Məhkəmə qərarları › İş №2-2(105)-104/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-104/2022

02.09.2022 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-104/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh "xxxx" X1rşı verilmiş “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2-2(119)-1282/2022 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" X1rşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verillməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2-2(119)- 1282/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Həlimə Alıyeva ). İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1282/2022 nömrəli qərardadı ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud deyil və sözügedən mübahisə üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydasına riayət edilməsini tələb edən hər hansı qanunvericilik norması yoxdur. Məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə istinad edərək bildirmişdir ki, məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Xidmət tərəfindən iddia qaldırılmazdan qabaq qanunvericiliklə müəyyən edilmiş bütün prosedurlara əməl edilmiş və iddia ərizəsinin geri qaytarılması üçün heç bir əsas mövcud deyildir. Məhkəmə iddia tələblərinin xarakterinə diqqət yetirmədən əsassız olaraq iddiaçı tərəfindən pretenziya qaydasına əməl olunmadığını qeyd etmişdir. Belə ki, iddia tələbindən göründüyü kimi, iddia cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin əvvəlki vəziyyətə bərpa edilməsi ilə bağlıdır. İddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri mövcud deyildir. Eyni zamanda, qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin zəbtdən azad edilməsi və torpaq sahəsinin ilkin vəziyyətə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsindən qabaq ilkin olaraq cavabdehə pretenziya məktubunun göndərilməsini tələb edən hər hansı qanunvericilik norması da mövcud deyildir. Digər tərəfdən, Xidmət tərəfindən məhkəmədə iddia qaldırılmazdan qabaq ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediatora müraciət edilmiş, lakin cavabdeh sessiyada iştirak etməmişdir. Cavabdehin ilkin mediasiya sessiyasından məlumatlı olması onun tərəfindən Xidmətə ünvanlanmış xx.xx.2022-ci il tarixli, A-6/92 nömrəli məktubu ilə təsdiq olunur. Beləliklə, əgər mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi mümkün olsaydı, ilkin mediasiya sessiyası zamanı həll olunardı. Qeyd edilənlənlərdən əlavə Xidmət tərəfindən məhkəmədə iddia qaldırılmazdan qabaq iddia ərizəsinin surəti də elektron qaydada cavabdehə çatdırılmışdır. Beləliklə, Xidmət tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün vasitələrdən istifadə edilmiş, lakin mübahisə həll olunmadığından Xidmət məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Qanunvericiklə hazırkı kateqoriyadan olan iddialar üçün mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə iddiaçı tərəfindən pretenziyanın göndərilməsinin tələb olunmamasına baxmayaraq, məhkəmə iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə də, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan qabaq cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməli olmasını tələb edən hər hansı konkret maddi hüquq normasına istinad etməmişdir. Göründüyü kimi, Sumqayıt Kommersiya Məhkəməsi Mülki Prosessual Məcəllənin normalarını aşkar surətdə pozmaqla əsassız qərardad qəbul etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 avqust 2022-ci il tarixli e-2-2(119)- 1282/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli e-2-2(119)-1282/2022 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həlimə Alıyeva ). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq xx.xx.2022-ci il tarixli, 2-2(105)-104/2022 nömrəli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı onunla əsaslandırılmışdır ki, hazırkı iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmuş (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş) sənədlərlə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında nizama salınması qaydasına riayət etməsi təsdiq olunmur. Yəni, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunanadək cavabdehlə mübahisənin məhkəməyə qədər nizamlama (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və onun cavabdehə Mülki Prosessual Məcəllədə nəzərdə tutulan qaydada çatdırılması barədə sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar qeyd edir ki, iddiaçının iddia ərizəsində tələbin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi, qanunvericilikdə sözügedən mübahisə üzrə məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa həmin qaydaya riayət edildikdən sonra məhkəməyə müraciət edilməsi, eyni zamanda həmin sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmişdir. Lakin həmin sənədlər məhkəməyə təqdim olunmamış və bununla da, hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə riayət edilməsi iddiaçının vəzifəsi olduğuna görə, Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2-2(119)-1282/2022 nömrəli qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh "xxxx" X1rşı verilmiş “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilmədən, iddiaçıya geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1282/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar