Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-134/2024 23.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2nə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1468/2024 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları
1. İddiaçı QSC ilə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC arasında bağlanmış 07 mart 2023-cü il tarixli 003L**********09 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə müəyyən edilir ki, Cavabdeh4a sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 120 ay müddətinə 500000 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Müqavilənin 11.1-ci bəndinə əsasən zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
2. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 07 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi biznes krediti və girov barədə qarışıq razılaşmaya əsasən, bank miqdarı 50000 manat olan krediti illik faiz dərəcəsi 21 % olmaqla 36 ay müddətinə kredit alana verir. Həmin kredit sazişində bu sazişin tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli 003L**********09 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir.
3. İddiaçının təqdim etdiyi ödəniş cədvəlinə əsasən Cavabdeh4 banka olan borcu üçün son ödəniş tarixi 09 mart 2026-cı il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
4. İddiaçının təqdim etdiyi maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 07 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 24 iyun 2024- cü il tarixinə iddiaçıya 35734,87 manat məbləğində bоrc, 6577,12 manat məbləğində faiz borcu və 3298,09 manat məbləğində cərimə оlmaqla, cəmi 45610,08 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh4lə aralarında bağlanmış 07 mart 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 35734,87 (otuz beş min yeddi yüz otuz dörd manat, səksən yeddi qəpik) manat məbləğində borc, 6577,12 (altı min beş yüz yetmiş yeddi manat, on iki qəpik) manat məbləğində faiz borcu, 3298,09 (üç min iki yüz doxsan səkkiz manat, doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 45610,08 (qırx beş min altı yüz on manat, səkkiz qəpik) manat məbləğində pul vəsaitinin və 226,83 (iki yüz iyirmi altı manat, səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 mart 2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi və 07 mart 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh4 müqavilə öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bununla əlaqədar Cavabdeh4lə və onun öhdəliyinə görə iddiaçı qarşısında birgə məsuliyyət daşıyan zaminlər - hazırkı iddia tələbi üzrə digər cavabdehlər - Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC ilə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(119)- 1468/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2ndən və Cavabdeh1 müştərək qaydada 07 mart 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 35734,87 (otuz beş min yeddi yüz otuz dörd manat, səksən yeddi qəpik) manat məbləğində bоrcun, 6577,12 (altı min beş yüz yetmiş yeddi manat, on iki qəpik) manat məbləğində faiz bоrcunun, 1800 (min səkkiz yüz) manat məbləğində cərimənin və 222,33 (iki yüz iyirmi iki manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 44334,32 (qırx dörd min üç yüz otuz dörd manat, otuz iki qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448, 470.1, 472.1, 472.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1, 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
9. Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qətnamə qət edilməsini xahiş etmişdir.
Apellyasiya şikayəti və onun dəlilləri
10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" QSC tərəfindən birinci cavabdeh yəni "xxxx" MMC-yə 003L**********09 saylı, xx.xx.2023-cü il tarixli uzun müddətli kredit və təminat müqaviləsinin 2.2-ci bəndi ilə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə 120 ay müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Kredit müqaviləsi üzrə əsas borc ilə razılaşsa da, hesablanmış faiz borcunu və cərimə məbləğlərini qəbul etmir. Belə ki, məhkəmə heç bir araşdırma aparmadan iddia tələbini faiz borcu hissəsində təmin etmiş, cərimə məbləğini isə gözəyarı azaltmışdır. Cərimə məbləğinin azaldılması zamanı məhkəmə hansı araşdırmaya istinad etməsi barədə qətnamədə əsaslandırma etməmişdir. Həmçinin iş üzrə məbləğlərin dəqiqləşdirilməsi zərurəti olsa da, bununla bağlı heç bir təşəbbüs olmamışdır. Hesab edirlər ki, cərimə və faiz məbləğləri yenidən hesablanmalıdır. Çünki məbləğlər iddiaçı tərəfindən kifayət qədər şişirdilmişdir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Müqavilənin 4.9-cu bəndinə əsasən, bank kredit alan krediti və kredit faizini vaxtında və lazımi qaydada qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Bank hesablanmış cərimə borcunu öz mülahizəsinə uyğun olaraq kredit alanın bankda olan hesab(lar)ından birtərəfli qaydada akseptsiz şəkildə silir və ya həmin cərimə borcunun ödənilməsini kredit alandan tələb edir. Bu şərtin müqaviləyə iddiaçı bank tərəfindən salınması onların hüquqlarının kobud surətdə pozulmasıdır. Çünki belə çox məbləğdə cərimənin tətbiq olunması ödəməli olduqları əsas və faiz borcu ilə yanaşı əlavə bir borc formalaşdırır və bunu aylıq pul məbləğində nəzərə aldıqda onun vəziyyətini, maddi imkanlarını daha da çətinləşdirir. Buna görə də iddiaçı bir növ öhdəliklərini icra otməyə mane olur. Məhkəmə isə sadəcə gözəyarı azaltma etmiş, tənasüb necə müəyyənləşdirdiyini qeyd etməmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Maddə 418. Müqavilənin standart şərtlərinin müqavilənin tərkib hissəsinə çevrilməsi 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun. 418.2. Əgər müqavilənin digər tərəfi sahibkardırsa, müqavilənin standart şərtləri bu şərtlə müqavilənin tərkib hissəsi olur ki, işgüzar münasibətlərdə zəruri olan ehtiyat göstərdiyi halda o bunu nəzərdə tutmalı olsun. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448. Əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Maddə 739. Borc müqaviləsi (24 fevral 2023-cü il tarixli 822- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklərə qədər olan redaksiyada). 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində haqlı olaraq onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 07 mart 2023-cü il tarixli 003L**********09 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi və 07 mart 2023-cü il tarixli 003R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə Cavabdeh4 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, uzunmüddətli kredit və təminat müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMCnin də kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyəti yaranmışdır.
17. Məhkəmə hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 35734,87 manat borc və 6577,12 manat faiz borcunun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin cavabdehlərdən 3298,09 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan (uzunmüddətli kredit və təminat müqaviləsinin yuxarıda istinad edilmiş 4.9-cu bəndi) iddiaçı cavabdehdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır.
18. Mülki Məcəllənin öhdəlik münasibətlərinə və borc müqaviləsinə dair yuxarıda istinad edilən normalarını hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh4 İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, üzərinə götürmüş öhdəlikləri icra etmədiyinə görə, yəni müqavilə şərtlərinə əsasən ödənişlərini vaxtında aparmadığı üçün öhdəliyin icrasını gecikdirmişdir və bu səbəbdən Bank qarşısında öhdəliyinin icra edilməməsinə görə məsuliyyət daşıyır. Belə olan halda Bankın cavabdehlərdən müştərək qaydada 07 mart 2023-cü il tarixli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 35734,87 (otuz beş min yeddi yüz otuz dörd manat, səksən yeddi qəpik) manat məbləğində bоrcun, 6577,12 (altı min beş yüz yetmiş yeddi manat, on iki qəpik) manat məbləğində faiz bоrcunun, 1800 (min səkkiz yüz) manat məbləğində cərimənin və 222,33 (iki yüz iyirmi iki manat, otuz üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 44334,32 (qırx dörd min üç yüz otuz dörd manat, otuz iki qəpik) manat məbləğində borcunun ödənilməsini tələb etməsi əsaslıdır.
19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti vermiş cavabdeh iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024cü il tarixli iclasında iştirak edərək borc məbləğini qəbul etdiyini, ödənişləri həyata keçirmək üçün ona vaxt verilməsini xahiş etmişdir (i/v 41). Hazırkı apellyasiya şikayətində də cavabdeh kredit müqaviləsi üzrə əsas borc ilə razılaşdığını, yalnız hesablanmış faiz borcunu və cərimə məbləğlərini qəbul etmədiyini göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-in yuxarıda istinad edilən 417-418-ci maddələrinin tələbləri baxımından tərəflər arasında bağlanılmış müqavilənin 4.9-cu bəndi müqavilənin tərkib hissəsidir və iddiaçı həmin bəndin tələblərinə uyğun olaraq cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, iş materiallarında olan müqavilənin əslindən göründüyü kimi, onun bütün səhifələri cavabdeh tərəfindən imzalanmış, müqavilənin 13.12-ci bəndində isə qeyd edilmişdir ki, müqaviləyə imza etməklə hər bir tərəf müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir və bu şərtlərlə razı olduğunu bildirir.
20. Qeyd edilən hallara və MPM-in yuxarıda istinad edilən 14.2 və 77.1-ci maddələrinə və iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin kredit müqaviləsi üzrə faizlərin və cərimənin mübahisələndirilməsi ilə bağlı dəlillərini əsassız hesab edir.
21. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissəsi (6577,12 manat məbləğində faiz bоrcu, 1800 manat məbləğində cərimə) on min manatdan azdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1468/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.