Məhkəmə qərarları › İş №2-2(105)-135/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-135/2025

15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-135/2025 15.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələrə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-977/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 473,43 (dörd yüz yetmiş üç ABŞ dolları qırxüç sent) ABŞ dolları məbləğində əsas borc, 156,38 (yüz əlli altı ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları məbləğində faiz borcu, 639,21 (altı yüz otuz doqquz ABŞ dolları iyirmi bir sent) ABŞ dolları manat məbləğində cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,03 (yetmiş iki ABŞ dolları üç sent) ABŞ dolları faiz borcunun və 42,80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-cİ il tarixli kredit müqaviləsi üzrə cavabdehə əsas vəsaitin artırılması məqsədi ilə 12 ay müddətinə illik 36 % dərəcəsi ilə 1520 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana (birgə borcalanlara) verdiyi kreditin qalıq məbləği 1434,51 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 16 ay təyin edilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1238,48 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1341,05 (min üç yüz qırx bir ABŞ dolları beş sent) ABŞ dolları təşkil edir. Bundan 473,43 (dörd yüz yetmiş üç ABŞ dolları qırx üç sent) ABŞ dolları əsas, 156,38 (yüz əlli altı ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları faiz, 639,21 (altı yüz otuz doqquz ABŞ dolları iyirmi bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 72,03 (yetmiş iki ABŞ dolları üç sent) ABŞ dolları faiz borcu təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-977/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdеh Cavabdeh 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 834,83 (səkkiz yüz otuz dörd manat səksən üç qəpik) manat məbləğində pul vəsaitinin tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-977/2025 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. İddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və cavabdeh aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulu məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi faiz və cərimə borcunun tutulması hissələrində rədd edilməlidir. Cavabdeh oğlunun mübahisələndirilən kredit müqaviləsi Prezidentin məlum Fərmanının təsiri altına düşsə də, həmin borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməmişdir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 1.2012-ci il 1 yanvar tarixindən sonra verilmiş; 2. 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan;3.xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17 000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Cavabdeh oğlu ilə "xxxx" ASC arasında bağlanmış hazırkı mübahisələndirilən kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 1 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 220 gün təşkil etdiyi MKR-dən çıxarışda öz əksini tapır. Bu da borcun həmin dövr üçün gecikmədə olmadığını göstərir. Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamış, həmin kredit borcu üzrə cavabdehlə Bank arasında hər hansı güzəştli kredit müqaviləsi bağlanmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1-ci maddəsinin tələblərinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2015-ci il tarixli ********* nömrəli krеdit müqaviləsinin 2.1- ci bəndinə görə kreditor borcalana 1520 (min beş yüz iyirmi ABŞ dolları) məbləğində kredit verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kredit borcalana əsas vəsaitin artırması məqsədilə verilir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 36 % dərəcəsi ilə faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 38,08 % təşkil edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 72 % dərəcəsi, aylıq isə 6 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İş materiallarında olan 03 fevral 2015-ci il tarixli ********* nömrəli krеdit müqaviləsi üzrə tərtib olunmuş ödəniş cədvəlində borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 03 fevral 2016-cı il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 mart 2015-ci il tarixli ********* nömrəli 03 fevral 2015-ci il tarixli kredit müqaviləsinə 01 nömrəli əlavə sazişə əsasən kreditor borcalana verdiyi kreditin qalıq məbləği 1434,51 (min dörd yüz otuz dörd ABŞ dolları əlli bir sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti 16 ay təyin edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 may 2017-ci il tarixli 03 fevral 2015-ci il tarixli ********* nömrəli krеdit müqaviləsinə 02 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1238,48 (min iki yüz otuz səkkiz ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları təşkil edir. Ödəniş qrafiki üzrə borcalan tərəfindən manatla ödənişlər kreditor tərəfindən 1 ABŞ dolları = 1,4 manat məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 674,4 (altı yüz yetmiş dörd ABŞ dolları qırx sent) ABŞ dolları əsas borc, 357,21 (üç yüz əlli yeddi ABŞ dolları iyirmi bir sent) ABŞ dolları faiz borcu və 206,87 (iki yüz altı ABŞ dolları səksən yeddi sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu əlavə saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 (on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restruktruzasiya edilmiş kreditin müddəti 23 may 2022- ci il tarixədək təşkil edir. İş materiallarında olan problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmiş məlumatdan aydın olur ki, Cavabdeh 01 mart 2019-cu il tarixə qalıq əsas borcu 804,83 manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 19 mart 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 fevral 2015-ci il tarixli ********* nömrəli krеdit müqaviləsi üzrə 19 mart 2025- ci il tarixinə 473,43 ABŞ dolları məbləğində əsas borcu, 156,38 ABŞ dolları məbləğində faiz borcu və 639,21 ABŞ dolları manat məbləğində müqavilə üzrə gecikdirilmiş faiz borcu olmaqla cəmi 1341,05 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, 03 fevral 2015-ci il tarixli ********* nömrəli krеdit müqaviləsi üzrə Cavabdeh borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 5 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı pul tələb etsə də, həmin borc iddia tələbində istinad edilən kimi deyil, 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, internet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və cavabdeh aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu 804,83 (səkkiz yüz dörd manat səksən üç qəpik) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi faiz və cərimə borcunun tutulması hissələrində rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi əsas borc, faiz borcu və cərimə borcunun cavabdehlərdən tutulmasına dair iddiaçı bank ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanaraq düzgün nəticəyə gələrək iddia tələbini faiz və cərimə borcu hissəsində təmin etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, e-2-2(119)-977/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar