Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-123/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2-2(119)-127/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti- “bank” və Cavabdeh2-“kredit alan” və Cavabdeh1- “zamin” olmaqla bağlanmış 29 sentyabr 2022-ci il tarixli 021L**********75 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən kredit alana sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün 120 ay müddətinə 80000 (səksən min) manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 2.7-ci bəndinə görə kredit alan hər bir kredit üzrə kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ya ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin 2.13-cü bəndinə əsasən zamin bu müqavilə üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. Müqavilənin 4.9-cu bəndinə görə bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Müqavilənin 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır. Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır.
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “kredit alan” olmaqla bağlanmış 18 may 2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən bank məbləği 15000 (on beş min) manat olan biznes kreditini illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir.
3. Həmin razılaşmaya görə AZ64ACAB******************** nömrəli cari hesab və həmin cari hesabda 15000 (on beş min) manat məbləğində pul vəsaiti, həmçinin məbləğindən asılı olmayaraq gələcəkdə həmin hesaba daxil olacaq pul vəsaiti xüsusi girov predmeti olaraq müəyyən edilir.
4. 18 may 2023-cü il tarixli ödəniş planında borcalan Cavabdeh2 banka olan borcunun son ödəniş tarixi 20 may 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur.
5. 27 iyun 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 18 may 2023-cü il tarixli 021R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh2 27 iyun 2024-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində borcu vardır.
6. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 27 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində borclarının olduğu bildirilmiş, borcun 07 iyul 2024-cü il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
7. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən 18 may 2023-cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh2 27 iyun 2024-cü il tarixə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan əsas borcu 11396,55 manat, faiz borcu 1164,98 manat, 21 yanvar 2025-ci il tarixə olan əsas borcu 11396,5 manat, faiz borcu 2650,33 manat kimi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 021R********** saylı krеdit razılaşması üzrə 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrc, 1187,60 (min yüz səksən yeddi manat altmış qəpik) manat faiz bоrcu və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat cərimə olmaqla, ümumilikdə cəmi 12870,59 (on iki min səkkiz yüz yetmiş manat əlli doqquz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 128,60 (yüz iyirmi səkkiz manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC ilə Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli 021L**********75 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Cavabdeh2 120 (yüz iyirmi) ay müddətinə 80000 (səksən min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh2 "xxxx" QSC ilə bağladığı 18 may 2023cü il tarixli 021R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 24 ay müddətinə, illik faiz dərəcəsi 23% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 3679,27 manat ödəmiş, onun 11320,73 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 27 iyun 2024-cü il tarixə 160 gün üçün hesablanmış faiz borcu 1187,60 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə ödəməlidir. 27 iyun 2024-cü il tarixə 160 gün üçün hеsablanmış cərimə 362,26 manat təşkil edir.
10. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2-2(119)- 127/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11320,73 (on bir min üç yüz iyirmi manat yetmiş üç qəpik) manat məbləğində əsas bоrcun, 1164,98 (min yüz altmış dörd manat doxsan səkkiz qəpik) manat məbləğində faiz bоrcunun və 362,26 (üç yüz altmış iki manat iyirmi altı qəpik) manat məbləğində cərimənin və ödənilmiş 128,54 (yüz iyirmi səkkiz manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12976,51 (on iki min doqquz yüz yetmiş altı manat əlli bir qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq X2 ödənilməsi qət edilmişdir.
11. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2-2(119)-127/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh iş üzrə qətnamə ilə müəyyən edilmiş hallara, Mülki Məcəllənin qətnamədə istinad olunmuş normalarına və qətnamənin nəticə hissəsinə istinad etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan məhkəməmühasibatlıq eksperzasının 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyi ilə razı deyillər. Belə ki, onun banka ödədiyi ödənişlər tam olaraq nəzərə alınmayıb. Ekspert düzgün hesablama aparmamışdır. Məhkəmə iclasında iştirakı təmin olunmadığından ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməmişdir. Həm əsas, həm də faiz borcu düzgün hesablanmamışdır. Bundan əlavə cərimə borcu da şişirdilmişdir. Banka olan borcu düzgün hesablanmadığından hesab edir ki, iş üzrə təkrar olaraq ekspertiza təyin olunmalı və verilən rəy obyektiv olmalıdır. Əks halda məhkəmə qətnaməsindən narazıdır və hesab edir ki, qanuni və əsaslı qətnamə qəbul edilmədiyindən qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunamlıdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, cavabdehlərin işrakını təmin etməmiş, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin tərəflər arasında olan 18 may 2023-cü il tarixli kredit sazişi-biznes krediti müqaviləsinin bağlanıldığı zaman qüvvədə olan 739-741-ci maddələri Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 18 may 2023-cü il tarixli krеdit razılaşmasına dair öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Borcalan kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas borc ondan tutulmalıdır. Tərəflər arasında bağlanmış 18 may 2023-cü il tarixli kredit sazişibiznes krediti və girov barədə qarışıq razılaşma üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddia tələbi və cavabdeh tərəfin mənafeyi nəzərə alınaraq əsas borcun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyində müəyyən edilmiş nəticəyə əsasən deyil, MPM-in 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı tərəfindən verilmiş iddia tələbinə uyğun olaraq müəyyən edilmiş, ekspert rəyində cavabdehin sözügedən müqavilə üzrə əsas borcu 11396,55 manat olması müəyyən edilmiş olsa da, iddia tələbində iddiaçı tərəfindən cavabdehlərdən müştərək qaydada 11320,73 manat məbləğində əsas borcun tutulmasının tələb olunması nəzərə alınmışdır. Məhkəmə kredit razılaşması üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 27 iyun 2024-cü il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alaraq ekspert rəyi mötəbər sübut olaraq əsas götürülərək həmin rəylə kredit razılaşması üzrə 27 iyun 2024-cü il tarixinə hesablanmış 1164,98 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə iclasında iştirakının təmin olunmadığından ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilməməsini, həm əsas, həm də faiz borcunun düzgün hesablanmadığını, cərimə borcunun şişirdildiyini göstərsə də bu halları təsdiq edən hər-hansı sübutları təqdim etməmiş, o cümlədən iş üzrə ekspertiza rəyinin mötəbirliyini şübhə altına alan hər-hansı hallara istinad etməmişdir. Bundan əlavə, iş üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli hazırlıq iclasında cavabdeh özü iştirak etmiş, təqdim edilməli heç bir sübutunun olmadığını bildirməklə işin məhkəmə baxışına təyin edilməsini xahiş etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasında isə onun nümayəndəsi və vəkili iştirak etməklə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.
20. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Cavabdeh iddia tələbində göstərilən məbləğin düzgün hesablanmaması ilə bağlı sübutlarını prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə nə birinci instansiya məhkəməsinə nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. İş materiallarından və iddiaçı tərəfindən təqdim edilmiş müvafiq sübutlardan və 02 iyun 2025-ci il tarixli 9/1329 nömrəli ekspert rəyindən isə birinci intansiya məhkəməsi tərəfindən cavabdehlərdən tutulmalı olan məbləğin düzgün hesablanması müəyyən olunmuşdur.
21. Şikayətin digər dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, həmin dəlillər cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsinə haqq qazandırmır.
22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası:
Q Ə T E T D İ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, e-2-2(119)-127/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.