Məhkəmə qərarları › İş №2-2(105)-130/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-130/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-130/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1318/2024 nömrəli qətnaməsindən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı tərəfindən təqdim edilmiş İddiaçı ASC ilə müştəri Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli 20-MCR-1-718-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmış, 08 dekabr 2022-ci il tarixli 20-MCR-1-718-22/1 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən bank tərəfindən sonuncuya aylıq 1,83 % dərəcəsi ilə 36 ay müddətinə 14000 manat məbləğində kredit verilmişdir. Razılaşmanın “bəyanatlar” adlanan 5-ci hissəsində göstərilmişdir ki, “Müştəri təsdiq edir ki, onun gəlirləri əldə edilən kreditin ödənilməsi üçün kifayətdir və kredit müddətində gəlirlərini baş verəcək risklərdən qorumaq üçün yetərli imkanlara malikdir”

2. Kredit razılaşmasına 1 saylı əlavə ilə Cavabdeh2 banka olan borcunun həmin ödəniş cədvəlinə uyğun olaraq son ödəniş tarixi 08 dekabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən edilmiş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. İddiaçının təqdim etdiyi 08 dekabr 2022-ci il tarixli 1401-********** saylı məxaric qəbzindən görünür ki, Cavabdeh2 kredit məbləğini almışdır.

4. İddiaçı ASC ilə hazırkı iş üzrə digər Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, Z/200022/22 nömrəli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalanla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 4.2-ci bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və peniya), borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

5. İddiaçının təqdim etdiyi 30 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Məleykə Səmədovanın iddiaçıya 10050,68 manat əsas borcu, 856,52 manat faiz borcu vardır və 115,52 manat məbləğində cərimə hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 08 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10050,68 manat məbləğində əsas borc, 856,52 manat faiz borcu, 28,88 manat məbləğində cərimə olmaqla, ümumilikdə 10936,08 manat məbləğində borcun, 122,81 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 dekabr 2022-ci il tarixli kredit razılaşması üzrə borcalan qismində çıxış edən cavabdeh müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar cavabdehlə, o cümlədən bağlanmış zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilmiş, lakin göstərilənlər hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

8. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(119)- 1318/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 08 dekabr 2022-ci il tarixli 20-MCR-1-718-22/1 nömrəli kredit müqaviləsi üzrə 10050,68 (on min əlli manat, altmış səkkiz qəpik) manat məbləğində borc, 856,52 (səkkiz yüz əlli altı manat, əlli iki qəpik) manat məbləğində faiz borcu və 28,88 (iyirmi səkkiz manat, səksən səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 10936,08 (on min doqquz yüz otuz altı manat, səkkiz qəpik) manat və 122,81 (yüz iyirmi iki manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 11058,89 (on bir min əlli səkkiz manat, səksən doqquz qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.

9. Qətnamədən narazı qalan Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1318/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin halları mahiyyəti üzrə araşdırmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadığından məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə birinci növbədə qətnaməsində borcalanın kim olduğunu müəyyənləşdirə bilməmişdir. Qətnamədə borcalanın Səmədova Məleykə və ya Cavabdeh2 olmasını ayırd etmək mümkün olmur. Bununla da belə nəticəyə gəlmək olur ki, məhkəmə iş materiallarına düzgün baxış keçirməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet ilə göndərildiyini qeyd etsə də, iddiaçıiddia ərizəsi və ona əlavə edilmiş sənədlər ilə tanış olmamış, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olmamışdır. İddiaçı qeydiyyatda olduğu ünvanda yerləşən mənzil satıldığı üçün orada yaşamır. Məhkəmə iddiaçının iddia tələbi və onun əsasını təşkil edən sənədləri məhkəmə araşdırmamışdır, iddia ərizəsində qeyd edilənləri qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə 10050.68 manat məbləğində borc, 856.52 manat məbləğində faiz borcu və 28.88 manat cəriməni iddiaçının maliyyə arayışına əsasən düzgün hesab etmişdir. İddiaçının maliyyə arayışının düzgünlüyünə məhkəmə ekspertiza mərkəzinin maliyyə mühasibatlıq ekspertizası təyin olunmadan məhkəmə necə təminat verə bilər. Bu hesablamanı aparmaq üçün xüsusi biliyə malik mütəxəssis cəlb olunmalı idi. 08 dekabr 2022-ci il tarixli 20-MCR-1-718-22/1 nömrəli kredit razılaşması üzrə əsas və faiz borcundan ödənişlər edilmişdir və bu ödənişlərin silinməsinin düzgünlüyünə onlarda şübhə vardır və hesab edirlər ki, düzgün silinmə aparılmamışdır. Məhkəmə borc məbləğinin sübut olunması üçün maliyyə mühasibatlıq ekspertizası təyin etməli idi. Şikayətdə daha sonra göstərilir ki, borcalanın adının tamam başqa şəxs qeyd edilməsi qətnamədə işin hallarının düzgün araşdırılmamasından xəbər verir. Ola bilər ki, qətnamədə tutulmalı olan məbləğ həqiqətən Səmədova Məleykənin borcudur. Səmədova Məleykə adlı bir şəxsi tanımırlar. Bu səbəbdən qətnamədə sübutların düzgün araşdırılmasında və qiymətləndirilməsində onlarda şübhə yaranmışdır. Maraqlıdır ki, məhkəmə qətnaməsində iş materialında maliyyə arayışına istinad etməklə tutulmalı olan borc məbləğini qeyd edir, lakin ödənilmiş əsas və faiz borcu məbləği barədə heç bir fikir əks olunmamışdır. Halbuki məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Cavabdehin iştirakı təmin olunmadığı üçün məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq etdiyi sübutlarla əsaslansa bu sübutların mötəbərliyi sual altındadır. Sübutlardan biri maliyyə arayışıdır ki, maliyyə arayışında iddiaçının yazdığı rəqəmlərin doğruluğu şübhəlidir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

12. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1318/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi və iş üzrə digər Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi (24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Kollegiya ilk növədə qeyd edir ki, qapellyasiya şikayətində tələb birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılması kimi ifadə olduğundan cavabdehin vəkili və nümayəndəsi ilə bu məsələ dəqiqləşdirilmiş, vəkil şikayətin dəlillərinə və təmsil etdiyi şəxsin ona bildirdiklərinə istinad etməklə qətnamənin mübahisələndirilən hissəsinin Cavabdeh2 tərəfindən edilmiş üç min manatdan artıq ödənişinin kredit məbləğindən düzgün silinməməsi ilə bağlı olduğunu, kredit müqaviləsinin, əsas borcun mübahisələndirilmədiyini bildirmişdir. Bu səbəbdən iş üzrə qətnamənin Cavabdeh2 tərəfindən mübahisələndirilməyən hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır.

18. Apellyasiya şikayətinin qeyd edilən dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh ilk növbədə tərəfindən edilmiş ödənişləri təsdiq edən hər-hansı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdehin vəkili və nümayəndəsi ödəniş cədvəlinə istinad edərək ödənilməli faiz məbləğinin öz hesablamalarına əsasən 645.85 manat olmalı olduğu halda bank tərəfindən tələb edilən faiz məbləğinin 856.52 manat olduğunu bildirmişdir. Kollegiya MPM-in yuxarıda istinad edilən 14.2 və 77.1-ci maddələrinə və iddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən qeyd edilən dəlili əsassız hesab edir.

19. Apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlillərinə gəldikdə isə, kollegiya qeyd edir ki, Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə MPM-in 135.7, 138 və 146-cı maddələrinin tələblərinə uyğun şəkildə məlumatlandırılmışdır.

20. Nəhayət, şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin mətnində cavabdehin adının düzgün müəyyənləşdirilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli qətnamənin giriş və nəticə hissələrində cavabdehin adı “Cavabdeh2” kimi düzgün göstərilsə də, qətnamənin təsviri hissəsində bir neçə yerdə yerdə (2-ci səhifənin 7-ci, 3-cü səhifəsinin 1-ci, 4-cü səhifənin 4 və 6-cı abzasları) cavabdehin adı “Məleykə Səmədova” kimi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən halın MPM-in qətnamənin məzmunu ilə bağlı tələbləri müəyyənləşdirən 220-ci maddəsinin pozuntusu kimi qiymətləndirməklə yanaşı, MPM-in yuxarıda istinad edilən 385.2-ci maddəsinin tələblərinə əsasən həmin pozuntuların iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas olmaması qənaətinə gəlir.

21. Belə ki, birinci instanisya məhkəməsi tərəfindən iş üzrə hər-hansı kobud prosessual pozuntuya və maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmuşdur. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır

23. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi on min manatdan azdır.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1318/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar