Məhkəmə qərarları › İş №2-2(105)-114/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-114/2025

29.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-114/2025 29.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “sənədlərin təqdim edilməsi və s. tələblərə dair” iddia ərizəsinin geri qaytarılması haqqında Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “sənədlərin təqdim edilməsi və s. tələblərə dair” iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadı ilə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır (hakim Həlimə Alıyeva). İddiaçı xx.xx.2025-ci il tarixdə həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh olan digər təsisçi Cavabdeh2 və Cavabdeh1 MMC-yə dəfələrlə mübahisənin məhkəməyə qədər həlli ilə bağlı yazılı müraciətlər ünvanlanmışdır. Təəssüf ki, mübahisənin həlli istiqamətində heç bir yazılı cavab əldə edilməmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC-yə məxsus elektron poçt ünvanı olan “Elektron ünvan ” ünvanına “iddia ərizəsi və ona əlavələr” göndərilmiş, daha sonra xx.xx.2024-cü il tarixdə hər iki cavabdehə iddia ərizəsi və onların əlavələri poçt vasitəsilə göndərilmiş (SS905350056AZ, SS905349733AZ) və çatdırılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə hər iki cavabdehə poçt vasitəsilə “Pretenziya” məktubu göndərilmiş, Cavabdeh1 MMC-yə (SS909863419AZ) xx.xx.2024-cü il tarixdə çatdırılmış, digər Cavabdeh2 (SS909863422AZ) göndərilən məktub isə “ünvançı tapılmadı” qeydi ilə xx.xx.2024-cü il tarixdə geri qaytarılmışdır (hansı ki, daha öncə həmin ünvanda qəbul edilmişdir). Həmçinin, xx.xx.2025-ci il tarixdə hər iki cavabdehə “Elektron məhkəmə” sistemi vasitəsilə də “Pretenziya” göndərilmişdir. Eyni zamanda, xx.xx.2025-ci il tarixdə hər iki cavabdehə “Elektron məhkəmə” sistemi vasitəsilə “İddia ərizəsi və əlavələri” də göndərilmişdir. Qeyd edir ki, məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edilən zaman da cavabdehlər “Elektron məhkəmə” informasiya sisteminə əlavə edilmiş və beləliklə də, onlara bununla əlaqədar məlumat çatdırılmışdır. Tərəflər arasında müqavilə münasibətləri olmamış, məhkəmənin daha öncəki iradları əsas alınaraq yuxarıda qeyd edilən formada sənədlər göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “təsisçi kimi hüquqlarının bərpası və sənədlərin təqdim edilməsi” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə təkrar müraciət etmişdir. İddia ərizəsi məhkəməyə təkrarən xx.xx.2025-ci il tarixində daxil olmuşdur. Daha öncə isə xx.xx.2024-cü il tarixdə və xx.xx.2025-ci il tarixdə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin (hər üç işdə hakim: Həlimə Əliyeva) xx.xx.2025-ci il tarixli e-2-2(119)-1413/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “təsisçi kimi hüquqlarının bərpası və sənədlərin təqdim edilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Bu qərardadlarda məhkəmənin mövqeyi hər üç halda ondan ibarət olmuşdur ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlər tərəfindən alınmasını və eləcə də, cavabdehlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Sözügedən qərardad elektron məhkəmə kabinetinə çıxarıldığı gün, yəni xx.xx.2025-ci il tarixində yerləşdirilmişdir. Hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(119)-1413/2025 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa təyin edilmişdir. İddiaçı məhkəmə kollegiyasına yazılı vəsatətlə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadından verilən şikayətin yazılı icraat qaydasından şifahi icraat qaydasında baxılmağa keçirilməsini və şikayətə məhkəmə iclasında onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən qərardaddan verilmiş şikayətə tərəfləri dəvət etməklə məhkəmə iclasında baxmağa zərurət görməyək hesab edir ki, şikayətə işdə olan sənədlər əsasında yazılı icraat qaydasında baxılması mümkün və yetərlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hal-hazırda Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdeh(lər)ə çatdırılmasının bu Məcəllənin 150.2-ci maddəsi ilə nəzərdə tutulan xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdeh(lər)ə həmin qaydada göndərilməli olması, iddiaçı tərəfindən isə həmin sənədləri cavabdeh(lər)in almasına dair sübut təqdim edilməli olması və belə sübut təqdim edilməməsinin MPM-in 152.1.4-cü maddəsində göstərilən nəticəyə (iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına) səbəb olması imperativ qaydada təsbit olunmuşdur. Lakin konkret halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və onlar tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin 150.1.4 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməməklə verilmişdir. Yəni ki, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən alınmasını təsdiq edən sübutlar (sənədlər) iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Halbuki, “AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlarla müəyyən olunur ki, cavabdehlər Cavabdeh2 (xx.xx.2022-ci il tarixdən) və Cavabdeh1 (xx.xx.2024-cü il tarixdən) “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə malikdir. Eyni zamanda, Cavabdeh1 ********** nömrəli VÖEN hesabı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hazırkı iddia ərizəsi və ona əlavə edilən sənədlərin cavabdehlərə elektron qaydada göndərilməsini (təqdim olunmasını) və həmin sənədlərin onlar tərəfindən alınmasını (onlara çatdırılmasını) təsdiq edən sübutların iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmasına mane olan hallar mövcud deyil. Lakin buna baxmayaraq, iddiaçının məhkəməyə müvafiq sənədlərin cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini və çatdırılmasını təsdiq edən sübut (sənəd) təqdim etməməsi onun tərəfindən MPM-in 150.1.4 və 150.2-ci maddələrinin tələblərinə riayət olunmamasına dəlalət edir. Bu da MPM-in 152.1.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Şikayətdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin pretenziya məktubunun Cavabdeh1 MMC-nin elektron poçt ünvanına, eləcə də həmin sənədlərin sifarişli-xəbərnaməli poçt vasitəsilə cavabdehlərin ünvanlarına göndərildiyi bildirilməklə məhkəməyə bu barədə sübutlar təqdim edilsə də, lakin kommersiya işləri üzrə sənədlərin qeyd edilən üsullarla işdə iştirak edən digər şəxslərə göndərilməsi və çatdırılması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Müvafiq sənədlərin işdə iştirak edən digər şəxslərə yalnız MPM-in 150.1.4 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməli olması qanunvericiliyin imperativ tələbidir. Bundan başqa, şikayətdə qeyd olunur ki, “Elektron məhkəmə” sistemi vasitəsilə hər iki cavabdehə xx.xx.2025-ci il tarixdə “Pretenziya”, xx.xx.2025-ci il tarixdə “İddia ərizəsi və əlavələri” göndərilmişdir. Belə görünür ki, cavabdehlərə əvvəlcə “İddia ərizəsi və əlavələri”, bundan yarım ay sonra “Pretenziya” göndərilmişdir. Halbuki, qanunvericiliyin pretenziya qaydasına riayət olunması ilə bağlı tələbinin məqsədi ondan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən bilavasitə əvvəl bu barədə cavabdehə (cavabdehlərə) xəbərdarlıq etsin və onu (onları) mübahisənin məhkəmədən kənar həllinə dəvət etsin. Bu təşəbbüs nəticəsiz qaldıqda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə haqlı olur. İddia ərizəsi veriləndən sonra cavabdeh(lər)ə pretenziya məktubu göndərilməsinin məna və məqsədi başa düşülən deyil. Odur ki, iddiaçı tərəfindən prosessual ardıcıllığa da əməl olunması zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Ona görə də şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin ərizənin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 152, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, e-2-2(119)-1413/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar