Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-112/2025 15.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, üçüncü şəxs X3 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-686/2025 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-686/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəllərinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırkı vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, Cavabdeh MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqavilələrinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın İddiaçı təqdim olunması və müvafiq maliyyə sənədləri təqdim edilməklə iddiaçının hesabına audit yoxlamasının keçirilməsinə şərait yaradılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, habelə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu əvəzinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi və audit keçirilməsinə şərait yaradılması öhdəliyinin qoyulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, müəssisənin ştat cədvəlinin, işçilərin sayının və siyahısının, əməkhaqqı cədvəllərinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayının və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının, müəssisənin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırkı vəziyyəti barədə məlumatların, müəssisənin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəlikləri, yerli və xarici kontragentlərin sayı və kontragentlər haqqında məlumatların, müəssisənin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları barədə məlumatların, müəssisənin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin, MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqavilələrinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın iddiaçıya təqdim olunması və auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 2025-ci il tarixli 3-21-2-9/2- 52119/2025 nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçı cavabdehin 50 % payına malik təsisçisidir. İddiaçı təsisçi olaraq cavabdehin fəaliyyəti ilə tanış olmaq və öz hesabına audit keçirmək məqsədilə onun icra orqanına müxtəlif tarixlərdə məktublar ünvanlamış, məktublarda cavabdehin fəaliyyətinə dair müxtəlif sənədlərin surətinin ona göndərilməsi xahiş edilmişdir. Həmin məktublar cavabdehə çatdırılmış, lakin cavabdehin icra orqanı tərəfindən cavab verilməmiş, ümumiyyətlə, iddiaçının tələbinə münasibət bildirilməmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 65.1.2-ci maddəsinə əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətin iştirakçılarının nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat almaq, onun mühasibat kitabları və digər sənədləri ilə tanış olmaq hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2-2(102)-72/2023 saylı Qərarına əsasən Mülki Məcəllənin 65.1.2-ci maddəsinin təhlili onu deməyə imkan verir ki, təsisçinin müvafiq kommersiya qurumunun sənədləri ilə tanış olması onun qanunla müəyyən olunmuş hüququdur. Bununla yanaşı, həmin maddədə qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “sənədləri ilə tanış ola bilər” ifadələri təkcə dar mənada məlumatlar və sənədlərlə yerində tanış olmaq kimi başa düşülməməli, həm də geniş mənada təfsir olunaraq, məlumatlar və sənədlərlə tanış olmaq üçün bütün şəraitin yaradılmasını, o cümlədən aktiv hərəkətlərin edilməsini, yəni məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi də qəbul olunmalıdır. Həmçinin “nizamnamədə müəyyənləşdirilmiş qaydada” ifadəsini işlədərkən qanunverici yalnız nizamnamədə bununla bağlı qayda müəyyənləşdirildiyi halda cəmiyyətin iştirakçısının sənədlərlə tanış olmaq hüququnun olmasını deyil, sənədlərlə tanış olmağın nizamnamədə müəyyən edilməli olan prosedur qaydasını nəzərdə tutmuşdur. Həmin qaydanın müəyyən edilməməsi isə cəmiyyətin iştirakçısının sənədlərlə tanış olmaq hüququnun olmaması anlamına deyil, onun öz seçimi ilə bu hüquqdan istifadə etməsi anlamına gəlir. Digər tərəfdən, Mülki Məcəllənin 91.4-cü maddəsinə əsasən, cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Qeyd olunan maddələrin təhlilindən də görünür ki, Cavabdeh MMC-nin sənədləri ilə tanış olmaq və audit keçirmək iddiaçının hüququ, həmin sənədləri iddiaçıya təqdim etmək və audit keçirilməsinə şərait yaratmaq isə cavabdehin vəzifəsidir. Bu səbəbdən də cavabdehin üzərinə həmin sənədlərin təqdim edilməsi və auditin keçirilməsinə şərait yaradılması öhdəliyi qoyulmalıdır. Ona görə məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan üçüncü şəxs X3 vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-686/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda müəssisə fəaliyyət göstərmir, bütün sənədlər də həmin müəssisədədir. Direktor da iddiaçı tərəfindən qanunsuz şəkildə dəyişdirilmişdir. Hazırda cavabdeh təşkilatda direktor dəyişilmiş və iddiaçının audit keçirməsinə və ya müvafiq sənədləri əldə etməsinə hər hansı maneə qalmamışdır. 27 iyun 2025-ci il tarixdə Cavabdeh MMC-nin ümumi yığıncağı keçiriləcək və həmin müzakirədə direktorun hansı qaydada və hansı qərar əsasında dəyişdirildiyi də aydınlaşdırılacaqdır. Ümumi yığıncağa üçüncü şəxs olan Möhsümov Məmməd Kazım oğlu hazırkı direktor tərəfindən dəvət edilmişdir. Həmin bildirişdə yalnız Məmməd Möhsümovun dəvət edilməsi iddiaçının artıq ümümi yığıncaq barəsində məlumatlı olmasını və direktorun iddiaçı tərəfindən təqdim edildiyini bir daha təsdiq edir. Cavabdeh müəssisə hazırkı vaxtadək mənfəət əldə etmədiyindən üçüncü şəxs olan digər təsisçi müəssisənin fəaliyyəti ilə bağlı auditin keçirilməsində maraqlı olmamışdır. Cavabdeh təşkilata ümumi yığıncağın gündəliyində olan məsələlərin ona təqdim edilməsi ilə bağlı müraciət etsə də, müvafiq məlumat təqdim edilməmişdir. Hər bir halda keçiriləcək ümumi yığıncaqda iddianın predmeti olan məsələlərin müzakirə edilməsinə çalışacaqdır. Lakin yuxarıda göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan məsələlərə hüquqi qiymət verməmişdir. Daha əvvəl qeyd olunduğu kimi, Cavabdeh MMC-nin ümumi yığıncağı keçirilmiş və orada qərara gəlinmişdir ki, növbəti yığıncaq başqa vaxta keçirilsin, həmçinin qərara alınmışdır ki, auditin keçirilməsi və sair məsələlər növbəti iclasda müzakirə olunsun. Mübahisiləndirilən qətnamədə cavabdehin üzərinə qoyulan öhdəliklər mahiyyətini itirdiyindən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 686/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması xahiş edilir. Apellyasiya baxışı iclasında iştirak edən üçüncü şəxs X3 vəkili-nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-686/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə İddiaçı və Cavabdehnə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və ya cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərinə və işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli 321-2-9/2-52119/2025 nömrəli çıxarışdan görünür ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümov Cavabdeh MMC-nin 50 faiz paya malik olan təsisçiləridirlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinin “Nəticə” hissəsinin 5-ci abzasından görünür ki, Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 50%-ə İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2(102)-17/2025 nömrəli qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 06 may 2025-ci il tarixli 3-212- 9/2-98334/2025 nömrəli çıxarışından görünür ki, Qanuni nümayəndə Möhübbət oğlu Cavabdeh MMC-nin qanuni təmsilçisidir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümova ünvanlanmış Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının çağırılmasına dair 05 iyun 2025-ci il tarixli bildirişin məzmununda Cavabdeh MMC-nin təsisçilərindən biri olan İddiaçı tərəfindən 04 iyun 2025-ci il tarixli məktubla cəmiyyətin növbədənkənar ümumi yığıncağının keçirilməsinin təklif edildiyi, Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının çağrıldığını, ümumi yığıncağın gündəliyində duran məsələlərin “nizamnamə kapitalının artırılması və digər məsələlər” olduğu, təklif olunan tarixin 11 iyun 2025-ci il olduğu qeyd edilmiş və həmin tarix və məkanda keçirləcək növbədənkənar ümumi yığıncaqda iştirakının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məmməd Möhsümov tərəfindən Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə ünvanlanmış 11 iyun 2025-ci il tarixli ərizənin məzmununda Məmməd Möhsümov səhhətində yaranmış problemlərə görə 11 iyun 2025-ci il tarixinə təyin olunmuş iclasda iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də Cavabdeh MMC-nin növbədənkənar ümumi yığıncağının 27 iyun 2025-ci il tarixinə saat 10:00-a keçirilməsini təklif etdiyini qeyd etmiş, həmçinin iclasın gündəliyində müzakirə olunacaq məsələlərin “digər məsələr” sözü ilə deyil, ardıcılıqla, aydın və dəqiq yazılmasını xahiş etmişdir. İş materiallarına həmçinin Cavabdeh MMC-nin nizamnaməsi əlavə edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 19 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 20 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin ştat cədvəlinin, işçilərin sayı və siyahısının, əməkhaqqı cədvəlinin, işlərə cəlb olunmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin sayı və siyahısının, müvafiq olaraq alınmış iş icazələrinin surətinin, əməkhaqqı fondunun məbləğinin, əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edildiyi işçilərin sayı və siyahısının, həmkarlar ittifaqının mövcudluğu barədə məlumatın, işçilərin qalıq məzuniyyət günləri barədə məlumatın, ödənişsiz məzuniyyətdə olan işçilərin sayı və siyahısının, son 1 il ərzində xitam verilmiş əmək müqavilələrinin sayı və xitam əsasları barədə məlumatın, müəssisənin təşkilati strukturu barədə məlumatın və işçilərin vəzifə təlimatlarının 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 24 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin balansında olan daşınar və daşınmaz əmlakların siyahısının, həmin əmlakların əldə edilməsini təsdiq edən sənədlərin, o cümlədən alqı-satqı müqavilələrinin və həmin əmlakların hazırkı vəziyyəti barədə məlumatların 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 25 fevral 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin debitor və kreditor borclarının siyahısının, cəmiyyətin öhdəliklərinin, yerli və xarici kontragentlərin sayının və kontragentlər haqqında məlumatların 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 03 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin banklarla olan kredit müqavilələrinin və mövcud kredit borcları haqqında məlumatların 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 04 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin idxal və ixrac əməliyyatları ilə bağlı gömrük bəyannamələrinin surətinin 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru İlqar Xankişiyevə ünvanlanmış 11 mart 2025-ci il tarixli məktubun məzmununda Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi zavodun yerləşdiyi ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçisi olaraq MMC-nin torpaq üzrə icarə hüquqlarını təsdiq edən torpaq icarə müqaviləsinin surətinin və bu günə kimi ödənilmiş icarə haqları barədə hesabatın 5 gün ərzində ünvan 1 ünvanına (iddiaçının qeydiyyat ünvanına) göndərilməsi xahiş olunmuşdur. İş materiallarına yuxarıda qeyd edilən məktubların Cavabdeh MMC-yə göndərildiyini təsdiq edən poçt qəbzləri əlavə edilmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, müəssisənin fəaliyyətinə dair sənədlərin iddiaçıya təqdim edilməsi tələbinin qanuni əsası Mülki Məcəllənin 65.1.2-ci maddəsidir. Belə ki, həmin maddənin məzmununa əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-nin 50 faiz paya sahib olan təsisçilərindən biridir. İddiaçı cavabdehə 19 fevral 2025-ci il, 20 fevral 2025-ci il, 24 fevral 2025-ci il, 25 fevral 2025-ci il, 03 mart 2025ci il, 04 mart 2025-ci il və 11 mart 2025-ci il tarixli məktublar göndərərək Cavabdeh MMC-nin fəaliyyətinə dair son 3 illik maliyyə hesabatlarının və illik mənfəət bəyannamələrinin, habelə adları iddia ərizəsində qeyd edilmiş digər sənədlərin təqdim edilməsinin təmin edilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh həmin sənədləri Cəmiyyətin iştirakçısına (iddiaçıya) təqdim etməmiş (əgər təqdim edilmişdirsə, bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir), bununla da onun “cəmiyyətin fəaliyyətinə dair məlumat almaq”, “cəmiyyətin mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilmək” hüquqlarını məhdudlaşdırmışdır. Mülki Məcəllənin 65.1.2-ci maddəsində qeyd olunan “cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər” və “onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər” hüquqlarının səmərəli realizəsi baxımından məhkəmə hesab etmişdir ki, bu hüququn tətbiqi çərçivəsi müvafiq məlumat və sənədlərlə yerində tanış olmaq ilə məhdudlaşdırılmamalı, eyni zamanda daha geniş təfsir olunmaqla həmin məlumatlar və sənədlərin verilməsini tələb etmək kimi qəbul edilməlidir. Əks yanaşma hazırkı iş üzrə iddiaçıya məxsus qeyd edilən hüquqların tətbiqinin effektliliyinə xələl gətirə bilər. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(103)-1301/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 50%-ə İddiaçı payı müəyyən edilmiş, həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 yanvar 2025-ci il tarixli 2(102)17/2025 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 10 mart 2025-ci il tarixli 3-21-2-9/2-52119/2025 nömrəli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Başqa sözlə, 2018-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MMC-nin 2025-ci ildə təsisçilərindən biri olmuş iddiaçının həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququndan istifadə etmək istəməsi tamamilə təbii olmaqla yanaşı, hüquqi şəxsin təşkilati və real maliyyə vəziyyətinin və fəaliyyətinin öyrənilməsi baxımından həm də zəruridir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq məlumatları əldə etmək hüququnun məhkəmə tərəfindən tanınması hüquqi şəxsin idarə olunmasında şəffaflığın təmin edilməsinə, onun ümumi maraqlarının müdafiəsinə xidmət etməklə, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan digər təsisçi Məmməd Möhsümovun, həmçinin ümumilikdə cavabdeh hüquqi şəxsin maraqlarına uyğundur. Belə ki, məlumatlarla və sənədlərlə tanışlıq təsisçilərin cəmiyyətin iqtisadi vəziyyətinin müəyyənləşdirilməsinə, mümkün hüquqi və iqtisadi risklərin vaxtında aşkara çıxarılmasına, eləcə də gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına imkan yaradır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh MMC-nin fəaliyyətinə dair sadalanan sənədlərin iddiaçıya təqdim olunması hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İddia tələbinin qeyd olunan hissəsinin qanuni əsasını Mülki Məcəllənin 91.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddənin məzmununa əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Eyni zamanda, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir. Göründüyü kimi, audit fəaliyyəti qanunvericiliklə, o cümlədən auditor (və ya auditor təşkilatı) ilə sifarişçi arasında bağlanılmış müqavilə əsasında tənzimlənən fəaliyyətdir, müqavilədə digər müvafiq məsələlərlə yanaşı, yoxlamanın predmeti olan sənədlər, yoxlamanın müddəti, yoxlanılacaq fəaliyyət dövrü və digər məsələlər əksini tapır. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, “auditin keçirilməsinə şərait yaradılaraq bütün maliyyə sənədlərinin auditora təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələb qeyri-müəyyən xarakter daşıyır, çünki auditor yoxlamasına hansı maliyyə sənədlərinin təqdim edilməsi məsələsi auditor ilə sifarişçi arasında bağlanılan müqavilə əsasında tənzimlənilir. Digər tərəfdən, qeyd edilməlidir ki, Mülki Məcəllənin 91.4-cü maddəsində auditor yoxlanışının həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılması imperativ qaydada müəyyən edilmişdir. İstinad edilən halları nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh hüquqi şəxsin iştirakçılarından biri olan iddiaçının Mülki Məcəllənin 91.4-cü maddəsindən irəli gələn auditor yoxlanışının aparılmasını tələb etmək hüququ, cavabdehin isə buna şərait yaratmaq vəzifəsi vardır. Bununla belə, audit yoxlaması həmin yoxlamanı tələb edən şəxsin hesabına və audit yoxlamasının aparılması barədə müqavilədə nəzərdə tutulmuş qaydada (həcmdə) aparılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin maddi-hüquqi əsası kimi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.7-ci və 6.1.9-cu maddələrinə əsasən, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. Həmin Məcəllənin 65.1.2-ci maddəsinə əsasən, təsərrüfat ortaqlığının və ya cəmiyyətinin iştirakçıları nizamnamədə müəyyənləşdirilmiş qaydada ortaqlığın və ya cəmiyyətin fəaliyyətinə dair məlumat ala bilər və onun mühasibat kitabları və digər sənədləri ilə tanış ola bilər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Həmin Məcəllənin 91.4-cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Göründüyü kimi, iddiaçının nizamnamə kapitalında 50% iştirak (təsis) payının olduğu cavabdehə qarşı irəli sürdüyü tələblər qanunidir, cavabdeh MMC-nin maliyyətəsərrüfat fəaliyyəti ilə tanış olmaq, bu fəaliyyətlə bağlı sənədlərin, məlumat və hesabatların ona təqdim olunmasını tələb etmək, habelə öz hesabına MMC-nin illik maliyyə fəaliyyətinin auditor yoxlanışının aparılmasını tələb etmək iddiaçının qanuna əsaslanan hüquqlarıdır. İddiaçının həmin hüquqlarını həyata keçirməsinə məhdudiyyət və ya maneə yaradılması ona qarşı qanun pozuntusunun törədilməsi kimi qiymətləndirilməlidir. İddiaçı bu cür məhdudiyyət və ya maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, iddia tələbinin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edərək gəldiyi nəticə və tətbiq etdiyi əsaslandırma ilə razılaşır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 həmin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Eyni zamanda, iddianın təmin olunmasının nəyə görə məhz üçüncü şəxsi narahat etməsi və buna qarşı çıxması da başa düşülən deyil. Ona görə də üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-112/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-112/2025
15.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver