Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-131/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-660/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-660/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Zülfqar Sadiqov) Qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti 16 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı ASC-nin xeyrinə 06 iyul 2015-ci il tarixli 25-BİZ- 1-0-90-15 №-li kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2934,95 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25%-lə 12 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin, borcalan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il aprelin 02-dək "xxxx" MMC-nin 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsi üzrə İddiaçı ASC-yə ümumilikdə cəmi 2.934,95 ABŞ dolları (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 №-li kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, "xxxx" MMC-yə 06 iyul 2015ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25%-lə 12 ay müddətinə 47000 ABŞ dolları məbləğində kredit verilmişdir. Belə ki, 06 iyul 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra və iş üzrə qətnamə qəbul edikdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını – yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Hazırkı iş üzrə İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsində belə bir şərt nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin 22-ci (“Öhdəliklərin icra edilməməsi”) və 23-cü (“Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət”) fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Göründüyü kimi, məhkəmə cavabdehin müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış əldən çıxmış faydanı və qətnamənin icra olunduğu günə hesablanmaqla faiz məbləğinin tutulması barədə iddia tələbini rədd etməklə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, borc verən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyəti (hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) ilə borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik 25% hesablanmaqla 12 ay müddətinə, yəni 06 iyul 2016-cı il tarixinədək 47000 (qırx yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilir ki, 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 aprel 2021-ci il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə cəmi (əldən çıxmış fayda olaraq hesablanmış 5 %) 2934,95 (iki min doqquz yüz otuz dörd dollar 95 sent) ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə qətnamələri ilə müəyyən edilir ki, borc alan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsi üzrə alınmış kredit məbləğinə görə borc verən "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinə (indiki adı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti) hər hansı bir məbləğdə ödənilməmiş əsas kredit borcu və faiz borcu qalmamışdır. Eləcə də, 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsində nəzərdə tutulan öhdəliklərin icrası üzrə yaranmış mübahisəli hallarla əlaqədar iddiaçı "xxxx" MMC cavabdeh İddiaçı ASC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ASC-dən 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 2005,24 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli e-2-2(113)-2951/2020 nömrəli qətnaməsi ilə həmin iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti üzrə qəbul olunmuş Bakı Apellyasiya Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-2(103)-360/2021 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2020ci il tarixli e-2- 2(113)-2951/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərək, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 427.3, 527.1, 528, 529.2, 529.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Həmin Məcəllənin 529.4-cü maddəsinə əsasən, borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. İşdən görünür ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə "xxxx" MMC arasında bağlanmış 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsinə əsasən sonuncu kredit borcunu tam ödəmişdir. Hətta, cavabdeh İddiaçı ASC-dən 06 iyul 2015-ci il tarixli 25-BİZ-1-0-90-15 nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş 2005,24 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə qətnamə qəbul etmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin hər hansı bir ödənilməmiş əsas borcunun və müqavilə şərtlərinə uyğun olaraq ödənilməmiş faiz borcunun olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə “banka gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 2934,95 ABŞ dolları məbləğində əldən çıxmış faydanın” ödənilməli olması əsaslı olmadığından hazırkı mübahisə üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-660/2021 saylı, 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-131/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-131/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver