Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-128/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh “X5 Təsərrüfatı” MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh “X5 Təsərrüfatı” MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)- 736/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı icarə müqaviləsinin ləğv edilməsi və cəmi 37.052,2 manat məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı eyni zamanda məhkəməyə iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək cavabdehin əməkdaşlarının və cavabdehin qanunsuz olaraq icarəyə verdiyi digər şəxslərin iddaçıya məxsus Bakı şəhərinin 1 nömrəli zeytunçuluq savxozunun ərazisində yerləşən sahəsi 6891,61 kv metr olan quşçuluq obyektindən istifadəsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh və cavabdehin qanunsuz olaraq icarəyə verdiyi digər şəxslər iddaçıya məxsus quşçuluq obyektindən icarə haqqını ödəmədən istifadə etməkdə davam edirlər. Bu iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-736/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında ərizənin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə özünün qanunsuz və əsassız qərardadında tərəflər arasında bağlanmış icarə müqaviləsinin hal-hazırda da qüvvədə olması, cavabdehin bu obyektdən istifadə etməsi səbəbindən iddiaçının təmin tədbiri barədə ərizəsində xahiş etdiyi tələbin ümumi iddia tələbinə mütənasib olmaması qeyd edilmişdir. İcarə müqaviləsi 3 il müddətinə bağlanmış, xx.xx.2022-ci ilə tarixinədək qüvvədə olsa da, cavabdeh bu müddət ərzində cəmi iki dəfə icarə haqqı ödəmiş, onun xəbəri olmadan icarə obyektinə üçüncü şəxsləri cəlb etmiş, bu müddət ərzində kommunal xərclər ödənilməmiş, icarə müqaviləsinin ləğv edilməsinə dair tərəfə dəfələrlə şifahi, yazılı, teleqram vasitəsi ilə və ən son rəsmi olaraq bildiriş göndərilmiş və bildirişdə qeyd olunan müddətdə qarşı tərəf buna münasibət bildirməmişdir. İcarə müqaviləsinin ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcuddur, iddia tələbindən biri də icarə müqaviləsinin ləğvidir. Bütün bu müddət ərzində və məhkəmə baxışı müddətində cavabdeh və ya onun qanunsuz əsaslarla – icarə müqaviləsi əsasında ona məxsus olan obyektə işə cəlb etdiyi şəxslər heç bir icarə haqqı ödəmədən onun əmlakını qəsb etməkdə və talamaqda davam edirlər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etdi. Həmçinin vəsatət təqdim edərək, iddia təmin tədbiri ərizəsində qeyd edilmiş “cavabdehin qanunsuz olaraq icarə verdiyi digər şəxslər” hissəsinin iddiaçının əmlakından qeyri-qanuni əsaslarla istifadə edən Heydərov Rövşən Rzaqulu oğlu və X2 həmin əmlakdan istifadənin qadağan olunması kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “X6 Təsərrüfatı” MMC-nin vəkili və nümayəndəsi Vəkil2 şikayətin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, R.Heydərov və E.Şıxəliyev hazırkı iş üzrə nə cavabdeh, nə də ki, üçüncü şəxs qismində cəlb olunmamışdırlar. Onlar öhdəlik müqaviləsi əsasında fəaliyyət göstərmişdirlər. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasının təmin etmək üçün görülən tədbirdir və işi qabaqcadan mahiyyəti üzrə həll etməməlidir. Hazırkı iddia tələbi “X5 Təsərrüfatı” MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və borcun tutulması barədədir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərardadında göstərmişdir ki, hazırkı işə baxılıb yekunlaşması prosessual müddətlər və tərəflərin davranışı nəzərə alınmaqla müəyyən müddət davam edə bilər və belə olan halda cavabdeh tərəfə quşçuluq obyektindən istifadənin qadağan edilməsi cavabdehə əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb ola bilər. Bundan əlavə, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-413/2020 saylı qərardadı ilə hazırda Bakı Kommersiya Məhkəməsinin icraatında tərəflər arasında olan eyni predtmetə dair iş üzrə “X5 Təsərrüfatı” MMC-nin iddianın təmini tədbirinə dair ərizəsi təmin edilərək, “X5 Təsərrüfatı” MMC-nin rəhbərliyi və əməkdaşlarının Bakı şəhəri, 1 nömrəli Zeytunçuluq sovxozunun ərazisində yerləşən sahəsi 6891,61 kvadrat metr ölçüdən ibarət olan quşçuluq obyektinə daxil olmasına və onların orada sərbəst hərəkətinə, habelə cəmiyyətin normal iş fəaliyyətinə maneələrin yaradılmasının hazırkı iş üzrə iddiaçı olan İddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı qüvvədə olduğundan, hazırkı iş üzrə iddiaçının tələb etdiyi təmin tədbirinin görülməsi eyni zamanda hüquqi cəhətdən bir-birinə zidd olan iki məhkəmə qərarının mövcudluğuna səbəb ola bilər ki, bu da həmin qərardadın icrası baxımından çətinliklər yarada bilər. Belə olan halda, birinci instansiya məhkəməsi iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında ərizəni təmin etməyərək düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin tədbiri barədə ərizə üzrə tələbin dəqiqləşdirilməsi məsələsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi verilmiş ərizə tələbinə qiymət vermişdir. MPM-in 157.1-ci maddəsinə əsasən iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verildiyindən, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının dəqiqləşdirilmiş tələblə yenidən ərizə verməsi mümkündür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-736/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-736/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Məhəmmədəli Rzayev
Məhkəmə qərarları › İş №2-2(105)-128/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-128/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver