Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-111/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə5, Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-63/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-63/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 manat əsas bоrc, 3615,75 manat faiz bоrcu, 142,31 manat cərimə, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 36 manat xidmət haqqı və 15 manat dövlət rüsumunun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 227,39 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 46075,52 manat (qırx altı min yetmiş beş manat, əlli iki qəpik) məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, həmin pul vəsaitinin tutulmasının İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən mənzil 3 nömrəli mənzilə yönəldilməsi və həmin ipoteka predmetinin açıq hərracda satılaraq İddiaçı ASC-yə olan cəmi 46075,52 manat məbləğində borcun ödənilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən mənzil 3 nömrəli mənzilin ilkin satış qiymətinin 100.000 (yüz min) manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 04 iyul 2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 manat əsas borc, 3615,75 manat faiz borcu, 142,31 manat cərimə olmaqla cəmi 45797,13 manat (qırx beş min yeddi yüz doxsan yeddi manat, on üç qəpik) məbləğində borcun, 227,39 manat məbləğində dövlət rüsumu əvəzinin, yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və 36 manat məbləğində xidmət haqqı əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə zamin qismində iştirak etmiş digər Cavabdeh1 bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən mənzil 3 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi, bu vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 avqust 2020-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 100.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kreditin verilməsinə dair 05 noyabr 2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 20 %-lə 36 ay müddətinə 50.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən 3 nömrəli mənzil 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmçinin Cavabdeh1 ilə 27 avqust 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bank və Cavabdeh2 arasında bağlanmış 08 may 2023-cü il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kredit müddəti 05 yanvar 2026-cı il tarixədək uzadılmışdır. Lakin Cavabdeh2 müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında həllinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə3) apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-63/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə3) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hüquqlarını müdafiə etdiyi cavabdehin banka böyük məbləğdə borcunun olması barədə təqdim etdiyi maliyyə arayışı ilə razılaşmış və bundan başqa, ipoteka predmeti olan mənzilin dəyəri ilə bağlı verilmiş rəylər arasında fərqin olmasına baxmayaraq mənzilin real satış qiymətinin müəyyən olunması üçün təkrar ekspertiza təyin etməmiş, borcun dəqiqləşdirilməsi ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin etməmişdir. Nəticədə hazırkı qətnamə şəxsin əsassız olaraq borclanmasına və həmin borca görə mənzilin dəyərindən aşağı qiymətlə hərraca çıxarılmasına səbəb olmuşdur. Bundan başqa, bağlanmış kredit müqaviləsindən də göründüyü kimi, həmin müqavilə xx.xx.2022-ci ildə 36 ay müddətinə bağlanmış, 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bank və Cavabdeh2 arasında bağlanmış 08 may 2023-cü il tarixli Əlavə Sazişə əsasən müqavilə üzrə kredit müddəti 05 yanvar 2026-cı il tarixədək uzadılmışdır. Lakin kredit müqaviləsinin müddəti başa çatmadığı və bank həmin müqaviləyə vaxtından qabaq xitam verilməsi barədə iddia qaldırmadığı halda verilmiş kreditin birdəfəlik tutulmasına dair iddia qaldırmışdır. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-63/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, ipoteka predmeti olan mənzilin orta bazar qiyməti 117.000 manatdan çox olsa da, birinci instansiya məhkəməsinin Məhkəmə Ekspetiza Mərkəzindən aldığı ekspertiza rəyində bu qiymət 90.000 manat olaraq müəyyən edilmişdir. Müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyi ilə ipoteka predmeti olan mənzilin orta bazar qiyməti 119.000 manat və likvid qiyməti 107.000 manat müəyyən edilsə də, məhkəmə bu qiymətlər arasındakı kəskin fərqə diqqət etmədən iş üzrə təkrar məhkəmə-əmtəəşünalıq ekspertizası təyin etmədən mənzilin ilkin satış dəyərini 90.000 manat olaraq müəyyən etmişdir. Mövcud bazarda hazırda daşınmaz əmlakın dəyəri ilə bağlı artımlar mövcuddur, qeyd olunan məbləğ mübahisəli mənzilin real bazar dəyəri kimi qəbul edilə bilməz. O da nəzərə alınmalıdır ki, mənzil hərrac vasitəsi ilə satıldıqda əksər hallarda bu mənzillər iddiaçı banklar tərəfindən alınır ki, buna səbəb mənzilin təkrar hərracdan alınması zamanı dəyərinin qat-qat aşağı satılması olur. Mənzil satışından əldə olunacaq məbləğ kredit borcuna yönəldikdə satışdan sonra az məbləğ qalacaqdır ki, bu məbləğlə də cavabdeh mənzil əldə edə bilməyəcəkdir və bu hal onun vəziyyətinin ağırlaşmasına gətirib çıxaracaqdır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi, şikayətin təmin olunmamasını və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 63/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə zamin-Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə və işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-63/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış kredit verilməsinə dair 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534- 20/5 nömrəli razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, aylıq 1,67% dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmiş, 07 sentyabr 2022-ci il tarixli ipoteka müqaviləsi ilə digər Cavabdeh1 məxsus mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, bank və Cavabdeh2 arasında bağlanmış 08 may 2023-cü il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinin müddəti 05 yanvar 2026-cı il tarixədək uzadılmışdır. Cavabdeh həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək ödənilməli olan əsas və faiz borclarını tam ödəməmiş, nəticədə onun kredit müqaviləsi üzrə borcu yaranmışdır. Cavabdeh2 öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1, iddiaçı ilə aralarında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyətləri yaranmışdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli “kredit verilməsinə dair razılaşma”ya əsasən, bank tərəfindən Cavabdeh2 aylıq 1,67% dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin “Kredit barədə məlumat” bölməsinin 7-ci bəndində cərimə məbləğinin gündəlik 0,2 faiz olduğu qeyd edilmişdir. İş materiallarındakı həmin kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 banka olan borcunun ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 05 noyabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit müqaviləsinə 08 may 2023-cü il tarixli Əlavə Sazişin 1.1-ci bəndinə və 1.1.2-ci yarımbəndinə əsasən, bu Saziş qüvvəyə mindiyi tarixdən müqavilənin müfaviq bəndləri “kreditin müddəti 05 yanvar 2026-cı il təşkil edir.” redaksiyasında verilir. İş materiallarında olan həmin Əlavə Sazişin ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcunun bu ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 05 yanvar 2026cı il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli 4-MGZ-1-0-1534-20/5 nömrəli kredit müqaviləsinə 08 may 2023-cü il tarixli 1 nömrəli Əlavə Sazişin 1.1-ci bəndinə, 1.1.2 və 1.1.4-cü yarımbəndlərinə əsasən, saziş qüvvəyə mindiyi tarixdən müqavilə üzrə kreditin illik faiz dərəcəsi 20 faiz təşkil edir. Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 faiz təşkil edir. İş materiallarında olan iddiaçı (kreditor) İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 27 avqust 2020-ci il tariхli 4-MGZ-1-0-1534-20 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin(lər) və borcalan - kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin(lər) kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan 13 mart 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 42039,07 manat məbləğində əsas borcu, 3615,75 manat məbləğində faiz borcu vardır və 569,25 manat məbləğində cərimə hesablanmışdır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı ASC) ilə ipoteka qoyan (Cavabdeh2) arasında bağlanmış 07 sentyabr 2022-ci il tarixli 4-MG-1-01517-20 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 avqust 2020-ci il tarixli 4-MGZ-1-0-1534-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış öhdəliyin təminatı kimi ipoteka saxlayana ipoteka verir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən ipoteka predmeti - Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən 3 nömrəli mənzildir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə kreditin verilməsi məqsədilə müvafiq ölçmələrin və təminatın səviyyəsinin müəyyən edilməsi üçün əmlakın bazar dəyəri 65.000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər razılığa gəlirlər ki, qeyd edilən dəyər ilkin satış qiyməti deyildir və yalnız kreditin verilməsi və onunla bağlı müvafiq ölçmələrin həyata keçirilməsi məqsədilə istifadə edilməsi üçün nəzərdə tutulmuşdur. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən 3 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə təqdim edilmiş 11 aprel 2025-ci il tarixli 9/68xx-xx/6604 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq olunan mənzilin ümumi sahəsinin 72,6 kv.m. təşkil etdiyi nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri təqribən 100.000 manat, likvid dəyəri təqribən 90.000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilmiş 10 iyun 2025-ci il tarixli AS 06017/25 nömrəli hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin likvid qiyməti 107.000 manat, bazar qiyməti isə 119.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələbləri və bağlanmış müqavilələrin şərtləri baxımından İddiaçı ASC-nin onunla Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 42039,07 manat əsas borc, 3615,75 manat faiz borcu, 142,31 manat cərimə olmaqla cəmi 45797,13 manat (qırx beş min yeddi yüz doxsan yeddi manat, on üç qəpik) məbləğində borcun, 227,39 manat (iki yüz iyirmi yeddi manat, otuz doqquz qəpik) məbləğində dövlət rüsumu əvəzinin, yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqı əvəzinin həmin cavabdehdən və öhdəliyin icrasını təmin etmək məqsədilə zamin qismində iştirak etmiş digər Cavabdeh1 bankın xeyrinə tutulması barədə iddiası əsaslı olmuş və birinci instansiya məhkəməsi həmin tələbləri təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinin tələbi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəlsə də, lakin apellyasiya şikayətinin məzmunundan və sonuncunun məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan aydın olur ki, cavabdeh iddia tələbinin borcla bağlı hissələrini deyil, məhz ipoteka predmetinin məhkəmə tərəfindən müəyyən olunmuş ilkin satış qiymətini mübahisələndirir. Cavabdeh – ipoteka qoyan Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə3 iddia edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən 3 nömrəli mənzilin ilkin satış qiyməti 117.000 manatdan çox olsa da, birinci instansiya məhkəməsinin Məhkəmə Ekspetizası Mərkəzindən aldığı ekspertiza rəyində bu qiymət 90.000 manat olaraq müəyyən edilmişdir. Müstəqil qiymətləndirici olan "xxxx" MMC tərəfindən alınmış ekspert rəyi ilə ipoteka predmeti olan mənzilin orta bazar qiyməti 119.000 manat və likvid qiyməti 107.000 manat müəyyən edilsə də, məhkəmə bu qiymətlər arasındakı kəskin fərqə diqqət etmədən iş üzrə təkrar məhkəmə-əmtəəşünalıq ekspertizası təyin etmədən mənzilin ilkin satış dəyərini 100.000 manat olaraq müəyyən etmişdir. Ona görə də cavabdeh ipoteka predmetinin yenidən qiymətləndirilməsini xahiş edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə görə də, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir... Həmin Qanunun 1.0.9, 39.3 və 39.3.3-cü maddələrinin birgə təfsiri baxımından məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiyməti kimi onun məhz likvid dəyəri götürülməlidir. Əmlakın likvid dəyəri isə onun bazar qiymətinin açıq bazar şəraitində daha tez satılma imkanı verən həddini ehtiva edir... İş materiallarına əsasən, tərəflər 2022-ci ildə ipoteka müqaviləsi bağlayarkən ipoteka predmeti olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev 54-də yerləşən 3 nömrəli mənzilin ilkin satış qiymətini 65.000 manat məbləğində razılaşmışlar. 2025-ci ildə həmin mənzilin likvid qiymətini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti 90.000 manat, müstəqil qiymətləndirici qurumun mütəxəssisi isə 107.000 manat məbləğində qiymətləndirmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi ipoteka predmetinin orta likvid dəyəri olaraq onun ilkin satış qiymətini 100.000 manat məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı gəldiyi nəticəni obyektiv və ədalətli hesab edir. Digər tərəfdən isə, “İpoteka haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, ipoteka qoyanın bu Qanunun 30-cu maddəsinə uyğun olaraq ipoteka predmetinə sərəncam vermək hüququ vardır. Qanunun 30.6-cı maddəsinə əsasən, ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi, qanunvericilik ipoteka qoyan borcluya şərait yaradır ki, ipoteka predmetinə məcburi tutma yönəldilənə qədər həmin əmlakı notarial qaydada özü satıb notarius vasitəsilə satış pulundan borcunu ipoteka saxlayana (kreditora) ödəsin. Borc tam ödəniləndən sonra satış pulunun qalan hissəsi ipoteka qoyanın (borclunun) öz sərəncamında qalır. Ona görə də cavabdeh ipoteka predmetini müəyyən olunmuş likvid dəyərindən baha almaq istəyən alıcı tapdığı təqdirdə qeyd edilən imkandan istifadə edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirməsini, o cümlədən ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təkrar ekspertiza təyin olunması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddia tələbinin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də, Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə3) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2-2(119)-63/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 (vəkili-nümayəndəsi Nümayəndə3) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 63/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-111/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-111/2025
04.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver