Məhkəmə qərarları › İş №2-2(105)-129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-129/2023

06.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-129/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə ilk iddia ərizəsinə, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə və Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-2(119)-454/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İlkin İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 350000 manat borc pulun və 10000 manat maddi ziyanın, 10000 manat mənəvi zərərin, cəmi 370000 manat pulun, Cavabdeh2 60000 manat borc pulun, 10000 manat maddi ziyanın və 10000 manat mənəvi zərərin, cəmi 80000 manat pulun alınıb ona verilməsi, cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən Cavabdeh2 2010cu ildən Sumqayıt şəhəri, “Karvan ticarət mərkəzində” qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Şəbinə Kərəmovanı da xalası vasitəsi ilə 2019-cu ilin fevral ayından qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğundan tanıyır. Özü qızıl-zinət əşyalarının fərdi satışı ilə məşğul olduğundan cavabdehlərlə 2019-cu ilin oktyabr ayına kimi dəfələrlə alver etmiş, onlar dəfələrlə ondan qızıl-zinət əşyalarını götürərək satıb pulunu hissə-hissə ödəmişlər. Cavabdehlərdən Cavabdeh1 ona 500000 manat borcu qalmışdı. Cavabdeh1 ona olan 500000 manat borcundan 150000 manatını ödəmiş, qalan 350000 manat borcunu ödəməmişdir. Cavabdeh2 isə ondan alıb-satdığı qızıl-zinət əşyalarının pulundan 30000 manatını ödəmiş, qalan 50000 manat borcunu isə ödəməmişdir. Cavabdehlər 2019-cu ilin may ayında iş yerinə gələrək yaxşı müştərilərinin olmasını deyərək birlikdə qızıl əşyalarının alqı-satqısı ilə məşğul olmaqlarını təklif etmişlər. Cavabdehlərlə aralarında alış-veriş ayda 30-80 min manat təşkil edib, onlarla mütamadi işləmək barədə razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xahişi ilə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “VİP” Lombardından 585 və 750 əyarlı ümumi çəkisi 504,64 qram, dəyəri 26000 manat olan qızıl-zinət əşyalarını götürüb, müştəriyə göstərmək üçün Cavabdeh2 vermişdir. Maya həmin zinət əşyalarını tanışı Zaurla götürərək getmiş, lakin onu aldadaraq həmin qızılları nə geri qaytarmış, nə də pulunu ödəməmişdir. O, elə həmin gün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, xx.xx.2019-cu ildə isə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldatdığını, qızılları qaytarmadığını bildirərək, 504,64 qram qızılzinət əşyalarının alınıb ona qaytarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Pİnin 4-cü PBdə aparılan araşdırma zamanı Cavabdeh2 müştəriyə göstərmək üçün satış məqsədiylə ondan nisyə qızıl aldığını etiraf etmiş və bildirmişdir ki, həmin qızılı guya ona təsir vasitəsi kimi özündə saxlamış, guya ki, olan borcunu qaytarmamış və ona görə də qızılları qaytarmır. Cavabdehlərin ona qarşı törətdikləri qeyri-qanuni əməlləri barədə dərhal hüquqmühafizə orqanlarına məlumat versə də, sonradan ərizə və şikayət etsə də, şikayəti Sumqayıt şəhəri Pİ-si 4-cü PB-də tam araşdırılmamış, məsələnin əsil mahiyyəti üzə çıxarılmamış, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh2 araşdırmaya ondan götürdüyü 504,64 qr qızılın 368,68 qramını təqdim etmiş, həmin əşyalar lombarda qaytarılmış, dəyəri 10000 manat olan 135,96 qram qızıl Maya tərəfindən mənimsənilmişdir. Beləliklə, 26000 manat dəyəri olan qızıldan 16000 manat qızılı lombarda qaytarılmış, çatmayan 135,96 qram qızıla görə 10000 manatlıq qızılı lombarda qaytarmışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş, ona isə mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. O, cavabdehlərdən verdiyi qızılın pulunu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan ilkin iddianın rədd edilməsi, İddiaçı 20000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona və Cavabdeh2 qarşı dələduzluq cinayəti edərək pullarını mənimsədiyi üçün İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət işi qaldırılaraq ittiham verilmiş və hazırda həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. O və Cavabdeh2 isə istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı həmin cinayət işinin acığına və öz işini asanlaşdırmaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. O, rəfiqəsi Cavabdeh2 ilə birlikdə qızıl alveri ilə məşğul olmuşdur. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə İddiaçı təklif etmişdir ki, alıb-satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa verib. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə vemişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri Lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdi ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur və əvvəlcədən onlara satdığı qızılların saxta olduğunu bilib və onların etibarlarından suiistifadə edərək dələduzluq yolu ilə pullarını mənimsəmişdir. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıblar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ümumilikdə nağd şəkildə 20000 manat hesabı ilə 10000 ABŞ dolları və 3000 manat pul vermişdir, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. İstintaqda ifadə verəndə Vüsalə ondan 10000 manat aldığını və həmçinin onun tərəfindən o, İranda olanda 3000 ABŞ dolları məbləğində pulu satıcısına verdiyini etiraf etmişdir. Buna baxmayaraq, həmin pulun ondan alınmasını etiraf etməsi kifayətdir ki, həmin pulu ondan geri tələb etmişdir. İddiaçı əvvəllər borcunun qaytarılmasına söz versə də, sonradan bundan qəti imtina etmişdir. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 22000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı CM-nin 178.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, həmin maddələrlə ittiham verilmişdir. Belə ki, rəfiqəsi Səbinə Kərimova ilə birlikdə qızıl alveri ilə məşğul olublar. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Səbinə özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa vermişdir. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə verirmişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdir ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ona ümumilikdə nəğd şəkildə 22000 manat pul vermiş, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. Daha doğrusu, istintaqda dindirmə zamanı Vüsalə həmin pulları ona verdiyini etiraf etmişdir. Lakin bildirmişdir ki, guya onun Vüsaləyə borcu olduğundan həmin pulları ona çıxmışdır. Təəssüflər olsun ki, Vüsalənin ona nə qədər borcu olduğunu, həmin borcun hansı zaman kəsiyində yarandığını özündə əks etdirən heç bir tutarlı sübutu istintaq orqanına təqdim edə bilməmişdir. Buna baxmayaraq, həmin pulun ondan almasını etiraf etməsi kifayətdir ki, həmin pulu Vüsalədən geri tələb etsin. İddiaçı CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. İddiaçı iddiasına münasibətdə bildirmək istəyir ki, onun iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı iddiasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul tələbi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddiaçı X2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10000 (on min) manat və 3000 (üç min) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı X2 xeyrinə tutulması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında bu nəticəyə gəlmişdir ki, ilkin iddianın təmini üçün kifayət qədər sübutlar yoxdur, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçıların iddia tələblərinin əsası kimi göstərdikləri faktlar iddiaçı Vüsalə Tahtirova barəsində istintaq edilən cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış materiallarla öz təsdiqini tapmışdır. Bü sübutlar məhkəmə araşdırması zərurəti ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin şifahi sorğusu ilə əldə edilmiş 1(060)- 304/2020 saylı iş üzrə cinayət işinin materiallarında öz əksini tapmışdır. Belə ki, cinayət işinin 145-146-cı vərəqələrində olan üzləşmə protokolundan görünür ki, İddiaçı Cavabdeh1 ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul verdiyini etiraf etmişdir. Həmin cinayət işinin 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh2 satılan qızıl əşyalarının pulunu 30000 manat məbləğində ödəmiş, qalan borcu isə ona qaytarmamışdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəmə baxışında iştirak edərək qarşılıqlı iddiaya etiraz verməmiş, göstərilən məbləğlərin qarşılıqlı iddiaçıların ona olan borclarına görə ödənilməsini təsdiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən ilkin İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin edilməsi və qarşılıqlı iddianın tam rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2327/22 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər –Səyyad Qafari, (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov) ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir, iddiaçı özünün iddia tələblərinin və qarşılıqlı iddiaya qarşı etirazının əsaslarını sübuta yetirə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76.1, 76.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4152/2022 nömrəli, 24 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2327/21 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (hakimlər X1 (məruzəçi), X4 və X8). Kassasiya instansiyası məhkəməsinin həmin qərarında qeyd olunmuşdur ki, işə baxan məhkəmələr diqqətdən qaçırmışdır ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmişlər. İddiaçı da qarşılıqlı iddiaçılardan aldığı pulların nisyə verdiyi qızıl-zinət əşyalarının ödəməsi olduğunu göstərmişdir. Nisyə alqı-satqının dəyəri əvvəlcədən ödənilmədən həyata keçirilən satış olması nəzərə alındıqda cavabdeh İddiaçı ödədikləri pulun artıq nisyə alınmış qızıl-zinət əşyalarına görə deyil, gələcəkdə alınacaq qızıl-zinət əşyalarına görə olmasının sübuta yetirilməsi qarşılıqlı iddiaçıların üzərinə düşür. Kassasiya instansiya məhkəməsinin qərarında həmçinin qeyd olunmuşdur ki, məhkəmələr tərəfindən qarşılıqlı iddiaçılar tərəfindən pulların nə vaxt verilməsi müəyyən edilməmiş, bu məsələnin müəyyən olunmasının tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının tətbiqi üçün mühüm əhəmiyyət kəsb etməsini diqqətdən qaçırmışdır. İşin təkrar apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-454/23 nömrəli, 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər – Gülnar Cabbarova (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz və Rəhimli Lalə) ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilkin iddia üzrə İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı pul, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə ilk iddia tələbinə, qarşılıqlı iddiaçılar X2 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı pulun ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüququ münasibətlərinin xarakterinə düzgün hüquqi qiymət verilməmiş, iddia ərizəsi məhkəmə aiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmalı olduğu halda, iddia tələbinə mahiyyəti üzrə baxılaraq, məhkəmə aiddiyyəti qaydaları ilə bağlı prosessual hüquq normalarının tələbi pozulmuş, bununla da iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” barədə iddia tələbinin təmin edilməməsi, iddia tələbi üzrə məhkəmə xərclərinin İddiaçı özünə aid edilməsi, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 20000 (iyirmi min) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (VÖEN **********) xeyrinə tutulması, Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı (VÖEN **********) 22000 (iyirmi iki min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 22030 (iyirmi iki min otuz) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (VÖEN **********) xeyrinə tutulması qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi, yəni “Cavabdeh1 350000 (üç yüz əlli min) manat borc pul, 10000 manat maddi ziyan və 10000 manat mənəvi zərər olmaqla, cəmi 370000 (üç yüz yetmiş min) manat məbləğində pulun və Cavabdeh2 60000 (altmış min) manat borc pul, 10000 manat maddi ziyan və 10000 manat mənəvi zərər olmaqla, cəmi 80000 (səksən min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul olunması və cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsi" barədə ilkin iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Eyni zamanda, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni "qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması" barədə qarşılıqlı iddia tələbinin və eləcə də, Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni "qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində pulun tutulub ona verilməsi" barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. Qətnamədən narazı qalan ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-454/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin olunması, qarşılıqlı iddiaların isə rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia ərizələrini təmin edərkən bildirmişdir ki, məhkəmə araşdırması zamanı 2019-cu ildə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının nisyə alqı-satqısı münasibətlərinin olması işin mübahisəsiz halı kimi müəyyən olunsa da, bu münasibətlərin olduğu dövrdə nisyə satılmış qızıl-zinət əşyalarına görə İddiaçı ilkin iddia ərizəsində tələb olunan Cavabdeh1 “350000 (üç yüz əlli min) manat məbləğində” borcunun və Cavabdeh2 isə “60000 (altmış min) manat məbləğində” borcunun olması mötəbər sübutlar əsasında və yaxud işin konkret halları ilə təsdiq olunmamışdır (bu xüsusatları, o cümlədən də qeyd olunan dövrdə tərəflər arasında baş tutan nisyə qızıl-zinət əşyalarının alqı-satqı dövriyyəsinin miqdarını və s . müvafiq halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, hətta məhkəmə araşdırması zamanı tərəflər arasında ilkin iddia ərizəsində qeyd olunan alqı-satqı dövriyyəsinin təxmini həcmini müəyyən etmək mümkün olmamışdır). Lakin, məhkəmə araşdırması zamanı 2019-cu ildə aralarında olan qızıl-zinət əşyalarının alqı-satqısı üzrə Cavabdeh1 İddiaçı qızıl-zinət əşyalarının alınması məqsədi ilə 3000 manat məbləğində və 10000 ABŞ dolları məbləğində pul vəsaitlərini verməsi və eləcə də, Cavabdeh2 isə İddiaçı qızıl-zinət əşyalarının alınması məqsədi ilə 5000 manat məbləğində və 15000 manat məbləğində pul vəsaitlərini verməsi, o cümlədən də satılmış qızıl əşyalarının saxtalığı ilə əlaqədar yaranan mübahisə üzrə 1100 manat və 900 manat məbləğlərində pulun İddiaçı qaytarmaması iş materialları və işin konkret halları ilə təsdiq olunmuşdur. Sual olunur? Bu xüsusatlar harada təsdiq olunmuşdur, bununla bağlı məhkəmənin istinad etdiyi sübut nədən ibarətdir, Məhkəmə istinad etdiyi sübutu göstərməmişdir. Əgər Məhkəmə cinayət işinin materiallarına istinad edirsə, cinayət işinin 145-146-cı vərəqələrində olan üzləşmə protokolundan görünür ki, İddiaçı Cavabdeh1 ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul verdiyini demişdir. Həmin cinayət işinin 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, İddiaçı ifadəsində göstərmişdir ki, Cavabdeh2 satılan qızıl əşyalarının pulunu 30000 manat məbləğində ödəmiş, qalan borcu isə ona qaytarmamışdır. Belə olan halda əgər hesab edilsə ki, məhkəmə qeyd olunan üzləşmə protokoluna istinad etməkdə haqlı olmuşdur, elə olan halda belə təmin olunmuş məbləğlər “etiraf olunmuş məbləğlərlə üsrt üstə düşmür.” Hörmətli Məhkəmə Kollegiyası hazırki işə baxan hakim işin kommersiya Məhkəməsində araşdırılmış hallarına uyğun olaraq belə bir nəticəyə gəldiyini formal olaraq vurğulasa da əslində bu iş üzrə iş kommersiya Məhkəməsinə göndərilməmişdən qabaq Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(060)-276/2021 nömrəli qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(105)-2327/2021 nömrəli qətnamələri ilə müəyyən edilmiş hallara istinad etmişdir. Həmin qətnamələrdə isə birinci instansiya məhkəməsinin qeyd etdiyi məbləğlər yoxdur. Halbuki ilkin İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2022-ci il tarixli 2(102)-4152/2022 nömrəli qərarı ilə təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli 2(105)-2327/21 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Lakin buna baxmayaraq Sumqayıt Kommersiya Məhkəməsi Ali Məhkəmənin mövqeyinə zidd olaraq yenidən eyni əsasla ilkin iddianın rədd olunması qarşılıqlı iddia ərizələrinin isə təmin olunması barədə qətnamə qəbul etmişdir. Həmin iş üzrə Ali Məhkəmənin mövqeyinə görə birinci instansiyada işə baxan Sumqayıt Şəhər Məhkəməsi Səbinə Kərimova və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı pul tələb olunmasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 2096 və 1097.1-ci maddələrinə istinad etmiş, yəni hesab etmişdir ki, İddiaçı cavabdehlərə qarşı mülki hüquq pozuntusu (delikt) törətmiş, nəticədə cavabdehlər bundan maddi zərər çəkmiş, iidiaçıların həmin zərəri tələb etmək hüququ, cavabdehin isə bu zərəri ödəmək vəzifəsi vardır. Apellyasiya instansiyası məhkəməsi isə ümumiyyətlə maddi hüquq normasına istinad etməmiş, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşdığını göstərmişdir. Lakin işdən görünür ki, qarşılıqlı iddiaçıların izahatları, onların və qarşılıqlı iddia üzrə cavabdehin sonuncu barəsində ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə verdikləri ifadələrə əsasən birinci instansiya məhkəməsi tərəflər arasında münasibətlərin qızıl-zinət əşyalarının alqı-satqısı ilə əlaqədar olması qənaətinə gəlmiş, tərəflərin qızıl-zinət əşyalarına nisyə alqı-satqı ilə məşğul olduqlarını və tələb olunan borcların qızıl-zinət əşyalarının alqı-satqısı ilə bağlı yaranmasını işin mübahisəsiz halları kimi qəbul etmişdir. İddiaçı barəsində olan cinayət işi üzrə qarşılıqlı iddiaçıların ondan tələb etdikləri pul məbləğlərinə görə ittiham elan edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə qarşılıqlı iddiaçılar Cavabdeh1 20000 manat, Cavabdeh2 isə cavabdeh İddiaçı 22000 manat pul vermələri barədə izahatları, cavabdeh İddiaçı isə barəsində olan cinayət işi üzrə təqsirləndirilən şəxs kimi dindirilən zaman Səbinə Kərimovanın ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul, Cavabdeh2 satılan qızıl əşyalarının pulundan 30000 manat ona ödəmələrini göstərməsi iddiaçının cavabdehlərdən (qarşılıqlı iddiaçılardan) pul almasını qismən etiraf etməsi kimi qəbul etmiş, bu faktı qarşılıqlı iddianın qismən təmin olunmasına kifayət hesab etmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəməyə gələrək qarşılıqlı iddiaya etirazını bildirməmiş və göstərilən məbləğlərin ona olan borca görə ödənilməsini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu məsələdə sübutetmə yükü cavabdeh İddiaçı üzərinə düşür. İşə baxan məhkəmələr diqqətdən qaçırmışdır ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqı-satqısı məşbul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmşlər. İddiaçı da qarşılıqlı iddiaçılardan aldığı pulların nisyə verdiyi qızıl-zinət əşyalarının ödəməsi olduğunu göstərmişdir. Nisyə alqı-satqının dəyəri əvvəlcədən ödənilmədən həyata keçirilən satış olması nəzərə alındıqda cavabdeh İddiaçı ödədikləri pulun artıq nisyə alınmış qızıl-zinət əşyalarına görə deyil, gələcəkdə alınacaq qızıl-zinət əşyalarına görə olmasının sübuta yetirilməsi qarşılıqlı iddiaçıların üzərinə düşür. Bundan başqa Ali Məhkəmə bildirmişdir ki, İddiaçı barəsində olan cinayət işi üzrə dindirmə protokollarında göstərilənlərə istinad edən apellyasiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, həmin protokollar məhkəmə iclasının deyil, ibtidai istintaq orqanın protokollarıdır, etiraf məhkəmə iclasının protokoluna yazılmamışdır. Həm də İddiaçı təqsirləndirilən şəxs kimi ifadə vermişdir, bili-bilə yalan ifadə vermək və ifadə verməkdən imtinaya görə məsuliyyət daşımır, təqsirləndirilən şəxsin özünü müdafiə etmək hüququ vardır. Həmçinin işdən görünür ki, məhkəmələr tərəfindən qarşılıqlı iddiaçılar tərəfindən pulların nə vaxt verilməsi də müəyyən edilməmiş, bu məsələnin müəyyən olunmasının tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının tətbiqi üçün mühüm əhəmiyyət kəsb etməsini diqqətdən qaçırmışdır. Beləliklə, Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Lakin çox təəssüflər olsun ki, hazırki işə baxan hakim ya iş materiallarında həmin Qərarı görməmiş, ya da ki, görmək istəməmişdir. Məhkəmə hazırki mübahisəyə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568, 569, 427, 575, 385, 1091, 1092-ci maddələrinin müddəalarınə istinad etmişdir. Halbuki iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqı-satqısı məşbul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmişlər. İddiaçı da qarşılıqlı iddiaçılardan aldığı pulların nisyə verdiyi qızıl-zinət əşyalarının ödəməsi olduğunu göstərmişdir. Bundan başqa məhkəmə bildirmişdir ki, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni "qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması" barədə qarşılıqlı iddia tələbinin və eləcə də, Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni "qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində pulun tutulub ona verilməsi" barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. Ancaq tələbin əsaslılığının hansı mötəbər sübutlarla təsdiq olunması göstərilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 20000 manat pulun və 30 manat dövlət rüsumunun və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 22000 manat pul tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməli, qətnamə ilkin iddia tələbinin rədd edilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunmuşdur ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********), Cavabdeh1 (VÖEN **********) və Cavabdeh2 (VÖEN **********) 2019-cu ildə qarşılıqlı kommersiya (sahibkarlıq) münasibətləri əsasında qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirmişlər. İş materialları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 19 may 2020ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" Qərarla təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və qərarın təsviri hissəsində göstərilənlərə əsasən zərərçəkmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 təqsirləndirilən şəxs İddiaçı ilə aralarında yaranmış borc mübahisələri ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir (həmin cinayət işinin hazırkı kommersiya işinə əlavə edilmiş sənədlərində, yəni 19 may 2020-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" Qərarda əks olunmuş ifadələrdə və s.sənədlərdə tərəflərin öz aralarında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaları və bu alqı-satqı zamanı müxtəlif pul məbləğlərinin verilməsi və alınması öz təsdiqini tapmışdır). Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(060)-26/2021 nömrəli hökmünə əsasən İddiaçı 2019-cu ildə özgənin əmlakını ələ keçirmə məqsədi ilə zərərçəkmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 etibarından sui-istifadə edib, qızıl olmayan məmulatlarının qızıl-ziynət əşyası olması barədə yalan məlumat verib aldadaraq, zərərçəkmiş şəxslərin hər birinə 2700 manat məbləğində maddi ziyan vurub dələduzluq etməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və eyni zamanda, həmin hökmlə İddiaçı cinayət əməli nəticəsində dəymiş zərər olaraq 2700 manat məbləğində pul Cavabdeh1 və 2700 manat məbləğində pul Cavabdeh2 xeyrinə tutulmuşdur (həmin hökm 13 yanvar 2022-ci ildə qanuni qüvvəsini alaraq icra olunmuş və hökmlə tutulmuş pul vəsaitləri zərərçəkmiş şəxslər Cavabdeh1 və Cavabdeh2 ödənilmişdir). Birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinə dair hissədə onunla əsaslandırılmışdır ki, 2019-cu ildə İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının nisyə alqı-satqısı münasibətlərinin olması işin mübahisəsiz halı kimi müəyyən olunsa da, bu münasibətlərin olduğu dövrdə nisyə satılmış qızıl-zinət əşyalarına görə İddiaçı ilkin iddia ərizəsində tələb olunan Cavabdeh1 “350000 (üç yüz əlli min) manat məbləğində” borcunun və Cavabdeh2 isə “60000 (altmış min) manat məbləğində” borcunun olması mötəbər sübutlar əsasında və yaxud işin konkret halları ilə təsdiq olunmamışdır (bu xüsusatları, o cümlədən də qeyd olunan dövrdə tərəflər arasında baş tutan nisyə qızıl-zinət əşyalarının alqı-satqı dövriyyəsinin miqdarını və s. müvafiq halları təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamış, hətta məhkəmə araşdırması zamanı tərəflər arasında ilkin iddia ərizəsində qeyd olunan alqı-satqı dövriyyəsinin təxmini həcmini müəyyən etmək mümkün olmamışdır). Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbinə dair hissədə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı 2019-cu ildə aralarında olan qızıl-zinət əşyalarının alqı-satqısı üzrə Cavabdeh1 İddiaçı qızıl-zinət əşyalarının alınması məqsədi ilə 3000 manat məbləğində və 10000 ABŞ dolları məbləğində pul vəsaitlərini verməsi və eləcə də, Cavabdeh2 isə İddiaçı qızıl-zinət əşyalarının alınması məqsədi ilə 5000 manat məbləğində və 15000 manat məbləğində pul vəsaitlərini verməsi, o cümlədən də satılmış qızıl əşyalarının saxtalığı ilə əlaqədar yaranan mübahisə üzrə 1100 manat və 900 manat məbləğlərində pulu İddiaçı qaytarmaması iş materialları və işin konkret halları ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində daha sonra qeyd olunur ki, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, Cavabdeh1 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 20000 (iyirmi min) manat məbləğində pulun tutulması” barədə qarşılıqlı iddia tələbinin və eləcə də, Cavabdeh2 İddiaçı qarşı “pul tələbi” barədə qarşılıqlı iddia ərizəsinin, yəni “qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində pulun tutulub ona verilməsi” barədə qarşılıqlı iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qətnamənin çıxarılması ilə əlaqədar aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 575.1-ci maddəsinə əsasən, əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia tələbinə dair hissədə əsassız hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş üzrə hər iki tərəf gəlir əldə etmək məqsədilə qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olduqlarını təsdiq etmiş, qarşılıqlı iddiaçılar bu məqsədlə ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə İddiaçı pul verdiklərini göstərmşlər. İddiaçı da qarşılıqlı iddiaçılardan aldığı pulların nisyə verdiyi qızıl-zinət əşyalarının ödəməsi olduğunu göstərmişdir. Nisyə alqı-satqının dəyəri əvvəlcədən ödənilmədən həyata keçirilən satış olması nəzərə alındıqda cavabdeh İddiaçı ödədikləri pulun artıq nisyə alınmış qızıl-zinət əşyalarına görə deyil, gələcəkdə alınacaq qızıl-zinət əşyalarına görə olmasının sübuta yetirilməsi qarşılıqlı iddiaçıların üzərinə düşür. Məhkəmə kollegiyası tərəfindən hazırkı işin obyektiv araşdırılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair 1(060)-26/2021 nömrəli cinayət işi tələb edilərək öyrənilmiş, həmin cinayət işi üzrə İddiaçı izahatlarında məhz qızıl-zinət əşyaları almaq məqsədilə Cavabdeh1 və Cavabdeh2 pul alması təsdiq olunmur. Əksinə onun izahatlarında nisyə verdiyi qızıl-zinət əşyalarının dəyərinin müxtəlif vaxtlarda onlar tərəfindən tam olmayaraq ödənilməsi qeyd olunmuşdur. Həmin cinayət işinin 1-ci cildinin 145-146-cı vərəqlərində İddiaçı göstərmişdir ki, Cavabdeh1 ondan götürdüyü qızıl-zinət əşyalarına görə 2019-cu ilin iyul ayında 3000 manat, 21 oktyabr 2019-cu il tarixdə 7000 manat, sonra isə 3000 ABŞ dolları pul qaytarmışdır. Həmin cinayət işinin 1-ci cildinin 220, 221-ci vərəqində olan ifadəsində isə bildirmişdir ki, Cavabdeh1 və Cavabdeh2 ilə aralarında alış-veriş 30-80 min manat məbləğində olurdu, o, Cavabdeh1 20000 manat məbləğində pul almamş, əksinə Cavabdeh1 ona borcu vardır. Bundan əlavə həmin cinayət işinin 1-ci cildinin 146-cı vərəqində, “Whatsaap proqramı vasitəsilə onların aralarında olan yazışmada, “səs salma” qaytararam pulunu bildirməsinin yalnız cinayət işi ilə əlaqədar olduğu müəyyən edilir. Qeyd olunan cinayət işinin 1-ci cildinin 220, 221-ci vərəqlərində olan ifadəsində İddiaçı bildirmişdir ki, Cavabdeh2 ilə isə aralarında qızıl alveri təxminən 80 min manat məbləğində olmuşdur. Cavabdeh2 satdığı qızıl-zinət əşyalarından 30 min manat məbləğini ödəmiş, qalan 50 min manat məbləğində borcu isə ona ödəməmişdir. Bundan əlavə tərəflər məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarında da müvafiq olaraq ilkin və qarşılıqlı iddia tələbləri üzrə borclu olduqlarını təsdiq etməmişlər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəməkollegiyası bu nəticəyə gəlir ki,birinci instansiya məhkəməsi maddi hüquq normalarına düzgün istinad etsə də,qarşılıqlı iddia tələbi üzrə işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazimi hüquqi qiymət vermədən düzgün hüquqi nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 20000 manat pulun və 30 manat dövlət rüsumunun və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 22000 manat pul tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-2(119)-454/2023 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 20000 manat pulun və 30 manat dövlət rüsumunun və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı 22000 manat pulun tutulması tələbinə dair qarşılıqlı iddiaları təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2-2(119)-454/2023 nömrəli qətnaməsi ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar