Məhkəmə qərarları › İş №2-2(105)-130/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-130/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-130/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-665/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-665/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh (VÖEN **********) 2535 (iki min beş yüz otuz beş) manat məbləğində icarə borcu, 100 (yüz) manat məbləğində penya və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2665 (iki min altı yüz altmış beş) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2535 (iki min beş yüz otuz beş) manat məbləğində icarə haqqı borcunun, 235,60 (iki yüz otuz beş manat 60 qəpik) manat məbləğində penya borcunun və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə vergi orqanında sahibkar kimi qeydiyyata alınmış Cavabdeh arasında İddiaçı MMC-yə məxsus binanın 4-cü mərtəbəsində yerləşən sahəsi 78 kv.m. olan 401 saylı ofisin icarəyə verilməsinə dair 01 fevral 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən İddiaçı MMC müqaviləyə sadiq qalaraq həmin ofisi cavabdehin istifadəsi və sahibliyinə vermişdir. İcarə müqaviləsinə əsasən qarşılıqlı razılıq əsasında icarə haqqı 585 manat müəyyən edilmişdir. İcarəçi Cavabdeh ilk aylar icarə haqqını ödəsə də, sonrakı aylar müqavilədə göstərilən ödənişi etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İcarəyə verən İddiaçı MMC tərəfindən dəfələrlə icarəçi Cavabdeh icarə haqqının ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Lakin, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirmiş və icarə haqqını ödəməkdən boyun qaçırmışdır. Ona görə də, icarə müqaviləsinin 5.5-ci bəndinin tələblərinə əsasən icarəyə verən İddiaçı MMC birtərəfli olaraq həmin icarə müqaviləsini ləğv etmişdir. Müqavilə ləğv edildikdən sonra X1 ödənilməmiş qalıq icarə borcu tələb edilmiş olsa da, sonuncu bu günə kimi hər hansı ödəniş etməmişdir. Cavabdeh 2020-ci il iyun ayı üzrə 585 manat icarə haqqı və 58,50 manat penya, 2020-ci ilin iyul ayı üzrə 585 manat icarə haqqı və 58,5 manat penya, 2020-ci ilin avqust ayı üzrə 585 manat icarə haqqı və 58,50 manat penya, 2020-ci ilin sentyabr ayı üzrə üzrə 585 manat icarə haqqı və 50,90 manat penya və 2020-ci ilin oktyabr ayının ilk 10 günü üzrə 195 manat icarə haqqı və 9,20 manat penya borcu olmaqla, ümumilikdə 2535 manat məbləğində icarə haqqı və 235,60 manat məbləğində penya borcu hesablanmışdır. 01 fevral 2020-ci il tarixli icarə müqaviləsinin 2.3-cü bəndinə əsasən icarəçi icarə haqqını müqavilədə göstərilən müddətdə və miqdarda icarəyə verənə verməyi öhdəsinə götürür. 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən icarəçi öhdəliyinin icrasını gecikdirdiyi hər gün üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin icarə haqqı məbləğinin 10% miqdarından artıq olmayan məbləğdə icarəyə verənin xeyrinə ödənilməli olan penya şəklində məsuliyyət daşıyır. Müqavilənin 5.1-ci bəndinə əsasən icarə müddəti qeyri-yaşayış sahəsinin təhvil-təslim aktı üzrə təhvil verildiyi tarixdən 11 ay müddətində müəyyən edilir. Müqavilənin 5.5-ci bəndinə əsasən icarəçi icarə haqqı müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra 15 gün ərzində ödənilmədikdə və ya onun ödənilməsi 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə icarəyə verən icarəçiyə 7 gün əvvəlcədən yazılı xəbərdarlıq edilməklə icarə müqaviləsini bir tərəfli qaydada ləğv edə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin 400 manat məbləğində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, 01 fevral 2020-ci il tarixdə İddiaçı MMC ilə iddiaçıya məxsus binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 78 kv.metr olan 401 saylı ofisin icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən İddiaçı MMC həmin ofisi onun istifadəsinə verilmiş və qarşılıqlı razılaşmaya əsasən aylıq icarə haqqı 1.300 manat, rəsmi sənəddə isə 585.00 manat müəyyən edilmişdir. Həmin ofisdən gözəllik salonu kimi istifadə etmişdir və mütəmadi olaraq aylıq icarə haqqını vaxtlı-vaxtında ödəmişdir. Pandemiya dövründə isə işi olmadığı vaxtlarda iddiaçıya hər ay 900.00 manat aylıq icarə haqqı vermişdir. Lakin, bütün bunlara baxmayaraq iddiaçı 2020-ci ilin oktyabr ayında onun ofisinin elektrik enerjisini kəsmiş və giriş qapısının kilidini dəyişdirmişdir. Buna görə də, məcburən özünə məxsus əmlakını ofisdən götürüb çıxmış, bəzi avadanlığı isə ofisdə qalmışdır. Təxminən 6 aydan sonra həmin avadanlığını da ofisdən götürmüşdür. İddiaçı ilə narazılıq ona görə yaranmışdır ki, pandemiya dövründə onda aylıq icarə haqqının verilməsində gecikmə yaranmışdır. Buna görə də, İddiaçı MMC-nin rəhbəri Anar müəllim onu vaxtından əvvəl ofisdən uzaqlaşdırmışdır. Sonuncu dəfə iddiaçıya 500 manat məbləğində pul ödəmiş və onun iddiaçıya cəmi 400 manat borcu qalmışdır. Əgər onun iddiaçıya həqiqətən 2.535 manat borcu olsaydı, o zaman əmlakını verməz və girov kimi saxlayardılar. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh 11.10.2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 427.3, 442, 445.1, 448, 462.1, 465.2, 675, 700.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. İş materialları ilə müəyyən olunur ki, icarəyə verən İddiaçı ilə icarəçi – hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) arasında bağlanmış 01 fevral 2020-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilə əsasında və həmin müqavilə üzrə həmin tərəflər arasında imzalanmış 01 fevral 2020-ci il tarixli təhvil-təslim aktına əsasən Sumqayıt şəhəri, Bakı küçəsi 60 ünvanında yerləşən binanın (“Sülh Plaza”) 4-cü mərtəbəsində 78 kvadratmetr sahədən ibarət 401 saylı ofisi 01 fevral 2020-ci il tarixindən 11 (on bir) ay müddətinə aylıq 585 (beş yüz səksən beş) manat icarə haqqı olmaqla icarəyə verən İddiaçı tərəfindən icarəçi Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 01 fevral 2020-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən, icarə sahəsinə görə icarə haqqı ödənişləri aylıq olmaq şərti ilə müvafiq təqvim ayının ilk 5 günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürülmə və ya onun kassasına nağd şəkildə mədaxil edilmə yolu ilə nağd və ya köçürmə yolu ilə ödənilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərini icra etməyən və ya lazımınca icra etməyən icarəçi öhdəliyinin icrasının gecikdirildiyi hər günü üçün ödənilməsi gecikdirilmiş məbləğin 0,1 % miqdarında, lakin aylıq icarə haqqının məbləğinin 10 %-dən artıq olmayan məbləğdə icarəçinin xeyrinə ödənilməli olan penya şəklində məsuliyyət daşıyır. Həmin Müqavilənin 5.5.4-cü bəndinə əsasən, icarə haqqı müqavilədə müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra 15 gün ərzində ödənilmədikdə və ya onun ödənilməsi 3 ardıcıl ay ərzində 2 dəfə gecikdirildikdə, həmin müqavilənin 5.5-ci bəndinə əsasən, icarəyəverən icarəçiyə 7 gün əvvəlcədən yazılı xəbərdarlıq göndərməklə, bu müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli 011 nömrəli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli “Qeyriyaşayış sahəsinin icarəsi haqqında” müqaviləyə əsasən sonuncu cəmiyyətə məxsus Sumqayıt şəhəri, Bakı küçəsi 60 ünvanında yerləşən binanın (“Sülh Plaza”) 4-cü mərtəbəsində 78 kvadratmetr sahədən ibarət 401 saylı ofisi icarəyə götürmüşdür. İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən aylıq icarə haqqı 585 (beş yüz səksən beş) manat məbləğində müəyyən edilmişdir. İcarəçi Cavabdeh 01 fevral 2020-ci ildə 401 saylı ofisi təhvil almış və həmin ilin oktyabr ayının 10-dək orada sahibkarlıq fəaliyyəti göstərmişdir. İcarəçi Cavabdeh 2020-ci ilin fevral-may ayları üzrə icarə haqqı məbləğini tam şəkildə ödəsə də, iyun-sentyabr ayları üzrə cəmi 2340 manat və oktyabr ayının 10 günü üzrə 195 manat olmaqla, ümumilikdə 2535 manat icarə haqqı məbləğini bu günədək ödəməmişdir. Həmin icarə müqaviləsinin 4.2-ci bəndinə əsasən icarəçiyə 235,6 manat penya hesablanması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Apellyasiya şikayətinin müqavilə üzrə ödənilməmiş borcun düzgün göstərilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01 fevral 2020-ci il tarixli “Qeyriyaşayış sahəsinin icarəsi haqqında” müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, icarə haqqı hər ay üçün 585 manat müəyyən edilir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəf cavabdehdən müqaviləyə əsasən hesablanmış 2535 manat məbləğində icarə haqqının və 235,60 manat məbləğində penya borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh hər ay 585 manat aylıq icra haqqını ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda iddiaçı icarə haqqını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin edərək düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə 400 manat borcunun olduğunu göstərsə də, məhkəməyə həmin halı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə mövcud apellyasiya şikayəti əsasında məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392 və 402.1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-665/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar