Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-13/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-482/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-482/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN: **********) 13302,69 (on üç min üç yüz iki manat 69 qəpik) manat məbləğində əsas borc, müqavilə müddətinə hesablanmış 641,17 (altı yüz qırx bir manat 17 qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1988,75 (min doqquz yüz səksən səkkiz manat 75 qəpik) manat məbləğində pul vəsaiti, 500 (beş yüz) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 16462,61 (on altı min dörd yüz altmış iki manat 61 qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13302,69 manat məbləğində əsas borc, 641,17 manat məbləğində kredit müddətinin sonuna hesablanan faiz borcu, 1743,58 manat məbləğində cərimə və 1988,75 manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 17676,19 (on yeddi min altı yüz yetmiş altı manat 19 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Quba şəhəri, X4 küçəsində yerləşən 2 otaqlı, 16 saylı evə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 195/2 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 14500 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx xxxx 2014-cü il tarixli Y45/195/2 nömrəli ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə borcalan Cavabdeh məxsus olan Quba şəhəri, X4 küçəsində yerləşən 2 otaqlı, 16 saylı fərdi yaşayış evi kredit verən İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin tələblərinə əsasən Borcalan Bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu həmin Müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüş olsa da, həmin qrafik üzrə ödənişlər aparmamış və buna görə də, borc alanın xx xxxx 2020-ci il tarixinə 13302,69 manat məbləğində əsas borcu, müqavilə müddətinə hesablanmış 641,17 manat məbləğində faiz borcu, 1743,58 manat məbləğində cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış 1988,75 manat məbləğində faiz borcu olmaqla, cəmi 17676,19 manat məbləğində ümumi kredit borcu yaranmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin təmin olunmayan hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(119)-482/2020 sayda qəbul etdiyi qətnamədə əsassız olaraq iddia tələbinin Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış ipoteka müqaviləsi üzrə əmlaka tutma yönəldilməsi, əmlakın açıq hərracda satılması, cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılması hissəsində təmin edilməməsi qənaətinə gəlmişdir. Bu hissədə iddia tələbi tam təmin olunmalıdır. Belə ki, bankla Cavabdeh ilə xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan Quba şəhəri, X4 küçəsində yerləşən 2 otaqlı, 16 saylı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (34.1.1), ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (34.1.3) ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, qətnamənin borcla bağlı hissəsindən deyil, ipoteka predmetinə tutmanın yönəldilməməsi ilə bağlı hissəsinin ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448, 462.1, 309.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin "borcun ipotekaya qoyulmuş xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Quba şəhəri, X4 küçəsində yerləşən 2 otaqlı, 16 saylı evə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi" hissəsinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan Y45/195/2 nömrəli, xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında Quba şəhərində bağlanmış xx xxxx 2014-cü il tarixli, 195/2 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 6 % olmaqla 14500 manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba şəhəri, M.F.Axundov küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 75,8 kv.m ümumi, 32,8 kv.m yaşayış və 43,0 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarında olan Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 5 saylı X3 xx xxxx 2020-ci il tarixli **********42 nömrəli məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ipotekanın dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət daxil olmamışdır. Bu səbəbdən də, qeyd edilən daşınmaz əmlak İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin dövlət qeydiyyatına alınması barədə xx xxxx 2020-ci il tarixli, **********4 qeydiyyat nömrəli elektron ərizənin icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Hazırkı halda, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından və iddiaçının ipoteka hüququ yaranmadığından ipoteka predmetinə tutma yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-482/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-482/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-2(105)-13/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-13/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver