Məhkəmə qərarları › İş №2-2(105)-116/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-116/2022

10.10.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-116/2022 10.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli e- 2-2(119)-1659/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “vurulmuş ziyanın tutulması, icra vərəqinin icra edilməməsi və borcun əvəzləşdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 1(103)-667/2022 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli 1(101)205/2022 saylı hökmü ilə müəyyən edilmiş Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə vurulmuş 4 290 232,73 manat məbləğində ziyan, 400 manat məbləğində mediasiya xərci və 2535,12 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4293167,85 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulması, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2-2(105)12/2021 saylı qətnaməsi üzrə Cavabdeh MMC-yə ödənilməli olan 111067,61 manat pul vəsaitinin hazırkı iş üzrə İddiaçı ASC-yə ödənilməli olan 4293167,85 manat pul vəsaitindən qarşılıqlı əvəzləşdirilərək çıxılması və tələblərin əvəzləşdirilməsindən sonra 4182100,24 manat məbləğində vurulmuş ziyanın Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli e-2-2(119)- 1659/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 152.1.1-ci və 152.1.7-ci maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələrlə razı deyillər, sözügedən qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsində “vurulmuş ziyanın tutulması və borcun əvəzləşdirilməsi” tələbləri ilə yanaşı, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi” barədə qətnamə qəbul edilməsi də xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin bu tələblə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, iddia ərizəsində qeyd olunan həmin tələblə əlaqədar Sumqayıt Kommersiya Məhkəməsinə deyil, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra işinin icraatında olan müvafiq icra məmuruna və yaxud, icra məmurunun hərəkətlərindən və yaxud qərarlarından isə müvafiq aidiyyəti məhkəməyə aryıca icraat üzrə müraciət oluna bilər. Çünki, həmin tələb mahiyyəti etibarilə icra mərhələsində olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə verilmiş müstəqil bir icra vərəqəsi üzrə icraatın dayandırılması və yaxud, icra işinin xitam edilməsini ehtiva edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda bu hərəkətlər üzrə müvafiq qaydalar müəyyən edilmişdir və həmin qaydaların yerinə yetirilməsi bu iddia ərizəsi ilə verilmiş digər iddia tələbləri ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olan və həll edilən mübahisələrə aid deyildir. Ona görə də, “Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli 2-2(105)-12/2021 saylı icra vərəqinin icra edilməməli hesab edilməsi” barədə tələbə iddia ərizəsində qeyd olunan “vurulmuş ziyanın tutulması və borcun əvəzləşdirilməsi” barədə digər tələblərlə birlikdə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan başqa, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iş üzrə tərəflərin – yəni, iddiaçının və cavabdehin ünvanları göstərilməmişdir. Halbuki, Mülki- Prosessual Məcəllənin tələblərinə görə iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) tərəflərin, yəni iddiaçının və cavabdehin ünvanları da göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1659/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1659/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar