Məhkəmə qərarları › İş №2-2(105)-126/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-126/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-126/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-785/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 182,37 (yüz səksən iki ABŞ dolları otuz yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 1556,10 (min beş yüz əlli altı ABŞ dolları on sent) ABŞ dolları məbləğində faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,17 (otuz bir ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) ABŞ dolları məbləğində borcun və 53,16 (əlli üç manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə cari krediti bağlamaq və əsas vəsaitin artırması məqsədi ilə 24 ay müddətinə illik 31 faiz dərəcəsi ilə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında ZM-1431 nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 13 iyul 2015-ci il tarixdə 1431 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 19 ay təyin edilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra 1431 nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 19 aprel 2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2304,23 (iki min üç yüz dörd ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 1041,12 (min qırx bir ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu və 494,77 (dörd yüz doxsan dörd ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilir. Əlavə sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-Q-41-3183/2025 nömrəli xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) ABŞ dolları təşkil edir. Bundan 182,37 (bir yüz səksən iki ABŞ dolları otuz yeddi sent) ABŞ dolları əsas, 180,44 (yüz səksən ABŞ dolları qırx dörd sent) ABŞ dolları faiz, 1556,10 (min beş yüz əlli altı ABŞ dolları on sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 31,17 (otuz bir ABŞ dolları on yeddi sent) ABŞ dolları faiz borcu təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli e-2-2(119)-785/2025 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh1 nümayəndəsi Vəkil 27 may 2025-ci il tarixində məhkəməyə etiraz təqdim edərək iddia tələbinin rədd olunması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilə və saziş üzrə cavabdeh tərəfindən dəfələrlə ödənişlər aparılmış və iddiaçıya borc qalmamışdır. Hətta borc qalmış olsaydı belə iddiaçının bu illər ərzində əsas borcu tələb etməyib illərdən sonra cavabdehdən cərimə, faiz borcu və digər xərclər ödənilməsini tələb etməsi cavabdehi hədsiz maddi çətinliyə salmaqla vəziyyətinin ağırlaşmasına səbəb olacaq. Eyni zamanda tərəflər arasında yaranmış kredit münasibətləri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür. Həmin fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanında qeyd edilmişdir ki, banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər (6.1-ci bənd). Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin (6.2 və 6.3-cü bəndlər). Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür (8.9-cu bənd). Nəzərə almaq lazımdır ki, kompensasiya olunan kreditlər üzrə faiz və cərimə borclarının silinməsi bankların yox, dövlətin bu məqsədlə ayırdığı vəsait hesabına həyata keçirilmişdir. Yəni, dövlət həm vətəndaşların, həm də bankların maliyyə itkisini qarşılamışdır. Həmçinin problemli kreditlərin kompensasiyasına dair məlumatda borcun məbləği 310 manat göstərilmişdir. Belə olan halda cavabdehdən 1950,08 (min doqquz yüz əlli ABŞ dolları səkkiz sent) məbləğin tələb olunması barədə iddia əsassız və qanunsuzdur. Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-785/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh1 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 340,03 (üç yüz qırx manat üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-785/2025 nömrəli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mübahisələndirilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: - 2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; - 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan; - xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Bildiririk ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 315 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu da borcun həmin dövr üçün gecikmədə olmadığını göstərir. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. Problemli kreditlərin kompensasiyası və restruktruzasiya olunmasına dair məlumatları əks etdirən Mərkəzi Banka aid https://pk.cbar.az/az/kompensasiya saytda asanlıqla cavabdehin borcuna dair məlumatları yoxlamaq mümkündür. Həmin portaldan çıxarışa nəzər yetirilsə görünər ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə LPO İddiaçı ASC-yə olan 3.307,30 manat əsas borcundan 2.997,27 manat (borcun azaldılmasına yönəldilən kompensasiya məbləği) hissəsi silinmişdir. Bundan sonra qalıq əsas kredit borc məbləği 310,03 manat müəyyənləşdirilmişdir. Lakin yuxarıda qeyd olunan səbəbdən (Gecikmə günü 360 gündən az olduğuna görə), yəni cavabdehin əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 315 gün təşkil etdiyindən qalıq əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamışdır. İddiaçı qaydalarla müəyyən olunan vəzifələrini həyata keçirmiş, cavabdehin borcuna dair məlumatı aidiyyatı quruma təqdim etmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcunun məbləği 1.950,08 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə qətnaməsi isə işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmayıb. İş materiallarında iş üçün əhəmiyyətli olan və faktı təsdiq edən kifayət qədər sübut vardır və tərəflər həmin faktın mövcudluğunu mübahisəsiz şəkildə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsinin 2.1-ci bəndinə görə kreditor borcalana 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana cari krediti bağlamaq və əsas vəsaitin artırılması üçün məqsədlə verilir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 31 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 33,32 % təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 62 % dərəcəsi, aylıq isə 5,17 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 14 iyul 2016-cı il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 14 iyul 2014 tarixli ZM-1431 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti 14 iyul 2014-ci il tarixli 1431 nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 13 iyul 2015-ci il tarixli 1431 nömrəli 14 iyul 2014-ci il tarixli kredit müqaviləsinə 1431 nömrəli əlavə sazişə əsasən müqavilənin 2.1-ci bəndində qeyd edilən və kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 19 ay təyin edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 13 iyul 2015-ci il tarixli 1431 nömrəli 14 iyul 2014-ci il tarixli zaminlik müqaviləsinə əlavə sazişin 1.1-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndində qeyd edilən və kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4059,09 (dörd min əlli doqquz ABŞ dolları doqquz sent) ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsinə 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kredit borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2304,23 (iki min üç yüz dörd ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 1041,12 (min qırx bir ABŞ dolları on iki sent) ABŞ dolları faiz borcu və 494,77 (dörd yüz doxsan dörd ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restruktruzasiya edilmiş kreditin müddəti 19 aprel 2022- ci il tarixədək təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 19 aprel 2017-ci il tarixli ZM-1431 nömrəli 14 iyul 2014 tarixli zaminlik müqaviləsinə 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı 3840,12 (üç min səkkiz yüz qırx ABŞ dolları on iki sent) ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmiş məlumatdan aydın olur ki, Cavabdeh1 01 mart 2019-cu il tarixə qalıq əsas borcu 310,03 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə 21 fevral 2025-ci il tarixinə 182,37 ABŞ dolları məbləğində əsas borcu, 180,44 ABŞ dolları məbləğində faiz borcu və 1556,10 ABŞ dolları manat məbləğində müqavilə üzrə gecikdirilmiş faiz borcu olmaqla, cəmi 1950,08 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 14 iyul 2014 tarixli 1431 nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh1 borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 310,03 (üç yüz on manat üç qəpik) manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 5 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı pul tələb etsə də, həmin borc iddia tələbində istinad edilən kimi deyil, 310,03 (üç yüz on manat üç qəpik) manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsas borc, faiz borcu və cərimə borcunun cavabdehlərdən tutulmasını iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-785/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar