Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-106/2025 18.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Şahməmmədova (Quliyeva) Şahnaz Eyvaz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(119)-897/2025 nömrəli “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizənin rədd edilməsi haqqında” qərardadından Cavabdeh4 (vəkil-nümayəndəsi Vəkil) tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Şahməmmədova (Quliyeva) Şahnaz Eyvaz qızı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 07 dekabr 2022-ci il tarixli 009R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 15907,69 manat əsas borc, 1683,82 manat faiz borcu, 515,41 manat cərimə borcu olmaqla cəmi 18106,92 manat (on səkkiz min yüz altı manat doxsan iki qəpik) məbləğində borcun, 17 aprel 2024-cü il tarixli 009R********** saylı kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə 9235,76 manat əsas borc, 1104,83 manat faiz borcu, 284,46 manat cərimə borcu olmaqla cəmi 10625,05 manat (on min altı yüz iyirmi beş manat beş qəpik) məbləğində borcun və ödənilmiş 176,20 manat məbləğində dövlət rüsumu əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil 3 iyun 2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, e-2-2(119)-897/2025 nömrəli işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh4 və atası olan digər Cavabdeh2 yaşayış ünvanları ünvan 1 həmin cavabdehlərə Sumqayıt şəhərinə gəlib-getmək çətinlik yaratdığından iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(119)-897/2025 nömrəli qərardadı ilə Cavabdeh4 vəkil-nümayəndəsi Vəkil “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” ərizəsi rədd edilmişdir (hakim Həlimə Alıyeva). Cavabdeh4 vəkili-nümayəndəsi Vəkil 24 iyul 2025-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-897/2025 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(119)-897/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir (hakim Həlimə Alıyeva). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdırıb bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-897/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qanunvericiliyin mövqeyinə görə, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən, yəni rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) ünvan onun yaşayış yeri sayılır. "AZEMİS" Elektron məhkəmə informasiya sisteminin məlumatlarından görünür ki, cavabdeh Məmmədli X4 rayonu, Cahangirbəyli ərazi dairəsi, Cahangirbəyli kəndi; Quliyeva (Şahməmmədova) Şahnaz Eyvaz qızı Zəngilan rayonu, Zəngilan şəhəri, H.Hacıyev küçəsi, ev 1; Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Y.Səfərov küçəsi ev 19, mənzil 16; Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatdadır. Göründüyü kimi, cavabdehlərdən ikisi - Cavabdeh4 və Quliyeva (Şahməmmədova) Şahnaz Eyvaz qızı Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Zəngilan rayonunda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikasının apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Zəngilan rayonunun ərazisi Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əhalisi məcburi köçkünlər olan rayonların ərazi yurisdiksiyaları müəyyən olunarkən həmin rayonlardan olan sakinlərin daha sıx məskunlaşdıqları ərazilər nəzərə alınmış və onlar üçün daha əlverişli (əlçatan) imkanlar nəzərdə tutulmuşdur. Bu baxımdan, hazırkı iş üzrə cavabdehlərin Bakı şəhərindəki faktiki yaşayış yerləri Sumqayıt Kommersiya Məhkəməsinə bu Məhkəmənin yurisdiksiyasına aid olan əksər rayonlardan daha yaxındır. Digər tərəfdən isə, qanunvericilik məhkəmə icraatının iştirakçısı olan məcburi köçkünlər üçün işə baxılmasının ərazi aidiyyəti ilə bağlı fərqli qayda müəyyən etməmişdir. Göründüyü kimi, cavabdehlərdən ikisinin rəsmi qeydə alındıqları yerin Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Zəngilan rayonu olmasına və MPMin 36.2-ci maddəsinin verdiyi seçim imkanına əsaslanan iddiaçı iddia ərizəsini öz mülahizəsinə görə Sumqayıt Kommersiya Məhkəməsinə vermişdir. İddiaçı tərəfindən iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmamaqla müvafiq məhkəməyə verilmiş, məhkəmə də düzgün olaraq həmin ərizəni baxılması üçün icraata qəbul etmişdir. Bundan sonra cavabdehlərin işə baxılmasının ərazi aidiyyətini mübahisələndirməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh4 (vəkili-nümayəndəsi Vəkil) işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizəsini təmin etməməkdə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən ərazi aidiyyəti qaydasının pozuntusuna yol verilməmişdir. Cavabdehin onun ərizəsinin təmin olunmaması barədə qərardaddan verdiyi şikayətin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-897/2025 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan Cavabdeh4 (vəkili-nümayəndəsi Vəkil) tərəfindən verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2-2(119)-897/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərazi aidiyyəti ilə bağlı qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35, 36, 40, 45, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh4 (vəkili-nümayəndəsi Vəkil) tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin bu iş üzrə xx.xx.2025-ci il tarixli e-2-2(119)- 897/2025 nömrəli “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə ərizənin rədd edilməsi haqqında” qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-106/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-106/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver