Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-110/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-632/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 250 manat yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərər məbləğinin və 20 manat dövlət rüsumunun, ümumilikdə 270 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-632/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxxxxxxxxxx” ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı “xxxxxxxxxxxx” ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərildiyindən tərəflərin rekvizitləri ayrıca panel olaraq göstərilən “Tərəflər” bölməsində qeyd edilir. “Elektron Məhkəmə” informasiya sistemində iddia ərizəsinin göndərilməsi üçün istifadə olunmuş bütün panellər ümumi olaraq iddia ərizəsinin tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Göründüyü kimi tərəflərin poçt ünvanları elektron qaydada göndərilmiş iddia ərizəsinin “tərəflər” panelində göstərilmişdir. Qərardadda həmçinin, kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın iddia ərizəsinə əlavə edilməsinin iddia ərizəsində poçt ünvanlarının qeyd olunmasını istisna etmədiyi bildirirlir. Kommersiya hüquqi şəxslərin dövlət reyesrtindən çıxarışın iddia ərizəsinə əlavə edilməsinin səbəbi iddia ərizəsinə əlavə edilən etibarnamənin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq etmək məqsədi daşıyır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Həmin Məcəllənin 284-3.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdehin adları, onların poçt ünvanları; iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər; əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası qeyd edir ki, kommersiya məhkəməsinə ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə təqdim edilməlidir. Elektron kabinet vasitəsilə təqdim edilmiş ərizədə iddiaçı və cavabdehin poçt ünvanları qeyd olunmalıdır. İddiaçı qərardaddan verdiyi şikayətdə ona əsaslanmışdır ki, tərəflərin rekvizitləri ayrıca panel olaraq göstərilən “Tərəflər” bölməsində qeyd edilir və istifadə olunmuş bütün panellər ümumi olaraq iddia ərizəsinin tərkib hissəsini təşkil edir. Halbuki, yuxarıda sadalanan qanunvericilik normalarından görünür ki, iddia ərizəsində tərəflərin poçt ünvanının qeyd olunmalı olduğu birbaşa olaraq göstərilmişdir. Hazırkı halda, tərəflərin poçt ünvanları iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-632/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-632/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-110/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-110/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver