Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-119/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, X1 ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı verilmiş “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli e-2-2(119)-1687/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli e-2-2(119)- 1687/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi əsas kimi Sumqayıt Melioservis İdarəsinin hüquqi şəxs olmadığından, mülki icraatda tərəf kimi, yəni cavabdeh kimi çıxış edə bilməməsini göstərmişdir. Qərardad əsassız olaraq qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, İddiaçı ASC-nin Xətai filialı ilə "xxxx" ASC-nin X3 Xidməti İdarəsi (**********) ilə (Prinsipial) bağlanmış 10 aprel 2018-ci il tarixli, 31/107-AD saylı Müqaviləyə əsasən "xxxx" ASC-nin X3 Xidməti İdarəsinə ( **********13) mart 2020-ci il tarixədək illik 4 (dörd) % olmaqla 29 050 (iyirmi doqquz min əlli) manat məbləğində Bank Qarantiyası verilmişdir. Göründüyü kimi, müqavilə "xxxx" ASC-nin X3 Xidməti İdarəsi ilə bağlanıb. İdarənin kommersiya qurumlarının dövlət reyestrində qeydi aparılaraq, həmin idarəyə ayrıca VÖEN verilmişdir. İddiaçı ASC tərəfindən pretenziya qaydasında cavabdehə ünvanladığı məktubların nəticəsi olaraq bəlli olmuşdur ki, "xxxx" ASC-X3 Xidməti İdarəsi (**********) 06 avqust 2018-ci il tarixdə ləğv olunmuş və onun hüquqi varisi kimi Sumqayıt Melioservis İdarəsi (**********) elan edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi internet portalında Sumqayıt Melioservis İdarəsinin (**********) ayrıca vergi ödəyicisi kimi qeydiyyata alındığını görmək mümkündür. X5 İdarəsinin elektron portalında Sumqayıt Melioservis İdarəsinin (**********) 20 sentyabr 2022-ci il tarixə 1504.34 manat vergi borcunu olması müəyyən edilmişdir. Göründüyü kimi, vergi borcu "xxxx" ASC-nın vergi borcu kimi yox, Sumqayıt Melioservis İdarəsinin (**********) vergi borcu kimi göstərilmişdir və belə olan təqdirdə Sumqayıt Melioservis İdarəsinin vergi öhdəliyini yerinə yetirməcəyi təqdirdə, vergi borcunun ödənilməsi istiqamətində tədbirlərin kimə qarşı görüləcəyi sualı yaradır. Sumqayıt Meliorasiya İdarəsi dəfələrlə keçirilmiş tenderlərdə qalib olaraq müqavilə bağlamışdır (https://www.etender.gov.az/media/contractsregister). Əlavə olaraq, Sumqayıt Meliorasiya İdarəsinin ayrıca VÖEN var və fəaliyyəti ilə bağlı öhdəliklərə görə məsuliyyəti özü daşıyır. Bu amilləri nəzərə alaraq Sumqayıt Meliorasiya İdarəsi hüquqi şəxs olaraq öhdəlikləri üzrə cavabdehdir. Həmçinin məhkəmə bu nəticəyə gələn zaman cavabdehin ayrıca VÖEN olmasını nəzərə almayıb və təşkilatı-hüquqi formasını müəyyənləşdirmək üçün müvafiq sorğular verməmişdir. İddia ərizəsi məhkəməyə verilərkən 149.2-1-ci, 150.1.4-cü, 150.1.6cı, 150-2-ci maddələrinə riayət olunmaqla verilib və bu səbəbdən iddia ərizəsinin bu normalara istinad edilib geri qaytarılması əsassızdır. Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci, 149.2.4- 1, 150.1.4-cü, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən, iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet –vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Göründüyü kimi, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 149.2.2, 149.2.3, 149.2.4-1, 150.1.4, 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Şikayətin dəlili ondan ibarət olmuşdur ki, müqavilə "xxxx" ASC-nin X3 Xidməti İdarəsi ilə bağlanıb. İdarənin kommersiya qurumlarının dövlət reyestrində qeydi aparılaraq, həmin idarəyə ayrıca VÖEN verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə qismən razılaşır. Belə ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin Sumqayıt Melioservis İdarəsi hüquqi şəxs olaraq vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı iddiaçının elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Vergilər Baş İdarəsinin 18 oktyabr 2022-ci il tarixli, **********504500 saylı məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin” Sumqayıt Melioservis İdarəsi ayrıca hüquqi şəxs səlahiyyətli təsərüffat subyektidir. Sumqayıt Melioservis İdarəsinin Əsasnaməsinin 1.5-ci bəndinə əsasən idarə Cəmiyyətin tabeliyində olmaqla struktur vahididir, təsərrüfat hesablı və özünü maliyyələşdirmə üsulu ilə işləyir. Müstəqil balansa malik olmaqla bankda hesablaşma hesabı vardır. Öz fəaliyyətində əmlak hüquqlarını əldə edib, arbitrajda və məhkəmədə iddiaçı və cavabdeh kimi Səhmdar Cəmiyyət tərəfəindən verilmiş etibarnamə əsasında iştirak edə bilər. Beləliklə, cavabdehin hüquqi şəxs olması, məhkəmədə iddiaçı və cavabdeh kimi iştirak edə bilməsi yuxarıda qeyd edilən sənədlərlə təsdiqlənir. Lakin buna baxmayaraq, iddia ilə məhkəməyə müraciət olunarkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan bir sıra normalarının tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1687/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1687/2022 saylı, 16 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-119/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-119/2022
24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver