Məhkəmə qərarları › İş №2-2(105)-103/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-103/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-103/2024 05.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Rəhimov Elman Gülbaba oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, cavabdeh Ramil Musaev və onun nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Ramil Musaevə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-2(119)-703/2024 nömrəli qətnaməsindən cavabdeh Ramil Musaev tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 05 aprel 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Ramil Musaevə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ramil Musaevdən (VÖEN **********) DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizəyə əsasən 24270 manat əsas borc, 763,36 manat faiz borcu və 75,18 manat cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat məbləğində borcun və 166 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən İddiaçı ASC (bundan sonra “Bank”) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Ramil Musaev (bundan sonra “Borcalan”) arasında 04 avqust 2023-cü il tarixdə “Bank xidmətlərinin göstərilməsinə dair” X3 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli Versiyasının şərtlərini qəbul edilməsi barədə OnGTC/SE/00309209 nömrəli Razılıq Ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalamaqla, borc alan Ramil Musaev “www.pashabank.az” saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Eyni zamanda, tərəflər arasında X7 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209-04 saylı Maliyyələşdirmə üçün Ərizə Forması imzalanmış və Bank tərəfindən Borcalana 07 avqust 2025-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, cəmi 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində “əməliyyat xərclərinin ödənilməsi” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Lakin, borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək 181 gün kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtlərində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 06 mart 2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00309209-04 saylı Maliyyələşdirmə üçün Ərizəyə əsasən 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat əsas borc, 763,36 (yeddi yüz altmış üç manat 36 qəpik) manat faiz borcu və 75,18 (yetmiş beş manat 18 qəpik) manat cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat təşkil edir. X6 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizlərinin də öz növbəsində hesablanması davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Bank Müştəriyə verilən Kredit üzrə müqaviləni vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda, X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 166 (yüz altmış altı) manat məbləğində dövlət rüsumu da ödəmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-2(119)-703/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Ramil Musaevdən (VÖEN **********) 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində əsas borc, 763,36 (yeddi yüz altmış üç manat 36 qəpik) manat məbləğində faiz borcu, 75,18 (yetmiş beş manat 18 qəpik) manat məbləğində cərimə və 165,32 (yüz altmış beş manat 32 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25273,86 (iyirmi beş min iki yüz yetmiş üç manat 86 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-2(119)-703/2024 nömrəli qətnaməsindən cavabdeh Ramil Musaev tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmas ilə müəyyən olunur ki, əslində mübahisənin predmeti olan borc pul vəsaiti onun yox, məhz Yavər Ağayev tərəfindən götürülmüşdür. Belə ki, o, Gürcüstan Respublikasının vətəndaşı olsa da , vergi ödəyicisi qismində müvafiq VÖEN alaraq tikinti sahəsində hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onun bütün maliyyə mühasibatlıq işlərini mühasibi Yavər Ağayev aparmışdır. Buna görə də, o, sahibkarlıq fəaliyyətində maliyyə-mühasibatlıq işlərinin aparılması üçün özünə aid “ASAN İmza”nı və bank hesab nömrəsini istifadə üçün mühasibi Yavər Ağayevə vermişdir. O, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən onun “ASAN İmza”sı ilə kredit götürməsi ilə əlaqədar mühasibi Ağayev Yavərə heç bir göstəriş verməmiş və sonuncunun onun “ASAN İmza”sından istifadə edərək 07 avqust 2023-cü ildə İddiaçı ASC-dən cəmi 24270 manat məbləğində kredit götürməsindən məlumatsız olmuşdur. O, mühasibi Yavərin belə bir kredit götürməsindən bir neçə ay sonra, yəni yalnız İddiaçı ASC-dən kredit ödənişlərinin yubanması ilə əlaqədar zəng edildikdən sonra xəbəri olmuşdur. Bundan sonra o, Yavərlə danışmış və Yavər onun “ASAN İmza”sı ilə İddiaçı ASC-dən 24270 manat məbləğində kredit götürməsini etiraf edib, maddi imkanın zəif olduğunu bildirib, gələcəkdə borcu ödəyəcəyinə söz vermişdir. Bank isə borcun ödənilməsini tələb etdiyinə görə, o, bir neçə dəfə Yavərin əvəzindən kredit ödənişləri etmişdir. Lakin, zaman keçdikcə Ağayev Yavərin krediti ödəmədiyini görüb, özüylə danışdıqda, sonuncu başqa borcları olduğuna görə onun adına götürdüyü krediti ödəyə bilmədiyini demişdir. Bundan sonra o, həmin kredit üzrə ödənişlərini dayandırmış və Yavərin bu işi barədə Bakı şəhər Nərimanov Rayon Prokurorluğuna şikayət etmişdir. Hal-hazırda da onun və digər aldadılmış şəxslərin şikayəti əsasında Ağayev Yavərin barəsində cinayət işi başlanaraq istintaq aparılır. Beləliklə, onun “ASAN İmza”sını və bank hesab nömrəsini mühasibi olmuş Yavər Ağayevə könüllü versə də, onun “ASAN İmza”sı ilə götürülmüş kreditdən məlumatsız olduğuna və bu işlə əlaqədar Yavər barəsində prokurorluqda cinayət işi başlandığına görə iddiaçı tərəfindən ona qarşı verilmiş hazırkı iddia tələbi əsassız olmaqla yanaşı iş üzrə onun təqdim etdiyi sübutlar araşdırılmamış və heç bir hüquqi qiymət verilməmişdir. Məhkəmə tərəfindən kobud prosessual hüquq pozuntularına yol verilmişdir. Belə ki, məhkəməyə onun tərəfindən təqdim edilmiş Nərimanov Rayon Prokurorluğunda Yavər Ağayev barəsində cinayət işi başlanması ilə əlaqədar sənədlər tələb edilib müqayisəli qaydada hüquqi qiymət verilməmişdir. Məhkəməyə işin icraatının dayandırılması barədə vəsatət verilsə də, təmin edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh Ramil Musaev və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, kredit verən "Bank" “Paşa Bank" Açıq Səhmdar Cəmiyyəti ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan "müştəri" Ramil Musaev (VÖEN **********) arasında 04 avqust 2023-cü ildə “Bank xidmətlərinin göstərilməsinə dair X3 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərinin qəbul etməsi” barədə OnGTC/SE/00309209 nömrəli Razılaşma müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanmış və həmin Razılaşma müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilərək imzalanmaqla, onun tərəfindən X4 qeyd edilmiş şərtlər qəbul olunmuşdur. Həmin X7 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209- 04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə”nin də müştəri Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə olunmaqla imzalayan borcalan Ramil Musaevə borcverən “Paşa Bank" ASC tərəfindən illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15% və kredit müddəti bitdikdən sonra illik cərimə faizi isə 32% olmaqla, 07 avqust 2025-ci il tarixədək 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat məbləğində “əməliyyat xərclərinin ödənilməsi” məqsədi ilə birdəfəlik kredit verilmişdir. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən, Ramil Musaev (VÖEN **********) şəxsində bu Razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X3 Bankın rəsmi internet səhifəsində “https://www.pashabank.az/gsa_ addendum/lang,az/” link üzrə yerləşdirilən 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarına əlavə edilmiş “Bank xidmətlərinin göstərilməsinə” dair X3 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli Versiyasına əsasən, bu Müqavilədə Müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır (həmin sənəd Ramil Musaevə aid "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanaraq, kredit alan tərəfindən X4 qeyd edilmiş şərtlər qəbul olunmuşdur). İş materiallarında olan 07 avqust 2023-cü il tariхli DP00309209-04 nömrəli Girov Müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Girov saxlayan”, Ramil Musaev – “Girovqoyan” olmaqla bağlanmış həmin Girov Müqaviləsinə əsasən, “girovqoyan” Ramil Musaev “Girov saxlayan” X7 çərçivəsində 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə İddiaçı ASC-də yerləşən AZ51PAHA41040AZNSC**********, AZ40PAHA41040AZNSK********** nömrəli hesab(lar)ı və İddiaçı ASC-də mövcud olan digər hesablarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında girov olaraq Girov saxlayanın xeyrinə yüklü etmişdir. (həmin müqavilə Ramil Musaevə aid "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanmışdır). X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kredit barədə məlumat”nı müəyyən edən 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə “Maliyyələdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, Overdraft, tranşlarla kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya/akkreditivin maliyyələşdirilməsi üçün kredit xətti və s. kimi öhdəliklər) üçün (bundan sonra xüsusi növə istinad edilmədiyi halda, ümumi olaraq “Kredit” adlandırılacaq) Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası (bu Müqavilədə qeyd olunandan fərqlidirsə), istifadə və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunur. Müştərinin kredit sifarişi etdikdə təqdim olunan “Maliyyələşdirmə üçün Ərizə” Bankın krediti vermək üçün təklifə dəvətini ifadə edir və Müştəri onu imzalamaqla təklif edir, Bank isə maliyyələşdirməni həyata keçirməklə əqdi aksept etmiş olur. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.8-ci bəndinə əsasən, Müştərinin Bank qarşısında mövcud bir neçə pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş tələblərin müddəti nəzərə alınmaqla ilkin olaraq hər öhdəlik üzrə cərimə (peniya) faizlərinin, sonra kredit faizlərinin, sonra əsas borc və son olaraq Overdraft üzrə öhdəliklərin (mövcud olduğu təqdirdə) silinməsinə yönəldilir. X5 “Kredit (Maliyyələşdirmə)” ilə bağlı müddəalarını nəzərdə tutan İV bölməsinin “Kreditin məbləği, verilməsi və qaytarılması, Kredit məbləğinə hesablanan faizlərin miqdari və ödənilməsi şərtləri”ni müəyyən edən 3.11-ci bəndinə əsasən, kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunanqaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş materiallarında olan, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 06 iyun 2024-cü ildə təsdiq edilərək verilmiş Ramil Musaevə aid Bank Hesabının 06 avqust 2023- cü il tarixindən 06 iyun 2024-cü il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli Maliyyələşdirmə üçün Ərizə üzrə 07 avqust 2023-cü ildə Ramil Musaevə aid AZ51PAHA41040AZNSC********** nömrəli bank hesabına 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat miqdarında kredit məbləği köçürülmüş, 08 avqust 2023-cü ildə həmin kredit məbləği hissə-hissə olmaqla kredit alan Ramil Musaevin hesabından müxtəlif hesablara köçürülərək istifadə edilmişdir. Kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 30 oktyabr 2023-cü ildə 500 (beş yüz) manat məbləğində pul mədaxil edilsə də, həmin məbləğ məlum kredit ödənişinə silinməmiş və həmin 500 manat məbləğində ödəniş müxtəlif hissələrlə Dövlət Sosial Müdafiə Fondunun və İcbari Tibbi Sığorta Fondunun hesablarına köçürülmüşdür. Bundan sonra 03 noyabr 2023-cü ildə kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 400 (dörd yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmiş və həmin məbləğin 60,69 manat hissəsi cəriməyə, 339,31 manat hissəsi isə faiz borcuna silinmişdir. Daha sonra isə 19 dekabr 2023-cü ildə kredit alan Ramil Musaevin həmin hesabına hesab sahibi tərəfindən 300 (üç yüz) manat məbləğində kredit ödənişi həyata keçirilmiş və həmin məbləğin 44,27 manat hissəsi cəriməyə, 255,73 manat hissəsi isə faiz borcuna silinmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli PB/PBLOUT-00076-2024/4 nömrəli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 07 avqust 2023-cü il tarixli DC00309209-04 nömrəli “Maliyyələşdirmə üçün Ərizə” üzrə borcalan Ramil Musaevin 06 mart 2024-cü il tarixinə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 24270 manat məbləğində əsas borc, 763,36 manat məbləğində faiz borcu və 75,18 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25108,54 (iyirmi beş min yüz səkkiz manat 54 qəpik) manat məbləğində borcu (gecikmə günün sayı – 181) vardır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Prokurorluğunda istintaq edilən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 14 mart 2024-cü il tarixli "zərərçəkmiş şəxs qismində tanınma haqqında" Qərardan görünür ki, X10 Ağayev barəsində edilən şikayətlər əsasında istintaq edilən ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hazırki apellyasiya şikayəti ilə mübahisəndirilən hissə cavabdehin mühasibi Ağayev Yavər tərəfindən cavabdehin “ASAN İmza”sı ilə Paşa Bank” Açıq Səhmdar Cəmiyyətindən kredit götürməsi, bununla əlkaqədar ona hər hansı göstəriş verməməsi və sonuncunun onun “ASAN İmza”sından istifadə edərək 07 avqust 2023-cü ildə İddiaçı ASC-dən cəmi 24270 manat məbləğində kredit götürməsindən məlumatsız olması olduğundan hazırki apellyasiya baxışının hədlərini qətnamənin həmin hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Bununla əlaqədar birinci instasniya məhkəməsi qeyd etmişdir ki, cavabdeh Ramil Musaevin “məlum kreditin onun xəbəri olmadan "Asan İmza"sını və bank hesabının nömrəsini verdiyi müsahibi Yavər Ağayev tərəfindən alınması” barədə dəlilləri hazırkı iddia tələbinin əsaslılığını şübhə altına almır. Çünki, yuxarıda təsvir olunanlar və işin konkret halları ilə təsdiq olunmuşdur ki, məlum kredit - borcalan Ramil Musaevə məxsus "CA 2016" adlı sertifikatlı "Asan İmza" xidmətindən istifadə edilməklə imzalanaraq alınmış, həmin kredit məbləği Bank tərəfindən borcalan Ramil Musaevə məxsus bank hesabına köçürülmüş, həmin kredit məbləği borcalan Ramil Musaevin bank hesabından müxtəlif hesablara köçürülməklə istifadə olunmuş və həmin kredit üzrə Ramil Musaev tərəfindən 400 manat və 300 manat məbləğində ödənişlər edilmişdir. Hətta, cavabdeh Ramil Musaevin iddia etdiyi kimi, məlum kredit əməliyyatları mühasibi Yavər Ağayev tərəfindən edilmiş olsa belə, bütün bu əməliyyatların edilməsində istifadə olunan "Asan İmza" və bank hesab nömrəsi borcalan Ramil Musaev tərəfindən mühasibi Yavər Ağayevə könüllü verildiyindən, bu kreditin alınması ilə əlaqədar Bank qarşısında bütün öhdəliklər üzrə borcalana aid məsuliyyəti də kreditin alınmasında istifadə olunan "Asan İmza" və bank hesab nömrəsinin sahibi cavabdeh Ramil Musaev daşımalıdır (X8 Ağayevlə əlaqədar izahat və dəlilləri isə bu kommersiya işinin predmeti deyildir və bu xüsusatlar üzrə müvafiq hüquqi qiymətləndirməni isə aidiyyəti hüquq mühafizə orqanı etməlidir). Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, cavabdeh Ramil Musaevin "Asan İmza"sı ilə imzalanması onun iradə ifadəsini təşkil edir və iddiaçı bank həmin "Asan İmza"-nın cavabdeh Ramil Musaev tərəfindən onun mühasibinə verilməsinə görə məsuliyyət daşımır. Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi qanununvericilik də elektron və ya digər texniki vasitələrin köməyi ilə əqdin bağlanıldığını qanuni hesab edir.Buna görə də bankın hazırki iddia tələbi ilə müraciət etməsi və cavabdehdən müqavilə öhədəliklərini yerinə yetirməsini tələb etməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh onun "Asan İmza"-sından istifadə etməklə onun mühasibi tərəfindən müqavilə imzalandığını qeyd etdiyindən bununla əlaqədar o, mühasibi Yavər Ağayevə qarşı iddia tələbi irli sürməklə ondan dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Ramil Musaev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, e-2-2(119)-703/2024 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar