Məhkəmə qərarları › İş №2-2(105)-115/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-115/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-115/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-988/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. 24 avqust 2021-ci il tarixli 011L**********01 nömrəli Uzunmüddətli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “Kredit verən”, Cavabdeh4 (VÖEN **********) – “Kredit alan” olmaqla bağlanmış həmin Müqaviləyə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra «Kredit» adlandırılacaq) Kredit Alana 500000 (beş yüz min) manat məbləğində Uzunmüddətli Kredit Xəttini (bundan sonra «Uzunmüddətli Kredit Xətti» adlandırılacaq) açmışdır (1.1-ci bənd).

2. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşməsi barədə razılaşma» formasında bağlanacaq ayrıca Razılaşmalar (bundan sonra «Kredit Razılaşmaları») əsasında veriləcəkdir.

3. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, bu Müqavilə və kredit Razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay 24 avqust 2031-ci il tarixdən gec olmayaraq verilməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur.

4. Borcverən İddiaçı QSC və müvafiq olaraq zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə ayrı-ayrılıqda bağlanmış 21 oktyabr 2021-ci il tarixli 011S**********01 nömrəli, 24 avqust 2021-ci il tarixli 011S**********02 nömrəli və 24 avqust 2021-ci il tarixli 011S**********03 nömrəli Zaminlik Müqavilələrindən görünür ki, həmin Müqavilələr üzrə zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 zamin olaraq kreditalan Cavabdeh4 24 avqust 2021-ci il tarixli 011L**********01 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi (bundan sonra «Uzunmüddətli Kredit Müqaviləsi») və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar (bundan sonra «Razılaşmalar») əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kreditalanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

5. 24 avqust 2021-ci il tarixli 011L**********01 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi əsasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasından görünür ki, Accessbank” QSC–“Kredit verən”, Cavabdeh4 – “Kredit alan” olmaqla, bağlanmış həmin Razılaşmaya əsasən “fərdi mikro kredit” məqsədilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh4 (VÖEN **********) 36 ay müddətinə aylıq 1,5833 % dərəcəsi ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir.

6. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, Kredit alan bu Kredit Razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş Ödəniş Planına («Ödəniş Planı») əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür.

7. Həmin Razılaşmanın 4.2.2-ci bəndinə əsasən, Ödəniş Planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə bocludur.

8. 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasında göstərilən kreditin və ona hesablanmış faizlərin 21 oktyabr 2021-ci il tarixli Ödəniş Planından (Ödəniş Cədvəlindən) görünür ki, kredit alan Cavabdeh4 Banka olan borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə (hər ay 1840 manat məbləğində olmaqla) və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Planını kredit alan Cavabdeh4 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 21 oktyabr 2024-cü il müəyyən olunmuşdur.

9. 29 fevral 2024-cü il tarixli OUT-2024/02/29-105 nömrəli Maliyyə Arayışından görünür ki, kredit alan Cavabdeh4 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması üzrə 29 fevral 2024-cü il tarixə kredit verən İddiaçı QSC-yə 22897,2 manat məbləğində əsas borc, 1918,71 manat məbləğində faiz borcu və 737,28 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25553,19 manat məbləğində borcu vardır (cərimə hesablanmış gecikdirilən günlərin sayı: 161 gün).

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı QSC 27 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması üzrə cavabdеhlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22897,2 manat məbləğində krеdit bоrcu, 1918,71 manat məbləğində faiz bоrcu və 737,28 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25553,19 (iyirmi beş min beş yüz əlli üç manat 19 qəpik) manat məbləğində bоrcun və 166,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı QSC-ninхеyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit alan Cavabdeh4 kredit verən İddiaçı QSC ilə bağladığı 24 avqust 2021-ci il tarixli 011L**********01 saylı Uzunmüddətli Kredit Müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır və bu Müqaviləyə əsasən Kredit alana vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit Razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli Kredit Müqaviləsi üzrə kredit alan Cavabdeh4 kredit verən "xxxx" QSC ilə bağladığı 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Krеdit Razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% оlmaqla, Ödəniş Planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində krеdit götürmüşdür. Kredit alan Cavabdeh4 Krеdit Razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq Krеdit Razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 21 sentyabr 2023-cü il tarixdən Banka qaytarmamışdır. Kredit alan Cavabdeh4 götürdüyü krеdit bоrcundan 27102,8 manat ödəmiş və onun 22897,2 manat məbləğində əsas kredit borcu qalmışdır. Kredit Razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu Kredit Razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, kredit alan Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 29 fevral 2024-cü il tarixə 161 gün üçün hesablanmış faiz borcu 1918,71 manat təşkil etmişdir. Krеdit Razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq X4 üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda, hər gеcikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. 29 fevral 2024-cü il tarixə 161 gün üçün hеsablanmış cərimə 737,28 manat təşkil edir. Uzunmüddətli Krеdit Müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi Ödəniş Planına uyğun оlaraq qaytara bilmədikdə, Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli Kredit Müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bankla bağladıqları Zaminlik müqavilələrinə əsasən Bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən Uzunmüddətli Kredit Müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyırlar və Uzunmüddətli Kredit Müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər.

12. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-988/2023 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh4 (VÖEN **********), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 011R********** nömrəli Krеdit Razılaşması üzrə müştərək qaydada 22897,2 (iyirmi iki min səkkiz yüz doxsan yeddi manat 20 qəpik) manat əsas borc, 1918,71 (min doqquz yüz on səkkiz manat 71 qəpik) manat faiz borcu, 737,28 (yeddi yüz otuz yeddi manat 28 qəpik) manat cərimə və 166,66 (yüz altmış altı manat 66 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 25719,85 (iyirmi beş min yeddi yüz on doqquz manat 85 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan (cavabdeh) Cavabdeh4 (VÖEN **********) və zaminlər (cavabdehlər) Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müvafiq olaraq 24 avqust 2021-ci il tarixli 011L**********01 nömrəli Uzunmüddətli Kredit Müqaviləsini, 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşmasını və 24 avqust 2021-ci il tarixli 011S**********03 nömrəli, 21 oktyabr 2021-ci il tarixli 011S**********01 nömrəli və 24 avqust 2021-ci il tarixli 011S**********02 nömrəli Zaminlik Müqavilələrini bağlayarkən götürdükləri öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək, borcverən İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri Ödəniş Cədvəlində (Ödəniş Planında) nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, borcverən İddiaçı QSC-dən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739.1, 470.1, 472.1, 472.3, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, 462.1, 465.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.4, 218.3, 119.1, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

15. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərərək Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Əvvəllər kifayət qədər imkanı olan sahibkarlardandır, lakin son bir ildə ziyan etdiyi üçün külli miqdarda borcları yaranmışdır. Məhkəmə göstərilənləri nəzərə almadan təyin edilmiş 737.28 manat cəriməni silməmişdir. Həmçinin, hesab edir ki, məhkəməmühasibatlıq ekspertizası keçirilərsə, daha az borcunun olması müəyyən edilər. Lakin məhkəmə borc məbləğinin tam dəqiq müəyyən olunması üçün ekspertiza təyin etməkdə maraqlı olmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və sübutları tam araşdırmamışdır. Məhkəmə ekspertiza keçirməkdə maraqlı olmamışdır. Məhkəmə iddiada göstərilən məbləğin hesablanması üçün ekspertiza keçirmək əvəzinə yalnız ümumi əsaslarla iddianı təmin etmişdir. Bu isə iddianın təmin olunması üçün əsas deyildir. Məhkəmə mötəbər olmayan sübutlara əsaslanmışdır. Hesab edir ki, daha mötəbər sübut ekspertiza rəyi ola bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə faiz və cərimənin hesablanma qaydası göstərilmişdir. Borc məbləği ödənmədiyi təqdirdə sistem avtomatik olaraq faiz və cərimə məbləğini hesablayır. İş üzrə ekspretiza keçirilsə belə, borc məbləği dəyişməyəcəkdir. Ekspertiza keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsində vəsatət təqdim edilməli idi. Halbuki, tərəfin belə bir vəsatəti olmamışdır.

19. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar (...)385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh4r arasında 24 avqust 2021-ci il tarixli 011L**********01 nömrəli Uzunmüddətli Kredit Müqaviləsi, Uzunmüddətli Kredit Müqaviləsi əsasında 21 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli Kredit Razılaşması bağlanmışdır. Uzunmüddətli Kredit Müqaviləsinə əsasən Bank bu Müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit Alana 500000 manat məbləğində Uzunmüddətli Kredit Xəttini açmışdır. Borcverən İddiaçı QSC və müvafiq olaraq zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə ayrı-ayrılıqda 21 oktyabr 2021-ci il tarixli 011S**********01 nömrəli, 24 avqust 2021-ci il tarixli 011S**********02 nömrəli və 24 avqust 2021-ci il tarixli 011S**********03 nömrəli Zaminlik Müqavilələri bağlanmış, həmin müqavilələr üzrə zaminlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 zamin olaraq kreditalan Cavabdeh4 Uzunmüddətli Kredit Müqaviləsi və bu Uzunmüddətli Kredit Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə», «Akkreditiv açılması üçün razılaşma» və «Bank hesabının kreditləşdirilməsi barədə razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar əsasında alınan kredit üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə Kreditalanla birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər.

25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iş üzrə ekspertiza keçirilmədən borc məbləğinin müəyyən edilməsi və 737.28 manat cərimənin silinməməsi ilə bağlıdır. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, məhkəməmühasibatlıq ekspertizası keçirilərsə, daha az borcunun olması müəyyən edilər.

27. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir.

28. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hazırkı şikayəti verən Cavabdeh4 birinci instansiya məhkəməsinin 28 iyun 2024-cü il və 24 iyul 2024-cü il tarixli hazırlıq iclası və baxış iclası barədə məlumatlandırılmış, lakin məhkəmə iclaslarında iştirak etməmişdir. Eynilə cavabdeh apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak etməmiş, hesablanmış borc məbləğinin əsassızlığının nədə ifadə olunduğunu, cərimə borcunun silinməli olması barədə mövqeyini bildirməmiş, bununla bağlı məhkəmələrə heç bir dəlil, əsaslandırma təqdim etməmişdir.

29. Kollegiya şikayətlə əlaqədar, həmçinin, öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərək qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.

30. Apellyasiya şikayətinin dəlillərindən də görünür ki, Cavabdeh4 tərəfindən borc məbləğinin ödənilməməsi hazırkı borcun yaranmasına səbəb olmuşdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi, dəbbə pulunun azaldılması üçün onun tənasübsüz surətdə yüksək olması müəyyən olunmalıdır. İş materiallarından görünür ki, 22897,2 manat əsas borc, 1918,71 manat faiz borcu qarşılığında 737,28 manat cərimə borcu iddia olunmuşdur.

31. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

32. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

33. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(119)- 988/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar