Məhkəmə qərarları › İş №2-2(105)-104/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-104/2020

02.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-104/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-31/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarədarı olduğu “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahil zonaya axıdılmasının qarşısının alınması məqsədilə çirkab suların ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması və cavabdeh öhdəliyi yerinə yetirənədək fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X3 tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suları kanalizasiya xəttinə qoşulmadığı üçün həmin istirahət mərkəzində yaranan çirkab suları ərazidəki primitiv və germetik olmayan quyuya axıdılaraq dəniz hövzəsinin çirklənməsinə səbəb olur. Belə ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2018-ci il tarixli 270 nömrəli sərəncamına əsasən Sumqayıt şəhərində fəaliyyət göstərən iaşə və xidmət obyektlərinin ekoloji, sanitar normalara və ticarət qaydalarına əməl edilməsinin yoxlanılması üçün yaradılmış Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi, Gigiyena və Epidemologiya Mərkəzi, Memarlıq və Şəhərsalma İdarəsi, 4 saylı Regional Ekologiya və X3, Sumqayıt Şəhər Baş Polis İdarəsi və X7 nümayəndələrinin və həmin İstirahət Mərkəzinin məsul işçisi Toğrul Əsgərovun iştirakı ilə xx xxxxx 2019-cu ildə “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin obyektdə ekoloji, sanitar-texniki normalar və tələblər yerinə yetirilməmiş, kanalizasiya və çirkab suları mərkəzi kanalizasiya xəttinə qoşulmamışdır. Çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılır və bununla da Xəzər dənizi hövzəsinin birbaşa çirklənməsinə, fauna və florasına, insan sağlamlığına ciddi təhlükə yaranır. Ekolologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və X3 tərəfindən həmin obyektin icarədarı Cavabdeh xx xxxxx 2019-cu il tarixli 893 saylı rəsmi məktubla müraciət olunaraq, həmin ictimai-iaşə obyektində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə İdarəyə məlumat verilməsi tələb edilmişdir. Ancaq Cavabdeh tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmişdir. Həmin faktla əlaqədar 4 saylı Regional Ekologiya və X3 tərəfindən Cavabdeh barəsində xx xxxx 2019-cu ildə inzibati xəta haqqında protokol tərtib olunmuş və sonuncu həmin Protokol əsasında qəbul edilmiş xx xxxx 2019-cu il tarixli Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi ilə əlaqədar qəbul edilmiş xx xxxx 2019-cu il tarixli Qərardan məhkəməyə şikayət vermiş olsa da, Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apelyasiya Məhkəməsinin müvafiq qərarları ilə onun şikayətləri təmin edilməmiş və xx xxxx 2019-cu il tarixli Qərar qüvvədə saxlanmışdır. Bu halın özü də xx xxxxx 2019cu il tarixli Aktla müəyyən edilmiş nöqsanların olmasını və həmin nöqsanlarda Cavabdeh təqsirli olmasını təsdiq edir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-31/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Xəzər dənizi sahil zonasına axıdılmasının qarşısının alınması məqsədilə Cavabdeh (VÖEN **********) üzərinə icarədarı olduğu “Sumqayıt- Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri «Neptun» istirahət mərkəzi 2002-ci ildən fəaliyyətə başlamışdır. Həmin mərkəzi 2018 ci ilin may ayından icarəyə götürüb işlədir. Çirkab sular dəniz sahilindən xeyli aralıda qazılmış iki ədəd xüsusi quyulara axıdılmışdır. xx xxxxx 2019cu il tarixli aktda göstərilən nöqsanlar mövcud olmamışdır. Dəniz sahilini heç vaxt çirkləndirməmişdir. Həmin quyular dolan kimi də çıxar sular götürülüb aparılmışdır. Yəni su obyektləri tərəflərindən çirkləndirilmir və zibillənmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin direktoru F.O.Alkərəmovla cavabdeh arasında tullantı suların zərərsizləşdirilməsinə dair xx.xx.2019cu il tarixli 10 saylı müqavilə imzalanmışdır. Bu müqavilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixə kimi olan müddətə bağlanmışdır. Bunun üçün həmin ekologiya qurumunun hesabına xidmət haqqı kimi 55 manat pul da ödənilmişdir. Digər tərəfdən xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin səlahiyyətli nümayəndəsi - texnik- operatoru X2 ilə mərkəzin məsul şəxsi kimi aralarında akt tərtib olunmuşdur. Həmin akta görə həqiqətən də xx.xx.2019- cu il tarixli 10 saylı müqaviləyə əsasən «Neptun» istirahət mərkəzində 2019-cu il iyun ayının 12dən iyul ayının 15-nə qədər formalaşan 110 kub metr çirkab su daşınaraq X6 Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin tabeliyində olan 16 saylı çirkab suların təmizlənməsi qurğusuna təhvil verilərək təmizlənmiş və dənizə axıdılmışdır. Qətnamənin özündə də göstərilir ki, «Neptun» istirahət mərkəzinə baxış keçirilərkən ərazidə çirkab suların axıdılması üçün quraşdırılmış hər iki «şambo» sisteminin içərisinin daşdan hörüldüyü, 1-ci «şambo»nun 4 metr, eni 3 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla Xəzər dənizi sahilindən 120 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim olunmuş materiallar əsasında müəyyən olunmuşdur ki, «Neptun» istirahət mərkəzində «şambo»lara toplanan çirkab suların yığılıb daşınması işləri «Neptun» istirahət mərkəzinin icarəçisi Cavabdeh ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X6 Ekoloji Nəzarət və Mühafizə Mərkəzinin arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 10 saylı müqavilə əsasında həyata keçirilir. Baxış zamanı hər iki «şambo» sisteminin ətraf hissəsi qapalı, örtülü olduğundan, həmin «şambo»lardan torpaq əraziyə və eləcə də Xəzər dənizi sahilinə çirkab suyun sızması hallarını təyin etmək mümkün olmamışdır. Qətnamə ilə iddiaçının üzərinə icarədarı olduğu Sumqayıt-Novxanı yolunun kənarında yerləşən «Neptun» istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyi qoyulmuşdur. Çirkab suların mərkəzdən yuxarıda-yüksəklikdə yerləşən kanalzasiya sisteminə birləşdirilməsi qeyri- mümkün olan işdir. Göründüyü kimi, baxış zamanı çirkab suyun dənizə sızması hallarını təyin etmək mümkün olmamışdır. Cavabdeh dənizi çirkləndirməmişdir. Ona görə də məhkəmə «Neptun» istirahət mərkəzində formalaşan çirkab suların kanalizasiya şəbəkəsinə birləşdirilməsi öhdəliyini qoymaqda haqlı olmamış, qanunsuzluğa yol vermişdir. Tərəflərin izahatları Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) icarədarı olduğu “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” istirahət mərkəzində xx xxxxx 2019-cu ildə ekoloji, sanitartexniki və sanitar-gigiyenik norma və tələblərə riayət olunub-olunmaması yoxlanılmış və yoxlama zamanı “Neptun” istirahət mərkəzində formalaşan çirkab sularının mərkəzi kanalizasiya xəttinə qoşulmayaraq, çirkab suların primitiv qaydada qazılmış quyulara axıdıldığı və bununla da, Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olduğu, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaratdığı müəyyən olunaraq, xx xxxxx 2019-cu il tarixli Akt tərtib edilmişdir. Həmin Aktla müəyyən edilmiş nöqsanın aradan qaldırılması və “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların Xəzər dənizi sahili zonaya axıdılmasının qarşısının alınması məqsədi ilə çirkab suların 2 ay müddətində ərazidən keçən kanalizasiya şəbəkəsinə birləşdirilməsi işlərinin aparılması və nəticəsi barədə İdarəyə məlumat verilməsi tələb edilsə də, həmin tələb yerinə yetirilməmişdir. Bu səbəbdən, xx xxxx 2019-cu ildə icarədar Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin sonuncu Protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X3 tərəfindən qəbul edilmiş xx xxxx 2019cu il tarixli MN ******* nömrəli Qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli Qərardan məhkəməyə şikayət vermiş olsa da, onun şikayətləri Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(060)-538/2020 nömrəli və Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(105)-211/2020 nömrəli qərarları ilə təmin edilməyərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 inzibati xəta üzrə tənbeh vermə haqqında xx xxxx 2019-cu il tarixli MN ******* nömrəli qərarı qüvvədə saxlanmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 xx xxx 2020-ci il tarixli 1096 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X1 əməkdaşları tərəfindən “xxxxxx” ASC-nin Bağlar Su-Kanalı İdarəsinin texniki-istehsalat şöbəsinin mühəndisi Mahir Abbasovun və “Neptun“ istirahət mərkəzinin icarədarı Cavabdeh iştirakı ilə “Sumqayıt-Novxanı” yolunun kənarında Xəzər dənizi sahili zonasında yerləşən “Neptun” istirahət mərkəzinin ərazisində quraşdırılmış “şambo” sisteminə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, “X4” ilə üzbəüz ərazidə “Novxanı- Sumqayıt” avtomobil yolunun sağ kənarında Xəzər dənizi sahili çimərlik zonasında yerləşən “Neptun” istirahət mərkəzində formalaşan çirkab suların axıdılması üçün Mərkəzin ərazisində iki ədəd şambo sistemi quraşdırılmışdır. Baxış keçirilərkən ərazidə çirkab sularının axıdılması üçün quraşdırılmış hər iki “şambo” sisteminin içərisinin daşdan hörüldüyü, 1-ci “şambo”nun uzunluğu 4 metr, eni 3 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizi sahilindən 90 metr məsafədə, 2-ci “şambo”nun uzunluğu 5 metr, eni 5 metr və dərinliyi 4,5 metr ölçüdə olmaqla, Xəzər dənizinin sahilindən 120 metr məsafədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim olunmuş materiallar əsasında məlum olmuşdur ki, “Neptun” istirahət mərkəzində “şambo”lara toplanan çirkab suların yığılıb daşınması işləri “Neptun” istirahət mərkəzinin İcarəçisi Cavabdeh ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Ekoloji Nəzarət və Mühafizə Mərkəzi arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 10 saylı müqavilə əsasında həyata keçirilir. Baxış zamanı hər iki “şambo” sisteminin ətraf hissəsi qapalı örtülü olduğundan, həmin “şambo”lardan torpaq əraziyə və eləcə də, Xəzər dənizi sahilinə çirkab suyun sızması hallarını təyin etmək mümkün olmamışdır. İddiaçının xx xxxx 2020-ci il tarixli 03/02/-3/5/9481 saylı digər məktubundan görünür ki, “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun'’ istirahət mərkəzinin kanalizasiya kollektoruna birləşməsi mövcud deyildir. “Neptun istirahət mərkəzi yaranmış çirkab suları qazılmış quyuya (şambo) axıdır. “xxxxxx" ASC tərəfindən çirkab sular üçün qazılmış bu tip quyulara (şambo) xidmət göstərilmir. Həmçinin, “Neptun” istirahət mərkəzi tərəfindən yaxınlıqdan keçən kanalizasiya kollektoruna qoşulmaq üçün texniki şərtin verilməsinə görə “xxxxxx” ASC-yə müraciət edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismın təmin etmiş və ona əsaslanmışdır ki, “Neptun” istirahət mərkəzində formalaşan çirkab suları primitiv qaydada qazılmış quyulara axıdılmaqla Xəzər dənizi hövzəsinin çirklənməsinə səbəb olmaqla, fauna və florasına və insan sağlamlığına ciddi təhlükə yaradır ki, nəticədə ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulur. İddianın “cavabdeh öhdəliyini yerinə yetirənədək fəaliyyətinin dayandırılması” hissəsini təmin etməyərkən məhkəmə ona əsaslanmışdır ki, iddiaçı tərəfindən cavabdehin fəaliyyətinin dayandırılmalı olmasının zəruriliyi əsaslandırılmamış və həmin hissədə iddia tələbinin əsaslılığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya yaranmış mübahisə ilə bağlı aşağıdakı qanunvericilik aktlarının normalarına istinad etməyi zəruri hesab edir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 və 7.2-ci maddələrinə əsasən, su təchizatı və tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və təşkilatların məişət (təsərrüfat)içməli, sənaye-texnoloji və digər məqsədlər üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli, təmizlənməsi, tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələblərinə görə, ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə ətraf mühitə atılan və axıdılan zərərli maddələrin miqdarının, səs-küyün, vibrasiyanın, elektromaqnit şüalanmasının və başqa zərərli fiziki təsirlərin, radiasiya təsiri səviyyəsinin, kənd təsərrüfatı və meşə təsərrüfatında aqrokimyəvi maddələrin miqdarının tətbiqinin yol verilə bilən son hədləri aid edilir. Həmin Qanunun 32-ci maddəsinə əsasən, ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normallaşdırılması əhalinin sağlamlığının, bitki və heyvanlar aləminin mühafizəsi, onların genetik fondunun qorunması məqsədilə, atmosferi, suyu, torpağı və yerin təkini çirkləndirən potensial təhlükəli kimyəvi və bioloji maddələrin yol verilə bilən miqdarının normativləri müəyyən edilir. Müvafiq ərazilərdə bütün çirklənmə mənbələrinin əhalinin sağlamlığına, bitki və heyvanlar aləminə təsiri nəzərə alınmaqla ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədi ilə hər bir çirklənmə mənbəyi üzrə ətraf mühitə atılan, axıdılan və basdırılan zərərli maddələrin yol verilə bilən normativlərinin son hədləri müəyyən edilir. Əhalinin sağlamlığının və əmək qabiliyyətinin qorunması, bitki və heyvanlar aləmi üçün əlverişli olan ətraf mühitin mühafizəsi məqsədi ilə səs-küyün, vibrasiyanın, elektromaqnit sahələrinin səviyyəsinin, radioaktiv şüalanmanın və başqa zərərli fiziki təsirlərin yol verilə bilən son hədləri normativləri müəyyən edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin tələblərinə görə, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğu və avadanlıqlarsız müəssisələri, kommunal və digər obyektləri istismar edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-31/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh tərəfindən ödənilmiş 5 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-31/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 5 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Hökümə Babayeva Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar