsə də, faiz borcunun məbləği ilə bağlı hissədə səhvə yol vermişdir.

19. Məhkəmə Ekspertiza Mərkəzinin 04.02.2021-ci il tarixli, 9/4751 saylı rəyinə görə, iş materiallarındakı hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsində və 26.04.2017-ci il tarixli, CBHK- 0023/05 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, cavabdehin iddiaçıya maliyyə arayışının tarixinə olan borcu 05.04.2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 800.000 manat əsas borc, 208.773,74 manat faiz borcu, ümumilikdə 1.008.773,74 manat kredit borcu, 26.04.2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 06.05.2019-cu il tarixə (maliyyə arayışı tarixinə) 200.000 manat əsas borc, 62.888,93 manat faiz borcu, ümumilikdə 262.888,93 manat kredit borcu müəyyən edilmişdir.

20. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 741, 742.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin faiz borcunun təmin edilməyən hissəsində ləğv edib, iddia tələbinin həmin hissədə tam təmin edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-406/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Dadaşov (sədrlik edən), B.Məmmədli və B.Qəribov) Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsinin 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavilələri üzrə faiz borcu hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması, cavabdehin kassasiya şikayətinin qismən təmin olunması, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.

24. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmadığı barədə dəlil MPM-ni 407.2-ci maddəsinin tələblərinə əsasən uğurlu hesab edilə bilməz. İş materialları üzrə tədqiqat aparılarkən ümumiyyətlə kredit müqavilələrinin bəndləri, cari hesabdan çıxarış, ssuda hesabından çıxarış, gecikdirilmiş əsas və faiz borcunu əks etdirən 06 may 2019-cu il tarixli, MD11-01069 nömrəli maliyyə arayışı və iş üçün zəruri olan digər sənədlərin nəzərə alınmadığı barədə dəlil isə qiymətləndirmə ilə bağlı olmaqla məhkəmə və ekspert tərəfindən cavabdehin kredit borcu müəyyən edilərkən həmin sənədlərə də istinad edildiyindən əsaslı hesab edilə bilməz.

25. Cavabdehin kassasiya şikayətinin kredit müqavilələri üzrə faiz borcları ilə bağlı dəlilləri işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası əsaslı hesab edərək, qeyd etmişdir ki, kredit müqavilələrindən də göründüyü kimi, kredit məbləğləri illik 20% olmaqla 12 ay müddətinə verilmişdir və 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla, 12 ay müddətinə verilmiş 800.000 manat pulun bir il üçün hesablanmalı faizi bir illik müqavilə müddəti ərzində 160.000 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20 % olmaqla 12 ay müddətinə verilmiş 200.000 manat kredit məbləğinin faizi bir illik müqavilə müddəti ərzində 40.000 manat təşkil edir. İddiaçı ASC iddia ərizəsində yalnız əsas borc və həmin borca müqavilə şərtlərinə uyğun olaraq razılaşdırılmış 20% faiz borcu tələb edildiyi, bu zaman başqa tələblər irəli sürülmədiyi nəzərə alınarsa, iddiaçının cavabdehdən 05 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə 800.000 manat əsas borcun müqabilində 315.440,16 manat faiz borcunun, 26 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə isə 200.000 manat əsas borcun qarşılığında 87.444,45 manat faiz borcunun tələb edilməsi məhkəmə tərəfindən adekvat qiymətləndirilməmişdir.

26. Apellyasiya məhkəməsi həmçinin 04.02.2021-ci il tarixli, 9/4751 saylı ekspert rəyini MPM-nin 88-ci maddəsinin tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarlarında vurğulanmış hüquqi mövqelər baxımından düzgün qiymətləndirməmişdir.

27. Belə ki, ekspert tərəfindən cavabdehin bu müddətdə apardığı ödənişlər də nəzərə alınmaqla, 05 aprel 2017-ci il tarixli kredit müqaviləsi üzrə 800.000,0 manat kredit məbləğinə 208.773,74 manat, 26 aprel 2017-ci il tarixli digər kredit müqaviləsi üzrə 200.000,0 manat kredit məbləğinə 62.888,93 manat məbləğində faiz borcları hesablanmışdır ki, bu hal da işdəki kredit müqavilələrinin şərtlərinə uyğun deyildir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi olduğu keçmiş “X1” Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə 800000 manat və 26 aprel 2017ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə 200000 manat kredit götürülmüşdür. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, Cavabdeh tam dövlət müəssisəsi olmaqla, artıq ləğv olunmuş keçmiş Müdafiə Sənayesi Nazirliyinin (hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti) tərkibində fəaliyyət göstərmişdir. Qeyd edilən dövrdə baş vermiş maliyyə böhranı və dövlət sifarişlərinin dəyərinin vaxtında ödənilməməsi müəssisənin fəaliyyətinə mənfi təsir göstərmiş və bank qarşısında kredit müqavilələri üzrə ödənişlərin həyata keçirilməsində problemləri yaranmışdır. Bütün bunlardan bankın da məlumatı olmuş və ödənişlərin normal həyata keçirilməsinin təmini üsulu kimi individual ödəniş cədvəlinin tərtib edilməsi tərəflərindən banka təklif edilsə də bankın rəhbərliyi tərəfindən bu məsələ öz həllini tapmamışdır. Kreditin ödənilməsində yaranmış çətinliklərlə bağlı ödənişlərin normal qaydada həyata keçirilməsi üçün möhlət verilməsi və fərdi (individual) cədvəlin tərtib edilməsi ilə əlaqədar qeyd olunan banka dəfələrlə edilmiş müraciətlər nəticəsiz qalmışdır. Nəticədə hal-hazırki mübahisəli maliyyə vəziyyəti yaranmışdır. Kredit müqavilələri üzrə borc məbləğinin mövcudluğu tərəflərindən etiraf edilsə də hesab edirlər ki, iddia tələblərində borcun məbləği əsassız olaraq şişirdilərək, tərəflərindən banka edilmiş ödənişlərin bir hissəsi cərimə faizi kimi bank tərəfindən hesablanaraq silinmişdir. Belə ki, 2017-2018-ci illər ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən adı çəkilən kredit müqavilələri üzrə ümumilikdə 143226,22 manat məbləğində ödəniş edilmişdir ki, həmin ödənişlər bank tərəfindən faiz borcu kimi silinmişdir. Eyni zamanda iş materiallarında olan kredit müqavilələrinin surətlərindən görünür ki, kredit məbləğləri illik 20% olmaqla 12 ay müddətinə verilmişdir. Belə olan halda, CBHK-0023/04 saylı kredit müqaviləsi üzrə illik 20% olmaqla 12 ay müddətinə verilmiş 800000 manat pulun faizi 160000 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsi üzrə illik 20 % olmaqla 12 ay müddətinə verilmiş 200000 manat kredit məbləğinin faizi 40000 manat təşkil etdiyi halda, iddiaçı tərəfindən həmin faizlər əsassız şəkildə müvafiq olaraq 315440,16 manat və 87444,45 manat kimi hesablanmışdır. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı hüquqi əsasa söykənmədən 200000 manat əvəzinə 402884,61 manat məbləğində faiz borcu hesablanmışdır ki, məhkəmə bu hissədə də iddiaçının tələblərini araşdırma aparmadan əsassız olaraq təmin etmişdir. Məhkəmə iddiaçının faiz kimi göstərdiyi məbləğ üzrə hesablanmış borcun yaranma əsaslarını aydınlaşdırmamış, həmin məbləğin reallığa uyğunluğunu araşdırmamışdır. Belə ki, məhkəmə bununla bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarları nəzərə almadan faiz kimi göstərilmiş pulun məbləğini azaltmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh edilməsinə dair 29 oktyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə mütənasiblik prinsipinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin müddəa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli qərarında da bir daha vurğulanmışdır. Adı çəkilən qərarda Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Nəzərə alsaq ki, cavabdeh maddi çətinliklər üzündən kredit kimi götürdüyü pulun əsas hissəsini ödəyə bilmir, bankın bu məbləğdə dəbbə pulunu hesablamasını ədalətsiz sayır. Təəssüf ki, məhkəmə bütün bu halları nəzərə almadan və lazımi hüquqi araşdırma aparmadan əsassız və qeyri-obyektiv bir qətnamə çıxarmışdır ki, həmin qətnamənin apellyasiya qaydasında ləğvi ədalət mühakiməsinin bərqərar olması kimi qəbul ediləcəkdir. Bu səbəbdən hesab edirlər ki, iddiaçının iddia tələblərinin faiz pulunun tələb edildiyi hissədə heç bir hüquqi əsası olmadığından, yuxarıda qeyd edilənlərə əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

30. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 399. Müqavilənin qüvvəsi 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər... Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-406/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 22 fevral tarixli, 2-2(105)-1/2021 saylı qətnaməsi 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavilələri üzrə faiz borcu hissəsində ləğv edildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqavilələri üzrə faiz borcunun tutulması hissəsində araşdırılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-2(85)- 225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir.

35. İşdən görünür ki, “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 saylı kredit müqaviləsinə əsasən “X1 (CDB)” ASC cavabdehə illik 20 faiz olmaqla 12 ay müddətinə, cari xərclərin ödənilməsi məqsədi ilə 800000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. “X1 (CDB)” ASC ilə cavabdeh arasında bağlanmış 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 saylı kredit müqaviləsinə əsasən “X1 (CDB)” ASC cavabdehə 12 ay müddətinə, illik 20 faiz olmaqla 200000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit məbləğini və kreditə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.

36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqavilələri üzrə öhdəlikləri icra edərək müqavilələrdə nəzərdə tutulan məbləğləri cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi 06 may 2019-cu il tarixli, MD11-01069 saylı arayışa əsaslanaraq cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 315.440,16 manat faiz borcunun, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 87.444,45 manat faiz borcunun tutulması qənaətinə gəlsə də, məhkəmə kollegiyası faiz borcunun məbləği ilə razılaşmır.

37. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

38. Məhkəmə kollegiyası göstərilən halı nəzərə alaraq, 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsinin və 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixə faiz borcunun düzgün hesablanıbhesablanmamasının müəyyənləşdirilməsi üçün təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli, 9/9429 nömrəli rəyindən görünür ki, 05 aprel 2017-ci il tarixli, CBHK- 0023/04 nömrəli kredit müqaviləsi üzrə 05 aprel 2018-ci il tarixə faiz borcu 64468,01 manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 26 aprel 2018-ci il tarixə faiz borcu 21777,82 manat təşkil edir.

40. Təqdim olunan ekspert rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

41. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, kredit müqaviləsi üzrə hesablanan faiz borcunun məbləği rəyə uyğun hesablanmalıdır.

42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındaki kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcuna görə cavabdehdən 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 05 aprel 2018-ci il tarixə 64468,01 manat faiz borcu, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi 26 aprel 2018-ci il tarixə 21777,82 manat faiz borcu tutulmalıdır.

43. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 (bir yüz) manat Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87, in 382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2019-cu il tarixli 2-2(85)- 225/2019 saylı qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə Cavabdeh MMC-dən tutulması qət edilən faiz borcunun məbləği 05 aprel 2017-ci il tarixli, CBHK-0023/04 nömrəli kredit müqaviləsi üzrə 64468.01 (altmış dörd min dörd yüz altmış səkkiz manat 1 qəpik) manat, 26 aprel 2017-ci il tarixli, CBHK-0023/05 nömrəli kredit müqaviləsi üzrə 21777.82 (iyirmi bir min yeddi yüz yetmiş yeddi manat səksən iki qəpik) manat müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar