Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-103/2023 02.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X7 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh3, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "müştəri" Cavabdeh1 (VÖEN **********) arasında 22 iyun 2020-ci ildə “Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC 03091LE/2019 nömrəli Razılaşma imzalanmış və həmin Razılaşmanı imzalamaqla sonuncu X5 qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmin X8 çərçivəsində 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”ni imzalayan borcalan Cavabdeh1nə borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla, 29 oktyabr 2020-ci il tarixədək 70000 (yetmiş min) manat məbləğində birdəfəlik kredit verilmişdir.
2. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Cavabdeh1 MMC (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X4 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_ addendum/lang,az/” link üzrə yerləşdirilən 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.
3. Kredit verən “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin şərtlərinə əsasən, Kredit Verən tərəfindən kredit alan Cavabdeh1nə illik kredit limiti üzrə faiz dərəcəsi 25% olmaqla, 29 iyun 2030-cu il tarixədək 60000000 (altımış milyon) manat məbləğində kredit limitinin ayrılması barədə razılığa gəlinmişdir.
4. Kredit Limiti Müqaviləsinin 3.7-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq Əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə Müvafiq Əlavə ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
5. Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır.
6. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün Ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir.
7. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir.
8. X6 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.9-cu bəndinə əsasən, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir.
9. 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh3 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh3 “zamin” olaraq borcalan Cavabdeh1 tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
10. 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Bank”, Cavabdeh2 – “Zamin” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
11. Zaminlik Müqavilələrinin 6-cı bəndlərinə əsasən, zaminlik müqaviləsinin qüvvədə olma müddəti Borcalanın Müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin Bank qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşür.
12. 18 noyabr 2022-ci il tarixli Maliyyə Arayışında 17 noyabr 2022-ci il tarixinə 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan Cavabdeh1 MMC-nin borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 33918,06 manat məbləğində əsas borc və 16563,32 manat məbləğində cərimə borcu olmaqla, cəmi 50481,38 (əlli min dörd yüz səksən bir manat 38 qəpik) manat məbləğində borcunun (gecikmə günün sayı – 749) olduğu göstərilmişdir.
13. Məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/410 nömrəli Ekspert Rəyindən görünür ki, borcalan “North Agro“ MMC-nin 29 oktyabr 2020-ci il tarixə (kreditin qaytarlmalı olduğu sonuncu günə) Banka olan əsas borcu cəmi 62568,57 manat məbləğində müəyyən edilmişdir (“North Agro“ MMC ilə İddiaçı ASC arasında bağlanmış 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin və həmin Müqavilə çərçivəsində imzalanmış 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”nin şərtləri nəzərə alınmaqla, yəni müqavilə dövründə əsas borcdan ödəniş nəzərdə tutulmadığından 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə müqavilə dövründə cərimə hesablanmamışdı). Borcalan “North Agro“ MMC-nin 17 noyabr 2022-ci il tarixə isə Banka olan (müqavilə müddətindən sonra cərimə hesablanmaqla) əsas borcu 35599,81 manat məbləğində və cərimə borcu 15619,42 manat məbləğində müəyyən edilir (Rəydə qeyd olunan bu nəticələr Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 20 aprel 2023-cü il tarixli 3-16-16/2-336/23 nömrəli Məktubla da təsdiq edilmişdir).
14. Məhkəmə-mühasibatlıq ekspertizasının 17 mart 2023-cü il tarixli 9/410 nömrəli Ekspert Rəyinin ekspertiza tədqiqatı prosesinin təsviri hissəsində göstərilmişdir ki, cavabdeh “North Agro“ MMC-nin krediti üzrə Banka 17 noyabr 2022-ci il tarixədək ümumilikdə 46918,03 manat məbləğində ödəniş aparılmışdır və həmin ödəniş məbləğin 6756,40 manat hissəsi cərimə borcundan, 5761,44 manat hissəsi faiz borcundan və 34400,19 manat hissəsi isə əsas borcdan silinmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 23 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 birgə qaydada K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 13652,02 (on üç min altı yüz əlli iki manat 02 qəpik) manat cərimə olmaqla, cəmi 47570,08 (qırx yeddi min beş yüz yetmiş manat 08 qəpik) manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ASC (bundan sonra “Bank”) ilə borc alan Cavabdeh1 MMC (bundan sonra “Borcalan”) arasında 22 iyun 2020ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X4 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC-03091LE/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borc alan Cavabdeh1 MMC “www.pashabank.az” saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X8 çərçivəsində 29 iyun 2020-ci il tarixli GL4032 saylı Kredit Limiti Müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana 29 iyun 2030-cu il tarixədək illik faiz dərəcəsi 25%-dək, illik cərimə faizi 40%dək olmaqla 60000000 (altmış milyon) manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında X8 və GL4032 saylı Kredit limiti müqaviləsi çərçivəsində 29 iyun 2020-ci il tarixli K4033 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Borcalana 29 oktyabr 2020-ci il tarixədək illik faiz dərəcəsi 12%, illik cərimə faizi 15%, kredit müddəti bitdikdən sonra illik cərimə faizi 27% olmaqla 70000 (yetmiş min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədilə kredit xətti açılmışdır. Bundan başqa, Bank ilə borc alan Cavabdeh1 MM arasında bağlanmış GL4032 saylı Kredit limiti müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə Cavabdeh2 arasında 29 iyun 2020-ci il tarixli Z4025 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Lakin, Borcalan K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 644 gün ərzində müqavilə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Nəticədə Borcalanın 04 avqust 2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi K4033 saylı Maliyyələşdirmə üçün ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 13652,02 (on üç min altı yüz əlli iki manat 02 qəpik) manat cərimə borcu olmaqla, cəmi 47570,08 (qırx yeddi min beş yüz yetmiş manat 08 qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit limiti müqaviləsinin 3.7-ci bəndinə və X4 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və müvafiq əlavədə göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı "xxxx" ASC Mediasiya prosesi üzrə 200 (iki yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. Əlavə olaraq, iddiaçı "xxxx" ASC iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün 33 (otuz üç) manat məbləğində dövlət rüsumu da ödəmişdir.
17. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 21 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “başqa cavabdehin işə cəlb edilməsi” barədə vəsatət və “iddia tələbinin həcminin artırılması” barədə ərizə təqdim edilərək, Bank ilə borc alan Cavabdeh1 MMC arasında bağlanmış GL4032 saylı Kredit limiti müqaviləsi üzrə Borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə, Bank ilə zamin Cavabdeh3 arasında da 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli zaminlik müqaviləsi bağlandığına görə zamin Cavabdeh3 da cavabdeh qismində işə cəlb edilməsi və cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat əsas borc və 16563,32 (on altı min beş yüz altmış üç manat 32 qəpik) manat cərimə borcu olmaqla, cəmi 50481,38 (əlli min dörd yüz səksən bir manat 38 qəpik) manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş 400 (dörd yüz) (200+200) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun birgə qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
18. Cavabdeh və eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 tərəfindən 27 dekabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinə qarşı etiraz” təqdim edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi üzrə zamin olaraq Cavabdeh3 cavabdehlikdən azad olunması xahiş olunmuş və həmin “Etiraz” onunla əsaslandırılmışdır ki, Cavabdeh3 kredit verən "xxxx" ASCnin kredit alan "xxxx" MMC-nin gecikmədə olan kreditinə zamin olması ilə əlaqədar ona qarşı qaldırılmış borc iddiasını qəbul etmir. Belə ki, 2021-ci ilin aprel ayında borcalan "xxxx" MMC-nin borcverən "xxxx" ASC qarşısında həmin günə olan borcun yarısı zamin olaraq Cavabdeh3 tərəfindən ödənilmişdir. Çünki, zamin Cavabdeh3 borc alan "xxxx" MMC-nin 50% təsisçisidir və ədalətlilik baxımından zamin olaraq Cavabdeh3 üzərinə düşən öhdəlik yükü də 50% olmalıdır. Ona görə də, Cavabdeh3 öz üzərinə düşən öhdəliyi 2021-ci il aprel ayında yerinə yetirərək, Şirkətin Bank qarşısında həmin günə olan borcunun yarısını ödəmişdir. Bu ödəniş barədə "xxxx" ASC-nin əlaqədar əməkdaşları da məlumatlandırılmış və hətta "xxxx" ASC-nin İdarə Heyəti də zamin Cavabdeh3 qarşı məhkəmədə iddia qaldırmamaq qərarı vermişdir. Ancaq daha sonra "xxxx" ASC-nin İdarə Heyyəti fikrini dəyişərək zamin Cavabdeh3 qarşı da iddia qaldırılmasını istəmiş və buna görə də onun adı cavabdeh kimi məhkəmə iddiasına sonradan əlavə edilmişdir.
19. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdehlər Cavabdeh1ndən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada K4033 saylı Maliyyələşdirmə üçün Ərizə üzrə 33918,06 manat əsas borc və 16563,32 manat cərimə borcu olmaqla, cəmi 50481,38 manat məbləğində borcun, mediasiya prosesləri üzrə ödənilmiş cəmi 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunması üçün ödənilmiş 33 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
20. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 suallara cavab olaraq bildirmişdir ki, ilk öncə borcalanla Bank arasında Kredit Limiti Müqaviləsi bağlanılır və bundan sonra Borcalan Maliyyələşdirmə barədə Ərizə ilə Banka müraciət edir. Maliyyələşdirmə barədə Ərizə isə özlüyündə elə kredit müqaviləsi deməkdir. Həmin Ərizənin və Kredit Limiti Müqaviləsinin tərkib hissəsi olan X2 nəzərdə tutulan ümumi şərtlər əsasında müştəriyə kredit verilir. Kreditlər “onlayn” qaydada verilir. Belə ki, müştəri, yəni Borcalan kredit verən İddiaçı ASC-yə məxsus internet informasiya ehtiyatında X8 ilə tanış olur və əgər razıdırsa həmin sənədi elektron qaydada imzalayır. Borcalan Cavabdeh1 MMC ilə Kredit Limiti Müqaviləsi 2030-cu ilə qədər bağlanmış olsa da, 70000 manat məbləğində kreditin alınması üçün Borcalanın Maliyyələşdirmə barədə Ərizəsində həmin kreditin qaytarılmasının son müddəti 29 oktyabr 2020-ci il tarixi qeyd olunmuşdur. Həmin kreditin qaytarılması üçün nəzərdə tutulan müddət bitdiyinə görə iddiaçı cavabdehlərdən yalnız əsas və cərimə borclarını tələb edir və faiz borcunu tələb etmir.
21. Məhkəmə iclasında cavabdeh və eyni zamanda Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh3 zamin olaraq iddia tələbini tamamilə qəbul etmədiyini, borcalan Cavabdeh1 MMC-nin qanuni təmsilçisi qismində isə sonuncunun əvəzindən iddia tələbini qismən qəbul etdiyini, yəni borcalan Cavabdeh1 MMC-dən əsas borcun tutulmasına razı olsa da, iddia tələbi ilə “cərimə borcunun tutulması” hissəsində razı olmadığını bildirib, məhkəmədən cərimə borcunun tam olaraq silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC 2020-ci ildə müflis olmasına baxmayaraq, o, borc alınmasına zamin olduğu üçün öz vəsaitləri hesabına kredit ödənişlərini ödəməyi davam etmişdir. Buna görə də o, zamin qismində 2021-ci ilin aprel ayında Banka 30000 manat məbləğində pul ödəmişdir. Borc isə təxminən 70000 manat məbləğində olmuşdu. O, 30000 manat məbləğində pulu ödəyərək, qarşı tərəfdən onu zaminlikdən çıxarmasını xahiş etmişdir. Ona görə də, Bank birinci verdiyi iddia ərizəsində onu cavabdeh kimi göstərməmişdi. Lakin sonradan Bank vədinə əməl etməmiş və onu zaminlikdən çıxarmayaraq, ona qarşı da iddia tələbi vermişdir. Həmçinin İddiaçı ASC müqavilə müddəti bitdikdən 2 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki, müqavilə müddəti bitəndən 90 gün sonra məhkəməyə müraciət olunsa idi, bu məbləğdə də cərimə hesablanmazdı.
22. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, Cavabdeh1ndən 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1ndən dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 MMC-dən ekspertiza Rəyində müəyyən olunan əsas borc məbləği deyil, iddia tələbində göstərilən məbləğdə, yəni 33918,06 manat məbləğində əsas borc tutulmalıdır. Çünki, ekspert Rəyində əsas borcun 35599,81 manat məbləğində olduğu qeyd olunsa da, iddiaçı iddia tələbində daha az məbləğdə, yəni “33918,06 manat məbləğində əsas borcun tutulmasını” xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddianın "16563,32 manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, Cavabdeh1 MMC-dən cəmi 2000 (iki min) manat məbləğində cərimə tutulmalıdır. Zaminlər Cavabdeh2 və Cavabdeh3 29 iyun 2020ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqavilələri bağlayarkən zaminliklə təmin olunan öhdəlik kimi borcalan Cavabdeh1 MMC tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsində göstərilən müddətə qədər olduğu qeyd olunsa da, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən alınmış kreditin qaytarılma vaxtının son müddəti 29 oktyabr 2020-ci il tarixidir və həmin tarixdə məlum kreditin tam qaytarılması üçün nəzərdə tutulan müddət bitmişdir. Yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş “Maliyyələşdirmə üçün Ərizə"nin və həmin Ərizə əsasında alınan kreditin qaytarılmasının son müddəti 29 oktyabr 2020-ci il tarixi olmuşdur. Lakin, iddiaçı Bank zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 29 oktyabr 2020-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə ki, İddiaçı ASC məlum “Maliyyələşdirmə üçün Ərizə" üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət (bir illik müddət) keçdikdən sonra, yəni 23 sentyabr 2022-ci ildə məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin tələblərinə görə, yəni 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor (Bank) tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi ilə həmin “Maliyyələşdirmə üçün Ərizə" üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh2 və zamin qismində Cavabdeh3 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 470.1,472.1, 472.3, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, 467, 425.2, 477.0, 477.0.4, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.2, 36.5-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
25. Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - məhkəmə öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyən kredit müddəti anlayışı ilə tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimləyən kredit müqaviləsinin müddəti anlayışını düzgün tətbiq etməmişdir. Belə ki, 9 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”dən də göründüyü kimi xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin müddətinin bitməsi tarixi kimi deyil, müqavilə üzrə öhdəliklərin icra edilməsi tarixi kimi kreditin müddəti olaraq qeyd edilmişdir. Həmin müddət bitsə belə, borclu icra edilməmiş öhdəliyin icrası üçün məsuliyyət daşıdığı kimi, zamin də onunla eyni qaydada kreditor qarşısında məsuliyyət daşımışdır. - məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamış və bununla da qətnamənin məzmununda qeyri-müəyyənlik yaratmışdır. Həmçinin Borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarından biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərərlərin qarşısını almaq məqsədi güdmüşdür. - 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsində, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”də, zaminlik müqavilələrində öhdəliklərin xitamı ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Bundan başqa, 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin 7.2.-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə müqavilənin 1.2-ci bəndində göstərilən müddət (29 iyun 2030-cu il tarixədək) və ya Tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədədir. İşin hallarından göründüyü kimi, zaminliklə təmin edilmiş öhdəlik icra edilməmiş, həmçinin müqavilənin qüvvədə olması müddəti kimi nəzərdə tutulmuş müddət bilməmiş, bundan başqa zaminlik müqavilələrində də yuxarıda qeyd edildiyi kimi, zaminlərin müqavilərinin qüvvədə olma müddətinin Borcalanın Müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin Bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşməsi qeyd edilmişdir. - zaminlik müqavilələrində onun xx.xx.2030-cu il tarixədək qüvvədə olma müddəti nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmənin zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi hala əsaslanması düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan RespublikasıMülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan RespublikasıQanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) aydın müəyyən olunmalıdır. Həmin qərara əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan RespublikasıMülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. İş materiallarından olan 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli X1 Məhkəməsinin yuxarıda qeyd qərarlarında edilən tələblərinə uyğun olaraq tərtib edilmiş və həmin müqavilələrin 2.2-ci bəndində qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s. yəni müqavilənin müddəti 29 iyun 2030-cu il tarixədək, illik faiz dərəcəsi 25%dək, illik cərimə faizi 40%-dək, öhdəliyin məbləği 60000000 (altmış milyon) manat məbləğində) barəsində razılıq əldə edilməklə bağlanmış, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşımışdır. Həmçinin, zaminlik müqavilələrinin 2.3-cü bəndində qeyd edilmişdir ki, Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s məbləği həcmində məsuliyyət daşıyır. - Məhkəmə özü təsdiq etdmişdir ki, həmin Zaminlik Müqavilələrinin 6-cı bəndlərinə əsasən, zaminlik müqaviləsinin qüvvədə olma müddəti Borcalanın Müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin Bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Bütün bunları məhkəmə qətnamədə qeyd etmiş, lakin əsassız yerə zaminliklə təmin edilən öhdəliyin müddətinin xx.xx.2020-ci il tarixinə kimi olmasını qeyd etməklə iddia tələbini zaminlərə münasibətdə təmin etməmişdir. Belə ki, Zaminlik Müqavilərinin 2.1-ci maddəsində xx.xx.2020-ci il tarixli GL4032 saylı kredit limiti müqaviləsi, müqavilənin faiz dərəcəsi, məbləği, valyutası və qüvvədə olma müddəti xx.xx.2030-cu il tarixədək olması müəyyən edilmişdir. Bundan əlavə, zaminlik müqavilələrinin əsaslandığı öhdəlik xx.xx.2020-ci il tarixli GL4032 saylı kredit limiti müqaviləsidir ki, həmin müqavilənin tarixi xx.xx.2030-cu il tarixədək nəzərdə tutulmuşdur. - Məhkəmə əsas öhdəliyin icrası müddəti göstərilmədiyinə və müəyyənləşdirilə bilmədiyinə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bilmədiyinə əsaslanaraq zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyinə əsaslanmış və cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, iş materiallarından olan 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsinin, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”-nin və 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqavilələrinin müvafiq bəndlərində qeyd edilənlərə düzgün qiymət verilməyərək işin bütün faktiki halları araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Cavabdeh3 apellyasiya şikayətinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Nəzərə alınmalıdır ki, zəmanət müqaviləsində müqavilənin qüvvədə olma müddətinin kredit limiti müqaviləsi ilə eyni müddətə olmasını razılaşdırdıqda tərəflərin əsas məqsədi ondan ibarət olmuşdur ki, həmin zaminlik müqaviləsindən kredit limiti müqaviləsinin qüvvədə olduğu müddət ərzində kredit alanan götürdüyü istənilən kreditə şamil etmək mümkün olsun. Lakin burada zaminlik müqaviləsinin müddəti ilə konkret kreditə görə zaminliyin müddətini eyniləşdirmək olmaz. Kredit limiti müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit məhsulu maliyyələşdirmə üçün ərizə əsasında təqdim olunarsa, həmin kredit üzrə tərəflərin hüquq və vəzifələri, həmçinin kredit məhsuuna dair ümumi şərtlər kredit alanla kredit verən arasında ayrılıqda imzalanmış müvafiq X8 ilə tənzimlənir. X4 Kredir (maliyyələşmə) adlanan İV hisəsinin 1.1ci bəndinə əsasən Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddəti, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi təklifə dəvət, “Maliyyələşdirmə üçün Ərizə” isə Bankın krediti vermək üçün təklifini ifadə edir və Müştəri onu imzalamaqla təklifi qəbul edir. Göründüyü kimi hər bir kredit məhsulu ayrıca maliyyələşdirmə üçün ərizə əsasında verilir və onlar bir-birindən ayrı -müstəqil surətdə mövcud olurlar. Nə qədər ki zaminlə fərqli şərtlər əsasında verilən kreditlər üzrə zaminliyin verilmə müddəti razılaşdırılmayıb (yəni qarşılıqlı razılıq əsasında müəyyənləşdirilməyib) o halda Mülki Məcəllənin 477.0.4-cü madəsinin ikinci cümləsi tətbiq edilir və zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zəmanət müqaviləsinin müddətinin kredit limiti müqaviləsi ilə eyniləşdirməkdə tərəflərin əsas niyyəti həmin müqavilə qüvvədə olduğu müddətdə sifariş edilən istənilən kredit məhsuluna zaminliyin təmin edilməsi olmuşdur. Müqavilənin müddəti zaminliyin verilmə müddəti ilə eyni anlayış deyildir. Bu baxımdan faiz dərəcəsinin, cərimə faizinin və s. –nin əvvəldən müəyyən edilmədiyi (çünki hər dəfə kredit məhsulu sifariş verdikdə faizlər və s dəyişə bilir) 3-4 aylıq kreditə zaminin 10 il zamin durması və müqavilə bağlayarkən niyyətini –iradə ifadəsini bu şəkildə bəyan etməsi də absurddur. Odur ki məhkəmə müqavilə şərtini düzgün təfsir etməklə haqlı olaraq göstərmişdir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və 29 iyun 2020-ci il tarixli Z4025 nömrəli Zaminlik Müqavilələri bağlayarkən zaminliklə təmin olunan öhdəlik kimi borcalan Cavabdeh1 MMC tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsində göstərilən müddətə qədər olduğu qeyd olunsa da, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”yə əsasən alınmış kreditin qaytarılma vaxtının son müddəti 29 oktyabr 2020-ci il tarixidir və həmin tarixdə məlum kreditin tam qaytarılması üçün nəzərdə tutulan müddət bitmişdir. Yəni, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş “Maliyyələşdirmə üçün Ərizə"nin və həmin Ərizə əsasında alınan kreditin qaytarılmasının son müddəti 29 oktyabr 2020-ci il tarixi olmuşdur. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmaması xahiş olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Emin Əliyev apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində və cərimə borcunun təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. 29.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
31. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 448.2. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
34. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 16 iyun 2023cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin zaminlərə aid təmin edilməmiş hissəsində və cərimə borcunun tam təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
36. Bu aşağıdakı səbəblərdən irəli gəlir:
37. İşdən görünür ki, 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və Z4025 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh3 və Cavabdeh2 “zamin” olaraq borcalan Cavabdeh1 tərəfindən 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi əsasında alınan kreditlər üzrə Bank qarşısında öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.
38. Birinci instansiya məhkəməsinin tələb edilən borc məbləğinin zaminlərdən tutulması hissəsində təmin edilməməsi ilə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor (Bank) tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi ilə həmin “Maliyyələşdirmə üçün Ərizə" üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh2 və zamin qismində Cavabdeh3 qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi həmin Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayıb qeyd edir ki, 29 iyun 2020-ci il tarixli Z4024 nömrəli və Z4025 nömrəli zaminlik müqavilələrinin məzmunu ilə müəyyən olunur ki, zaminlər məhz 29 iyun 2020-ci il tarixli GL4032 nömrəli Kredit Limiti Müqaviləsi üzrə zamin durmuşlar, həmin müqavilələrdə bütün müqavilə şərtləri öz əksini tapmışdır.
40. Zaminlik Müqavilələrinin 1-ci bəndlərinə əsasən, bank ilə bu müqavilənin 2.3 bəndində göstərilən şəxs (bundan sonra “Borcalan” adlanacaq) arasında müqavilənin 2.1 bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2 bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirəndək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür.
41. Zaminlik Müqavilələrinin 2.1-ci bəndlərinə əsasən, zaminliklə təmin olunan öhdəlik 29 iyun 2020-ci il tarixli GL4032 saylı kredit limiti müqaviləsi, zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği)-borcalana veriləcək və illik faiz dərəcəsi 25%(iyirmi beş) faizədək, illik cərimə faiz dərəcəsi 40%(qırx) faizədək (gündəlik 0,1111%) olan xx.xx.2030-cu il tarixinədək ayrılacaq 60, 000,000.00 (altmış milyon) Azərbaycan manatı məbləğində bərpa olunan kredit limiti, borcalan Cavabdeh1 MMC olmuşdur.
42. Zaminlik Müqavilələrinin 6-cı bəndlərinə əsasən, zaminlik müqaviləsinin qüvvədə olma müddəti Borcalanın Müqavilənin 2.1-ci bəndində göstərilən müqavilə və ya müqavilələrdən irəli gələn öhdəliklərinin Bank qarşısında qüvvədə olma müddəti ilə üstüstə düşür.
43. Zaminlik müqaviləsinin 3-cü hissəsinə əsasən Zamin, Bank qarşısında borcalanın müqavilənin 2.1. bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür faiz, zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s məbləği həcmində məsuliyyət daşıyır. Bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti(Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsinin 3-cü hissəsinin 2-ci cümləsində qeyd edilmiş-bu müqavilə ilə təmin edilən öhdəliklərin mahiyyətini Kredit Xətti(Maksimal borclanma limiti və mahiyyəti buna bərabər olan digər müqavilələr) təşkil etdikdə zaminlik sözügedən Kredit Xətti çərçivəsində gələcəkdə yaranacaq bütün öhdəliklərə də şamil edilir-ifadəsi zaminin bank qarşısında zamin olduğu öhdəliyin həcmini artırmamışdır.
45. X8 çərçivəsində 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda istinad olunan zaminlik müqaviləsinin şərtləri baxımından zaminlik həmin öhdəliklərə də şamil edilir.
46. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarında Plenum qeyd etmişdir ki, “zaminlik müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bütün zəruri şərtlər barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə yanaşı kreditor qarşısında borcun məhz bütün həcminə (əsas borc, faiz, cərimə və s.) müştərək qaydada öhdəlik daşıyır və zaminin məsuliyyətinin artmasına səbəb olan hallar baş verdikdə zaminliyə bütövlükdə xitam verilir.”
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borc məbləğinin hesablanması ilə bağlı düzgün nəticəyə gəlsə də, zaminliyə müddətin keçməsi əsası ilə xitam verməklə və borc məbləğini yalnız cavabdehlərdən Cavabdeh1ndən tutmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, zaminlik müqavilələrinin 2.1-ci bəndlərində zaminliklə təmin olunan öhdəliyin 29 iyun 2020-ci il tarixli GL4032 saylı kredit limiti müqaviləsi olması, zaminliklə bağlı tətbiq olunan faiz dərəcələri göstərilməklə, onun xx.xx.2030-cu il tarixinədək ayrılacaq 60 milyon manat məbləğində kredit limiti ilə bağlı olması dəqiq göstərilmişdir.
48. Mülki Məcəllənin zaminin məsuliyyətini müəyyən edən 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı mülki dövriyyə iştirakçılarına azad qaydada müqavilə bağlamaq və onun məzmununu müəyyən etmək imkanını tanıyır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Bu prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Lakin vurğulanmalıdır ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olsalar da, qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə bu hüquqa məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 iyul 2023-cü il tarixli qərarı)
49. Göründüyü kimi, zaminlər müqavilə azadlığı prinsipinə uyğun olaraq müqavilələr bağlamışlar, bu müqavilələrin qanunvericiliyə zidd olması, digər şəxslərin hüquq və azadlıqlarını pozması müəyyən olunmur.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.
51. Məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqavilələri bağlanarkən tərəflər müqavilənin standart şərtləri ilə bağlı razılığa gəlmişlər. Həmin şərtlər zaminlik müqavilələrinin yuxarıda sadalanan maddələrində müfəssəl əks olunmuşdur.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 419.2-ci maddəsinə görə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.
53. Kollegiya hesab edir ki, hazırki halda zaminlik müqavilələrinin məhz həmin müqavilələrdə müəyyən olunmuş şərtlərlə 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə" üzrə tətbiqini istisna edən heç bir əsas müəyyən olunmur.
54. İddiaçının apellyasiya şikayətinin digər bir dəlili cərimə məbləğinin azaldılmasının qanuni əsasla izah edilməməsi, heç bir sübuta əsaslanmaması və qətnamənin məzmununda qeyri-müəyyənlik yaranması ilə bağlıdır.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
56. Kollegiya kredit müqaviləsi üzrə əsas borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehlərin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, birinci instansiya məhkəməsinin gecikdirməyə görə 2000 manat məbləğində cərimə borcunun tutulması ilə bağlı mövqeyi əsaslı və qanuni olmuşdur.
57. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən kredit üzrə ödənişlər edilmiş, müəyyən məbləğdə cərimə ödənişi üzrə də silinmələr aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi qismən- cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birgə qaydada əsas borc, cərimə borcunun tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 29 iyun 2020-ci il tarixli GL4032 saylı Kredit Limiti Müqaviləsi əsasında 29 iyun 2020-ci il tarixli K4033 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 33918,06 (otuz üç min doqquz yüz on səkkiz manat 06 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 33 (otuz üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 36151,06(otuz altı min yüz əlli bir manat 06 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 dövlət rüsumunun qalığı kimi 164,75 (yüz altmış dörd manat 75 qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.