Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-110/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1021/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 31 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 fevral 2021-ci il tarixli 011A********** nömrəli Krеdit Müqaviləsi üzrə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 492,63 manat məbləğində krеdit bоrcu, 189,1 manat məbləğində faiz bоrcu və 64,44 manat məbləğində cərimə borcu olmaqla, cəmi 746,17 (yeddi yüz qırx altı manat 17 qəpik) manat məbləğində bоrcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı 011A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit bоrcundan 2507.37 manat ödəniş etmiş və iddiaçıya 492.63 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 633 gün üçün hesablanmış faiz borcu 189.10 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 633 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 64.44 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdehlər həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklə kommersiya mübahisələri zamanı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələbi ləğv edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1021/2024 nömrəli, 05 iyul 2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 (VÖEN **********) 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1021/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsinin qismən - cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş zaminlik müqavilələri yanlış təhlil edilmiş və nəticə etibarilə AR MM-nin 477.0.4-cü maddəsi tətbiq edilsə də, həmin maddə düzgün tətbiq edilməmiş və onun pozuntusuna yol verilmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqavilələrinin 4.1-ci bəndi ilə zaminliyin xüsusi müddəti müəyyən edilmişdir. Belə ki, zaminlik müqavilələrinin həmin bəndinə əsasən zaminlik müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Beləliklə, hazırkı mübahisə üzrə tərəflər arasında zaminliyin müddəti xx.xx.2025-ci il tarixinə kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı vaxtında zaminlərə qarşı tələbini irəli sürmüş və AR MM-nin 477.0.4-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddəti ötürməmişdir. İddiaçının tələbi tam haqlı və qanunidir. Prosessual hüquq normalarının pozulmasına münasibətdə isə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sübutlar 1-ci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmadığından və həmin sübutlara düzgün qiymət verilmədiyindən bu şikayətin maddi hüquq normalarının pozuntusuna yol verilməklə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və bununla da qətnamədə göstərilmiş nəticələr işin halları ilə uyğunsuzluq təşkil etmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1-ci maddəsinin tələblərinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasının təmin edilməməsinə dair hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməli, cavabdehdən müştərək qaydada 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Belə ki, 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində tərəflər birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmiş, hazırki apellyasiya şikayəti ilə mübahisənin əsas məzmunu iddia tələbinin digər cavabdehlərə münasibətdə də tutulması hissəsində təmin edilməməsidir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən” və Cavabdeh1 – “Kredit alan” olmaqla bağlanmış 03 fevral 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən müəyyən edilir ki, təyinatı (məqsədi) “fərdi mikrokredit” olaraq, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 (VÖEN **********) 18 ay müddətinə aylıq 2,1667 % dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, 011G**********03 nömrəli və Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli, 011G**********02 nömrəli zaminlik müqavilələri bağlanmış və həmin Müqavilələrə əsasən həmin Zaminlər kredit alan Cavabdeh1 03 fevral 2021-ci il tarixli 011A********** nömrəli Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Borcalanla birgə məsuliyyəti üzərlərinə götürmüşlər. Həmin Zaminlik müqavilələrinin 4.1-ci bəndində əsasən müəyyən olunur ki, zaminlik müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Birinci instansiya məhkəməsi iddianın zaminlərə münasibətdə təmin edilməməsini onunla əsaslandırmışdır ki, 03 fevral 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinə əsasən borc alan Cavabdeh1 kreditinin qaytarılma vaxtının son müddəti 03 avqust 2022-ci il tarixidir və həmin tarixdə məlum kredit müqaviləsinin müddəti bitdiyindən Cavabdeh2 və Cavabdeh3 zaminliyi ilə təmin olunmuş kredit müqaviləsinin və kreditin qaytarılmasının son müddəti 03 avqust 2022-ci il tarixi olmuşdur. İddiaçı zaminliklə təmin edilmiş həmin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni müvafiq olaraq 03 avqust 2022-ci il tarixdən 1 (bir) il ərzində həmin zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürməmiş, buna görə də iddia tələbi həmin hissədə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən olunmuş müddət keçdikdən sonra məhkəməyə müraciət olunması ilə əlaqədar təmin edilməməlidir. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin şərtlərini nəzərə almadan tərəflər arasında zaminlik müqaviləsi üzrə müddətin təyin edilməməsi qənaətinə gəlmiş və buna görə də Mülki Məcəllənin 477-ci maddəsinin ikinci cümləsinin tələblərini (belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir) tətbiq etmişdir. Halbuki, iş materiallarında olan Cavabdeh3 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 011G**********03 nömrəli və Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli Zaminlik müqavilələrinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, zaminlik müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 (üç) il müddətinə qüvvədədir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 011A********** nömrəli Kredit Müqaviləsinin müddəti 03 avqust 2022-ci il tarixdə bitdiyindən iddiaçı ilə zamin olan digər cavabdehlər arasında bağlanmış zaminlik müqavilələri də 3 il müddətinə, yəni 03 avqust 2025-ci il tarixə kimi qüvvədədir. Göründüyü kimi Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verildiyindən və yuxarıda qeyd edilənlərə əsasən zaminlik müqavilələrində onun xitam verilmə müddəti qeyd edildiyindən, həmin şərtlərə əsasən də zaminlik müqavilələrinə hələ xitam verilmədiyindən iddia tələbi borcun zaminlərdən tutulmasına dair hissəsində də əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən, yəni iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulmasının təmin edilməməsinə dair hissəsində ləğv edilməli və həmin hissədə də iddia tələbi təmin edilməli, cavabdehdən müştərək qaydada 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1021/2024 nömrəli, 05 iyul 2024-cü il tarixli qətnaməsi qismən, 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə də iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 492,63 (dörd yüz doxsan iki manat 63 qəpik) manat əsas bоrc, 189,1 (yüz səksən doqquz manat 10 qəpik) manat faiz borcu, 64,44 (altmış dörd manat 44 qəpik) manat cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 776,17 (yeddi yüz yetmiş altı manat 17 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-110/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-110/2024
03.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver