Məhkəmə qərarları › İş №2-2(105)-122/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-122/2020

29.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-122/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “Term” Kompaniyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin apelyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı “Term” Kompaniyası “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya yazılmış 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı “Term” Kompaniyasına hesablanmış 110241 (yüz on min iki yüz qırx bir) manat məbləğində borcun silinməsi qət edilmişdir. (hakim Z.Sadiqov) Qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 apelyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, rüsum xx xxxx 2019-cu il tarixdə ödənilsə də, istifadə olunmayıb. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı “Term” Kompaniyasına məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. İş materiallarına əlavə edimiş “elektron məhkəmə sistemindən” çıxarışdan görünür ki, apelyasiya şikayətində dövlət rüsumunun ödənilməsinə dair qeyd olunan qəbz üzrə ödəniş xx xxxx 2019-cu il tarixdə olmuşdur. Apelyasiya şikayəti isə birinci instansiya məhkəməsinə xx xxxxxxx 2020-ci il tarixdə verilmişdir. Çıxarışdan həmçinin görünür ki, ödənişin təyinatı apelyasiya şikayəti verilməsi üçün olsa da, qəbz istifadə olunub. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu hazırkı iş üzrə apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu kimi qəbul edilə bilməz. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi apelyasiya şikayətini qaytarmamış, apelyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti üçün dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Term” Kompaniyasının Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-41/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Telman Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar