Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-108/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2-2(119)-977/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 11860,59 (on bir min səkkiz yüz altmış manat əlli doqquz qəpik) manat məbləğində krеdit bоrcu, 893,01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz bоrcu və 641,69 (altı yüz qırx bir manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13395,29 (on üç min üç yüz doxsan beş manat iyirmi doqquz qəpik) məbləğində bоrcun və ödənilmiş 130,18 (yüz otuz manat on səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 və zaminlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 011L**********74 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli 011R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3139,41 manat ödəmiş, onun 11860,59 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 156 gün üçün hesablanmış faiz borcu 893,01 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faizi məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 156 gün üçün hеsablanmış cərimə 641,69 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2-2(119)-977/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 11860,59 (on bir min səkkiz yüz altmış manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 893,01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz bоrcu, 641,69 (altı yüz qırx bir manat altmış doqquz qəpik) manat məbləğində cərimə və 130,18 (yüz otuz manat on səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 13525,47 (on üç min beş yüz iyirmi beş manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2-2(119)-977/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin dəyişdirilərək 641,69 manat cərimə borcunun 50 manat məbləğində müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi bu iş üzrə qətnamə qəbul edərkən AR MM-nin 467-ci maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda qətnamə 641,69 manat cərimə borcu hissəsində azaldılaraq 50 manat məbləğində və qətnamədə düzəliş edilərkən ödənilməmiş pul məbləğinin onlardan hissəhissə tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Onların hazırki maddi və əmlak durumları qənaətbəxş olmadığından kredit borcunu vaxtında ödəyə bilməmişlər. Belə bir vəziyyətdə 641,69 manat cərimə borcunun hesablanması bizim əmlak mənafeyinə ziddir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə nümayəndənin iştirakı olmadan baxılıb qərar qəbul edilməsi xahiş edilmişdir.Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1– “zamin” olmaqla bağlanmış 27 dekabr 2022-ci il tarixli 011L**********74 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2-ci bəndinə görə kredit alana 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.13-cü bəndinə görə zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Həmin müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Həmin müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 27 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 (on beş min) manat olan krediti illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 30 (otuz) ay müddətidə kredit alana verir. Həmin razılaşmaya görə AZ34ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 15000 (on beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 02 iyul 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 12 mart 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, kredit alan Cavabdeh2 27 dekabr 2022-ci il tarixli 011R********** nömrəli kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşması üzrə 06 mart 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11860,59 (on bir min səkkiz yüz altmış manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 893,01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz bоrcu və 641,69 (altı yüz qırx bir manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13395,29 (on üç min üç yüz doxsan beş manat iyirmi doqquz qəpik) manat məbləğində borcu vardır. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 19 yanvar 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 11860,59 (on bir min səkkiz yüz altmış manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 893,01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz bоrcu və 641,69 (altı yüz qırx bir manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 13395,29 (on üç min üç yüz doxsan beş manat iyirmi doqquz qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 18 yanvar 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada 11860,59 (on bir min səkkiz yüz altmış manat əlli doqquz qəpik) manat məbləğində əsas bоrc, 893,01 (səkkiz yüz doxsan üç manat bir qəpik) manat məbləğində faiz bоrcununun tutulması hissəni tərəflər mübahisələndirməmiş, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın 641,69 (altı yüz qırx bir manat altmış doqquz qəpik) manat məbləğində cərimə borcuun tutulması hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cərimə borcu üzrə 641,69 manat pulun tutulmasını iddiaçı bank ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Belə ki, həmin müqavilənin şərtlərinə əsasən bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla əlaqədar həmin müqavilənin şərtləri, həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləğini kredit müqaviləsinin şərtlərinə uyğun olaraq hesablamış, tənasübsüz surətdə yüksək hesablanması müəyyən edilməmişdir. Buna görə cərimə məbləğinin 641,69 manat müəyyən edilməsi həm tərəflərin mənafeyi, həm də müqavilə şərtləri baxımından daha məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, e-2-2(119)-977/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-108/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-108/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver