Məhkəmə qərarları › İş №2-2(105)-116/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-116/2024

04.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-116/2024 04.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1094/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması tələbi barədə” kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh DCLT00278228-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 123,57 manat faiz borcu, 362,84 manat cərimə borcu olmaqla, cəmi 486,41 manat (dörd yüz səksən altı manat qırx bir qəpik) məbləğində borcun, 41040AZNSK********** saylı kredit kartı üzrə overdraft əməliyyatına əsasən 1990,60 manat (min doqquz yüz doxsan manat altmış qəpik) məbləğində əsas borcun və ödənilmiş 44,78 manat (qırx dörd manat yetmiş səkkiz qəpik) məbləğində dövlət rüsumu əvəzinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 08 iyul 2024-cü il tarixdə məhkəməyə etiraz ünvanlamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyul 2024-cü il tarixli e-2-2(119)-1094/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı verilmiş “borcun tutulması tələbi barədə” kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. 31 avqust 2024-cü il tarixdə Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə vəsatət təqdim edərək hazırkı işin ərazi adiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 02 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim olunaraq cavabdeh tərəfindən verilmiş vəsatətin təmin edilməməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1094/2024 nömrəli qərardadı ilə Cavabdeh “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatəti təmin edilməmişdir. Cavabdeh 17 sentyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1094/2024 nömrəli nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi barədə” iddia ərizəsinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” vəsatətin təmin edilməsini və hazırkı işin ərazi adiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandıırlmışdır ki, məhkəmə haqlı olaraq yaşayış yerinin şəxsiyyət vəsiqəsinə istinad edərək Zəngilan rayonu, Ağalı kəndi olduğunu əsas gətirərək iddia ərizəsini aidiyyət qaydalarına riayət etməklə icraata götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Zəngilan rayonu Sumqayıt Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Lakin məhkəmə onun 1993-cü ildən etibarən bugünədək məcburi köçkün olduğunu, hökümətin müəyyən etdiyi qaydada yerli icra hakimiyyəti orqanının onu Bakı şəhəri, Səbail rayonu, Cənub Buxtası-2, Gəmi Təmiri zavodunun həyətində müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin etməsi barədə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərini pozmaqla nəzərə almamışdır. Bununla əlaqədar olaraq məhkəmə həmçinin şəxsin yaşayış yerinin - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşüldüyü halda və onun hazırda qeyd edilən ünvanda 31 ildən çox (əgər torpaqlar hələ də işğaldan azad olunmasaydı daimi (halbuki, hələ də həmin ünvanda)) yaşamağına baxmayaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələblərini də pozmaqla nəzərə almamışdır. Halbuki, fiziki şəxsin adətən yaşadığı yerin onun yaşayış yeri sayılmasına baxmayaraq, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinin tələblərini də pozmaqla nəzərə almamışdır. Hətta hesab etsələr ki, məhkəmə cavabdehin yaşayış yeri üzrə istinad etdiyi hüquq normalarına əsasən doğru nəticəyə gəlmişdir, həmin mülki hüquq norması Mülki Məcəllənin 27.1-ci maddəsi ilə ziddiyət təşkil etdiyindən məhkəmə Mülki Məcəlləni tətbiq etməli idi. Bununla da, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2.5-ci maddəsinin tələblərini pozmaqla nəzərə almamışdır. Məhkəmənin öz qərardadında qeyd etdiklərindən də məlum olur ki, iş icraata götürülərkən cavabdehin yaşayış yeri Zəngilan rayonu Ağalı kəndi olaraq müəyyən edilmişdir. Lakin, yuxarıda da qeyd edilənlərdən sübut olunur ki, cavabdeh işin ərazi aidiyyəti üzrə onun yaşadığı yerin məhkəməsinə verilməsi haqqında vəsatət verməkdə haqlı olmuşdur, ancaq məhkəmə MPM-in 44.2.1-ci maddəsində qeyd edilən halın müəyyən edilmədiyini bildirməklə yanlışlığa yol vermişdir. Bununla da MPM-in 44.2.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Zəngilan rayonu 2020-ci ilin oktyabrından azad olunmuş və dövlət Zəngilan torpaqlarından didərgin düşmüş məcburi köçkünləri Zəngilan rayonuna öz doğma torpaqlarına mərhələli şəkildə tikintisi başa çatmış fərdi yaşayış evləri ilə təmin etməklə geri qaytarması işlərini yerinə yetirir və bu işi davam etdirməkdədir. Hamıya məlumdur ki, Zəngilan rayonu Ağalı kəndindən olan bir sıra məcburi köçkünlər öz doğma torpaqlarına qaytarılmış və hələ də bir çox məcburi köçkünlər, o da daxil, Ağalı kəndinə köçürülməmiş və hələ də Bakı şəhərində yaşamaqda davam edirlər. Bu səbəbdən, yuxarıda da əsaslandırıldığı kimi, yaşayış yerinin Bakı şəhəri olması öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə öz qərardadında da qeyd etdiyi kimi, şəxsiyyət vəsiqəsini əsas götürməklə yaşayış yerinin Zəngilan rayonu Ağalı kəndi olduğu qənaətinə gəldiyindən işi icraata ərazi aidiyyət qaydalarını pozmadan götürsə də, sonradan yaşayış yerinin Bakı şəhəri olduğu məhkəməyə məlum olduqda işi başqa məhkəməyə verməli olduğu halda, onun razılığı olmadan işə Sumqayıt Kommersiya Məhkəməsində baxmağa davam etmişdir. Bununla da, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərini pozmaqla nəzərə almamışdır. Bununla yanaşı işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə qarşı iddiaçının etirazına münasibətdə qeyd edilməlidir ki, əvvəla, şifahi məhkəmə iclası dedikdə həm yazılı etiraz-mülahizə, vəsatət və digər sənədlər göndərilməklə yanaşı, tərəflərin məhkəmədə iştirak etmək hüququ və vəzifəsi də olur, məhkəmə onları iştirak etmək istəyirlərsə mütləq məhkəmədə iştirakını təmin etməklə dinləməlidir, zərurət olarsa işə digər şəxslərin (üçüncü şəxslər, şahidlər, müətəxəssislər, iş üzrə rəy vermiş ekspertlərin və s.) də iştirakı təmin edilməli, izahatları alınmalı, suallar verilməli və digər zəruri prosessual hərəkətləri yerinə yetirməlidir. Yazılı icraat isə proses iştirakçılarının məhkəmə iclasında iştirakının təmin edilməsinə, eləcə də sadalanan bu və ya digər zəruri prosessual hərəkətlərin aparılmasına zərurət olmayan məhkəmə icraatıdır. Etirazın digər dəlillərinə gəlincə isə qeyd edilməlidir ki, bəli, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərinə cavab verən istənilən şəxs (cavabdeh) işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verməklə məhkəmənin işi başqa məhkəmədə baxılmağa verilməsinə, yəni haqlı olaraq məhkəmə ərazi aidiyyətinin dəyişdirilməsinə nail ola bilər. Bu səbəbdən etirazın dəlillərinin heç bir hüquqi əsası yoxdur, əksinə, onun vəsatəti tam qanuni və əsaslıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 2-2(119)- 1094/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-2(119)-1094/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur. Qanunvericiliyin mövqeyinə görə, şəxsin şəxsiyyət vəsiqəsində göstərilən, yəni rəsmi qeydə alındığı (qeydiyyatda olduğu) ünvan onun yaşayış yeri sayılır. Mülki-Prosessual Məcəllə bəzi kateqoriya işlər üzrə iddia ərizəsinə (ərizəyə) cavabdehin (maraqlı şəxsin) rəsmi qeydə alındığı yerin deyil, yaşadığı (olduğu) yerin məhkəməsində baxılmasını müəyyən etmişdir. Məsələn, MPM-in 355-5.2-ci maddəsinə görə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Göründüyü kimi, mülki işlərin növündən və ya işdə iştirak edən şəxslərin sosial-ailə vəziyyətindən asılı olaraq qanunvericilik iddia ərizəsinin (ərizənin) bəzən tərəfin (maraqlı şəxsin) rəsmi qeydə alındığı yerin, bəzən isə yaşadığı (olduğu) yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmişdir. Lakin MPM-in 35.1-ci maddəsi üzrə istisna hallar məcburi köçkünlərə şamil edilməmiş, eləcə də həmin Məcəllənin 4-cü fəslində məcburi köçkünlər üçün ərazi aidiyyəti ilə bağlı başqa qayda müəyyən olunmamışdır. Digər tərəfdən, əhalisi məcburi köçkünlər olan rayonların ərazi yurisdiksiyaları müəyyən olunarkən həmin rayonlardan olan sakinlərin daha sıx məskunlaşdıqları ərazilər nəzərə alınmış və onlar üçün daha əlverişli (əlçatan) imkanlar nəzərdə tutulmuşdur. Bu baxımdan, şikayətçi (cavabdeh) Cavabdeh Bakı şəhərindəki faktiki yaşayış yeri Sumqayıt Kommersiya Məhkəməsinə bu Məhkəmənin yurisdiksiyasına aid olan əksər rayonlardan daha yaxındır. Cavabdehin onun vəsatətinin MPM-in 44.2.1-ci maddəsinə əsasən təmin edilməli olması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu normanın tətbiqi həmin Məcəllənin 36.1-ci maddəsində nəzərdə tutulmuş hala aiddir. Belə ki, MPMin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan cavabdehə qarşı iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər... İddia ərizəsini cavabdehin əmlakının olduğu yer və ya məlum olan axırıncı yaşayış yeri üzrə icraata qəbul etmiş məhkəmə sonradan, MPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq, işdə iştirak edən cavabdehin vəsatətinə əsasən həmin işi sonuncunun yaşadığı yerin məhkəməsində baxılmağa verir (göndərir). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətini təmin etməməkdə düzgün nəticəyə gəlmiş, məhkəmə tərəfindən ərazi aidiyyəti qaydasının pozuntusuna yol verilməmişdir. Cavabdehin onun vəsatətinin təmin olunmaması barədə qərardaddan verdiyi şikayətin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-2(119)-1094/2024 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Odur ki, şikayət təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2- 2(119)-1094/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə müvafiq olaraq, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin hazırkı kommersiya işi üzrə 02 sentyabr 2024cü il tarixli, 2-2(119)-1094/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar