Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-122/2024 15.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsindən iddiaçı "Paşa Bank” ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi ilə iddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” üzrə 26618,11 manat əsas borc, 6069,77 manat faiz borcu, 1000 manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş xidmət haqqının 100 manat hissəsi və ödənilmiş 1 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 33788,88 manat (otuz üç min yeddi yüz səksən səkkiz manat 88 qəpik) məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun qalığı kimi 190,06 manat, habelə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğlərdə pul vəsaitinin dövlət nəfinə tutulub ödənilməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Həmin qətnamədən Cavabdeh2 və iddiaçı "Paşa Bank” ASC tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2023-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 31 mart 2022-ci il tarixli DC00425921-02 saylı Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26618,11 manat (iyirmi altı min altı yüz on səkkiz manat 11 qəpik) əsas borc, 9182,63 manat (doqquz min yüz səksən iki manat 63 qəpik) faiz borcu və 1019,77 manat (min on doqquz manat 77 qəpik) cərimə borcu olmaqla cəmi 36820,51 manat (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) məbləğində kredit borcunun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 1 (bir) manat məbləğində dövlət rüsumu əvəzinin müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc verən "Paşa Bank” ASC (bundan sonra "Bank”) ilə borc alan "Nihat 2014” MMC (bundan sonra "Borcalan”) arasında 18 mart 2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X4 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-06926LE/2019 saylı Razılıq Ərizəsi imzalanmışdır. Borcalan həmin Razılıq Ərizəsini imzalayaraq, www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında həmin X7 çərçivəsində 31 mart 2022-ci il tarixli DC00425921- 02 saylı “Maliyyələşdirmə üçün ərizə” imzalanmış və Bank tərəfindən Borcalana 31 mart 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, cəmi 26647 (iyimi altı min altı yüz qırx yeddi) manat məbləğində dövlət və digər xərclərin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Borc alan "Nihat 2014” MMC-nin Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə zamin Cavabdeh2 arasında 29 mart 2022-ci il tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Lakin, Borc alan DC00425921-02 saylı “Maliyyələşdirmə üçün ərizə” üzrə öhdəliklərini icra etməyərək, 405 gün ərzində kreditlərin müəyyənləşdirilən qaydada qaytarılmasını təmin etməmişdir. Ona görə də, Borc alanın 13 iyun 2023-cü il tarixinə "Paşa Bank” ASC qarşısında öhdəlikləri DC00425921-02 saylı Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26618,11 manat əsas borc, 9182,63 manat faiz borcu və 1019,77 manat cərimə borcu olmaqla, cəmi kredit borcu 36820,51 manat (otuz altı min səkkiz yüz iyirmi manat 51 qəpik) məbləğində təşkil etmişdir. Buna görə də, Bank tərəfindən məhkəməyəqədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Təşkilatına müraciət edilsə də, tərəflər arasında məhkəmədən kənar qaydada keçirilən mediasiyada da razılıq əldə edilməmişdir. İddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 200 manat məbləğində xidmət haqqı və məhkəməyə iddia ərizəsinin verilməsi üçün 1 manat dövlət rüsumu ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və "Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə "Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda, X6 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 oktyabr 2023-cü ildə "Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə "iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edilərək, DC00425921-02 saylı Maliyyələşdirmə üzrə ərizəyə əsasən 26618,11 manat əsas borc, 7075,66 manat faiz borcu və 1834,35 manat cərimə borcu olmaqla cəmi 35528,12 manat (otuz beş min beş yüz iyirmi səkkiz manat 12 qəpik) məbləğində kredit borcunun, mediasiya prosesi üzrə ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 1 (bir) manat dövlət rüsumu əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin iddia tələbinin həcmi "iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə” 16 oktyabr 2023-cü il tarixli ərizəyə uyğun olaraq dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək ona münasibətdə həmin qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Sözügedən qətnamədən narazı qalan iddiaçı "Paşa Bank” ASC də apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın faiz və cərimə borclarının qismən təmin olunması hissəsində ləğv edilməsini, həmin hissədə faiz və cərimə borclarının tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, digər Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə imza etmişdir. Belə ki, müştərilərlə olan müqavilələrə əsaslanaraq krediti vaxtında ödəyəcəyinə əmin olub bu işdə formal olaraq zaminliyi öz üzərinə götürmüşdür. Müştərilər müqaviləni dayandırdığına görə maddi durumu pisləşdiyindən krediti ödəməkdə çətinlik çəkir. O, birinci instansiya məhkəməsində iştirak edə bilmədiyinə görə bu faktları məhkəməyə bildirə bilməmişdir. Həmçinin qarşılıqlı iddia verə bilməmişdir. Ona görə də xahiş edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin bu iş üzrə xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi ləğv edilərək iddianın ona aid hissəsində rədd edilməsi haqqında yeni qətnamə çıxarılsın. İddiaçı "Paşa Bank” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi faiz tutulmasının təmin edilməyən və eləcə də, cərimə hissəsində əsassızdır, buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia tələbinin faiz və cərimə borcuna aid hissəsində tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş üzrə borc məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, lakin ekspertiza rəyində xx.xx.2023-cü il tarixə 6069,77 manat faiz borcu düzgün hesablanmamışdır. Ekspert ödənilmiş pul vəsaitlərini öhdəliklərin icra ardıcıllığı üzrə bölüşdürərkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə deyil, Mülki Məcəllənin 432.4-cü maddəsi ilə müəyyən olunmuş qaydaya istinad etmişdir, halbuki qanunvericiliyin tələbinə görə müqavilə şərtləri əsas götürülməlidir. Ona görə də ekspert hesabdan çıxarışda qeyd edilən əməliyyatlara düzgün qiymət verməmiş, həmin məbləğləri tamamilə faiz borcuna silmişdir. Hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə hesablanmış 7075,66 manat faiz borcu düzgün olduğundan tam təmin edilməli idi... Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddənin mənasından belə başa düşmək olar ki, burada cərimə məbləğinin azaldılması imperativ norma kimi qeyd edilməmişdir və qanunu tətbiq edən orqanın öhdəsinə buraxılmışdır. Eyni zamanda, maddədə “tənasübsüz” deyilərkən bu anlayışın hansı meyarlar əsasında müəyyən edilməsi qeyd edilməsə də, amma hüquq düşüncəsinə və mülki qanunvericilkdə ağlabatanlıq anlayışına əsasən bu norma tətbiq edilərkən cərimə məbləğinin əsas borc məbləğinə ağlabatan uyğunluğunun (mütənasibliyinin) nəzərə alınması maddənin ruhundan duyulur. Konkret halda məhkəmə hesablanan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu qeyd etsə də, bunu qanuni əsasla izah etməmiş, heç bir sübuta əsaslanmamışdır. Halbuki, borc alan müqaviləni imzalayarkən müqavilə azadlığı prinsipinə əməl olunmuş və cərimə faizlərinin hesablanmasına razılığını bildirmişdir. Həmçinin qanunvericilik öhdəliyin icrasının təmin edilməsi üsullarında biri kimi dəbbə pulunu (cərimə, penya) müəyyən etməklə kreditorlara dəyə biləcək zərələrin qarşısını almaq məqsədi güdmüşdür. Məhkəmə isə cərimə məbləğini azaldarkən öhdəliyin icrasının gecikdirilməsi müddətini nəzərə almamışdır. Borclu tərəfindən gecikdirilmiş müddət 405 gün olduğundan cərimə məbləğinin 1000 manat məbləğində müəyyən edilməsi həmin müddətə mütənasib deyildir... Göstərilənlərə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 saylı qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilməsi və xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə üzrə iddianın həmin hissədə tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın faiz və cərimə borclarının qismən təmin olunması hissəsində ləğv edilməsini, həmin hissədə faiz və cərimə borclarının iddia tələbinə uyğun tam təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 48/2024 nömrəli qətnaməsi isə iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin mübahisəsiz halları ilə müəyyən olunur ki, iddiaçı (borc verən) "Paşa Bank” ASC ilə cavabdeh (borc alan) "Nihat 2014” MMC arasında 18 mart 2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X4 14 iyun 2021-ci il tarixli 1.0.4 nömrəli Versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-06926LE/2019 saylı Razılıq Ərizəsi imzalanmış, sonradan tərəflər arasında həmin X7 çərçivəsində 31 mart 2022-ci il tarixli DC00425921-02 saylı “Maliyyələşdirmə üçün ərizə” imzalanaraq iddiaçı tərəfindən cavabdehə xərclərin ödənilməsi məqsədi üçün 31 mart 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla cəmi 26647 (iyimi altı min altı yüz qırx yeddi) manat məbləğində birdəfəlik kredit verilmişdir. Cavabdeh (Borc alan) "Nihat 2014” MMC-nin kredit öhdəliklərinin təminatı məqsədilə iddiaçı (Bank) ilə digər cavabdeh (zamin) Cavabdeh2 arasında 29 mart 2022-ci il tarixli DG**********230 nömrəli Zaminlik Müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh "Nihat 2014” MMC müqavilə öhdəliklərini lazımınca icra etməyərək, kreditlərin müəyyənləşdirilən qaydada qaytarılmasını təmin etməmişdir. Ona görə də, cavabdeh "Nihat 2014” MMC-nin qanundan və müqavilədən irəli gələn kredit borcları (əsas borc, faiz borcu və cərimə) yaranmışdır. Cavabdehlər "Nihat 2014” MMC (borc alan) və Cavabdeh2 (zamin) onlara xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini könüllü surətdə icra etmədiklərinə görə "Paşa Bank” ASC tərəfindən cavabdehlərə qarşı məhkəmədə borc tələbinə dair iddia qaldırılmışdır. İddiaçı məhkəmədən onun xeyrinə cavabdehlərdən müştərək qaydada 26618,11 manat əsas borc, 7075,66 manat faiz borcu və 1834,35 manat cərimə borcu olmaqla cəmi 35528,12 manat məbləğində kredit borclarının, habelə çəkdiyi məhkəmə xərclərinin əvəzinin tutulmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31 mart 2022-ci il tarixli DC00425921-02 nömrəli “Maliyyələşdirmə üçün ərizə” üzrə 26618,11 manat əsas borc, 6069,77 manat faiz borcu və 1000 manat cərimə olmaqla cəmi 33687,88 manat məbləğində kredit borclarının İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə həmçinin məhkəmə xərclərinin tutulması məsələsi həll edilmişdir. Məhkəmənin qəbul etdiyi qətnaməni hər iki tərəf apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri kontekstində tədqiq edərək bu nəticəyə gəlir ki, həm cavabdehin, həm də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Belə ki, Cavabdeh2 apellyasiya şikayətindən görünür ki, o, qanuni təmsilçisi olduğu "xxxx" MMC tərəfindən İddiaçı ASC-dən kredit alınmasını və öhdəliklərin yerinə yetirilməməsi nəticəsində kredit borclarının yaranmasını qəbul edərək, tələb olunan borc məbləğlərini də mübahisələndirmir, lakin hesab edir ki, həmin borc "xxxx" MMC-yə aiddir və MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmışdır, o isə zamindir. Buna görə də özünün borc məsuliyyətindən azad olunmasını və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsinin ona münasibətdə ləğv edilib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh2 apellyasiya şikayəti ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, qanuna əsasən Cavabdeh2 zamin olmaq etibarilə İddiaçı ASC qarşısında borc alan olan cavabdeh "xxxx" MMC ilə birgə (müştərək, eyni dərəcədə) məsuliyyət daşıyır. Onun barəsində zaminliyə xitam verilməsi üçün Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Cavabdeh2 zaminliyinə o halda xitam verilə bilər ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verilmiş olsun, bu isə həmin öhdəliyin yerinə yetirilməsindən asılıdır. Cavabdeh2 həm də cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi (rəhbəri) olduğundan öhdəliyin icrasına bilavasitə məsuliyyət daşıyır. Qeyd edilənlərə müvafiq olaraq Cavabdeh2 apellyasiya şikayəti əsassızdır. İddiaçı ASC-nin apellyasiya şikayətindən görünür ki, o, cavabdehlərdən tələb etdiyi faiz və cərimə borclarının məbləğinin məhkəmə tərəfindən azaldılması ilə razılaşmır, bu hissədə qətnamənin ləğv edilərək faiz və cərimə borclarının tam, yəni tələb etdiyi həcmdə təmin olunmasını xahiş edir. İddiaçının mövqeyinə görə, məhkəmənin faiz borcunu müəyyən edərkən istinad etdiyi ekspert rəyində hesablama düzgün aparılmamış, ekspert kredit üzrə ödənişlərin borclara silinməsini öhdəliklərin icra ardıcıllığına görə hesablayarkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini deyil, Mülki Məcəllənin 432.4-cü maddəsi ilə müəyyən olunmuş qaydanı əsas götürmüşdür. Hesab edir ki, qanuna görə tərəflərin müqavilə şərtləri üzrə razılaşdıqları qaydalar daha üstün hüquqi qüvvəyə malikdir. Bundan başqa, məhkəmə cərimənin məbləğini azaldarkən öhdəliyin icrasının gecikdirilməsi müddətini (bu müddət 405 gün olmuşdur) və iddiaçının diqqətəlayiq maliyyə maraqlarını nəzərə almamışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi bağlanarkən borc verən (bank) öz üstün mövqeyindən və borc alanın pul vəsaitinə yaranmış ehtiyacından sui-istifadə etməməli, borc alanın üzərinə qanunla müəyyən olunduğundan daha ağır öhdəliklər qoymaqdan çəkinməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır... Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir... Həmin Məcəllənin 432.4-cü maddəsinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir... Göründüyü kimi, borclu tərəfindən qismən icra edilən borc öhdəliyinin hesaba alınması ardıcıllığı qanunla müəyyən edilmişdir və bundan fərqli, xüsusən də borclunun vəziyyətini ağırlaşdıran qaydanın müqavilədə nəzərdə tutulması yolverilməz və etibarsızdır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi ekspert tərəfindən qanuna əsaslanan hesablama yolu ilə müəyyən olunmuş faiz borcunu düzgün nəticə kimi qəbul etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən cərimə məbləği azaldılarkən öhdəliyin icrasının gecikdirilməsi müddətinin nəzərə alınmalı olması barədə dəlili ilə də razılaşmır. Ona görə ki, həmin müddətin gecikməsinin davam etməsi (uzanması) həm də bankların fəaliyyətsizliyi, yəni öhdəliyin icrası müddətinin gecikməsinə vaxtında adekvat reaksiya verməməsi ilə bağlı olur. Məhkəmələr isə onsuz da borc ödəməyə lazımi imkanı olmayan borclunun vəziyyətini qismən də olsa yüngülləşdirmək məqsədilə cəriməni mümkün qədər azaltmaq mövqeyindən çıxış edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin də apellyasiya şikayəti əsaslı deyildir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, tərəflərin apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə kredit üzrə faiz borcunun iddiaçı tərəfindən tələb olunan müddətədək hesablanıb ödənilməsini qət etməkdə səhvə yol vermiş və həmin hissədə maddi hüquq normasını düzgün tətbiq etməmiş, nəticədə cavabdehlərdən faiz borcunun (və bundan irəli gələn ümumi borcun) artıq məbləğdə tutulmasını qət etmişdir. Belə ki, iddiaçı cavabdehlərdən xx.xx.2023-cü il tarixinə hesablanmış 7075,66 manat məbləğdə faiz borcunun ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə faiz borcunu müvafiq ekspertiza rəyi ilə müəyyən olunmuş 6069,77 manat məbləğdə təmin etmişdir. Halbuki, Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki: “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bitməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qanunvericiliyin mənasına görə, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə (xəbərdarlıqda) göstərilən əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə faizi tələb etməsi yolverilməzdir. Kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. İşdə olan xx.xx.2023-cü il tarixli bildiriş və eyni tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə həmin tarixədək yaranmış kredit borclarının 7 gün müddətində ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, istinad edilən bildiriş və xəbərdarlığa əsasən iddiaçı borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin təmin olunmaması səbəbindən müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etmiş və cavabdehlərə ödəniş üçün xx.xx.2023-cü il tarixədək vaxt vermişdir ki, bu da iddiaçının kredit müqaviləsini birtərəfli qaydada ləğv etməklə bağlı iradə ifadəsini təsdiqləyir. Cavabdehlər iddiaçı tərəfindən əlavə verilmiş müddət ərzində də kredit öhdəliklərini icra etmədiklərinə (həmçinin icra etmək niyyətlərini göstərən addım atmadıqlarına) görə tərəflər arasındakı müqavilə əlavə müddətin bitdiyi, yəni xx.xx.2023-cü il tarixdən ləğv olunmuş sayılır. Belə olduğu halda iddiaçı müqavilə faizləri üzrə yalnız həmin (xx.xx.2023-cü il) tarixədək hesablanan borcun cavabdehlərdən tutulmasını tələb edə bilər. Həmin tarixdən sonrakı dövr üçün isə iddiaçı cavabdehlərdən öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanan faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İşdə olan məhkmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, borc alan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixə 26618,11 manat məbləğdə əsas borcu və 4636,83 manat məbləğdə faiz borcu, xx.xx.2023-cü il tarixə isə 26618,11 manat məbləğdə əsas borcu və 6069,77 manat məbləğdə faiz borcu olmuşdur. Lakin, yuxarıda qeyd edildiyi kimi, müqavilə faizi yalnız xx.xx.2023-cü il tarixədək tətbiq oluna bilər. Ekspertin rəyinə əsasən gecikdirilmiş hər günə 12,57 manat məbləğdə faiz borcunun hesablandığı nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə yaranmış faiz borcu 4724,82 (4636,83 + 87,99 (7 x 12,57)) manat təşkil edəcəkdir. xx.xx.2023-cü il tarixdən iddiaçının faiz borcu hesabladığı xx.xx.2023-cü il tarixədək isə cavabdehlərdən vurulmuş zərərə (əldən çıxmış faydaya) görə 5% hesabı ilə faiz borcu tələb edilə bilər ki, bu da 379,20 manat (əsas borcun 1 günlük faiz borcu 3,64 manat ((26618,11 : 100 x 5) : 365) x gecikdirilmiş 104 gün (xx.xx.2023 - xx.xx.2023)) təşkil edəcəkdir. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə 5104,02 (4724.82 + 379,20) manat məbləğdə faiz borcunun olduğu müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə faiz borcu qətnamə ilə müəyyən olunmuş 6069,77 manat deyil, 5104,02 manat məbləğində təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmədiyindən müqavilə faizinin hesablanması müddətinin müəyyən olunmasında səhvə yol vermişdir ki, bu da cavabdehlərdən faiz borcunun artıq məbləğdə hesablanıb tutulmasına səbəb olmuşdur. Qeyd olunan səhv həm də ümumi borc məbləğinin artıq hesablanmasını şərtləndirmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş faiz borcunun və bundan irəli gələn ümumi borcun məbləğləri hissəsində dəyişdirilərək faiz borcu 5104,02 manat məbləğində, ümumi borc isə 32823,13 manat məbləğində (100 manat mediasiya xərcinin və 1 manat dövlət rüsumunun əvəzi də daxil olmaqla) müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflərin verdiyi apellyasiya şikayətləri təmin edilməməli, eyni zamanda həmin qətnamə iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilməli, İddiaçı ASC-nin xeyrinə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 kredit müqaviləsi üzrə müştərək qaydada tutulmalı olan faiz borcu 5104,02 manat məbləğində, ümumi borc isə 32823,13 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "Paşa Bank” ASC və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bununla belə, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi iddianın təmin olunmuş faiz borcunun və ümumi borcun məbləğləri hissəsində dəyişdirilsin. İddiaçı "Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər "xxxx" MMC və Cavabdeh2 kredit müqaviləsi üzrə müştərək qaydada tutulmalı olan faiz borcu 5104,02 manat (beş min bir yüz dörd manat 02 qəpik) məbləğində, ümumi borc isə (ödənilmiş 100 manat mediasiya xərcinin və 01 manat dövlət rüsumunun əvəzi də daxil olmaqla) 32823,13 manat (otuz iki min səkkiz yüz iyirmi üç manat 13 qəpik) məbləğində müəyyən edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)-48/2024 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-122/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-122/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver