Məhkəmə qərarları › İş №2-2(105)-107/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-107/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-107/2022 31.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması» tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-623/2022 nömrəli qətnaməsindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi 04 may 2022-ci il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış Şabran rayonu Dəvəçi Bələdiyyəsinə “189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 (min beş yüz altmış) manat, 15 may 2020-ci il tarixli X4 üzrə 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 (iyirmi bir min dörd) manat olmaqla, ümumilikdə 22564 (iyirmi iki min beş yüz altmış dörd) manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 28 fevral 2017-ci il tarixli, 4 saylı məktubla iddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinə müraciət edilərək kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında Cəmiyyətə ayrılması xahiş edilmişdir. "xxxx" MMC-nin müraciəti Bələdiyyə tərəfindən müsbət qarşılanmış və Şabran rayon Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı ilə Bələdiyyənin kənd təsərrüfatı təyinatlı 189,7 hektar torpaq sahəsi üzərində Dəvəçi Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmışdır. Eyni zamanda Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarının 3-cü bəndində icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək 189,7 hektar torpaq sahəsinin icarə haqqı ödəmək şərti ilə "xxxx" MMCnin istifadəsinə verilməsi qərara alınmışdır. Həmin Bələdiyyə qərarı əsasında Şabran rayon Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında «Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə bağlanmış və həmin torpaq sahəsi illik 2026 manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Sonradan həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq hərracına (müsabiqəsinə) çıxarılmış və keçirilmiş torpaq hərracının (müsabiqəsinin) qalibi kimi cavabdeh tanınaraq, «Hərracların Təşkili üzrə Auksion Mərkəzi» tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli, Seriya AM 011444 saylı Şəhadətnamə əsasında bələdiyyə mülkiyyətində olan 189,7035 hektar torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Eyni zamanda, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında sözügedən 189,7 hektar torpaq sahəsi ilə bağlı Şabran rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 15 may 2020-ci il tarixli yeni X4 bağlanılmışdır. Qeyd olunan İcarə müqaviləsinin qüvvədə olma müddəti 49 il olmaqla, 15 may 2069-cu il tarixədək nəzərdə tutulmuşdur. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli X4nə əsasən "xxxx" MMC icarəsinə verilmiş 189,7 hektar torpaq sahəsinə görə illik 9485 (doqquz min dörd yüz səksən beş) manat məbləğində icarə haqqını Şabran rayonu Dəvəçi Bələdiyyəsinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Belə ki, cavabdeh torpaq sahəsinə dair bağlanmış hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarını vaxtında ödəməmişdir ki, bunun da nəticəsində cavabdehin iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək Dəvəçi Bələdiyyəsinə «189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 manat, 15 may 2020-ci il tarixli X4 üzrə isə 18 970 manat və həmin müqavilə üzrə illik 5% və dəbbə pulu ilə birlikdə cəmi 21 004 manat, ümumilikdə isə 22 564 manat məbləğində icarə haqqı borcu yaranmışdır. Bələdiyyə tərəfindən borcun ödənilməsi üçün dəfələrlə "xxxx" MMC-yə müraciətlər edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Bələdiyyə tərəfindən cavabdehə müraciət olunaraq, yaranmış mübahisənin məhkəməyə qədər həlli qaydasında nizama salınması və borcun ödənilməsi təklif olunsa da, cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmamışdır. Bu səbəbdən Dəvəçi Bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq, qeyd olunan qanunsuzluqların aradan qaldırılması və Bələdiyyənin hüquqlarının qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun saymışdır. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 3.1-ci bəndinə əsasən İcarəçi torpaq sahəsindən istifadəyə görə hər il icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.3-cü bəndinə görə İcarəçi hər il 9485 manat icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 3.4-cü bəndinə görə İcarəçi icarə haqqını hər ilin “15 may” tarixindən gec olmayaraq ödəməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz təqdim edərək iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması” barədə iddia tələbinin rədd edilməsini xahiş etmiş və həmin etirazı onunla əsaslandırmışdır ki, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında ilk dəfə 02 mart 2017-ci ildə həmin Bələdiyyənin ərazisində yerləşən 189,7 ha torpaq sahəsinin 49 il müddətinə icarəyə götürülməsi haqqında sadə, notarial təsdiqi olmayan icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilə üzrə illik icarə haqqı 2026 manat müəyyən edilmişdir və icarə haqqının ödənilməsi həmin müqavilənin 3.4-cü bəndinə əsasən 01 dekabr tarixindən gec olmayaraq ödənilməli idi. Lakin həmin Müqaviləni tərəflər imzalamasına baxmayaraq, Şabran rayonu Dəvəçi Bələdiyyəsi həmin icarə müqaviləsini qanunun tələblərinə uyğun rəsmiləşdirmədiyinə görə, əslində cavabdeh tərəf öz icarə hüquqlarını məhz həmin Müqaviləyə əsasən qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirə bilməmişdir. (bundan sonra “Etiraz”da “Torpaq icarəsi haqqında” Qanunun 12ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci və 9.1ci maddələrinin məzmunu qeyd olunur). Yuxarıda sadalanan qanunların birbaşa tələblərindən göründüyü kimi, vaxtilə Şabran rayonu Dəvəçi Bələdiyyəsi öz səlahiyyətlərini aşaraq, yuxarıda istinad edilən Qanunun tələblərinə riayət etməmişdir və birbaşa Qanunun həmin tələblərini pozmuşdur. Belə ki, bu növ torpaqların icarəyə verilməsi üçün “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində birbaşa müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra mümkünlüyü təsbit olunduğu halda, vaxtilə Şabran rayonu Dəvəçi Bələdiyyəsi qanunun bu tələbini də pozmuşdur və heç bir müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Məhz bu səbəblərdən cavabdehin hüquqi şəxs olaraq ilk dəfə 02 mart 2017-ci il tarixində həmin Bələdiyyə ilə bağladığı icarə müqaviləsinə əsasən istifadə hüquqlarının Dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yəni, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, yuxarıda həmin maddəyə istinad edilərək göstərilmişdir ki, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Lakin, həmin Qanunun da tələblərinə riayət edilməmişdir. Halbuki, “Torpaq icarəsi haqqında” Qanunun 29-cu maddəsinə əsasən Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Üstəlikdə, həmin müqavilə notarial təsdiqli olmamışdır və bu o deməkdir ki, həmin müqavilə etibarsızdır. Ona görə də, həmin icarə müqaviləsi üzrə hazırda iddiaçının öz iddia tələbində qeyd etdiyi və eyni zamanda tələb etdiyi 1560 manat məbləğində ödənilməmiş icarə haqqı tələbini cavabdeh qəbul etmir. Belə ki, həmin icarə müqaviləsi əslində vaxtilə qanunun tələbinə uyğun bağlanmadığına görə hazırda məhz 02 mart 2017-ci il tarixli icarə müqaviləsi əsas götürülməklə, cavabdehdən icarə haqqı tələb edilə bilməz. İddiaçının özü iddia tələbində qeyd etməsə də, cavabdeh tərəfindən məhz yardım məqsədilə 22 avqust 2019-cu il tarixində 2500 manat və 28 dekabr 2020-ci il tarixində isə 2018,52 manat Bələdiyyənin hesabına pul ödənilmişdir. Belə ki, vaxtilə cavabdeh tərəfindən həmin Bələdiyyəyə ödənilmiş həmin pullar qeyd edilən Bələdiyyəyə yardım məqsədi güdmüşdür. Çünki, vaxtilə cavabdeh "xxxx" MMC olaraq həqiqətən də Bələdiyyənin həmin torpaqlarını icarəyə götürməkdə iddialı olmuşdur. Lakin, həmin torpaqların böyük hissəsi şoran olduğundan və torpaqların şorandan yuyulması və ilkin meliorasiya işlərinin aparıması məqsədilə Bələdiyyəyə həmin pul vəsaitləri cavabdeh tərəfindən kömək məqsədilə ödənilmişdir. Odur ki, yuxarıda qeyd olunlara əsasən cavabdehin iddiaçıya vaxtilə həmin pulları ödəməsi, məhz 02 mart 2017-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının ödənilməsi kimi qiymətləndirilməməlidir. Digər tərəfdən, iş materiallarından və iddiaçının iddia tələbindən də görünür ki, tərəflər arasında məhz ikinci dəfə yenidən 15 may 2020-ci il tarixində notarial təsdiqli yeni icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən də icarəyə götürülmüş torpaq sahəsi 189,7 ha torpaq sahəsidir və müqavilə yenə də 49 il müddətinə bağlanmışdır. Sual olunur, əgər tərəflər arasında vaxtilə imzalanmış 02 mart 2017-ci il tarixli icarə müqaviləsi qanuni olubsa, onda nədən yenidən eyni torpaq sahəsilə bağlı yeni icarə müqaviləsi imzalanmışdır? Bütün bu hallar onu sübut edir ki, iddiaçının hazırkı iddia tələbində istinad etdiyi 02 mart 2017-ci il tarixli icarə müqaviləsi qanuni olmamış və həmin müqavilə üzrə iddiaçının cavabdehdən hər hansısa məbləğdə pul tələb etmək hüququ yoxdur. 15 may 2020-ci il tarixli notarial təsdiqli yeni icarə müqaviləsi əsasında iddiaçının hazırda cavabdehdən tələb etdiyi 18970 manat icarə haqqı borcuna və həmin müqavilə üzrə illik 5% dəbbə pulu əsas götürülməklə, tələb etdiyi 21004 manata gəldikdə isə, qeyd etmək lazımdır ki, iddiaçıya dəfələrlə təklif olunmuşdur ki, ikinci müqavilə üzrə "xxxx" MMC-yə elektron qaimə-faktura göndərilməsini təmin etsin ki, cavabdeh hüquqi şəxs olaraq Bələdiyyənin müvafiq bank hesabına həmin icarə haqqı borcunu ödəsin. Lakin təəssüflər olsun ki, iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi və onun hazırki Sədri heç bir qanuni və əsaslı arqumentlər gətirmədən "xxxx" MMC-yə vaxtında elektron qaimə fakturaların göndərilməsini təmin etməmişdir. Yalnız 01 mart 2022-ci il tarixində 21003,97 manat məbləğində olan elektron qaiməni "xxxx" MMC-yə göndərərək iki ilin cəmi olaraq icarə haqqının ödənilməsini tələb etmişdir (baxmayaraq ki, iki illik icarə müddəti məhz 15 may 2022-ci il tarixində bitir). Göründüyü kimi, iddiaçının özünün vaxtında elektron qaiməni göndərmədiyinə görə, hazırda onun cavabdehdən gecikməyə görə 5% dəbbə pulu tələb etməsi yolverilməzdir. Həmçinin qeyd olunmalıdır ki, 01 mart 2022-ci il tarixində 21003,97 manat məbləğində olan elektron qaiməni iddiaçı təşkilat "xxxx" MMC-yə göndərərkən 189,704 ha torpağa görə hər bir hektarının icarə haqqısı 110,72 manatdan qeyd etmişdir. Bu cür hesablanma yolverilməzdir. Belə ki, müqavilə üzrə 189,704 ha torpağın illik icarəsi 9485 manat olduğu halda və bu zaman 1 ha torpağın icarə haqqı dəyəri 50 manat təşkil etməsinə baxmayaraq, həmin elektron qaimənin bu qaydada tərtib edilərək cavabdeh təşkilata icra edilməsi üçün göndərilməsi yolverilməzdir. Məhz bu səbəbdən cavabdeh həmin ödənişləri hazırki vaxtadək rəsmi olaraq icra edə bilməmişdir. Yəni, buradan göründüyü kimi, yenə də iddiaçının özünün təqsiri ucbatından həmin icarə ödənişləri vaxtında həyata keçirilə bilməmişdir. Ölkədə hazırda qüvvədə olan “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli Qanun var (bundan sonra “Etiraz”da “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1-ci və 3.2-ci maddələrinin məzmunu qeyd olunur). Göründüyü kimi, istər iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi, istərsə də cavabdeh "xxxx" MMC hüquqi şəxs statusuna malik olan qurumlardır və hər iki təşkilatın müvafiq bank hesabları mövcuddur. Lakin, Şabran rayonu Dəvəçi Bələdiyyəsi məqsədli şəkildə icarə haqqının ödənilməsi barədə cavabdeh təşkilata vaxtında elektron qaiməfakturaların göndərilməsini təmin etmədən, heç bir qanuni əsas olmadan cavabdehə qarşı məhkəmədə əsassız iddia tələbini irəli sürmüşdür. Məhz bu səbəblərdən də cavabdeh "xxxx" MMC iddianı qəbul etmir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-623/2022 nömrəli qətnaməsi ilə iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş «icarə haqqı borcunun ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin qaytarılması» barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 28 fevral 2017-ci il tarixli, 4 saylı məktubla Şabran rayonunun Dəvəçi Bələdiyyəsinə müraciət edərək kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında cəmiyyətə ayrılmasını xahiş edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti bələdiyyə tərəfindən müsbət qarşılanmış və Şabran rayonunun Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı ilə bələdiyyənin kənd təsərrüfatı təyinatlı 189,7 hektar torpaq sahəsi üzərində Dəvəçi Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması proseduruna başlanılması qərara alınmışdır. Eyni zamanda Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarının 3-cü bəndində icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək 189,7 hektar torpaq sahəsinin icarə haqqı ödəmək şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi və müvafiq icarə müqaviləsinin müəyyən edilməsi qərarlaşdırılmışdır. Həmin bələdiyyə qərarı əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Şabran rayonunun inzibati ərazisindən «189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə bağlanılmış və sözügedən torpaq sahəsi illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Sonradan göstərilən torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq hərracına (müsabiqəsinə) çıxarılmış, keçirilmiş torpaq hərracının (müsabiqəsinin) qalibi kimi cavabdeh tanınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş Seriya AM 011444 saylı, 19 mart 2020-ci il tarixli Şəhadətnamə əsasında bələdiyyə mülkiyyətində olan 189,7035 hektar torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə ayrılmışdır. Eyni zamanda Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında sözügedən 189,7 hektar torpaq sahəsi ilə bağlı Şabran rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 15 may 2020-ci il tarixli yeni X4 bağlanılmışdır. Qeyd olunan icarə müqaviləsinin qüvvədə olma müddəti 49 il olmaqla 15 may 2069-cu il tarixədək nəzərdə tutulmuşdur. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 15 may 2020-ci il tarixli X4nə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti icarəsinə verilmiş 189,7 hektar torpaq sahəsinə görə illik 9485 (doqquz min dörd yüz səksən beş) manat məbləğində icarə haqqını Şabran rayonu Dəvəçi Bələdiyyəsinə ödəməyi öz üzərinə götürmüşdür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmiş, torpaq sahəsinə dair bağlanılmış hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarını vaxtında ödəməmiş, bunun da nəticəsində onun iddia ərizəsi ilə məhkəməyə müraciət edilən günədək Dəvəçi Bələdiyyəsinə «189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560,0 (bir min beş yüz altmış) manat, 15 may 2020-ci il tarixli X4 üzrə 18 970,0 (on səkkiz min doqquz yüz yetmiş) manat, həmin müqavilə üzrə illik 5% cərimə pulu ilə birlikdə cəmi 21 004 (iyirmi bir min dörd manat), ümumilikdə 22 564 (iyirmi iki min beş yüz altmış dörd) manat məbləğində icarə haqqı borcu yaranmışdır. Dəvəçi Bələdiyyəsi tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə "xxxx" MMC-yə müraciət edilsə də, cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmiş və qanunvericiliklə müəyyən edilmiş müddətdə torpaq icarə haqqı üzrə yaranmış borcunu ödəməmişdir. Bələdiyyə tərəfindən cavabdehə “Elektron məhkəmə” sistemi ilə elektron kabinetinə pretenziya ilə müraciət olunaraq yaranmış mübahisənin məhkəməyə qədər həlli qaydasında nizama salınması və borcun ödənilməsi təklif olunsa da, cavabdeh tərəfindən mübahisənin həlli ilə bağlı hər hansı addım atılmadığından, Dəvəçi Bələdiyyəsi yuxarıda göstərilənləri nəzərə alaraq qeyd olunan qanunsuzluqların aradan qaldırılması və bələdiyyənin hüquqlarının qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun saymışdır. Təəssüf ki, məhkəmə tərəfindən işə baxılarkən bütün bu hallar və tələbi təsdiq edən işdə olan sübutlar diqqətə alınmayaraq tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəlinmiş, mübahisələndirilən torpaqdan cavabdehin istifadə etməməsi barədə bildirdikləri araşdırılmayaraq torpağın təyinatı üzrə istifadə edilməməsi barədə dəlilləri nəzərə alınmamış, nəticədə iddia tələblərinin rədd edilməsi barədə əsassız və yanlış nəticəyə gəlinmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin icarə haqqını qanunvericiliklə müəyyən edilmiş iki ildən çox müddətdə ödəməməsinə, torpaqdan hər hansı üzürlü səbəblər olmadan istifadə etməməsinə hər hansı hüquqi qiymət verməyərək məhkəmə iclaslarının gedişatında həmin pulun bir hissəsinin onun tərəfindən ödənilməsini sözügedən qanun pozuntusunun aradan qalxması kimi dəyərləndirərək qanunazidd və ədalətsiz qərara imza atmışdır. Məhkəmənin mübahisələndirilən torpaq sahəsinə dair Dəvəçi Bələdiyyəsi ilə cavabdeh arasında bağlanılmış 02 mart 2017-ci il tarixli X4nə verdiyi hüquqi qiymət və həmin müqaviləni qüvvəsi olmayan əqd kimi təqdim etməsi sadalanan maddi hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, sözügedən X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında cəmiyyətə ayrılmasına dair Şabran rayonunun Dəvəçi Bələdiyyəsinə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 4 saylı müraciəti və həmin müraciət əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsinin qəbul etdiyi 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı əsasında bağlanılmışdır. Dəvəçi Bələdiyyəsinin 01 mart 2017ci il tarixli iclas protokolunun 03 saylı qərarının 3-cü bəndində icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək 189,7 hektar torpaq sahəsinin icarə haqqı ödəmək şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi və müvafiq icarə müqaviləsinin bağlanılması qərarlaşdırılmışdır. Həmin bələdiyyə qərarı əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə bağlanılmış və sözügedən torpaq sahəsi illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2020-ci il tarixdə isə 2018,52 manat icarə haqqı pulunu Dəvəçi Bələdiyyəsinə ödəmişdir. Qeyd edilən ödənişlərin məhz tərəflər arasında bağlanmış 02 mart 2017-ci il tarixli torpaq icarəsi müqaviləsi üzrə hesablanmış illik icarə haqlarının hesabına ödənilməsi şəksizdir və müvafiq maliyyə sənədləri ilə də sübuta yetirilir. Bununla da cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sözügedən X4ni qəbul etdiyini, həmin müqavilə üzrə öhdəliklərinin bir qismini icra etməklə bu müqaviləni təsdiq etdiyini və onun etibarlı olmasını arzu etdiyini öz hərəkətləri ilə sübuta yetirmişdir. Həmçinin, nəzərə alınsa ki, bələdiyyə torpaqlarından sənədləşdirilməsi nəzərdə tutulmuş 189,7 hektar torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək icarə haqqı ödəmək şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi və müvafiq icarə müqaviləsinin bağlanılması barədə Şabran rayonunun Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı və onun əsasında Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli icarə müqaviləsi ləğv edilməmiş, etibarsız sayılmamış, nə cavabdeh, nə də digər hər hansı şəxs tərəfindən mübahisələndirilməmişdir. Hesab edirlər ki, məhkəmənin sözügedən X4 və həmin müqavilə üzrə cavabdehin qalıq borcu ilə bağlı gəldiyi nəticə əsassız olmaqla işin hallarına uyğun deyildir və məhkəmənin bu qənaəti qanunazidd sayılmalıdır. İş materiallarında olan tərəflər arasında bağlanmış və qanuniliyi şübhə yaratmayan 15 may 2020-ci il tarixli X2 3.2-3.4-cü bəndlərində birbaşa qeyd edilmişdir ki, müqavilə üzrə icarə haqqı 15 may 2020-ci il tarixindən hesablanmaqla icarəçi hər il 9485 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüş və icarə haqqı hər ilin 15 may tarixindən gec olmayaraq ödənilməlidir. Məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, həmin X4 üzrə torpaq icarə haqqı 15 may 2020-ci ildən hesablanmaqla illik ödəniş növbəti ilin 15 may tarixindən gec olmamalıdır. Amma işdə olan sənədlərdən də görünür ki, cavabdeh 15 may 2020-15 may 2022-ci illər ərzində ödəməli olduğu torpağın iki illik icarə haqqını məhkəmə araşdırmalarının gedişatında yalnız 01 iyul 2022-ci il tarixdə, yəni iki ildən də artıq müddət keçdidkən sonra ödəmişdir. Təəssüf ki, X2 cavabdeh tərəfindən törədilmiş bu kimi aşkar pozuntuları olduğu halda, məhkəmə tərəflər arasında mübahisələndirilən torpaq sahəsinə dair həm ilkin bağlanılmış 02 mart 2017-ci il tarixli, həm də sonradan yenidən bağlanılmış 15 may 2020-ci il tarixli icarə müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən yerinə yetiriməməsini, müqavilə şərtlərinin onun tərəfindən pozulmasını düzgün qiymətləndirə biməmiş, icarə haqqının məhkəmə gedişatında ödənilməsini əsassız olaraq sözügedən pozuntuları aradan qaldıran hal kimi dəyərləndirmişdir. Halbuki, cavabdehin iki ildən sonra məhkəmə gedişatında ödəmək məcburiyyətində qaldığı torpaq icarə haqqının ödənilməsindən sonra da Bələdiyyə tərəfindən iddia tələblərindən imtina olunmamış və sözügedən ödənişin ediləcəyi təqdirdə üzərlərinə tələblərindən imtina ediləcəyinə dair nə cavabdeh, nə də məhkəmə qarşısında hər hansı öhdəlik götürülməmişdir. Məhkəmə cavabdehin məhkəmə gedişatında icarə haqqı üzrə borcunun bir hissəsini ödəməsini onun tərəfindən yerinə yetirilməmiş öhdəliklərin tam yerinə yetirilməsi kimi qəbul etməklə sadalanan maddi hüquq normalarının tətbiqində aşkar səhvə və yanlışlığa yol vermişdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, aydın olur ki, cavabdeh icra müddəti müəyyən edilmiş icarə haqqını vaxtında ödəməməklə, özü də edilmiş xəbərdarlıqlardan sonra da ödəməməklə öhdəliyinin icrasını aşkar şəkildə gecikdirmişdir. Cavabdehin iki ildən sonra məhkəmənin gedişatında icarə haqqını ödəməsi onun məsuliyyətini aradan qalıdıra bilməz. X3 cavabdehin icranı gecikdirməsi səbəbindən icraya marağını artıq itirmişdir və icarə haqqı məbləğinin bir qisminin ödənilməsi bu marağı bərpa etməmişdir. Məhz cavabdehin təqsiri ucbatından müqavilə öhdəiklərini icra etməməsi səbəbindən Dəvəçi Bələdiyyəsi mülkiyyətində olan 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsindən vaxtında mənfəət əldə etmək imkanından məhrum edilmiş, torpaqdan təyinatı üzrə istifadə edilməməsi və icarə haqqının vaxtında ödənilməməsinə görə məhkəməyə torpağın geri qaytarılması barədə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərdən aydın olur ki, hətta cavabdeh tərəfindən iki illik icarə haqqı borcunun bir hissəsini məhkəmənin gedişatında ödəməsi onu öhdəliklərini icra etməməsinə görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətdən və hüquqi nəticələrdən azad edə bilməz. Məhkəmə isə tamamilə əsassız olaraq cavabdehin sözügedən borc üzrə ödəniş etməsinə düzgün qiymət verməmiş, cavabdehin icarə müqaviləsi üzrə digər öhdəliklərinin çoxsaylı pozuntularını görməzdən gəlmiş, faktları və iş üzrə müəyyən edilmiş halları səhv təfsir etməklə yuxarıda qeyd edilmiş maddi hüquq normalarının aşkar pozuntusuna yol vermişdir. Cavabdeh tərəfindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilməməsi, torpaq icarə haqqını dalbadal 2 il ərzində ödəməməsi, X2 şərtlərini pozması, kənd təsərrüfatı təyinatlı torpaqdan 2 ildən çox müddət ərzində üzrlü səbəblər olmadan istifadə etməməsi və istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpağın keyfiyyətinin pisləşməsinə səbəb olan digər hərəkətləri kifayət edir ki, sözügedən X4 ləğv edilməklə cavabdehin torpaq üzərində icarə hüququna xitam verilsin və torpaq sahəsi Dəvəçi Bələdiyyəsinin sərəncamına qaytarılsın. Ancaq nə qədər qəribə olsa da,məhkəmə bu halda da cavabdehin maraqlarından çıxış edərək X4nə xitam verilməsi və torpağın geri qaytarılması üçün aşkar olan hüquqi əsasların mövcud olduğu və cavabdehin özünün nümayəndəsinin belə torpaqdan istifadə etmədiklərini etiraf etdiyi bir vəziyyətdə iddia tələblərini təmin etməkdən yayınmışdır. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə tamamilə əsassız olaraq mübahisəyə dair sözügedən maddi hüquq normalarını tətbiq etməmiş, torpaqdan istifadə edilməməsinin guya sübut olunmadığı bəhanəsi arxasına sığınaraq qanun normalarını təhrif edilmiş şəkildə təfsir edərək növbəti dəfə maddi hüquq normalarının aşkar pozuntusuna yol vermişdir. Məhkəmə cavabdehin bələdiyyə tərəfindən icarəsinə verilmiş torpaq sahəsindən nə təyinatı üzrə,nə də faktiki istifadə etməyərək torpaq icarə haqqını ödəmədiyinə dair halların guya öz təsdiqini tapmadığı qənaətinə gəlsə də, iş üçün əhəmiyyət kəsb edən bu halları lazımi şəkildə aydınlaşdırmamış, cavabdehin mübahisələndirilən torpaq sahəsindən çıxarılması və icarə müqaviləsinə xitam verilməsi barədə tələblərinin hüquqi əsaslarını diqqətə almamış və ümumiyyətlə, gəldiyi nəticə üçün əhəmiyyətə malik olan halları araşdırmamışdır. Belə ki, məhkəmə bu halları aydınlaşdırmaqla sözügedən iddia tələblərinin əsaslı və qanuni olduğu və cavabdehin hərkətlərinin bu tələbləri irəli sürməyə əsas verdiyini müəyyən edərək iş üzrə fərqli nəticəyə gələ bilərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan icarəyə verən Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 02 mart 2017-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, “İcarəyə verən” Şabran rayonu Dəvəçi Bələdiyyəsi 189,7 ha olan torpaq sahəsini (o cümlədən, su ilə örtülmüş sahəsi) icarə əsasında "İcarəçi" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 (qırx doqquz) il müddətində icarəyə vermiş, "İcarəçi" isə onu qəbul etmişdir. İş materiallarında olan icarəyə verən Şabran rayonu Dəvəçi Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-93 № ilə qeyd olunub) 15 may 2020-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, “İcarəyə verən” Şabran rayonu Dəvəçi Bələdiyyəsi tam mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********26 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən 30 may 2017-ci ildə qeydə alınmış 189,7035 ha olan torpaq sahəsini (o cümlədən, su ilə örtülmüş sahəsi) icarə əsasında "İcarəçi" "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 49 (qırx doqquz) il müddətində icarəyə vermiş, "İcarəçi" isə onu qəbul etmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, icarə haqqı 15 may 2020-ci il tarixindən hesablanır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən, “İcarəçi” hər il 9485 (doqquz min dörd yüz səksən beş) manat icarə haqqı ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən, icarə haqqı hər ilin “15 May” tarixindən gec olmayaraq ödənilir. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq, bu müqavilədəki öhdəlikləri pozmuş tərəfə faktlar haqqında məlumat verir. Bu müqavilədə göstərilən qaydaların pozulması 60 gün müddətində və ya mümkün olan digər müddətdə aradan qaldırılmazsa, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırılır. Düzəldilməsi mümkün olan müqavilədəki qaydaların pozğunluğu, müqavilənin pozulmasına əsas vermir və tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla müəyyən olunur ki, Şabran rayonu Dəvəçi kəndində yerləşən Şabran rayon Dəvəçi Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı (əkin) 189,7035 ha torpaq sahəsinin 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi (reyestr nömrəsi: - 3M-93) əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 49 (qırx doqquz) il müddətinə icarəsinə verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestrində 65 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır (Reyestr nömrəsi: – **********26; Qeydiyyat nömrəsi: – **********; Qeydiyyat tarixi: – 20 may 2020-ci il). İş materiallarında olan Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən X1 ünvanlanmış 14 iyul 2021-ci il tarixli 139 nömrəli "Vergi borcunun ödənilməsinə dair" Xəbərdarlıq məktubunda göstərilir ki, "xxxx" MMC-yə 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.3- cü maddəsinə əsasən 11500 (on bir min beş yüz) manat icarə vergisi hesablanmışdır. "xxxx" MMC-yə dəfələrlə şifahi xəbərdarlıq edilərək icarə vergisinin ödənilməsi xahiş edilmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq "xxxx" MMC tərəfindən icarə vergisi ödənilməmişdir. Bununla da icarə müqaviləsinin 3.4 və 5.2.4 bəndlərinin tələbləri pozulmuşdur. Borc 5 gün müddətində ödənilmədiyi təqdirdə icarə müqaviləsinin ləğv olunması üçün məhkəməyə müraciət olunacaqdır. İş materiallarında olan "torpaq icarəsi haqqı" qeydi aparılmış 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli Elektron Qaimədən görünür ki, icarəyə verən Şabran rayon Dəvəçi Bələdiyyəsi tərəfindən icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15 may 2020-ci il tarixli İcarə Müqaviləsi üzrə hesablanmış 21003,97 (iyirmi bir min üç manat 97 qəpik) manat torpaq icarə haqqı borcunun ödənilməsi ilə əlaqədar 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli elektron qaimə təqdim olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İcra olundu” qeydi yazılmış 01 iyul 2022-ci il tarixli AZ0010011 nömrəli Ödəniş Tapşırığından görünür ki, tərəflər arasında bağlanmış 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödəyici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şabran rayon Dəvəçi Bələdiyyəsinin bank hesabına 18970,40 (on səkkiz min doqquz yüz yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir (əsas: - 01 mart 2022-ci il tarixli EBBS 126629 nömrəli elektron qaimə və 15 may 2020-ci il tarixli İcarə müqaviləsi). İş materialları ilə müəyyən olunmuşdur ki, icarəyə verən Şabran rayonu Dəvəçi Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 02 mart 2017-ci il tarixli “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanmış və həmin Müqavilə əsasında “İcarəyə verən” icarə əsasında sahəsi 189,7 hektar olan torpaq sahəsini illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı olmaqla və icarə haqqının hər ilin “01 dekabr” tarixindən gec olmayaraq ödənilməsi şərti ilə 49 (qırx doqquz) il müddətində “İcarəçi”yə istifadəyə vermişdir. Sonradan həmin torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq hərracına (müsabiqəsinə) çıxarılmış və keçirilmiş torpaq hərracının (müsabiqəsinin) qalibi kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tanınaraq, «Hərracların Təşkili üzrə Auksion Mərkəzi» tərəfindən verilmiş 19 mart 2020-ci il tarixli, Seriya AM 011444 saylı Şəhadətnamə əsasında Bələdiyyə mülkiyyətində olan 189,7035 hektar torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verilmişdir. Eyni zamanda, Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında sözügedən 189,7 hektar torpaq sahəsi ilə bağlı Şabran rayon Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 15 may 2020-ci il tarixli yeni X4 bağlanılmış, qeyd olunan İcarə müqaviləsinin qüvvədə olma müddəti 49 il olmaqla, 15 may 2069-cu il tarixədək nəzərdə tutulmuşdur. Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" MMC arasında bağlanmış 15 may 2020-ci il tarixli X4nə əsasən "xxxx" MMC icarəsinə verilmiş 189,7 hektar torpaq sahəsinə görə illik 9485 (doqquz min dörd yüz səksən beş) manat məbləğində icarə haqqını Şabran rayonu Dəvəçi Bələdiyyəsinə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərini lazımi şəkildə icra etməmiş, torpaq sahəsinə dair bağlanmış hər iki icarə müqaviləsi ilə müəyyən edilmiş illik icarə haqlarını vaxtında ödəməmişdir. Bu səbəbdən Şabran rayonu Dəvəçi Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranmış “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə əsasında icarə haqqı üzrə 1560 (min beş yüz altmış) manat, 15 may 2020-ci il tarixli X4 üzrə 18970 (on səkkiz min doqquz yüz yetmiş) manat, həmin müqavilə üzrə gecikdirməyə görə illik 5% cərimə və dəbbə pulu ilə birlikdə cəmi 21004 (iyirmi bir min dörd) manat olmaqla, ümumilikdə 22564 (iyirmi iki min beş yüz altmış dörd) manat məbləğində icarə haqqı borcunun və mediasiya xidməti ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması, sözügedən torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “İcra olundu” qeydi yazılmış 01 iyul 2022-ci il tarixli AZ0010011 nömrəli ödəniş tapşırığına əsasən tərəflər arasında bağlanmış 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə ödəyici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şabran rayon Dəvəçi Bələdiyyəsinin bank hesabına 18970,40 (on səkkiz min doqquz yüz yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh iddia tələbinə etirazında «torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlərin etibarsız olduğunu, həmin müqavilənin notarial təsdiqli olmadığını və bu səbəbdən həmin müqavilənin etibarsız olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 353-cü maddəsinə əsasən tərəflər əqdin etibarsızlığını bildikdən sonra etibarlı olmasını arzuladıqda, əgər etibarsız əqd başqa əqd üçün nəzərdə tutulan tələblərə uyğun gəlirsə, başqa əqdin qaydaları tətbiq edilir. Göründüyü kimi, sözügedən torpaq sahəsinə dair icarə müqaviləsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı sahəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək məqsədi ilə bələdiyyə torpaqlarından 189,7 hektar torpaq sahəsinin icarə əsasında cəmiyyətə ayrılmasına dair Şabran rayonunun Dəvəçi Bələdiyyəsinə ünvanlanmış 28 fevral 2017-ci il tarixli, 4 saylı müraciəti və həmin müraciət əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsinin qəbul etdiyi 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarı əsasında bağlanılmış, Dəvəçi Bələdiyyəsinin 01 mart 2017-ci il tarixli iclas protokolunun 03 saylı qərarının 3-cü bəndində icarəyə verilməsi nəzərdə tutulmuş torpaq sahəsinin sənədlərinin hazırlanması proseduru başa çatanadək 189,7 hektar torpaq sahəsinin icarə haqqı ödəmək şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi və müvafiq icarə müqaviləsinin bağlanılması qərarlaşdırılmışdır. Həmin bələdiyyə qərarı əsasında Şabran rayonunun Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” 02 mart 2017-ci il tarixli müqavilə bağlanılmış və sözügedən torpaq sahəsi illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı ödəmək şərti ilə 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Cavabdeh həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixdə 2500 manat, xx.xx.2020-ci il tarixdə isə 2018,52 manat icarə haqqı pulunu Dəvəçi Bələdiyyəsinə ödəmişdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə və işin yuxarıda qeyd olunan hallara əsasən qeyd edir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sözügedən X4ni qəbul etmiş, həmin müqavilə üzrə öhdəliklərinin bir qismini icra etməklə bu müqaviləni təsdiq etmiş və onun etibarlı olmasını arzu etdiyini öz hərəkətləri ilə sübuta yetirmişdir. Belə olan halda cavabdehin göstərdiyi dəlillər tərəflər arasında bağlanmış icarə müqaviləsinin etibarsız hesab olunmasına əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin yuxarıda istinad olunan 351.3-cü maddəsində təsbit olunduğu kimi, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məhkəmə kollegiyası iddia tələbinin tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən «icarə haqqı borcunun ödənilməsi» hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən: 3.1. «İcarəçi» hər il icarə haqqı ödəməyi öz öhdəsinə götürür. 3.2. İcarə haqqı xx.xx.2017-ci il tarixdən hesablanır. 3.3. «İcarəçi» hər il 2026 (iki min iyirmi altı) AZN icarə haqqı ödəməyi öz öhdəsinə götürür. 3.4. İcarə haqqı hər ilin 01 dekabr tarixindən gec olmayaraq ödənilir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndinə əsasən: 3.1. «İcarəçi» hər il icarə haqqı ödəməyi öz öhdəsinə götürür. 3.2. İcarə haqqı xx.xx.2020-ci il tarixdən hesablanır. 3.3. «İcarəçi» hər il 9485 (doqquz min dörd yüz səksən beş) AZN icarə haqqı ödəməyi öz öhdəsinə götürür. 3.4. İcarə haqqı hər ilin 15 may tarixindən gec olmayaraq ödənilir. Göründüyü kimi Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında «189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə əsasında 1560 manat, 15 may 2020-ci il tarixli X4 üzrə isə 18970 manat məbləğində icarə haqqı üzrə borc yaranmış, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 15 may 2020-ci il tarixli İcarə müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunduqdan sonra Şabran rayon Dəvəçi Bələdiyyəsinin bank hesabına 18970,40 (on səkkiz min doqquz yüz yetmiş manat 40 qəpik) manat məbləğində pul vəsaitini ödəsə də, 02 mart 2017-ci il tarixli müqavilə əsasında yaranmış 1560 manat məbləğində icarə haqqı borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının icarə haqqının əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki qanunvericilikdə öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə kollegiyası tərəflərin dəlillərini iş materialları, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında icarə məbləğini iddiaçıya ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan torpaq sahəsini icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını tam ödəməməklə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, iddiaçı ödənilməmiş icarə haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, «Şabran rayonu Dəvəçi Bələdiyyəsinə məxsus 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə yaranan 1560 (min beş yüz altmış) manat məbləğində icarə haqqı üzrə borc "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Şabran rayonu Dəvəçi Bələdiyyəsinin hesabına ödənilməlidir. Məhkəmə kollegiyası cavabdehin etriaz ərizəsində qeyd etdiyi «22 avqust 2019-cu il tarixində 2500 manat və 28 dekabr 2020-ci il tarixində isə 2018,52 manat Bələdiyyənin hesabına pul ödənilməsini məhz yardım məqsədilə edilməsi» hissəsinə münasibət bildirərək qeyd edir ki, icarəyə verən Şabran rayonu Dəvəçi Bələdiyyəsi (VÖEN **********) ilə icarəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 02 mart 2017ci il tarixli “Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanmış və həmin Müqavilə əsasında “İcarəyə verən” icarə əsasında sahəsi 189,7 hektar olan torpaq sahəsini illik 2026 (iki min iyirmi altı) manat icarə haqqı olmaqla 49 (qırx doqquz) il müddətində “İcarəçi”yə istifadəyə vermişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında X4 olduğundan cavabdehin 22 avqust 2019-cu il tarixində 2500 manat və 28 dekabr 2020-ci il tarixində isə 2018,52 manat Bələdiyyənin hesabına ödədiyi pul məbləği icarə haqqının ödənilməsi kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “gecikdirilmiş vaxt üçün illik 5% məbləğində dəbbə pulunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Sadalanan qanunvericilik aktının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulunun ödənilməsi nəzərdə tutulmadığından iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin gecikdirilmiş vaxt üçün illik beş faiz dəbbə pulunun ödənilməsini tələb etmək hüququ yaranmamış və bu səbəbdən iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Bundan əlavə, məhkəmə kollegiyası iddia tələbinin «Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməsi» hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Məhkəmə kollegiyası iddia üzrə irəli sürülən dəlillərə qiymət verərək hesab edir ki, mübahisəli torpaq sahəsi bələdiyyə əmlakı olmaqla, hazırda cavabdehin istifadə və sahibliyindədir. Bu isə mülkiyyətçi səlahiyyətini həyata keçirən Bələdiyyənin həmin əmlak barəsində sərəncam vermək hüququnun həyata keçirilməsinə maneçilik törədir. Bundan əlavə cavabdeh tərəfindən X2 şərtləri pozulmuş, torpaq icarə haqqı müəyyən olunmuş müddət ərzində ödənilməmiş, eləcə də, cavabdeh tərəfindən torpaq sahəsi təyinatı üzrə istifadə edilməmiş və bu da, kənd təsərrüfatı təyinatlı torpağın keyfiyyətinin pisləşməsinə səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X2 ləğv edilməli, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin «mediasiya xidməti ilə bağlı ödənilmiş 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin xeyrinə tutulması» hissəsinə münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mediasiya prosesinin keçirilməsi ilə bağlı 200 (iki yüz) manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, mediasiya prosesinin keçirilməsi ilə bağlı xidmət haqqı olaraq ödənilmiş 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)- 623/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Q Ə T E T D İ: İddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-623/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. «Şabran rayonunun inzibati ərazisindən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsi haqqında» 02 mart 2017-ci il tarixli müqavilə əsasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmiş Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsindən istifadəyə görə ödənilməmiş icarə haqqı üzrə 1560 (min beş yüz altmış) manat cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Şabran rayonu Dəvəçi Bələdiyyəsinin hesabına ödənilsin. Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 189,7 hektar torpaq sahəsinin icarəyə verilməsinə dair Şabran rayonu Dəvəçi Bələdiyyəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 may 2020-ci il tarixli X4 ləğv edilsin, həmin torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq və onun hesabına əvvəlki vəziyyətə gətirilərək Şabran rayonu Dəvəçi Bələdiyyəsinə təhvil verilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xidməti xərci olan 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar