Məhkəmə qərarları › İş №2-2(105)-117/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-117/2022

01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-117/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun tutulması» tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(119)- 672/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC ondan ümumilikdə 1092,64 ton həcmində 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda və sair məhsullar almışdır. Alınmış məhsullar müqaviləyə əsasən təqdim edilmiş elektron qaimə fakturalarla təsdiq edilmişdir. Lakin, Cavabdeh ASC-nin müqaviləyə əsasən 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində borcu yaranmışdır ki, həmin borc bu günə qədər ödənilməmişdir. Cavabdeh borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrlə cavabdeh şirkətlə borcun qaytarılması ilə bağlı əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış və Cavabdeh ASC ona olan 231954 manat məbləğində borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də o, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh öz öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilənin və mövcud qanunvericiliyin tələblərini aşkar və kobud şəkildə pozmuşdur. Cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi müvafiq hüquqi məsuliyyətə səbəb olmaqla yanaşı, həmçinin müqavilə üzrə ödənilməmiş 231954 manat məbləğində pulu geri qaytarmayaraq, öhdəliyin icra edilməməsi ilə bağlı cavabdehin vurduğu digər zərəri ödəmək vəzifəsi də əmələ gətirmişdir. Cavabdeh tərəfindən ona qaytarılmalı olan 231954 manat məbləğində pul əsassız olaraq saxlanılmaqla ona daha çox zərər vurulmuşdur. Belə ki, o, 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pulu Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsi ilə depozit hesabı açdıraraq əmanət qoya və belə olan halda isə artıq bir il müddət ərzində minimum 15% olmaqla həmin məbləğdən bir ilə 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat gəlir əldə edə bilərdi. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı həmin gəlirdən də məhrum olmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia tələbinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı öz iddia tələbində Cavabdeh ASC-dən 231954 manat məbləğində əsas borcun və 34793 manat məbləğində əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəla, iddia ərizəsində göstərilən satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsi üzrə ümumilikdə 1092,64 ton həcmində, 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda məhsulu alınması fikri doğru deyildir. Çünki, faktiki olaraq İddiaçı müqavilənin 3 və 4 nömrəli Əlavələrinə əsasən Cavabdeh ASC-yə buğda məhsulu satacağı barədə tərəflər arasında razılıq olduğu görünsə də, ancaq həmin məhsulun həqiqətən də Cavabdeh ASC-yə təqdim edilməsinə və təhvil verilməsinə dair hər hansı bir təsdiqedici sənəd mövcud deyildir. İddiaçının nə özü, nə də nümayəndəsi tərəfindən məhkəməyə məhsulun doğrudan da Cavabdeh ASC tərəfindən qəbul edilməsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Düzdür, məhsulun satışı barədə “elektron qaimələr” mövcuddur. Ancaq, bu elektron qaimələr məhsulun müqavilə üzrə alıcı Cavabdeh ASC-yə həqiqətən də təqdim edilməsini sübut etmir. Çünki, satıcı İddiaçı və alıcı Cavabdeh ASC arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsinin 2.2.6-cı bəndində göstərilib ki, alıcıya mallar təhvil verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da Satıcı təqdim etməlidir. Halbuki, cavabdehin iddiaçıya borcu olduğunu təsdiq etmək üçün malın həqiqətən də təhvil verildiyini təsdiq edən nə belə bir qaimə-fakturalar, nə də təhvil-təslim aktları mövcud deyildir. Elektron qaimələri təsdiq edən isə cavabdehin həmin məhsulu birbaşa qəbul edən nümayəndəsi yox, kompyuter arxasında əyləşib, ofisdə çalışan əməkdaşı olmuşdur. Burada həmin elektron qaimələr virtual qaydada təsdiq edildiyi zaman məhsulun həqiqətən də təhvil verilməsini təsdiq edən qaimə-fakturaların, təhvil-təslim aktının olub-olmamasına baxılmamışdır. İddianın araşdırılması ilə əlaqədar Cavabdeh ASC-nin Daxili Audit və Nəzarət Departamenti tərəfindən Şirkətin həm elektron baza arxivinin, həm də fiziki arxivinin araşdırılması həyata keçirilmiş və həmin audit nəticəsində iddiaçının bildirdiyi alışları təsdiq edən hər hansı bir sənədə rast gəlinmədiyi barədə Audit rəyi tərtib olunmuşdur. Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcının əşyanı vermək vəzifəsi qeyd olunub və göstərilib ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Cavabdehə təqdim edilməsi faktı iddiaçı tərəfindən sübut edilməyən məhsula görə ondan əsas borc ilə yanaşı, üstəlik əldən çıxmış faydanın da tələb edilməsi absurddur və qəbul edilməzdir. Həmçinin, nəzərə almaq lazımdır ki, əldən çıxmış faydanın hesablanması zamanı aparılan hesablama da yanlışdır. Belə ki, əldən çıxmış fayda borcun yaranmasından bir il müddətinə olan dövr üçün hesablanmışdır. Halbuki, mövcudluğu sual doğuran borcun yaranmasından iddianın verildiyi anadək olan müddət hesablama ilə uyğun gəlmir. Göründüyü kimi, İddiaçı borcun həqiqətən də yaranması faktını təsdiq edən qaimə-fakturaların, yaxud təhvil-təslim sənədlərinin nə iddia ilə birlikdə, nə də məhkəmə baxışı zamanı təqdim edilməməsi iddiaçının iddiasının əsassız olduğunu sübuta yetirir. Həmçinin, tərəflər arasında borcun olmasını təsdiq edən üzləşmə aktının olmaması və məhkəməyə təqdim edilməməsi də iddiaçının tələbinin faktiki sübutu olmadığını göstərir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(119)- 672/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(119)-672/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-2(105)-11/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(119)-672/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən Fuad Məmmədov, hakimlər Zaur Məmmədov və Rəşadət Ağayev). Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-2(105)-11/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını və ya işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 avqust 2022-ci il tarixli, 2-2(102)-439/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 fevral 2022-ci il tarixli 2-2(105)-11/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim Bəhman Qəribov, hakimlər İsmayıl Xəlilov və Ələsgər Əliyev). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin faktiki hallarını tam araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş və təhrif olunmuş məlumatlar əsasında qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə ki, məhkəmə zamanı iddiaçı ilə cavabdeh arasında bağlanmış iddianın əsasını təşkil edən borcun etirafı barədə sübutlar məhkəməyə tədqim edilmiş, buradan isə cavabdehlə iddiaçı qarşısında olan öhdəliyin olduğu müəyyən olunmuşdur. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə prosesləri zamanı iddianı qismən etiraf etmiş və malda nöqsanlar olduğu üçün borcu ödəmədiklərini bildirmişdir. İşin sülh yolu ilə həll edilməsi üçün məhkəmədən vaxt istəmişdir. Daha sonra proseslər zamanı isə məhkəməyə daxili audit ziyanı təqdim etmişdir ki, bu da öz növbəsində əsassız olmaqla, cavabdehin daxili audit rəyi borcun olmasına dair sübut kimi qəbul edilə bilməzdi. Belə ki, cavabdeh aldığı məhsula görə yaranmış 392.257 manat borcdan 160.303 manat hissəsini ödəmişdir. Hazırki məhkəmə mübahisəsindən öncə tərəfindən cavabdehə pretenziya qaydasında məktub göndərilmiş, həmin vaxt cavabdehin ona 281.954 manat borcu olmuşdur. Cavabdeh pretenziya məktubunu aldıqdan sonra 50.000 manat məbləğində borcdan ödədiyi üçün iddia 231.954 manat həcmində məhkəməyə yenidən təqdim etmişdir. Bütün bu hallar məhkəmə prosesləri zamanı müəyyən edilsə də, məhkəmə qərəzli olaraq cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddəyə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının nümyaəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası əsas borc tələbinə dair hissədə tam, əldən çıxmış faydaya dair hissədə isə qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir: İş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı (VÖEN **********) ilə alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndində göstərilir ki, bu Müqaviləyə əsasən Satıcı Müqavilə qüvvədə olduğu müddətdə, Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, Alıcı isə həmin malları Satıcı tərəfindən malla birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndindən görünür ki, tərəflərin razılığına əsasən, malların Satıcı tərəfindən Alıcıya təhvil verilməsi müddəti Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilir. Həmin Müqavilənin 2.2-cı bəndinin tələblərinə görə, malı Müqavilə ilə müəyyən edilmiş müddətdə Alıcının mülkiyyətinə vermək (2.2.1.), Alıcıya üçüncü şəxslərin hüquqlarından azad mal vermək (2.2.2.), Alıcıya tərəflər arasında bu Müqavilə ilə razılaşdırılmış çeşiddə, ölçüdə, miqdarda, müddətdə, keyfiyyətdə olan mal vermək (2.2.3.), Alıcıya əşyaları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək (2.2.4.), Alıcıya mallarla birgə qanunvericilikdə tələb olunan və həmçinin Alıcı üçün zəruri olan sertifikatları da (gigiyenik, uyğunluq və s.) təqdim etmək (2.2.5.) və Alıcıya mallar verilərkən təhvil-təslim prosesini təsdiq edən və ödənişin əsası sayılan qaimə-fakturaları da təqdim etmək (2.2.6.) Satıcının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 2.3.5-ci bəndinə əsasən, mallarla birgə hər dəfə qaiməfakturaların da verilməsini tələb etmək, əgər qaimə-faktura təqdim edilməzsə qaiməfaktura verilənədək malların qəbulundan imtina etmək – Alıcının hüququ kimi müəyyən edilmişdir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə qüvvədə olduğu müddətdə, mallar Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən ünvanda Satıcı tərəfindən Alıcıya təhvil veriləcəkdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən, Satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 4-cü bəndinə əsasən, Alıcı malın dəyərinin ödənilməsini Müqavilənin ayrılmaz tərkib hissələri olan X2 göstərilən şərtlərə uyğun həyata keçirir. Həmin Müqavilənin 7.4-cü bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərin pozulması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə tərəflər məsuliyyət daşıyır. Həmin Müqavilənin 10.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X1 görünür ki, ümumilikdə dəyəri 359000 (üç yüz əlli doqquz min) manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmişdir. Həmin X4n 1-ci bəndlərinə əsasən, mallar - sifariş verildikdən sonra 1 (bir) iş günü ərzində Satıcının Giləzi rayonunda yerləşən ünvanında Satıcı tərəfindən Alıcıya təhvil verilir. Həmin X4n 2-ci bəndlərinə əsasən, malların dəyəri - mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 (otuz) gün ərzində köçürmə yolu ilə Alıcı tərəfindən Satıcıya ödənilir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən “buğda” satışı ilə əlaqədar ödənilməli olan müxtəlif məbləğlərdə pul vəsaitlərinin göstərildiyi və “Əsas” qrafasında (sətrində) “Müqaviləyə əsasən” qeydi aparılmış 2020-ci ilin sentyabr ayına aid Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında yaradılmış elektron qaimə-faktura sistemində alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə təqdim edilməsi məqsədilə elektron qaydada Elektron Qaimələr tərtib olunmuşdur. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Daxili Audit və Nəzarət Departamentinin direktoru tərəfindən imzalanaraq möhürlənmiş 17 iyun 2021-ci il tarixli Audit Rəyi ilə müəyyən olunur ki, 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi üzrə satılması nəzərdə tutulan malların alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilməsini təsdiq edən sənədlər audit araşdırması zamanı aşkar edilməmişdir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli 1073 nömrəli ödəniş tapşırığından görünür ki, alıcı tərəfindən satıcıya 50.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 4 may tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında yaranmış 231.954 manat məbləğində borcu 2021-ci ilin 7 may tarixinə kimi ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA- 486 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X3 əsasən ümumi dəyəri 359000 manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmiş olsa da, həmin malların Müqavilə şərtlərinə və Mülki Qanunvericiliyin tələblərinə uyğun olaraq Satıcı tərəfindən Alıcıya təhvil verilməsi, yəni malların faktiki alqı-satqısının baş tutması mötəbər sübutlar əsasında öz təsdiqini tapmamışdır. Sadalanan xüsusatlara əsaslanan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandığı hallara istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və müəyyən edilmiş hallara əsasən tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 385.1, 425.1, 433.3, 427, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarının 2.5.3, 3.7, 3.9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 2.2.2, 2.2.3, 2.2.6, 2.2.9, 3.4, MPM-nin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 16 avqust 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 21 fevral 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə kollegiyasının işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərarında aşağıdakılar qeyd olunmuşdur: Hazırkı, mübahisə malların cavabdehə təhvil verilib-verilməməsi ilə əlaqədar olmuşdur ki, iş materiallarında cavabdehə iddiaçı tərəfindən göndərilmiş 13 ədəd elektron qaimə mövcuddur. Həmin elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi, tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin buraxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə, məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür. Bundan başqa o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınmış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir. Yalnız bundan sonra, məhkəməyə 2021-ci il 17 iyun tarixli audit rəyi təqdim edilməklə cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı imzalanmış sənəd və ya sübut, həmçinin imzalanmış qaimə-fakturanın aşkarlanmadığı göstərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında 13 ədəd elektron qaiməfaktura mövcuddur. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Cavabdehin əsas dəlili bundan ibarət olmuşdur ki, iddiaçı tərəfindən malların təhvil verilməsi ilə bağlı hər hansı sənəd təqdim olunmamış, göstərilən qaimələr isə mühasibatlıq tərəfindən təsdiqlənmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il 2 fevral tarixdə cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.954 manat məbləğində borcun olması qeyd edilmiş və onun 25 yanvar 2021-ci il tarixədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin 18 fevral 2021-ci il tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür. Digər tərəfdən, işə apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 31 yanvar tarixli məhkəmə iclas protokoluna əsasən, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 160.303 manat məbləğində malın və tərəflər arasında əvvəllər olmuş işgüzar dövriyyə münasibətləri üzrə malların hansı qaydada təhvil-təslim aparılması barədə sənədlərin təqdim edilməsi təklif olunmuş, lakin bununla bağlı yenə də cavabdeh tərəfindən 2019-cu il 9 iyun tarixdən rəyin verildiyi tarixədək malların təhvil verilməsini sübut edən sənədlərin mövcud olmamasına dair 17 fevral 2022-ci il tarixli daxili audit rəyi təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan müqavilə, müqaviləyə əlavə qiymət razılaşdırma protokolları, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 50.000 manat məbləğində ödəniş tapşırığının mövcudluğu, həmin ödəniş tapşırığında ödənişin təyinatının buğda üçün olmasının göstərilməsi, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında qeyd etdikləri iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən yalnız birtərəfli qaydada tərtib edilmiş sənəd hesab olunan daxili audit rəyləri təqdim olunmuşdur. Digər tərəfdən, 2019-cu il 19 iyun tarixli müqavilədə satıcı tərəfindən təhvil verilməsinin qaimə fakturaya əsasən aparılması qeyd olunsa da, həmin müqavilənin 1.2-ci bəndində malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddətinin müqavilənin ayrılmaz tərkib hissələri olan qiymət razılaşdırma protokollarında da nəzərdə tutulmuş, həmçinin 1.3-cü bəndində razılaşma protokollarında alqı-satqı ilə əlaqədar əlavə şərtlərin də nəzərdə tutulması imkanı istisna olunmamışdır. Qiymət razılaşdırmasına dair 3 və 4 saylı protokolların 2-ci bəndlərində isə malların dəyəri mallar təhvil verildikdən və müvafiq elektron qaimə təqdim edildikdən sonra 30 gün ərzində alıcı tərəfindən satıcıya ödənilməsi şərtləndirilmişdir. Belə olan təqdirdə, həmin müqavilənin tərkib hissəsi olan razılaşdırma protokollarda göstərilmiş bu şərtin inkar edilməsi və həmin protokolların şərtlərinə uyğun olaraq cavabdehə göndərilmiş 13 ədəd elektron qaimə-fakturaların inkar edilməklə yalnız müqavilədə nəzərdə tutulan hesab fakturanın əsas götürülməsi elə bu müqavilənin özünün 1.3-cü bəndinin tələbi baxımından məqbul sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı müəyyən edildi ki, tərəflər arasında mübahisə malların cavabdehə təhvil verilib-verilməməsi və qaimələrin mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, 19 iyun 2019-cu il tarixli SA-486 nömrəli Alqı-Satqı Müqaviləsi və həmin Müqavilə əsasında tərtib edilərək imzalanmış 27 avqust 2020-ci il tarixli 3 nömrəli və 08 sentyabr 2020-ci il tarixli 4 nömrəli X3 əsasən ümumi dəyəri 359000 (üç yüz əlli doqquz min) manat məbləğində olan cəmi 1000 ton miqdarında buğda məhsullarının satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə satılması barədə razılığa gəlinmişdir. İş materiallarında cavabdehə iddiaçı tərəfindən göndərilmiş 13 ədəd elektron qaimə mövcuddur. Həmin elektron qaimələrdə cavabdehin qeyd etdiyi kimi tərəflər arasında bağlanmış müqavilə barədə məlumatlar qeyd olunmasa da, elektron qaimələrin “vahidinin buraxılış qiyməti” bağlı hissəsində 359 rəqəmi öz əksini tapmışdır. Bu isə, məhz tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş vahidin dəyəri ilə üst-üstə düşür. Bundan başqa o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin 24 iyun 2021-ci il tarixli məhkəmə iclası protokolunda cavabdehin nümayəndəsi tərəflər arasında müqavilənin bağlandığını, borcun həmin müqaviləyə əsasən yarandığını, 392.257 manat məbləğində borcun olduğunu, müəyyən ödənişlərin edildiyini, pandemiya şəraitinə görə cavabdehin öz öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyini, quşların həmin buğda məhsullarını yedikdən sonra ölüm hallarının çoxaldığını, iddiaçıdan alınmış buğda məhsulları ilə əlaqədar araşdırma aparıldığını, borcun 231.954 manat olduğunu, cavabdehin barışığa razı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edildi ki, iş materiallarında 13 ədəd elektron qaimə-faktura mövcuddur. Həmin elektron qaimə-fakturalar faktiki olaraq 2020-ci ilin sentyabr ayında müəyyən ardıcıllıqla cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Məhsulun təhvil verilməməsi elektron qaimələrin isə yalnız mühasibatlıq tərəfindən təsdiqlənməsi ilə bağlı dəlilləri həm cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin göstərilən elektron qaimələrlə bağlı Qaydalara uyğun olaraq etiraz etmək hüququndan istifadə edilməməsi baxımından ağlabatan hesab edilə bilməz. Digər tərəfdən, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 2021-ci il 2 fevral tarixdə cavabdehə göndərilmiş pretenziyada tərəflər arasında bağlanmış müqavilənin bağlanma tarixi və sayı da göstərilməklə 281.954 manat məbləğində borcun olması qeyd edilmiş və onun 25 yanvar 2021-ci il tarixədək ödənilməsinin təmin olunması xahiş edilmişdir. İş materiallarında olan cavabdehin 18 fevral 2021-ci il tarixli ödəniş tapşırığı ilə 50.000 manat iddiaçının hesabına köçürülmüşdür. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində əsas borcun və 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın Cavabdeh ASC-dən tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.ə. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-ci maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Həmin Məcəllənin 433.3-cü maddəsinə əsasən öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 570.1.1-ci maddəsinə əsasən müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.1-ci yarımbəndinə əsasən, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci yarımbəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.3-cü yarımbəndinə əsasən bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. Həmin Qaydaların 2.1-ci yarımbəndinə əsasən elektron qaimə-faktura malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində (bundan sonra - İnternet Vergi İdarəsi) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinə daxil olaraq elektron qaiməfakturanı hazırlayır, təsdiq edir və alıcıya təqdim edir. Həmin Qaydaların 3.1-ci yarımbəndinə əsasən vergi ödəyicisi alıcıya elektron qaiməfakturanı elektron formatda təqdim edir. Həmin Qaydaların 3.2-ci yarımbəndinə əsasən elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. Həmin Qaydaların 3.7.1-ci yarımbəndinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Həmin Qaydaların 3.12-ci yarımbəndinə əsasən vergi ödəyicisi kimi uçotda olan, lakin elektron kabineti olmayan vergi ödəyicisinə göndərilmiş elektron qaimə-fakturanın düzəliş edilməsinə zərurət yarandıqda, elektron qaimə-faktura ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh yerinə yetirməli olduğu öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün, yəni onun tərəfindən imzalanmış müqavilənin ayrılmaz tərkib hissələri sayılan X2, həmçinin qaimə-fakturalarda göstərilən məbləğdə qaytarmalı olduğu pul vəsaitini tam həcmdə ödəmək öhdəliyini yerinə yetirmədiyi üçün ödənilməmiş 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası, eyni zamanda iddia tələbinin borc məbləğinə hesablanmış 34793 (otuz dörd min yeddi yüz doxsan üç) manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla əlaqədar iddiaçı öz tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 449.1 və 449.2-ci maddələrinə istinad etmişdir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddiaçının həmin tələbi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Şərh olunanlardan göründüyü kimi iddiaçının əldən çıxmış faydaya görə daha çox məbləğ tələb etməsinin digər əsasları təsdiq olunmur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsinə, eləcə də müqavilənin ayrılmaz tərkib hissələri sayılan X3, həmçinin qaimə-fakturalarına əsasən Cavabdeh ASC iddiaçıdan ümumilikdə 1092,64 ton həcmində 392257 (üç yüz doxsan iki min iki yüz əlli yeddi) manat dəyərində buğda və sair məhsullar almış, borc məbləğində müəyyən miqdarda ödənişlər etsə də, 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində borcu qaytarmayaraq iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə iddiaçıya qaytarmalı olduğu, lakin qaytarılmayan 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat pulun gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmaqla, yəni 11597 (on bir min beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsi, həmin Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X4, həmçinin qaimə-fakturalar üzrə ödənilməmiş 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti və gecikdirilmiş vaxt üçün hesablanmış 5% dərəcəsində olan 11597 (on bir min beş yüz doxsan yeddi) manat məbləğində pul, cəmi 243551 (iki yüz qırx üç min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, e-2-2(119)- 672/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 iyun 2019-cu il tarixli SA-486 saylı alqı-satqı müqaviləsi, həmin Müqavilənin ayrılmaz tərkib hissələri sayılan X4, həmçinin qaimə-fakturalar üzrə ödənilməmiş 231954 (iki yüz otuz bir min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti və gecikdirilmiş vaxt üçün hesablanmış 5% dərəcəsində olan 11597 (on bir min beş yüz doxsan yeddi) manat məbləğində pul, cəmi 243551 (iki yüz qırx üç min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar