Məhkəmə qərarları › İş №2-2(105)-128/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-128/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-128/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil və iddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-401/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-401/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borcun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehə qarşı borcun tutulması, icarə müqaviləsinə xitam verilməsi və qeyri-yaşayış sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 26.01.2009-cu il tarixində bağlanmış “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli və 10262/9040 nömrəli 16.05.2018-ci il tarixli icarə müqavilələri üzrə 01.01.2015-01.04.2021-ci illər üçün ödənilməmiş 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borc məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və həmin icarə müqaviləsinə xitam verilməklə icarə müqaviləsinin predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə Cavabdeh arasında 26.01.2009-cu il tarixində “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 9040/7870 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi sədrinin 08.01.2007-ci il tarixli, 01 saylı Əmrinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 kv.m təşkil edən, iddiaçının balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə cavabdehin icarəsinə verilmişdir. İcarə predmeti olan qeyri-yaşayış sahəsinin adı, dəyəri, təyinatı, təsviri və s. digər xüsusi qeydlər müqavilədə öz əksini tapmışdır. Həmçinin bundan əlavə, icarə müqaviləsi üzrə cavabdehin ödəməli olduğu icarə haqqı, hesablanma qaydası da tam ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 8.3.5-ci maddəsinə əsasən, icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyaclar üçün istifadə zərurəti yarandıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Hal-hazırda "xxxx" MMC-də istehsalın genişlənməsi və istehsal həcminin artması ilə əlaqədar əlavə istehsal sahələrinə və tikililərə ehtiyacın olduğunu nəzərə alınmaqla icarə müqaviləsinin predmeti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətinə qaytarılmasına zərurət yaranmışdır. Bu 26.01.2009-cu il tarixli icarə müqaviləsində icarə münasibətlərinə xitam verilməsinin birbaşa əsası kimi qeyd edilmişdir. Ona görə də, iddiaçı tərəfindən qeyd edilmiş qeyriyaşayış sahəsi ilə əlaqədar bağlanmış icarə müqaviləsinə xitam verilməsi və həmin ərazinin iddiaçıya qaytarılması ilə bağlı icarə müqaviləsinə xitam verilməsi barədə qərar verilməsi üçün Azərbaycan Respublikaslı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir. Həmin müraciətə verilmiş cavab məktubunda cavabdehə xəbərdarlıq məktubunun göndərildiyi qeyd edilmişdir. Lakin, cavabdeh həm bağlanılmış müqavilənin həm də qanunvericiliyin tələblərini kobud surətdə pozaraq həmin qeyri-yaşayış sahəsinin iddiaçıya qaytarılmasına suni şəkildə maneələr yaradır, bununla da iddiaçının hüququnu və qanunla qorunan mənafeyini kobud surətdə pozur. Cavabdeh artıq uzun müddətdir ki, icarə haqqını da ödəmir. Belə ki, bu barədə cavabdeh şirkətə dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir. Lakin cavabdeh öz öhdəliklərinin icrasından boyun qaçırır. 2015-2019-cu illər üçün cavabdehin ödənilməmiş cəmi 73.382,00 (yetmiş üç min üç yüz səksən iki) manat borcu mövcud olmuşdur, hazırda isə 26.01.2009-cu il tarixli və 16.05.2018-ci il tarixli müqavilələr üzrə 01.01.2015-01.04.2021-ci illər üçün cavabdehin ödənilməmiş cəmi 113597,15 (yüz on üç min beş yüz doxsan yeddi manat 15 qəpik) manat borcu yaranmışdır. İddia ərizəsində göstərilir ki, cavabdehin həm icarə haqqını ödəməməsi, həm də icarə obyektini tam əsassız olaraq iddiaçıya qaytarmaması iddiaçını məhkəməyə müraciət etməyə məcbur etmişdir. Yaranmış borcun ödənilməsi, qeyd edilmiş icarə müqaviləsinə xitam verilməklə icarə obyektinin iddiaçıya qaytarılması barədə məhkəmə tərəfindən ədalətli qərar verilməsi zəruridir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci, Mülki Prosessual Məcəllənin 9, 76.1, 76.2, 106.1, 106.3, 220, 218.1, 97.1, 77.1, 88 və 14.2-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil və iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 153.3, 155.1, 157.2, 421.1 və 421.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İcarə müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, icarəyə götürülmüş əmlakın dəyərindən amortizasiya ayırmaları icarə haqqına daxil edilir. İcarəyə götürülmüş əmlakın təkrar istehsalını tamamilə icarəçi həyata keçirdikdə amortizasiya ayırmaları icarəyəverənə verilmir və yalnız icarəçiyə məxsus olur. Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda, icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi isə həmin müəssisələrin sərəncamında qalır. Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İş materiallarından görünür ki, icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə icarəçi Cavabdeh arasında 26.01.2009ci il tarixli 9040/7870 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi sədrinin 08.01.2007-ci il tarixli, 01 saylı əmrinə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 1352.1 m2 təşkil edən ARMSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun balansında olan qeyri-yaşayış sahəsi istehsal məqsədi ilə icarəçinin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 2259,81 manatdır və icarə haqqının 50%-i (ƏDV ilə) 1223.2 manat, illik icrarə haqqının 50%-i (ƏDV ilə) 14678.4 manat AR MSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun hesablaşma hesabına ödənilməlidir. İş materiallarında olan 10262/9040 nömrəli 16.05.2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçının balansında olan ümumi sahəsi 1370 m2 təşkil edən qeyri-yaşayış sahəsinin xidmət məqsədi ilə “icarəçi”nin müddətli istifadəsinə verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bir aylıq icarə haqqı 3413.53 manatdır və icarə haqqının 50%-i (ƏDV ilə) 1847.69 manat, illik icrarə haqqının 50%-i (ƏDV ilə) 22172.29 manat AR MSN, "xxxx" İstehsalat Birliyi MMC, “Radioquraşdırma” zavodunun hesablaşma hesabına ödənilməlidir. Həmin müqavilənin 4-cü bəndinə əsasən icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə, sahədən səmərəli və təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirmək icarəyəverənin hüququdur. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etmək və icarə müddət ərzində icarə haqqını cari ayın 10-dək ödəmək “icarəçi”nin hüquq və vəzifələridir. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, “İcarəçi”nin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. Həmin müqavilənin 8.3.5-ci maddəsinə əsasən icarəyə verilmiş əmlakdan dövlət və ya ictimai ehtiyatları üçün istifadə zərurəti yarandıqda müqavilə üzrə hüquq müqanisbətlərinə vaxtından əvvəl xitam verilir. İddiaçı tərəfindən təqdim edilmiş 10.06.2021-ci il tarixli 17/133 saylı maliyyə arayışından görünür ki, Cavabdeh yuxarıda qeyd edilən müqavilələr üzrə 01.01.2015-ci il tarixdən 01.04.2021-ci il tarixədək icarə haqqını ödəməmişdir və cəmi borcu ƏDV ilə birlikdə 113597,15 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş 27.04.2021-ci il tarixli 06/83 saylı məlumatdan və kassa mədaxil orederindən görünür ki, Cavabdeh icarə müqaviləsi əsasında sonuncu ödənişi 22.04.2015-ci il tarixdə etmişdir ki, həmin ödəniş də 2014-cü ilin oktyabr, noyabr və dekabr ayları üzrə icarə haqqı olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, (səh.91) iddia tələbini borcun tutulması hissəsində qəbul edirlər, lakin müəssisənin maliyyə vəziyyəti qənaətbəxş olmadığından hazırda icarə haqqını ödəmək imkanları yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh hər ay 3413.53 manat icarə haqqı ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda iddiaçı həmin pul vəsaitini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-401/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar