Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-114/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməsi ilə iddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 (VÖEN **********), X3 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat əsas borc, 5379,04 manat faiz borcu, 1000 manat cərimə və 231,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 45646,62 manat (qırx beş min altı yüz qırx altı manat 62 qəpik) məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Həmin qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 07 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh3, X3 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat əsas bоrc, 5379,04 manat faiz bоrcu və 2903,90 manat cərimə borcu olmaqla cəmi 47318,56 manat (qırx yeddi min üç yüz on səkkiz manat 56 qəpik) məbləğində kredit bоrcunun və 231,96 manat (iki yüz otuz bir manat 96 qəpik) məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin İddiaçı QSC-nin хеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh3 kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Krеdit Müqaviləsi əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit verilmişdir. Kredit alan Cavabdeh3 Krеdit Müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq Müqavilə üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 03 iyul 2023-cü il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh3 götürdüyü krеdit bоrcundan cəmi 10964,38 manat ödəmiş və onun 39035,62 manat məbləğində əsas borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz - qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Kredit alan kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 15 mart 2024cü il tarixə 256 gün üçün hesablanmış faiz borcu 5379,04 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrcalan Ödəniş Planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməlidir. 15 mart 2024-cü il tarixə 256 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 2903,90 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X3 və Cavabdeh2 bağladıqları müvafiq Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən, yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, həqiqətən də İddiaçı QSC-dən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə, aylıq 1.6667% olmaqla 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Həmin krediti aylıq ödəniş planı üzrə hissə-hissə qaytarırdı. Lakin ailə vəziyyətində ciddi problem yarandığına görə ödənişdə qısamüddətli fasilə olmuş, bu səbəbdən aylıq ödənişlərdə gecikmələr baş vermişdir. Bu barədə o, Bank rəhbərliyinə də məlumat verib həmin gecikmələri aradan qaldıracağına söz vermişdir. İddiaçıla aralarında bağlanmış kredit müqaviləsindən də görünür ki, 2025-ci ilin avqust ayınadək kredit borcunu ödəyib qurtarmalıdır. O, gecikmələri aradan qaldırıb məsələni tez həll edəcəyini iddiaçıya bildirsə də, lakin İddiaçı QSC-nin rəhbərliyi dərhal onu məhkəməyə vermişdir. Hər kəsin həyatında ciddi problemlər, ağır xəstəliklər, bədbəxt hadisələr ola bilər və heç kəs bundan sığortalanmayıb. Odur ki, yaranmış problem zamanı tez məhkəməyə üz tutmaq həll variantı deyildir. Təklif edir ki, iddiaçı cərimələri və əlavə faiz borcunu silməklə yenidən aylıq ödəniş cədvəli tərtib edib ona versin və o, gecikmələri də aradan qaldırmaqla ödənişini davam etdirsin. Və yaxud, əvvəlki ödəniş cədvəlində olduğu kimi, gecikməni də nəzərə alıb aylıq ödənişləri edə bilər, amma bundan ötrü iddiaçı məhkmədə qaldırdığı bu iddia tələbini, həmçinin ona və zaminlərinə qarşı cərimə tələblərini geri götürməlidir. Onun kredit ödənişindən guya qərəzli surətdə yayınmasını qeyd etməklə iddiaçının dərhal məhkəməyə müraciət etməsi əsassızdır. Qətnamədən də görünür ki, iddiaçı məhkəməyə onun kredit borcunu gecikdirməsi ilə bağlı hər hansı ciddi dəlil- sübut təqdim etməmişdir. Hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə işin faktiki halları tam aydınlaşdırılmamış və qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmadığından məhkəmə iş üzrə səhv nəticəyə gəlmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1074/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin mübahisəsiz halları ilə müəyyən olunur ki, 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh3 – “Kredit alan” olmaqla, aralarında bağlanmış həmin Müqaviləyə əsasən iddiaçı tərəfindən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehə (VÖEN **********) 36 ay müddətinə aylıq 1,6667 % dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit alan Cavabdeh3 kredit öhdəliklərinin təminatı məqsədilə iddiaçı (kredit verən) ilə digər cavabdehlər (zaminlər) X3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda 29 iyul 2022-ci il tarixli 017G**********02 nömrəli və 29 iyul 2022-ci il tarixli 017G**********01 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh (kredit alan) Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada qaytarılmasını təmin etməmişdir. Nəticədə onun qanundan və müqavilədən irəli gələn kredit borcları (əsas borc, faiz borcu və cərimə borcu) yaranmışdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, kredit alan Cavabdeh3 29 iyul 2022-ci il tarixli 017A********** nömrəli Kredit Müqaviləsi üzrə 15 mart 2024-cü il tarixə kredit verən İddiaçı QSC-yə 39035,62 manat məbləğində əsas borc, 5379,04 manat məbləğində faiz borcu və 2903,90 manat məbləğində cərimə borcu olmaqla, cəmi 47318,56 manat məbləğində kredit borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı - 256 gün). Kredit alan və zaminləri birgə borclular olaraq öz müqavilə öhdəliklərini könüllü surətdə icra etmədiklərinə görə kredit verən tərəfindən onlara qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırılmışdır. İddiaçı QSC məhkəmədən onun xeyrinə cavabdehlərdən (kredit alan Cavabdeh3, zaminlər X3 və Cavabdeh2) müştərək qaydada 39035,62 manat əsas borcu, 5379,04 manat faiz borcu və 2903,9 manat cərimə borcu olmaqla, cəmi 47318,56 manat məbləğində kredit borcunun tutulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3 (VÖEN **********), X3 və Cavabdeh2 müştərək qaydada 39035,62 manat əsas borc, 5379,04 manat faiz borcu, 1000 manat cərimə və 231,96 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla cəmi 45646,62 manat (qırx beş min altı yüz qırx altı manat 62 qəpik) məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməni Cavabdeh3 apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri kontekstində tədqiq edərək bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Belə ki, cavabdeh apellyasiya şikayətində kredit borcunu ödəyib qurtarması üçün 2025-ci ilin avqust ayınadək vaxtının olduğunu bildirərək, iddiaçıdan cərimələri və əlavə faiz borcunu silməklə yenidən aylıq ödəniş cədvəli tərtib edib ona verməsini və gecikmələri də aradan qaldırmaqla ödənişləri lazımi qaydada davam etdirməsinə şərait yaratmasını tələb edir, habelə apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etməsini xahiş edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bitməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Qanunvericiliyin müddəalarından göründüyü kimi, borclu kredit müqaviləsi üzrə öhdəliyini əhəmiyyətli dərəcədə pozduqda kreditorun həmin müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv etməklə və ya müqavilədən imtina etməklə həmin vaxtadək əsas borcun (kredit vəsaitinin) qalan məbləğini, habelə hesablanmış faiz və cərimə borclarını, müqaviləyə xitam verildiyi vaxtdan sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı iş üzrə də iddiaçı (kredit verən) tərəfindən cavabdehə (kredit alana) faiz və cərimə hesablanmasını aradan qaldıran və ya məhdudlaşdıran qanuni əsaslar mövcud deyildir, ona görə də cavabdehin iddiaçıdan hesablanmış faiz və cərimə borclarının silinməsini tələb etməsi əsassızdır. Eləcə də, işin hallarından göründüyü kimi, iddiaçı 15 mart 2024-cü il tarixədək cavabdeh tərəfindən öhdəliyin icrasını gözləmiş, öhdəliyin əhəmiyyətli dərəcədə pozulduğunu (ödənişin 256 gün gecikdirilməsini) nəzərə alıb həmin tarixdən kredit müqaviləsinə birtərəfli qaydada xitam vermiş və qeyd edilən tarixədək hesablanmış kredit borclarını cavabdehdən (və zaminlərdən) məhkəmə qaydasında tələb etmişdir. Belə vəziyyətdə məhkəmə tərəfindən iddiaçının üzərinə kredit müqaviləsinin bərpa edilməsi və qalan əsas borc məbləğinə yenidən aylıq ödəniş cədvəlinin tərtib edilib cavabdehə verilməsi öhdəlikləri qoyula bilməz; bu məsələlərin həlli iddiaçının öz səlahiyyətinə aiddir. Ona görə də cavabdeh onun barəsində qeyd edilən güzəştlərin tətbiqi haqqında xahişlə bilavasitə iddiaçıya müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İstinad edilən qanun normalarının müddəaları baxımından iddiaçı cavabdehlərə qarşı hazırkı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Habelə, iddiaçı birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi ilə razılaşmış (2903,04 manat məbləğində cərimə borcu tələbi 1000 manat məbləğində təmin edilmişdir), məhkəmənin qətnaməsindən iddianın təmin olunmamış hissəsi ilə bağlı apellyasiya şikayəti verməmişdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsini qanuni və əsaslı hesab edir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız mülahizələrdən ibarət olmaqla qəbuledilən deyildir. Ona görə də Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-1074/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1074/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-114/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-114/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver