Məhkəmə qərarları › İş №2-2(105)-121/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-121/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-121/2022 24.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli e-2-2(119)-1723/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli e-2-2(119)- 1723/2022 nömrəli qərardadı ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş 22 avqust 2022-ci il tarixli pretenziya məktublarından görünür ki, cavabdeh (ipoteka qoyan) Cavabdeh2 şəxsən pretenziyaya imza etməklə 08 sentyabr 2022-ci il tarixdə həmin məktubu almışdır. Azərelli MMC-yə göndərilən pretenziyanı isə həmin hüquqi şəxsin qanuni təmsilçisi A. Abdullayev adında şəxs 08 sentyabr 2022-ci il tarixdə şəxsən imza etməklə qəbul etmişdir. Məkəmə işi ümumiyyətlə araşdırmamışdır, pretenziyalara baxmamışdır. Bu hallar da məhkəmənin qərəzsizliyinə şübhələr yaradır. İddia ərizəsi cavabdehin e-taxes.gov.az saytında olan elektron kabinetinə yerləşdirilmişdir, iddia ərizəsinin cavabdehə göndərilməsi 05 avqust 2022-ci il tarixli məktubla da sübut olunur. İddia ərizəsinin etaxes.gov.az saytına yerləşdirilməsini təsdiq edən sənəd elektron kabinetə əlavə edilmişdir, lakin məhkəmə buna qiymət verməmişdir, həmin sübutları nəzərdən keçirməmişdir. Bundan başqa, iş materiallarında hətta mediatorun arayışı da var. Həmin mediasiya arayışından da görünür ki, iddiaçı bütün vasitələrdən istifadə edərək məhkəmədən kənar qaydada cavabdehlərlə razılıq əldə etməyə çalışmış, lakin cavabdehlər iddiaçının tələblərinə, xahişlərinə məhəl qoymayıblar. Birinci instansiya məhkəməsi güya müəyyən etmişdir ki, pretenziyalar cavabdehlərə göndərilməyib və iddia ərizəsi əlavə olunan sənədlərlə birlikdə cavabdehə göndərilməyib, halbuki kommersiya məhkəməsinin gəldiyi nəticə işin halları ilə sübut olunmur. İş materiallarına əlavə edilmiş 05 avqust 2022-ci il tarixli məktubdan, vergi xidmətinin onlayn karguzarlıq sənədindən görünür ki, iddia cavabdehə də təqdim olunub. Sumqayıt Kommersiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Həlimə Alıyeva) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmış və hesab etmişdir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.4-cü və 150.1.6-cı maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Şikayətin dəlili ondan ibarət olmuşdur ki, iddia ərizəsi Onlayn kargüzarlıq vasitəsi ilə cavabdehə göndərilsə də, pretenziya isə hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən 08 sentyabr 2022-ci il tarixdə şəxsən imza etməklə qəbul edilsə də, məhkəmə bu halı araşdırmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, iddiaçı tərəfindən yalnız iddia ərizəsinin cavabdehə “Onlayn Kargüzarlıq” vasitəsi ilə elektron qaydada göndərildiyi müəyyən olunur. İddiaçı şikayətində də yalnız iddia ərizəsinin cavabdehin e-taxes.gov.az saytında olan elektron kabinetinə yerləşdirildiyini qeyd etmişdir. Pretenziyanın isə cavabdehə həmin qaydada göndərilməsi iş materialları ilə müəyyən olunmur. Halbuki, Mülki-Prosessual Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrinin mövcud tələblərinə görə kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılması birmənalı olaraq həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. İkincisi, Qanunvericilik qeyd olunan sənədlərin cavabdeh tərəfin almasını, yəni “cavabdehə çatdırılmasını” nəzərdə tutduğundan, bu tələb - həmin qaydalara riayət edilməsini formal olaraq təsdiq edən cavabdehə ünvanlanmış “pretenziya” məktubunun surətinin və yaxud, iddia ərizəsinin surətinin göndərilməsi barədə tərtib edilmiş məktubun məhkəməyə təqdim olunmasını deyil, həmin “pretenziya” məktubunun və iddia ərizəsinin surətinin cavabdehə həqiqətən də 150.2-ci maddədə nəzərdə tutulan qaydada göndərilməsini (cavabdehin almasını) təsdiq edən sənədlərin, yəni “Onlayn Kargüzarlıq” vasitəsi ilə əldə edilən müvafiq çıxarışların da iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmasını nəzərdə tutur. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qayda qanunun tələbi olmaqla yanaşı, eyni zamanda kommersiya mübahisəsinin tərəflərinin bir-birinə müvafiq sənədləri (pretenziya məktubu, iddia ərizəsinin surəti və s.) daha operativ şəkildə çatdırılmasını nəzərdə tutur. Bundan başqa, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən elektron kabinet –vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur. Göründüyü kimi, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin 150.1.6-cı və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməmişdir. Bu isə hər bir halda iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1723/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1723/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar