Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-121/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: X, X1 və X2 oğlundan ibarət tərkibdə, XXX katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsini e-2-2(119)-753/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi və 16 avqust 2024-cü il tarixli əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilənin 1-ci hissəsinə əsasən, müqaviləyə uyğun olaraq istifadəyəverən (İddiaçı MMC) tərəfindən istifadəçiyə (cavabdeh "xxxx" MMC-yə) Aztelekom İB-dən başlayaraq Tbilisi propekti - Sumqayıt şossesi boyunca - Xırdalan - H.Əliyev prospekti 11000 metr məsafə (FO-12 kabeli) istifadəyə verənə məxsus kabel kanalizasiya qurğuları istifadəyə verilir.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, istifadəyə verənə məxsus kabel kanalizasiya qurğularından keçən istifadəçiyə məxsus 11000 metrlik FO-12 kabelinə İddiaçı X6 X3 tərəfindən texniki xidmət göstəriləcəkdir.
3. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, kabel kanalizasiya quyularından istifadə üçün nəzərdə tutulmuş ödənişlər aparılmadıqda, istifadəçini xəbərdar etməklə görülən işi dayandırmaq və müqaviləni ləğv etmək, eyni zamanda istifadəçiyə məxsus kabelləri istifadəyəverənə məxsus kanalizasiya qurğularından çıxararaq kənarlaşdırmaq istifadəyə verənin hüququdur.
4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, kabelləri özbaşına qoymamaq və ya yerinin dəyişməsinə yol verməmək istifadəçinin vəzifəsidir.
5. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, kanaldan istifadəyə görə aylıq hesablama - kabel kanalizasiyasından aylıq istifadə haqqı 11 km x 116,7 manat = 1283,70 manat, xidmət haqqı 11 km x 50 manat = 550 manat olmaqla, cəmi 1833,7 manat təşkil edir.
6. Həmin müqavilənin 7.1-ci və bəndinə əsasən, müqavilə kabellərin kanalizasiya quyularına qoyulduğu tarixdən etibarən qüvvədədir və 2 il müddətində qüvvədə olacaqdır.
7. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən, əgər müqavilənin qüvvədə olduğu müddətin son 15 gün ərzində tərəflərdən birinin müqaviləni ləğv etmək üçün rəsmi müraciəti olmazsa, müqavilənin müddəti növbəti 1 il üçün uzadılmış hesab edilir.
8. 27 noyabr 2023-cü il tarixli 3-27-108/2-6913/2023 nömrəli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 45652,20 manat məbləğində borcu vardır.
9. 30 may 2024-cü il tarixli 3-27-108/2-3495/2024 nömrəli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 may 2024-cü il tarixədək cavabdehin iddiaçıya 61973,52 manat məbləğində borcu vardır.
10. İddiaçı tərəfindən cavabdehə aşağıdakı elektron qaimə-fakturalar təqdim edilmişdir: - 2022-ci ilin mart ayından həmin ilin avqust ayına qədər olan müddət ərzində 11002,20 manatlıq 01 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 396044 nömrəli; - 2022-ci ilin sentyabr ayından həmin ilin dekabr ayına qədər olan müddət ərzində 9902,20 manatlıq 14 dekabr 2022-ci il tarixli EBCL seriyalı 180278 nömrəli; - 2023-cü ilin yanvar ayından 2024-cü ilin may ayına qədər olan müddət ərzində 42072,7999 manatlıq 24 may 2024-cü il tarixli MT2405 seriyalı 11039636 nömrəli.
11. 04 dekabr 2023-cü il tarixli 3-27/108/2-7074/2023 nömrəli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müqavilələrə xitam verilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, iddiaçı 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə cavabdehin 01 mart 2022-ci il tarixdən 31 oktyabr 2023-cü il tarixədək olan dövr ərzində 45650,22 manat məbləğində borcu yarandığını, həmin müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan istifadəyə verən istifadəçini xəbərdar etməklə görülən işi dayandırmaq və müqaviləni ləğv etmək hüququ olduğunu bildirərək öhdəliyin pozuntusu aradan qaldırılmadığı təqdirdə müqaviləyə 11 dekabr 2024-cü il tarixdən birtərəfli qaydada xitam veriləcəyini bildirmişdir.
12. Cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 25 fevral 2022-ci il tarixli AZT/X/130 saylı bildirişdə qeyd edilir: "xxxx" MMC və "xxxx" MMM arasında xx.xx.2022-ci tarixində bağlanmış AZTX/031 saylı müqavilənin 8.1-ci bəndinə əsasən, "xxxx" MMC FO-12 kabelindən istifadə hüququnu "xxxx" MMM-ə vermişdir. Hər üç tərəfin iştirakı ilə təhvil-təslim prosesini başlamaq üçün İddiaçı MMC tərəfindən səlahiyyətli nümayəndələr təyin etməyinizi, işə cəlb etməyinizi və bizə təhvil-təslim prosesinin tərəfinizdən başlanma tarixi ilə bağlı məlumat verməyinizi xahiş edirik. Əlavə olaraq, kabel kanalizasiya strukturundan istifadə məqsədilə "xxxx" MMM-ə imkan yaratmağınızı xahiş edirik.”
13. Cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 17 noyabr 2022-ci il tarixli məktubda qeyd edilir: “Sizə xx.xx.2022-ci il tarixində AZT/X/130 saylı bildiriş ünvanlanmışdır. "xxxx" MMC tərəfindən FO-12 kabelindən istifadə hüququnun "xxxx" MMM-ə verilməsi və hər üç tərəfin iştirakı ilə təhvil-təslim prosesinə başlamaq üçün İddiaçı MMC tərəfindən məlumat verilməsi, nümayəndələr cəlb olunması, habelə tərəflər arasında 3 tərəfli müqavilənin bağlanması bildirişdə öz əksini tapmışdır. Həmin bildirişə cavab olaraq tərəfinizdən xx.xx.2022-ci il tarixli 102-2-11/2/1679-22 saylı mövcud müqavilənin dəyişdirilməsi və bağlanılması barədə məktub daxil olmuş və məktubda qeyd edilmişdir ki, AZT/X/130 saylı xx.xx.2022-ci il tarixli müraciətə İddiaçı MMC tərəfindən baxılmışdır. Əlavə olaraq məktubda qeyd olunmuşdur ki, kabelin istifadə hüququ "xxxx" MMM-ə verildiyindən İddiaçı MMC-nin Abşeron filialı Kabel X3 və X7 Stansiyası ilə bağlanan müqavilələrin şərtlərinə uyğun təhvil-təslim prosesinin başlanmasına, həmçinin mövcud müqavilələrdəki hesablaşma və digər müvafiq şərtlər saxlanılmaqla İddiaçı MMC, "xxxx" MMC və "xxxx" MMM arasında üçtərəfli müqavilənin bağlanmasına etiraz olunmur. Lakin həmin tarixdən cari tarixədək İddiaçı MMC tərəfindən nə "xxxx" MMC-yə, nə də "xxxx" MMM-ə 3 tərəfli müqavilə forması və təhvil-təslim aktı forması ünvanlanmamışdır. Sizə ünvanlanan xx.xx.2022-ci il tarixli AZT/X/130 saylı bildirişin tələblərini nəzərə alaraq həmin tarixdən etibarən qüvvəyə minən 3 tərəfli müqaviləni bizə təqdim edəsiniz.”
14. Cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-yə ünvanlanmış 07 noyabr 2023-cü il tarixli AZT/X/360 nömrəli bildirişdə "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış müqavilə maddələrinə uyğun olaraq İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə hansı xidmətlərin göstərildiyi, göstərilən həmin xidmətlərə dair sübutedici sənədlərin və istifadə olunan kabel kanalizasiya xətlərinin tam şəkildə hansı şəkildə qorunması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir.
15. 22 iyun 2023-cü il tarixli, 1 nömrəli telefonoqrammadan görünür ki, İddiaçı MMCnin texnoloji binasından "xxxx" MMC-nin Abşeron ərazisində yerləşən müəssisəsi arasında çəkilmiş FO-12 kabelinin kabel-kanalizasiya qurğularından istifadəyə görə yaranmış borcların ödənilməməsinə görə İddiaçı MMC-nin 14 iyun 2023-cü il tarixli məktubuna əsasən xidmətlərin dayandırılması məsələsi qaldırılmış və bununla əlaqədar 23 iyun 2023cü il tarixdə saat 11:00-da Abşeron qovşağının qarşısında baxış keçirilməsi məqsədilə cavabdehdən həmin ünvanda nümayəndəsinin iştirakının təmin edilməsi xahiş olunmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
16. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun və digər ödənişin tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 45652,20 (qırx beş min altı yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində borc və 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Cavabdehin müqavilə üzrə iddiaçıya 01 mart 2022-31 oktyabr 2023-cü il tarixləri aralığında 45652,20 manat məbləğində borcu yaranmışdır. Cavabdehlə mübahisənin pretenziya qaydasında həll edilməsinə cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
18. İddiaçı 03 iyun 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 61973,52 (altmış bir min doqquz yüz yetmiş üç manat, əlli iki qəpik) manat məbləğində borcun və 227 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə münasibətləri davam etdiyindən cavabdehin 31 may 2024-cü il tarixinə qədər iddiaçıya 61973,52 manat məbləğində borcu yaranmışdır.
19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı və iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2010-cu il tarixli 114 saylı kabel kanalizasiya qurğularından istifadə edilməsi və Fiber Optik kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehin kabeldən fasiləsiz istifadə etməsini təmin edəcəyinə, eyni zamanda zərurət olduğu təqdirdə müvafiq texniki xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi lazımi qaydada icra etsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş və müəyyən məbləğdə borcu yaranmışdır. İddiaçının nümayəndəsi, müqaviləyə 11 dekabr 2023-cü il tarixindən birtərəfli qaydada xitam verilməsi ilə bağlı cavabdeh tərəfə müraciət məktubu ünvanlanmasına baxmayaraq, 2023-cü ilin 31 oktyabr tarixinə qədər yaranmış borclarla yanaşı, həmin tarixdən 2024-cü ilin 31 may tarixinədək yaranmış borcların tələb edilməsi ilə bağlı suala cavab olaraq bildirdi ki, iddiaçının maliyyə departamentinin əməkdaşları məktubu hazırlayarkən texniki səhvə yol verərək xidmətin dayandırılması əvəzinə müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə məktub göndərmişlər. Cavabdehin izahatında qeyd etdiyi kabel xətlərinə 17-yə yaxın əlavə qoşulmaların olması ilə əlaqədar məlumata malik deyildir. Cavabdehə göstərilən xidmətlərlə bağlı 31 may 2024-cü il tarixdən etibarən borcun hesablanması dayandırılmışdır, ödəniş edilmədiyi halda xidmət də göstərilə bilməz. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, cavabdeh "xxxx" MMC ödəniş edilməyən 01 mart 2022-ci il tarixdən etibarən müqavilənin predmeti olan kabel xətlərindən istifadə etmir. Bu barədə iddiaçıya məlumat da verilmiş, lakin qarşı tərəf hansısa cavab verməmişdir. Hazırda cavabdeh "xxxx" MMC "xxxx" MMM-dən aldığı xətlərdən istifadə edir, xətlərin çəkilməsi, qazıntı işləri "xxxx" MMCin hesabına həyata keçirildiyinə görə iddiaçı ilə hazırkı mübahisənin predmeti olan müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı təşəbbüs göstərilməmişdir. Lakin hazırkı müqavilənin predmeti olan müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı qarşı tərəfin xəbərdarlıq məktubu cavabdehə daxil olmuş və bununla əlaqədar müqaviləyə 2023-cü ilin oktyabr ayından etibarən xitam verilmişdir. Bundan əlavə, cavabdeh "xxxx" MMC "xxxx" MMM ilə birlikdə kabel xəttinə əlavə qoşulmalarla bağlı akt tərtib etmiş, həmin aktlaşdırma prosesində iştirak etmələri üçün iddiaçıya da bildiriş və məktub ünvanlansa da, onlar tərəfindən hər hansı cavab verilməmişdir. Həmin xətlərə əlavə qoşulmaların olmasının cavabdehin ödəniş etməməsinin birbaşa deyil, dolayı səbəbi kimi göstərir, eyni zamanda onlarda olan məlumata görə iddiaçı "xxxx" MMC-in "xxxx" MMM-ə borcu olduğu üçün müqavilə bağlamaqdan yayınır. Bununla əlaqədar "xxxx" MMM, "xxxx" MMC və "xxxx" MMC arasında üçtərəfli müqavilə bağlanılmamış, təmsil etdiyi şirkət hazırkı iddiaçıya - "xxxx" MMC-yə müqavilə bağlanılmasını, həmin xətlərdən "xxxx" MMM-in istifadə etdiyini və "xxxx" MMM-in ödənişi etməyə hazır olduğunu bildirsə də, iddiaçı buna razılıq verməmişdir. Hazırkı müqavilənin predmeti olan müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçının cavabdehə ünvanlandığı məktub olduğuna görə həmin məktubda göstərilən tarixdən müqaviləyə xitam verilmişdir. Əgər iddiaçı həmin dövrdən sonra da internet trafiki ötürdüyünü iddia edirsə, həmin internetdən "xxxx" MMC yox, "xxxx" MMM istifadə etmişdir.
21. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-753/2024 nömrəli, 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Fərman Həmidli) iddianın qismən təmin edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 45652,20 (qırx beş min altı yüz əlli iki manat, iyirmi qəpik) manat məbləğində əsas borc və 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 45879,2 (qırx beş min səkkiz yüz yetmiş doqquz manat, iyirmi qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçındən 138,96 (yüz otuz səkkiz manat, doxsan altı qəpik) manat məbləğində ödənilməmiş dövlət rüsumunun dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
22. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-753/2024 nömrəli, 16 avqust 2024-cü il tarixli əlavə qətnaməsi ilə (hakim Fərman Həmidli) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 48097,13 (qırx səkkiz min doxsan yeddi manat, on üç qəpik) manat məbləğində əsas borc və 227 (iki yüz iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 48234,13 (qırx səkkiz min iki yüz otuz dörd manat, on üç qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməyən qalıq məbləği olan 7,29 (yeddi manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçındən 131,63 (yüz otuz bir manat, altmış üç qəpik) manat məbləğində ödənilməmiş dövlət rüsumunun dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh tərəfindən 2022-ci ilin 01 mart tarixindən başlayaraq cavabdehin müqavilə öhdəliklərini pozaraq hər hansı ödəniş etmədiyini əsas gətirərək aralarında bağlanmış müqavilənin 2.4-cü bəndində nəzərdə tutulan hüququndan, o cümlədən bu qətnamənin “Tətbiq edilən hüquq” hissəsində istinad edilmiş Mülki Məcəllənin 421.2-ci, 421.3-cü və 686-cı maddələrində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək qarşı tərəfə birtərəfli iradə ifadəsi bildirməklə məhkəmədən kənar qaydada xx.xx.2024-cü il tarixdən etibarən müqaviləni ləğv etmişdir. Belə olduğu təqdirdə, məhkəmə iddiaçının cavabdehdən ödənilməyən borca görə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan borcu tələb etməsini qanuni və ədalətli hesab etmir və belə qənaətə gəlir ki, müqavilə iddiaçının tələbi ilə xx.xx.2023-cü il tarixdən ləğv olunduğuna görə o, məhz həmin dövrə qədər olan yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi müqavilənin xx.xx.2023-cü il tarixdən etibarən ləğv olunması barədə cavabdehə məktub göndərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək olan borcların tələb olunması barədə suala cavab olaraq iddiaçı təşkilatın maliyyə departamentinin əməkdaşlarının məktubu hazırlayarkən texniki səhvə yol verdiklərini, xidmətin dayandırılması əvəzinə müqaviləyə xitam verilməsi barədə qarşı tərəfə məktub göndərildiyi kimi cavab vermişdir. Məhkəmə bu cür əsaslandırmanı inandırıcı və əsaslı hesab etmir. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, iddiaçının nümayəndəsi izahatında xidmətlərlə bağlı 31 may 2024-cü il tarixdən etibarən borcun hesablanmasının dayandırıldığını qeyd etmişdir. Belə olduğu təqdirdə 31 may 2024-cü il tarixindən sonrakı dövrdə həqiqətən də tərəflər arasında müqavilə münasibətləri mövcuddursa və davam edirsə, hansı əsasla borcun hesablanmasının dayandırıldığı sualı meydana çıxmaqdadır. Bu qeyd edilənlər onu göstərir ki, iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli məktubu göndərməklə birtərəfli iradə ifadəsi ilə aralarında bağlanmış və hazırkı mübahisənin predmeti olan müqaviləni məhkəmədən kənar qaydada ləğv etmiş və tərəflər arasında müqavilə öhdəliklərinə həmin məktubda göstərilən tarixdən – xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. Tələb edilən borcun məbləğinin müəyyən edilməsinə gəldikdə, məhkəmə hesab etmişdir ki, borcun hesablanması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı, cavabdehə təqdim etdiyi elektron qaimə-fakturalar və aralarında bağlanmış müqavilənin 4.2-ci bəndində əks edilmiş kabel kanalizasiya qurğularından istifadəyə və texniki xidmətlər göstərilməsinə görə tərəflər arasında razılaşdırılmış məbləğ nəzərə alınmalıdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş 27 noyabr 2023-cü il tarixli 3-27-108/2-6913/2023 nömrəli maliyyə arayışından görünür ki, müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 45652,20 manat məbləğində borcu vardır. Göründüyü kimi, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində borcun məbləği 45652,20 təşkil edir. Belə olduğu halda, xx.xx.2023-cü il tarixdən müqavilənin ləğv edildiyi xx.xx.2023-cü il tarixədək olan borc hesablanmalı və alınan məbləğ 45652,20 məbləğində borcun üzərinə gəlməklə yekun borc məbləği müəyyən edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, kabel kanalizasiyasından aylıq istifadə haqqı 1283,70 manat, xidmət haqqı isə 550 manat olmaqla, cavabdehin aylıq ödəməli olduğu məbləğ 1833,7 manat təşkil edir. İlk növbədə, 2023-cü ilin noyabr ayı üzrə ödənilməmiş borc məbləği olan 1833,7 manat xx.xx.2023-cü il tarixədək hesablanmış 45652,20 manat məbləğində borcun üzərinə əlavə edilməlidir (45652,20 manat + 1833,7 manat = 47485,9 manat). Daha sonra isə müqavilənin xx.xx.2023-cü il tarixdən ləğv edildiyi nəzərə alınaraq dekabr ayının ilk ongünlüyünə aid olan borc hesablanmalıdır. Müqavilədə aylıq istifadə və texniki xidmət haqqı 1833,7 manat nəzərdə tutulduğundan ayın üçdə biri hesab edilən ongünlüyə münasibətdə həmin məbləğ 3-ə bölünməli və alınan məbləğ hesablanan borcun üzərinə əlavə edilməklə yekun borc məbləği müəyyən edilməlidir: - 1833,7 manat / 3 = 611,23 manat; - 47485,9 manat + 611,23 manat = 48097,13 manat. Bu cür hesablanma iddiaçının özünün də cavabdehə göndərilən elektron qaimə-fakturalarda qeyd edilən qaydaya uyğundur. Məsələn, iş materiallarında olan 01 noyabr 2022-ci il tarixli EBCİ seriyalı 396044 nömrəli elektron qaimə-faktura üzrə 2022-ci ilin mart ayından həmin ilin avqust ayına qədər olan müddət ərzində 11002,20 manatlıq borc hesablanmışdır. Göründüyü kimi, 6 aylıq (mart, aprel, may, iyun, iyul və avqust) borc hesablanarkən ayların sayı aylıq xidmət haqqına vurulmaqla (6 x 1833,7 manat = 11002,20 manat) həmin qaimə-fakturada qeyd edilən məbləğ alınmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 61973,52 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi qismən təmin edilərək 48097,13 manat manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 48097,13 manat məbləğində borc və 227 manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 48234,13 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 399.3, 404.1, 404.2, 421.2, 421.3, 425.1, 442, 443.1, 448, 700.1, 700.2, 700.3, 686, 752.1, 753.1-ci maddələri, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
25. Qətnamədən və əlavə qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-753 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsinin və 16 avqust 2024-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:
26. Cavabdeh qətnamədən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ödəniş edilməyən 01 mart 2022-ci il tarixdən etibarən müqavilənin predmeti olan kabel xətlərindən istifadə etmir. Bu barədə iddiaçıya məlumat da verilmiş, lakin qarşı tərəf hansısa cavab verməmişdir. Hazırda cavabdeh "xxxx" MMC "xxxx" MMM-dən aldığı xətlərdən istifadə edir, xətlərin çəkilməsi, qazıntı işləri "xxxx" MMC-nin hesabına həyata keçirildiyinə görə iddiaçı ilə hazırkı mübahisənin predmeti olan müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı təşəbbüs göstərilməmişdir. "xxxx" MMC "xxxx" MMM ilə birlikdə kabel xəttinə əlavə qoşulmalarla bağlı akt tərtib etmiş, həmin aktlaşdırma prosesində iştirak etmələri üçün iddiaçıya da bildiriş və məktub ünvanlansa da, onlar tərəfindən hər hansı cavab verilməmişdir. Həmin xətlərə əlavə qoşulmaların olmasının cavabdehin ödəniş etməməsinin birbaşa deyil, dolayı səbəbi kimi göstərir, eyni zamanda onlarda olan məlumata görə iddiaçı "xxxx" MMC-in "xxxx" MMM-ə borcu olduğu üçün müqavilə bağlamaqdan yayınır. Bununla əlaqədar "xxxx" MMM, "xxxx" MMC və "xxxx" MMC arasında üçtərəfli müqavilə bağlanılmamış, təmsil etdiyi şirkət hazırkı iddiaçıya- "xxxx" MMC-yə müqavilə bağlanılmasını, həmin xətlərdən "xxxx" MMM-in istifadə etdiyini və "xxxx" MMM-in ödənişi etməyə hazır olduğunu bildirsə də, iddiaçı buna razılıq verməmişdir.
27. Cavabdeh əlavə qətnamədən verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, əlavə qətnamə ilə bağlı prossessual məcəllənin norması hazırkı məsələni tənzimləmir. Belə ki, qətnamədə olan texniki səhvlə bağlı əlavə qətnamə deyil, texniki səhvin düzəldilməsi ilə bağlı qərardad qəbul edilməlidir. Mülki prossessual Məcəlləsinin 228.2-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi, hazırkı işə münasibətdə hakim əlavə qətnamə deyil, texniki səhvin düzəldilməsi ilə bağlı qərardad qəbul etməli idi. Lakin hakim səhvə yol verərək, əlavə qətnamə ilə texniki səhvi düzəltmişdir. Həmçinin, bir iş üzrə icraya yönəldilə biləcək iki qətnamənin mövcudluğu da dilemma yaradacaqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətlərinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən idiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini icdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 686. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsinə yol verilmədiyi hallar. Xəbərdarlıq müddəti gözlənilmədən müqavilənin ləğvi Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 229. Əlavə qətnamə və əlavə qərardad 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər:[316] 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa;[317] 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktlarının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
35. Məhkəmə kollegiyası ilk növbədə Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust tarixli əlavə qətnaməsindən verilmiş apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri həmin hissədə haqlıdır.
36. Belə ki, AR MPM-nin 229-cu maddəsində əlavə qətnamənin qəbul edilməsinin əsasları qeyd edilmişdir. Bunalara aşağıdakılar aiddir: işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa (229.1.1); hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə (229.1.2); məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə (229.1.3). Hazırkı halda, iş üzrə əlavə qətnamənin qəbul edilməsi üçün qeyd olunan əsasların heç biri müəyyən olunmur.
37. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarının məzmunundan aydın olur ki, məhkəmə işin hallarını araşdırıb, borc məbləğini müəyyən edərkən düzgün hüquqi nəticəyə gəlsə də, yekunda cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borc məbləğini qətnamənin “qət etdi” hissəsində texniki yanlışlıqla 48097,13 deyil, 45652,20 olaraq qeyd etmişdir. Halbuki, qətnamənin əsaslandırma hissəsinə diqqət yetirdikdə, məhkəmənin gəldiyi nəticənin cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləğinin 48097,13 olması görünür. Hazırkı halda, cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləğinin Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli qətnaməsi ilə 45652,20 manat, 16 avqust 2024-cü il tarixli əlavə qətnaməsi ilə 48097,13 müəyyən edilməsi hər iki məhkəmə qətnaməsinin icraya yönləndirildiyi təqdirdə cavabdehdən borc məbləğinin əsassız olaraq iki dəfə tutulması ilə nəticələnə bilər. Bu səbəbdən də, kollegiya hesab edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust tarixli əlavə qətnaməsi əsassız olduğundan ləğv edilməlidir.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borc məbləğini müəyyən edərəkən gəldiyi nəticə ilə razılaşır. Belə ki, işdən görünür ki, tərəflər arasında 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə bağlanmış, müqavilə üzrə cavabdehin iddiaçya ödənilməmiş borcu qalmışdır. 27 noyabr 2023-cü il tarixli 3-27- 108/2-6913/2023 nömrəli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin iddiaçıya 45652,20 manat məbləğində borcu vardır. 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 01 mart 2022-ci il tarixindən 31 may 2024-cü il tarixədək cavabdehin iddiaçıya 61973,52 manat məbləğində borcu vardır.
39. Birinci instansiya məhkəməsi borc məbləğini hesablayarkən haqlı olaraq iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04 dekabr 2023-cü il tarixli müqavilələrə xitam verilməsi barədə xəbərdarlıq məktubunu əsas götürmüşdür. Belə ki, sözügedən məktubdan aydın olur ki, tərəflər arasında bağlanmış 01 aprel 2010-cu il tarixli müqaviləyə 11 dekabr 2023-cü il tarixdən iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Belə olan halda iddiaçı tərəfindən təqdim edilmiş ilk-27 noyabr 2023-cü il tarixli maliyyə arayışı əsas götürülməli, 31 oktyabr 2023-cü il tarixinədək cavabdehin 45652,20 manat borcu olduğu müəyyən edilməlidir. 31 oktyabr 2023-cü il tarixdən müqavilənin birtərəfli qaydada xitam verildiyi 11 dekabr 2023-cü il tarixə qədər 45652,20 manatın üzərinə müvafiq hesablama üsulu ilə ilk növbədə, 2023-cü ilin noyabr ayı üzrə ödənilməmiş borc məbləği olan 1833,7 manat əlavə edilməlidir (45652,20 manat + 1833,7 manat = 47485,9 manat). Daha sonra isə müqavilənin 11 dekabr 2023-cü il tarixdən ləğv edildiyi nəzərə alınaraq dekabr ayının ilk ongünlüyünə aid olan borc hesablanmalıdır. Müqavilədə aylıq istifadə və texniki xidmət haqqı 1833,7 manat nəzərdə tutulduğundan ayın üçdə biri hesab edilən ongünlüyə münasibətdə həmin məbləğ 3-ə bölünməli və alınan məbləğ hesablanan borcun üzərinə əlavə edilməklə yekun borc məbləği müəyyən edilməlidir: - 1833,7 manat / 3 = 611,23 manat; - 47485,9 manat + 611,23 manat = 48097,13 manat.
40. Məhkəmə kollegiyası qətnamədən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh 01 mart 2022-ci il tarixdən etibarən müqavilənin predmeti olan kabel xəttlərindən istifadə etmədiyini, bu barədə iddiaçıya bildiriş göndərdiyini bildirsə də, iş materiallarında olan sənədlərdən görünür ki, tərəflər arasında bağlanan müqavilə 11 dekabr 2023-cü il tarixədək qüvvədə olmuşdur. Cavabdeh müqaviləyə birtərəfli qaydada xitam verməməsi barədə fikrini onunla əsaslandırmışdır ki, hazırda cavabdeh "xxxx" MMC "xxxx" MMM-dən aldığı xətlərdən istifadə edir, xəttlərin çəkilməsi, qazıntı işləri "xxxx" MMC-nin hesabına həyata keçirilmişdir. Məhkəmə kollegiyası bu dəlili ağlabatan hesab etmir. Cavabdehin kabel xəttlərindən istifadə etmədiyini bildirməsi, tərəfləri müqavilə öhdəliklərindən azad etmir.
41. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
42. Digər bir məsələ ödənilməli olan dövlət rüsumunun məbləği ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini müəyyən edərkən düzgün hüquqi nəicəyə gəlməmişdir.
43. Belə ki, iddiaçı ilk dəfə iddia ilə məhkəmə müraciət edərəkən iddia tələbi 45652,20 manat borc məbləğinin ödənilməsi olmuş və iddia tələbinə müvafiq olaraq 227 manat dövlət rüsumu ödənilmişdir. Daha sonra iddiaçı 03 iyun 2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərəkən dövlət rüsumunun kəsrini (48.92 manat) ödəməmişdir. 61973,52 manat iddia tələbinə münasibətdə iddiaçı tərəfindən 275.92 manat dövlət rüsumu ödənilməli idi (227+48.92=275.92).
44. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavadbehdən iddiaçının xeyrinə 48097.13 manat pul məbləği tutulmalı olduğundan, yəni iddianın 78%-i təmin edildiyindən iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 215 manat (275.92*78/100=215) dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 12 manatı iddiaçının özünə aid edilməli, dövlət rüsumunun kəsri olan 48.92 manat iddiaçıdan dövlət nəfinə tutulmalıdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-753/2024 saylı, 29 iyul 2024-cü il tarixli qətnaməsi və 16 avqust 2024-cü il tarixli əlavə qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 01 aprel 2010-cu il tarixli 114 nömrəli kabel kanalizasiya qurğularından istifadə edilməsi və FO (Fiber Optik) kabelinə texniki xidmət göstərilməsi barədə müqavilə üzrə 48097,13 (qırx səkkiz min doxsan yeddi manat, on üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 215 (iki yüz on beş) manat İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 12 (on iki) manatı iddiaçının özünə aid edilsin. Dövlət rüsumunun kəsiri olaraq 48,92 (qırx səkkiz manat, doxsan iki qəpik) manat pul vəsaiti İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.