Məhkəmə qərarları › İş №2-2(105)-108/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-108/2025

17.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-108/2025 17.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 5000 (beş min) manat məbləğində pul və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı 24 fevral 2025-ci il tarixdə Cavabdehnə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 5000 manat məbləğində pul vəsaitinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından Cavabdeh MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sahil filialında olan hesabına 18 dekabr 2024-cü il tarixdə MT2412 seriyalı 11316195 nömrəli elektron qaiməyə əsasən 2500 manat, MT2412 seriyalı 11311018 nömrəli elektron qaiməyə əsasən 1250 manat və MT2412 seriyalı 11296911 nömrəli elektron qaiməyə əsasən 1250 manat olmaqla, ümumilikdə 5000 manat vəsait ödənilmişdir. Sonradan aparılan araşdırma zamanı tərəflər arasında heç bir əməkdaşlıq müqaviləsi olmadığı və Cavabdeh MMC-dən elektron qaimə-fakturalarda göstərilən xidmət alınmadığı, həmçinin sifariş olunmadığı məlum olmuşdur. Cavabdeh MMC ilə əlaqə saxlanılan zaman onlarda olan müqavilənin bir nüsxəsi, qiymət razılaşma protokolu, təhvil-təslim aktı və s. tələb olunsa da, cavabdeh tələb olunan sənədləri təqdim edə bilməmişdir. Məsələ ilə bağlı "xxxx" ASC-yə müraciət edilməsinə baxmayaraq ödəniş artıq "xxxx" ASC-nin hesabına köçürüldüyü üçün aidiyyatı üzrə "xxxx" ASC-yə müraciət olunması bildirilmişdir. Bundan sonra "xxxx" ASC-yə müraciət olunsa da, bir nəticə əldə olunmamışdır. Cavabdehə pretenziyalar göndərilmiş, lakin danışıqlar və pretenziyalar cavabsız qalmışdır. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, müəyyən edildiyi kimi 18 dekabr 2024-cüil tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 5000 (beş min) manat dəyərində 3 ədəd elektron qaimə-faktura təqdim edilmiş və həmin gün iddiaçı tərəfindən elektron qaimə-fakturalar üzrə 5000 manat cavabdehə ödənilmişdir. İddiaçı cavabdehin hesabına hər hansı əsas olmadan 5000 manat məbləğində pul köçürüldüyünü iddia edərək həmin məbləğin qaytarılmasını tələb etsə də, müəyyən edilir ki, bu məbləğ iddiaçının özü tərəfindən təsdiq edilmiş 18 dekabr 2024-cü il tarixdə göndərilən 3 ədəd elektron qaimə əsasında köçürülmüşdür. İddiaçı həmin qaimələrin işə baxılan tarixədək ləğv olunması barədə sübut təqdim etməmişdir. Mülki dövriyyədə müqavilələrin şifahi bağlanması imkanı və bu zaman mal və xidmətlərin təqdim edilməsinin elektron qaimələrlə rəsmiləşdirildiyi nəzərə alınsa, birinci instansiya məhkəməsi ilkin uçot sənədi olan və qüvvədə olan elektron qaimə əsasında ödənilmiş vəsaitin əsassız varlanma qaydasında geri qaytarılmasına dair iddianı əsassız olaraq təmin etmişdir. Göründüyü kimi, tərəflər arasında şifahi müqavilə münasibətləri olmuş, eyni zamanda cavabdeh tərəfindən göstərilmiş xidmətlərə görə iddiaçıdan göndərilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin icrası tələb edilmiş, iddiaçı tərəf də könüllü ödəniş etmişdir. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçı aldadılmamış, bu mümkün də deyildir və təbii ki, nəticədə cavabdeh əsassız varlanmamışdır. Bu mövqeni təsdiq edən, "xxxx" MMC-nin cavabdeh qismində iştirak etdiyi oxşar işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri məlumat və yekun qərar qəbul edilərkən nəzərə alınması üçün apellyasiya instansiyası məhkəməsinə təqdim edilmişdir. Göstərilənlərə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərinə və işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarından görünür ki, 18 dekabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçınə 1250 (min iki yüz əlli) manat məbləğinə “westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar” MT2412 seriyalı 11296911 nömrəli, 1250 (min iki yüz əlli) manat məbləğinə “westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar” MT2412 seriyalı 11311018 nömrəli və 2500 (iki min beş yüz) manat məbləğinə “westhospital.az saytına bir illik yerləşməsi ilə əlaqədar” MT2412 seriyalı 11316195 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarından həmçinin görünür ki, İddiaçı MMC tərəfindən sözügedən elektron qaimə-fakturalar 19 dekabr 2024-cü il tarixdə və sonralar dəfələrlə “heç bir sənəd, təhviltəslim aktı, müqavilə olmadan tərtib edilib, ləğv olunmalıdır” əsası ilə düzəlişə qaytarılmış, Cavabdeh MMC isə hər dəfə eyni elektron qaimə-fakturaları yenidən İddiaçı MMC-yə göndərməkdə davam etmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC-nin "xxxx" ASCdə olan 40060AZNHC********** nömrəli hesabından Cavabdeh MMC-nin "xxxx" ASC-nin Sahil filialında olan AZ04AİİB400300F**********208 nömrəli hesabına 18 dekabr 2024-cü il tarixdə 010AZ**********3 nömrəli ödəniş qəbzinə əsasən 1250 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11296911 nömrəli qaimə), 010AZ**********0 nömrəli ödəniş qəbzinə əsasən 1250 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11311018 nömrəli qaimə), 010AZ**********1 nömrəli ödəniş qəbzinə əsasən 2500 manat (ödənişin təyinatı və əsası: MT2412 seriyalı 11316195 nömrəli qaimə) məbləğlərdə ödəniş olunmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilərək İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilmiş 5000 manat məbləğdə pul vəsaitinin sonuncudan geri tutulmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, 18 dekabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən İddiaçınə ümumilikdə 5000 (beş min) manat dəyərində 3 ədəd elektron qaimə-faktura təqdim edilmiş və həmin gün iddiaçı tərəfindən elektron qaimə-fakturalar üzrə 5000 (beş min) manat cavabdehə ödənilmişdir. 19 dekabr 2024-cü il tarixdə həmin elektron qaimə-fakturalar İddiaçı MMC tərəfindən “heç bir sənəd, təhvil-təslim aktı, müqavilə olmadan tərtib edilib, ləğv olunmalıdır” əsası ilə cavabdehə düzəlişə qaytarılmışdır. 19 dekabr 2024-cü, 23 dekabr 2024-cü və 04 yanvar 2025-ci il tarixlərdə qeyd olunan elektron qaimə-fakturalar Cavabdeh MMC tərəfindən hər hansı düzəliş edilmədən yenidən İddiaçı MMC-yə göndərilmiş, iddiaçı onları yenə də həmin tarixlərdə eyni əsasla geri qaytarmışdır. Göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh MMC arasında hər hansı müqavilə bağlanmadığından onlar arasında müqavilə münasibətləri yaranmamışdır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri olmadığından cavabdeh tərəfindən heç bir xidmət göstərilmədən iddiaçıdan aldatma yolu ilə əsassız göndərilmiş elektron qaimə-fakturalar üzrə ödənişlərin icrası tələb edilmiş, iddiaçı səhvən ödəniş edəndən dərhal sonra həmin qaimələrin əsassız və aldatma yolu ilə verildiyini müəyyən edib ödənilmiş pulların geri qaytarılması üçün tədbirlər görsə də, lakin buna nail olmamış, ona görə də məhkəməyə müraciət etmişdir. Cavabdeh isə nəticədə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə müvafiq olaraq, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “"xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi hesab-fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir”. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, təqdim edilmiş elektron vergi hesab-fakturası (qaimə-fakturası) öz-özlüyündə malların verilməsini, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və təqdim edilən elektron hesab-faktura mübahisələndirilən halda həmin sənədi təqdim edən müqavilə tərəfi müvafiq olaraq malların verilməsini, işlərin görülməsini, xidmətlərin göstərilməsini təsdiqləyən başqa sübutlara istinad etməlidir. Konkret halda cavabdeh məhkəməyə iddiaçıya təqdim etdiyi elektron qaiməfakturaların əsası kimi nə tərəflər arasında müqavilə bağlanmasını, nə ona müvafiq xidmətin göstərilməsi üçün sifariş verilməsini, nə qiymətlərin (xidmət haqlarının) razılaşdırılmasını, nə göstərilən xidmətin təhvil-təslimini, nə də tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, cavabdeh tərəflər arasında şifahi razılaşma olmasını iddia etdiyi halda iddiaçıya təqdim etdiyi elektron qaimə-fakturalarda “xx.xx.2025-ci ilə qədər qüvvədə olan 288 nömrəli müqavilə”yə istinad etmişdir. Halbuki, tərəflər arasında belə bir müqavilə mövcud deyildir. Cavabdehin ziddiyyətli dəlilləri onun təqdim etdiyi elektron qaiməfakturaların müqavilə əsasının mövcud olmamasına dəlalət edir. Habelə, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilələrdən məlum olur ki, “Westhospital.az” veb-saytının hazırlanması və fəaliyyəti üzrə elektron xidmətlərin göstərilməsi ilə əlaqədar 2021-ci ildən başlayaraq "xxxx" MMC ilə müqavilələr bağlanmışdır. Yəni cavabdehin iddia etdiyi elektron xidmətləri əslində iddiaçı üçün başqa hüquqi şəxs yerinə yetirir. Şərh olunanlar bir daha təsdiq edir ki, cavabdeh hər hansı müqavilə əsası olmadan, mövcud olmayan müqaviləyə istinad etməklə iddiaçıya ödəniş üçün elektron qaiməfakturalar (eyni gündə 3 ədəd) təqdim edib sonuncunun cəmi 5000 manat pul vəsaitini qanunsuz olaraq ələ keçirmiş, bununla iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də iddiaçının cavabdehə qarşı 5000 manat məbləğində pul tələbi əsaslı olmuş və məhkəmə həmin tələbi təmin etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddia tələbinin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edərək gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Cavabdehin həmin qətnamədən apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-594/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar