Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-132/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-609/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-609/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN: **********) 11902,74 (on bir min doqquz yüz iki manat 74 qəpik) manat əsas borc, müqavilə müddətinə hesablanmış 1060,20 (min altmış manat 20 qəpik) manat faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 1722,60 (min yeddi yüz iyirmi iki manat 60 qəpik) manat pul vəsaiti, 200 (iki yüz) manat cərimə və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 14915,54 (on dörd min doqquz yüz on beş manat 54 qəpik) manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “11902,74 (on bir min doqquz yüz iki manat 74 qəpik) manat məbləğində əsas borcun, 1060,20 (bir min altmış manat 20 qəpik) manat məbləğində faiz borcunun, 699,14 (altı yüz doxsan doqquz manat 14 qəpik) manat məbləğində cərimənin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 1722,60 (bir min yeddi yüz iyirmi iki manat 60 qəpik) manat məbləğində faiz borcunun, ipoteka predmetlərinə tutmaların qeydiyyata alınması üçün istifadə olunan 40 (qırx) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 08.04.2015-ci il tarixli 2611 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 (otuz altı) ay müddətinə illik 6 (altı) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.07.2011-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evin ipoteka qoyulması barədə bank ilə Cavabdeh arasında 13 aprel 2015-ci il tarixli Y2611 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********448 saylı 12.03.2021-ci il tarixli, **********241 saylı 03.03.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02.03.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 15384,68 (on beş min üç yüz səksən dörd manat 68 qəpik) manat təşkil edir. Bundan - 11902,74 (on bir min doqquz yüz iki manat 74 qəpik) manat əsas, 1060,20 (bir min altmış manat 20 qəpik) manat faiz, 699,14 (altı yüz doxsan doqquz manat 14 qəpik) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1722,60 (bir min yeddi yüz iyirmi iki manat 60 qəpik) manat faiz borcu təşkil edir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin cərimə məbləğinin və tələbin ipoteka predmetinə yönəldilməsinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsində məhkəmə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən 08 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən isə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin, məhkəmə qətnamə qəbul edərkən haqlı tələb olan 699.14 manat cərimə borcunu tam təmin etməmişdir. Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi halında ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Göründüyü kimi 08.04.2015-ci il tarixli 2611 saylı kredit müqaviləsinə əsasən cavabdehin cəmi 15.384,68 manat – bundan 11.902,74 manat əsas, 1.060,20 manat faiz, 699,14 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.722,60 manat faiz borcu mövcuddur. Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini tam yerinə yetirməmişdir və buna əsasən girov olan Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evinə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. İddia tələbi qismən təmin olunarkən 08.04.2015-ci il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinin tələblərini nəzərə alınmalı idi və iddia tələbi tam təmin olunmalıdır. İddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış 08.04.2015-ci il tarixli 2611 saylı kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququndan irəli gəldiyindən iddia tələbi tam təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalı və ipoteka qoyulmuş Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi, evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməlidir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsində göstərilir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilib ki, “Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri)” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 15 yanvar 2009-cu il tarixli X1rşı qərarında qeyd edilib ki, tərəflərin bərabərliyi prinsipi çərçivəsində ədalətli məhkəmə, geniş konsepsiyasının elementlərindən biridir. Tərəflər arasında ədalətli balans olmalıdır. Bunu nəzərə alaraq, tərəflərin bərabərliyini təmin etmək məqsədilə çəkişmə olmalıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı ASC ilə bağladığı 08 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməkdən və borcu ödəməkdən isə imtina etmir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.7, 448, 462.1, 309.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10, 11, 12.1ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin “tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Quba şəhəri, Fətəlixan küçəsində 0,04352 ha topraq sahəsində yerləşən 3 otaqlı 27 saylı fərdi yaşayış evinə yönəlməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evlərin və mənzillərin boşaldılması” hissəsinin təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan Y2611 nömrəli, 08.04.2015-cİ il tarixli ipoteka müqaviləsinin 2.1-ci bəndindən görünür ki, ipoteka saxlayan ilə borcalan arasında Quba şəhərində bağlanmış 08.04.2015-ci il tarixli, 2611 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan borcalana 36 ay müddətinə illik 6 % olmaqla 15000 manat kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 13.07.2011-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Quba şəhəri, Fətəlixan küçəsində mülkiyyətində olan 0,04352 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 129,4 kv.m ümumi, 71,2 kv.m yaşayış və 58,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakin Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli **********17 nömrəli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Y2611 nömrəli, 08.04.2015-ci il tarixli ipoteka müqaviləsi dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Hazırkı halda, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmadığından və iddiaçının ipoteka hüququ yaranmadığından ipoteka predmetinə tutma yönəldilə bilməz. İddia tələbinin cərimə borcu hissəsində tam təmin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azadılması istisna edilir. Cərimə borcu ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bank tərəfindən tələb edilən dəbbə pulunun minimal miqdara qədər azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda 200 manat məbləğində cərimə borcunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-609/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-609/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-132/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-132/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver