Məhkəmə qərarları › İş №2-2(105)-111/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-111/2021

17.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-111/2021 17.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-444/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-444/2021 saylı 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" ASC-nin 02.02.2020-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 manat məbləğində sosial sığorta haqqı borcunun ödənilməsini təmin edilməsi üçün “vergi ödəyicisinin əmlakının siyahıya alınması” haqqında 11 sentyabr 2020-ci il tarixli protokola əlavədə göstərilmiş 200.000 manat məbləğində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. (hakim Xəqani Tağıyev) Qətnamədən cavabdeh "xxxx" ASC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh "xxxx" ASC-yə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.09.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 180.948,28 manat, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 211.670,19 və İşsizlikdən Sığorta Fonduna ödənilməmiş 7.930,14 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200.000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan "xxxx" ASC Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 02.09.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 02.09.2020-ci il tarixə yaranan 180.951,46 manat borcuna görə 200.000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 11.09.2020-ci il tarixli **********9 №-li protokol tərtib edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 17.09.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 02.09.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 180.948,28 manat, Dövlət Sosial Müdafıə Fonduna 211.670,19 manat və İşsizlikdən Sığorta Fonduna 7.930,14 manat ödənilməmiş borcu qalmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh "xxxx" ASC qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, iddia ərizəsinin məhkəmə tərəfindən icraata qəbul edilməsi prosessual pozuntudur. Belə ki, iddia tələbində konkret olaraq hansı əmlakın hərraca çıxarılması və satılması qeyd edilməsə də, məhkəmə iddianı icraata qəbul etmişdir. Halbuki, analoji iddia ilə iddiaçı cavabdehə qarşı başqa əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi ilə məhkəməyə müraciət etsə də, Sumqayıt Kommersiya Məhkəməsinin 09.03.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış və iddiaçı qərardaddan şikayət versə də, şikayəti təmin edilməmişdir. Eyni hal, başqa işlə də əlaqədar olmuşdur. Məhkəmənin iki ayrı-ayrı yanaşması aydın deyil. İddia ərizəsində konkretləşmə olmadan mücərrəd şəkildə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi qoyulsa da, məhkəmə bu iddia ərizəsini Mülki Prosessual Məcəllənin 152-ci maddəsinə əsasən geri qaytarmaq əvəzinə icraata qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə iddianı icraata qəbul edərkən prosessual normaları pozduğundan, iddia tələbindən də kənara çıxmışdır. Belə ki, iddia tələbində konkret hansı əmlakın hərracda satılması qeyd edilmədiyindən məhkəmə bu dəfə tərtib edilmiş 11 sentyabr 2020-ci il tarixli protokola istinad etmişdir. Bununla belə, məhkəmə konkret hansı əmlakın hərracda satılmasını göstərməmişdir. Həmin əmlakın harada və nədən ibarət olması mücərrəd qalmışdır. İddia tələbində göstərilən məbləğin ödənilməməsi səbəbi kimi hamıya məlum olan dünyada baş verən pandemiyadır. Müəssisə olaraq cavabdehin istehsal etdiyi məhsul su xətlərinin çəkilməsində istifadə edilən şüşə lifli boruların istehsalıdır. Müəssisənin əsas sifarişçisi dövlət olduğundan bu pandemiya şəraitində ümumiyyətlə sifarişlərdən məhrum olunmuşdur. Müəssisədə olan işçilərin əmək haqları və xəsarət almış şəxslərə müavinətlərin verilməsi müəssisə tərəfindən öncəlik olduğundan yaranmış borclar vaxtında ödənilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, "xxxx" ASC su xətlərinin çəkilməsi ilə bağlı boruların hazırlanması üzrə əsasən dövlət sifarişlərini həyata keçirir. Lakin, bir neçə ildir ki, artıq "xxxx" ASC-yə boruların hazırlanması üçün sifarişlər edilmir. Bu səbəbdən bir qədər maliyyə problemləri yarandığından "xxxx" ASC işçiləri əmək haqqı ilə təmin etməkdə və vergiləri ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1, 23.1.6, 89.1 və 90.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. “Muzdlu və qeyri-muzdlu işdən əldən edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” 22.07.2020-ci il tarixli, **********2 nömrəli bildirişdən görünür ki, ümumilikdə 180951,46 manat məbləğində borcunu könüllü olaraq ödəməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. 02.09.2020-ci il tarixli, **********9 nömrəli qərardan görünür ki, vergi borcuna görə cavabdehin əmlakının siyahıya alınması qərara alınmışdır. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 11.09.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş siyahıdan görünür ki, cavabdehin 200.000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində hesablanmış borc məbləği dövlət büdcəsinə ödənilmədiyi halda, siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. İş materiallarından müəyyən edilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və vergi ödəyicisinə məxsus 200.000 manat məbləğində əmlak siyahıya alınmışdır. Bundan sonra, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddia ərizəsinin icraata qəbul edilməsinin prosessual pozuntu olması, əmlakların harada və nədən ibarət olmasının mücərrəd qalması barədə dəlilləri ilə bağlı qeyd edir ki, əmlakın siyahıya alınması haqqında protokola əlavədən görünür ki, cavabdehə məxsus 32000 manat məbləğində 1-ci qat sarğı maşını Liner-1500, 36000 manat məbləğində boruları qəlibdən çıxaran dəzgah SD-2500, 16000 manat məbləğində körpülü kranlar, 56000 manat məbləğində hidrosınaq qurğusu, 60000 manat məbləğində müxtəlif diametrli qəliblər siyahıya alınmışdır. Protokola əlavədən göründüyü kimi siyahıya alınan əmlakların dəyəri və nədən ibarət olması göstərilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirilmədən, apelyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-444/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar