Məhkəmə qərarları › İş №2-2(105)-138/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-138/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-138/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizələri barədə iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-615/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-615/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 60000 (altmış min) manat məbləğində icarə haqqı borcunun, 600000 (altı yüz min) manat məbləğində kompensasiya pulunun, hüquqi yardımla əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 660130 (altı yüz altmış min yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh tərəfindən İddiaçınə qarşı verilmiş “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə məhkəmə xərclərinin Cavabdehnə aid edilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat məbləğində icarə haqqının, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 600000 (altı yüz min) manat məbləğində kompensasiyanın, 100 (yüz) manat məbləğində hüquqi yardım xərcinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə verilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 25 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını (Mərkəz Plaza) Cavabdehnə icarəyə vermişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən bina üçün bir aylıq icarə haqqının məbləği 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin imzalandığı tarixdən 6 (altı) təqvim ayı sonra icarə haqqının hesablanmağa başlanması nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh MMC 01 oktyabr 2020-ci ildə müqaviləyə xitam verilməsi təşəbbüsü ilə İddiaçı MMC-yə müraciət etmişdir. Həmçinin, Cavabdeh MMC həmin bildirişlə müqavilənin pozulması halında müqavilə ilə nəzərdə tutulmuş ödənişləri və kompensasiyanı ödəməyi qəbul etdiyini bildirmişdir. İddiaçı MMC isə öz növbəsində Cavabdeh MMC-nin müqaviləyə xitam verilməsi barədə təklifini qəbul etmiş və onlar arasında bağlanmış 07 dekabr 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğvinə dair” sazişə əsasən 25 fevral 2020-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. Həmin sazişə əsasən Cavabdeh MMC 2020-ci ilin noyabr və dekabr ayları üçün olan 60000 (altmış min) manat məbləğində icarə haqqını (ƏDV daxil olmamaqla) və müqaviləyə vaxtından əvvəl xitam verməyə görə 20 (iyirmi) aylıq icarə haqqı məbləğində (600000 (altı yüz min) manat) kompensasiyanı sazişin imzalandığı tarixdən 1 (bir) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin, həmin sazişin bağlanmasından 4 (dörd) aydan artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh MMC sazişdə nəzərdə tutulmuş məbləğdən bir qəpik də olsun ödəməmişdir. Verilmiş pretenziyaya da cavabdeh heç bir əhəmiyyət verməmişdir. Buna görə də, İddiaçı MMC məcbur qalaraq öz pozulmuş hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasının icarəsinə dair bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi və qeyriyaşayış binasının təmirinə çəkilmiş 380000 manat məbləğində pulun, ödənilmiş 2 aylıq icarə haqqının - 120000 manat pulun, 200000 manat məbləğində vurulmuş ziyana görə təzminatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh İddiaçındən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 20 fevral 2020-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən qeyri-yaşayış binasını Cavabdeh İddiaçındən 5 il müddətinə, aylıq 35000 (otuz beş min) manat olmaqla icarəyə götürmüşdür. Müqaviləyə əsasən 6 aydan sonra icarə haqqının hesablanması aparılmalı idi. Cavabdeh MMC bu binanın ayrı-ayrı sahələrini müxtəlif hüquqi şəxs və fiziki şəxslərə icarəyə vermişdir. Lakin, bu müqavilə bağlandıqdan sonra pandemiyanın başlanması və işlərin dayandırılması səbəbindən planlaşdırılmış işdə çətinliklər olmuşdur. Cavabdeh MMC həm icarədən aldığı pullarla, həm də öz vəsaiti hesabına binanın əsaslı təmirini həyata keçirmiş və ümumilikdə binanın təmirinə 380000 (üç yüz səksən min) manat məbləğində vəsait sərf etmişdir. 6 aydan sonra, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarının icarə haqqını, hər ay üçün müqavilədən kənar məcburi qaydada 75000 manat tələb edilsə də, Cavabdeh MMC 2 aya görə 120000 manat icarə haqqı ödəmişdir. Lakin həmin ərəfədə pandemiya ilə bağlı yumşalmalara başlandığını görən İddiaçı MMC binanın icarə haqqını artıraraq 75000 (yetmiş beş min) manat etdiyini və bundan sonra icarə haqqının bu məbləğdə ödənilməli olmasını bildirmişdir. Lakin, Cavabdeh MMC bu məbləğdə icarə pulunu ödəməyə imkanı olmadığını bildirdikdə, İddiaçı MMC belə olan təqdirdə Cavabdeh MMC ilə bağladığı müqaviləyə xitam verəcəyini bildirdi. Cavabdeh MMC binaya 380000 manat vəsait qoyduğunu və artıq binanın ayrı-ayrı hissələrini icarəyə verdiyi şəxslərdən də uzun müddətli icarə haqqı aldığını dedikdə, İddiaçı MMC Cavabdeh MMC-ni əmin etmişdir ki, əgər 75000 manat verməyə imkanı yoxdursa, müqavilə pozulsun və həmin qiymətə bu binanı icarəyə götürmək istəyən şəxsdən icarə haqqını alıb, onun çəkdiyi xərci qaytaracaq və Cavabdeh MMC-nin həmin obyekti icarəyə verdiyi bir şəxsin (Ruslan Ağakişiyevin) pulunu qaytarmaqla borcundan da ödəyəcəkdir. İcarəçi Cavabdeh MMC icarəyəverən İddiaçı MMC-yə inanaraq onunla bağlanmış icarə müqaviləsinin xitam edilməsinə razılıq vermişdir. Lakin İddiaçı MMC nəinki vermiş olduğu vədə əməl etmiş, əksinə həmin icarə müqaviləsinə daxil edilmiş və qanunvericiliyin tələbinə zidd olan bəndə istinad etməklə Cavabdeh MMC-dən istifadə etmədiyi 2 illik icarə haqqını, yəni 600000 manat məbləğində pulu tələb etmək qərarına gəlmiş və hazırkı iddianı qaldırmışdır. Halbuki, “İcarə haqqında” Qanunda belə bir hal nəzərdə tutulmamışdır və bu müqavilə şərti “İcarə haqqında” Qanunun tələbinə zidd olduğu üçün etibarsız hesab olunmalıdır. Digər tərəfdən, icarə müqaviləsi şərtini Cavabdeh MMC yox, İddiaçı MMC pozaraq Cavabdeh MMC-dən müqavilədə göstərilən məbləğin 2 qatından da artıq məbləği, yəni 75000 manat aylıq icarə haqqı tələb etmiş və onun bu tələbi sonda həmin müqaviləyə xitam verilməsi ilə nəticələnmişdir. Bundan başqa, Cavabdeh MMC bu gün də icarə müqaviləsində razılaşdırılmış məbləğlə - 35 min manat aylıq icarə haqqı ödəməklə, həmin binanı icarəyə götürüb işlətməkdə maraqlıdır və bundan heç vaxt imtina etməmişdir, hər zaman bu müqaviləni bağlamağa hazırdır. Lakin Cavabdeh MMC-nin hər ay 75000 manat məbləğində icarə haqqı ödəməyə imkanı yoxdur və bu əsassız tələb Cavabdeh MMC tərəfindən 380000 manatdan artıq təmirinə vəsait qoyduğu bir binanın icarəsi ilə bağlı münasibətlərə son qoymağına səbəb olmuşdur. Qeyd edilən faktları sübuta yetirən yetərincə dəlillər də vardır. “İcarə haqqında” Qanunun 14-cü maddəsinə əsasən icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Həmin Qanunun 15-ci maddəsinə əsasən icarəçinin icarəyə götürülən əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasla təmin edilir. O, icarəyə götürülmüş əmlakın hər hansı qanunsuz sahiblikdən qaytarılmasını, ondan istifadə edilməsində maneələrin aradan qaldırılmasını, bütün şəxslərin, o cümlədən icarəyəverənin əmlaka vurduğu zərərin ödənilməsini tələb edə bilər. “İcarə haqqında” Qanunun 7.2-ci maddəsində göstərilir ki, icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi göstərilməlidir. Lakin, İddiaçı MMC suiistifadəyə yol verməklə Cavabdeh MMC-dən 2 ay sonra icarə haqqının 2 qatından da artıq məbləğ tələb etmiş və bu müqavilənin pozulmasına zəmin yaratmışdır ki, Cavabdeh MMCdən kompensasiya kimi istifadə etmədiyi əlavə 2 illik icarə haqqı tələbini irəli sürsün. Cavabdeh MMC əvvəlki razılaşdırılmış məbləğdə bu binanı 5 il müddətində icarəyə götürüb icarə haqqını ödəyəcəyinə tam əmin olduğu üçün bu addımı atmış, lakin İddiaçı MMC-nin təqsiri üzündən bu münasibətlər baş tutmamışdır. Müqavilə İddiaçı MMC-nin təqsiri üzündən pozulmuş və digər tərəfdən onun istinad etdiyi müqavilənin 3.3-cü bəndi istər Mülki Məcəlləyə, istərsə də “İcarə haqqında” Qanuna zidd olduğu üçün etibarsız hesab olunmalıdır. “İcarə haqqında” Qanunun 7.5-ci maddəsinə görə icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Konkret halda İddiaçı MMC müqaviləni birtərəfli qaydada dəyişməklə icarə haqqını artırmış, Cavabdeh MMC-ni çıxılmaz bir vəziyyətə salmış və bu səbəbdən də Cavabdeh MMC icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı (tərəfin hazırladığı sənədləri imzalamaqla) müraciət etməli olmuşdur. Ona görə də, İddiaçı MMC ilə bağlanmış müqavilə qanunun tələbləri pozulmaqla və Cavabdeh MMC üçün əlverişsiz şəraitə yol açmaqla bağlandığı üçün etibarsız sayılmalı, həmin müqavilə üzrə öhdəliklərə xitam verilməli, qeyri-yaşayış sahəsinə çəkilmiş 380000 manat xərc, 2 aylıq 120000 manat icarə haqqı, dəymiş ziyana görə 200000 manat məbləğində təzminat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-dən alınaraq Cavabdehnə ödənilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməməsinə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan icarə müqaviləsindən də göründüyü kimi 20.02.2020-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış binasını cavabdeh İddiaçındən 5 il müddətinə, aylıq 30000 manat olmaqla icarəyə götürmüş və müqaviləyə əsasən 6 aydan sonra icarə haqqının hesablanması aparılmalı idi. Cavabdeh bu binanın ayrı-ayrı sahələrini müxtəlif hüquqi şəxs və fiziki şəxslərə icarəyə vermiş, lakin bu müqavilə bağlandıqdan sonra pandemiyanın başlanması, işlərin dayandırılması səbəbindən planlaşdırılmış işdə çətinliklər olmuşdur. İcarədən alınan pullarla binanın əsaslı təmiri həyata keçirilmiş, ümumilikdə binanın təmirinə 380000 (üç yüz səksən min) manat məbləğində vəsait sərf edilmişdir. 6 aydan sonra, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarının icarə haqqını, hər ay üçün 35000 manat olmaqla 2 aya görə 70000 manat ödəmiş, lakin həmin ərəfədə pandemiya ilə bağlı yumşalmalara başlandığını görən cavabdeh bildirmişdir ki, binanın icarə haqqını artıraraq 75000 (yetmiş beş min) manat edir, bundan sonra icarə haqqını bu məbləğdə ödəməlidir. Lakin, bu məbləğdə ödəməyə imkan olmadığı bildirildikdə cavabdeh belə olan təqdirdə onunla bağladığı müqaviləyə xitam verəcəyini bildirmişdir. Bu binaya 380000 manat vəsait qoyduğunu və artıq binanın ayrı-ayrı hissələrini icarəyə verdiyi şəxslərdən də uzun müddətli icarə haqqı aldığını dedikdə cavabdeh onu əmin etmişdir ki, əgər 75000 manat verməyə imkanı yoxdursa müqaviləni pozaq və həmin qiymətə bu binanı icarəyə götürmək istəyən şəxsdən icarə haqqını alıb çəkdiyi xərci qaytaracaq və həmin obyekti icarəyə verdiyi şəxslərin pulunu qaytarmaqla onların borcunu ödəyəcək. Cavabdehə inanaraq onunla bağlanmış icarə müqaviləsinin xitam edilməsinə razılıq vermişdir. Lakin cavabdeh nəinki vermiş olduğu vədə əməl etdi, əksinə həmin icarə müqaviləsinə daxil edilmiş və qanunvericiliyin tələbinə zidd olan bəndə istinad etməklə ondan istifadə etmədiyi 2 illik icarə haqqını, yəni 600000 manat məbləğində pulu tələb etmək qərarına gəlmiş və hazırki iddianı qaldırmışdır. Halbuki “İcarə haqqında” Qanunda belə bir hal nəzərdə tutulmamışdır və bu müqavilə şərti qanunun tələbinə zidd olduğu üçün etibarsız hesab olunmalı idi. Digər tərəfdən icarə müqaviləsi birtərəfli qaydada ləğv edilməmişdir. Belə ki, o, iddiaçının icarə haqqını 2 dəfən də artıq artırdığını görüb bu şərtlə həmin qeyri-yaşayış sahəsini işlədə bilməyəcəyini bildirmiş və belə bir razılığa gəlmişdirlər ki, həmin müqaviləyə xitam versinlər. Bu səbəbdən də, 02.12.2020-ci il tarixdə iddiaçının təklifı əsasında Bakı şəhər 3 saylı notariat ofisində olmuş və təqdim edilmiş proyektdə olan icarə müqaviləsinin ləğvinə dair sazişi imzalamışdır. Həmin sazişin təqdim edilmiş nüsxəsində icarəyə verənin həmin obyektin yaxşılaşdırılmasına tərəfindən çəkilmiş xərcin qiymətləndirilərək ona ödəniləcəyi nəzərdə tutulmuş və yalnız 2 ayın icarə haqqının isə icarəyə verənə ödəməli olduğu qeyd edilmişdir. Bu sazişdə 20 aylıq icarə haqqının kompensasiya kimi ödənilməsi barədə hər hansı bir qeyd yox idi. O, 02.12.2020-ci il tarixdə həmin sazişi imzalamış, lakin qarşı tərəfdən yalnız şirkət rəhbərinin müqaviləni imzalamaq səlahiyyətinin olması bildirilməklə bu müqavilənin surəti verilməmiş və bildirilmişdir ki, yalnız qarşı tərəf də imzaladıqdan sonra təqdim olunacaqdır. Müqavilənin özündən də göründüyü kimi həmin müqavilə üzrə digər tərəf yalnız 07.12.2020-ci il tarixdə müqaviləni imzalamışdır. Məsələ də ondadır ki, sonradan həmin müqaviləyə dəyişiklik edilmiş və həmin dəyişiklik aparılan səhifədə onun imzası yoxdur. Görünür bu əlavə sonradan 3-cü bəndə daxil edilmişdir. Onunla bu şərt razılaşdırılmamışdır. Onun imza atdığı səhifə isə sonrakı səhifədir ki, bu da həmin bəndin onunla razılaşdırılmasını tamamilə inkar edir. Bundan başqa işə baxan məhkəmə nəzərə almamışdır ki, həmin sahənin icarəyə verilməsi barədə müqavilədə onun birtərəfli qaydada ləğv olunduğu halda onun kompensasiya ödəməli olduğunu nəzərdə tutmuşdur. Lakin göründüyü kimi müqavilə birtərəfli ləğv olunmamış, hər iki tərəf müqavilənin ləğvini razılaşdırmış, saziş bağlanmışdır, belə olan təqdirdə 07.12.2020-ci il tarixli sazişə 20 aylıq icarə haqqının kompensasiya kimi ödənilməli olması barədə 3-cü bəndə edilmiş əlavə düzgün olmadığını ehtiva edir və həmin müqavilənin qanuniliyini şübhə altına alır. Məhkəmə birtərəfli mövqe nümayiş etdirməklə qeyd edilən bəndin salındığı müqavilədə, həmin səhifənin sonunda nə iddiaçının, nə də onun imzasının və möhürün olmamasını, müqavilənin digər səhifəsində isə tərəfindən imza və möhürün 02.12.2020-ci il tarixdə, qarşı tərəfdən imza və möhürün isə 5 gün sonra, yəni 07.12.2020-ci il tarixdə qoyulduğunu nəzərə almayaraq həmin müqaviləni qanuni hesab etmiş və ondan 600000 manat məbləğində kompensasiyanın tutulmalı olması qənaətinə gəlmişdir. Halbuki, onun iddiaçıya qarşı qaldırmış olduğu iddia tələbində obyektin yaxşılaşdırılmasına çəkilən xərcin tələbi də irəli sürülmüşdür və bu xərcin ödənilməli olması 2-ci bəndində də nəzərdə tutulmuşdur. Lakin məhkəmə ümumiyyətlə obyektin yaxşılaşdırılmasına tərəfindən çəkilmiş xərclərlə bağlı araşdırma aparmamış, bu xərclərin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etməmiş bununla da birtərəfli mövqedə olmasını tam şəkildə nümayiş etdirmişdir. 07.12.2020-ci il tarixli sazişin surəti ona verilməmiş və notariat kontorunda bildirilmişdir ki, qarşı tərəf də həmin sazişi imzaladıqdan sonra onun surəti tərəf olaraq onlara göndəriləcəkdir. Yalnız məhkəmə prosesində qarşı tərəf bu sazişi təqdim etdikdən sonra həmin sazişə onun iştirakı olmadan sonradan əlavə və dəyişikliklərin edilməsini və hətta onun imzası olan digər bir səhifənin sonradan həmin dəyişikliklərlə olan vərəqə tikilməsini görmüş, tərəfindən həmin sazişin də etibarsız hesab olunması barədə məhkəmədə iddia qaldırılacaqdır. “İcarə haqqında” Qanunun 7.2-ci maddəsində göstərilir ki, icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi göstərilməlidir. Lakin cavabdeh sui-istifadəyə yol verməklə ondan 2 ay sonra icarə haqqının 2 qatından da artıq məbləğ tələb etmiş və bu müqavilənin pozulmasına zəmin yaratmışdır ki, ondan kompensasiya kimi istifadə etmədiyi əlavə 2 illik icarə haqqı tələbini irəli sürsün. Əvvəlki razılaşdırılmış məbləğdə bu binanı 5 il müddətində icarəyə götürüb ödəyəcəyinə tam əmin olduğu üçün bu addımı atmış, lakin cavabdehin təqsiri üzündən bu münasibətlər baş tutmamışdır. Müqavilə cavabdehin təqsiri üzündən pozulmuş və digər tərəfdən onun istinad etdiyi müqavilənin 3.3-cü bəndi istər Mülki Məcəlləyə, istərsə də “İcarə haqqında” Qanuna zidd olduğu üçün etibarsız hesab olunmalıdır. “İcarə haqqında” Qanunun 7.5-ci maddəsinə görə icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən, müqaviləni birtəfəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Konkret halda cavabdeh müqaviləni birtərəfli qaydada dəyişməklə icarə haqqını artırmış, onu çıxılmaz bir vəziyyətə salmış və bu səbəbdən də icarə müqäviləsinin ləğv edilməsi ilə bağlı müraciət etməli olmuşdur. Göründüyü kimi icarə müqaviləsi və həmin müqavilənin ləğvi barədə saziş qanun tələblərinin pozulması ilə bağlanmış, nəticədə iddiaçı tərəfindən əsassız yüklənmələrinə və pul öhdəliklərinə cəlb edilməyinə səbəb olmuşdur, bütün bu hallar ona dəlalət edir ki, məhkəmənin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır, ona görə də qətnamə ləğv edilməli, iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2 və 397.2-ci maddələrinə əsasən qeyd edilən tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində olan 0,0750 ha torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasının (ümumi sahəsi 7169,20 kv.metr) İddiaçı xüsusi mülkiyyətində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh (VÖEN **********) arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-112 № ilə qeyd olunub) 20 fevral 2020-ci il tarixli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, bu müqaviləyə əsasən icarəyəverən Sumqayıt şəhəri, 36cı məhəllə, Heydər Əliyev prospekti ünvanda olan 0,0750 ha torpaq sahəsinin üzərində yerləşən 9 mərtəbəli və ümumi sahəsi 7169,20 kv.metr olan binanı (qeyri-yaşayış sahəsini), habelə orada yerləşən və bu müqavilənin 1.2 və 4-cü bəndlərində göstərilən qaydada təhvil-təslim aktında ətraflı şəkildə sadalanan daşınar əşyaları (bundan sonra daşınmaz əmlak və daşınar əşyalar birlikdə "icarə obyekti" adlandırılacaq) icarəçinin istifadəsinə verir, icarəçi isə bunun müqabilində bu müqavilə ilə müəyyən edilən qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür (müqavilənin 1.1-ci bəndi). Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, icarəçi, bu müqavilənin 2.5 və 2.6-cı bəndləri nəzərə alınmaqla, icarə obyektindən istifadəyə görə icarəyəverənə (ƏDV xaric) hər ay 30000 (otuz min) manat məbləğində icarə haqqı (“icarə haqqı”) ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, icarə haqqı icarəyəverənin təqdim etdiyi bank hesabına köçürmə yolu ilə ödənilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən 5 (beş) il müddətində (bundan sonra “ilkin icarə müddəti” və ya “ilkin müddət” adlandırılacaq) qüvvədədir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, tərəflər razılaşır ki, icarəçi iki ildən tez icarəyə götürdüyü əmlakı tərk edə bilməz, əks halda icarəyə verənə kompensasiya şəklində iki illik icarə haqqını ödəməyə borcludur. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, bu müqaviləyə icarəyəverən tərəfindən istənilən əsasla vaxtından əvvəl birtərəfli qaydada, ehtimal olunan xitam tarixinə 60 (altmış) gün qalmış icarəçiyə yazılı bildiriş təqdim etməklə, xitam verilə bilər. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən, bu müqaviləyə icarəçi tərəfindən vaxtından əvvəl birtərəfli qaydada xitam verilməsinə, 3.3-cü bənd nəzərə alınmaqla, qanuni və əsaslı səbəblər olduqda yol verilir. Bu zaman icarəçi ehtimal olunan xitam tarixinə 90 (doxsan) gün qalmış icarəyəverənə yazılı bildiriş təqdim etməklə müqaviləyə xitam verir. Qeyri-müəyyənliyə yol verməmək üçün, icarəçi həmin müddət (3 ay) üçün icarə haqqını icarəyəverənə ödəməlidir. Həmin müqavilənin 3.7-ci bəndinə əsasən, bu müqaviləyə istənilən əsasla xitam verildiyi halda. Tərəflər bu müqavilənin 4.3-cü bəndində göstərilən təhvil-təslim aktının imzalandığı tarixdən 15 (on beş) gün ərzində bu müqavilə üzrə qarşılıqlı son haqqhesabları yerinə yetirməlidirlər. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən, bu müqaviləyə istənilən səbəblə xitam verildikdən sonra icarəçi icarə obyektini ilkin vəziyyətdə icarəyəverənə təhvil-təslim aktı əsasında 10 (on) gün ərzində geri qaytarır. İş materiallarında olan icarəçi Cavabdeh tərəfindən icarəyəverən “A+A Şirkətlər Qrupu" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 01 oktyabr 2020-ci il tarixli “Bildiriş” məktubunun məzmunu ilə müəyyən olunur ki, həmin “Bildiriş” məktubunda Cavabdeh təşəbbüsü ilə 20 fevral 2020-ci il tarixli icarə müqaviləsində nəzərdə tutulan bildiriş müddəti gözlənilmədən 30 dekabr 2020-ci il tarixdən etibarən həmin icarə müqaviləsinə xitam verilməsinin və həmin tarixdən icarə obyektinin müqavilə şərtlərinə uyğun olaraq təhvil-təslim aktı əsasında Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə geri təhvil verilməsinin mümkünlüyünə münasibət bildirilməsi xahiş olunmuş və eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh MMC-nin “A+A Şirkətlər Qrupu" MMC qarşısında müqaviləyə əsasən bu mildirişdə göstərilən xitam tarixinə ödənilməyən olan icarə haqqı (2020-ci ilin noyabr və dekabr ayı daxil), habelə müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləği müqaviləyə xitam verilməsi barədə sazişdə göstərilən müddət ərzində Cavabdeh MMC tərəfindən ödəniləcəkdir. İş materiallarında olan icarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş (Reyestrdə 3M-527 № ilə qeyd olunub) bir vərəqədən ibarət “İcarə müqaviləsinin ləğvinə dair” 07 dekabr 2020-ci il tarixli sazişin məzmunu ilə müəyyən olunur ki, həmin sazişə əsasən icarəyəverən İddiaçı MMC və icarəçi Cavabdeh MMC razılaşır ki, 20 fevral 2020-ci il tarixində aralarında bağlanmış icarə müqaviləsinə həmin tərəflərin qarşılıqlı razılığı ilə 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilir (müqavilənin 1-ci bəndi). Həmin sazişin 2-ci bəndinə əsasən, icarə obyekti müqavilə şərtlərinə uyğun olaraq təhvil təslim aktı əsasında icarəçi tərəfindən icarəyəverənə 30 dekabr 2020-ci il tarixdə geri təhvil verilməlidir. Tərəflər bununla qəbul edir və razılaşırlar ki, təhvil-təslim aktında icarəçi tərəfindən icarə obyektinin yaxşılaşdırılmasına xərclənmiş vəsaitin, habelə təhvil zamanı müəyyən edilə bilən və icarəçi tərəfindən icarə obyektinə vurulmuş hər hansı zərərin məbləği (“Vurulmuş Zərər”) öz əksini tapmalıdır. Təhvil-təslim aktına əsasən müəyyən edilən vurulmuş zərərin əvəzi bu sazişin 3-cü bəndinə uyğun olaraq icarəçi tərəfindən icarəyəverənə ödəniləcəkdir. Həmin sazişin 3-cü bəndinə əsasən, tərəflər bununla qəbul edir və razılaşırlar ki, icarəçinin icarəyəverən qarşısında müqaviləyə əsasən icra olunmayan maliyyə öhdəliyi, vurulmuş zərər də daxil olmaqla, bu sazişin imzalandığı tarixə ödənilməyən icarə haqqı üzrə (2020-ci ilin noyabr və dekabr ayı üzrə) 60000 (altmış min) manat (ƏDV xaric) borcundan, habelə müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləğindən (20 aylıq icarə haqqina bərabər məbləğ) ibarətdir (“İcarəçinin müqavilə üzrə maliyyə öhdəlikləri”). Tərəflər razılaşır ki, bu sazişə əsasən müəyyən edilən icarəçinin müqavilə üzrə maliyyə öhdəlikləri bu saziş imzalandığı tarixdən 1 (bir) təqvim ayı ərzində icarəçi tərəfindən icra olunmalıdır. Həmin sazişin 4-cü bəndinə əsasən, bu saziş “07” dekabr 2020-ci il tarixindən qüvvəyə minir. Həmin sazişin 5-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, icarəçinin müqavilə üzrə maliyyə öhdəlikləri onlar icarəçi tərəfindən tam icra olunanadək qüvvədə qalır. İcarəçinin müqavilə üzrə maliyyə öhdəliklərinin ödənilməsi bu saziş əsasında icra olunacaqdır. Həmin sazişin 6-cı bəndinə əsasən, bu sazişdən irəli gələn və onunla bağlı olan bütün mübahisələr danışıqlar yolu ilə (hər iki tərəf vicdanla və ağlabatan şəkildə çıxış etməlidir) həll edilir. Danışıqlar 30 (otuz) gün ərzində müsbət nəticə verməzsə, mübahisə həll olunması üçün Azərbaycan Respublikasının məhkəmələrinə verilir. İş materiallarında olan 19 may 2021-ci il tarixli 21/05 nömrəli maliyyə arayışında göstərilir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 20 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı MMC Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-ci məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binasını cavabdehə icarəyə vermişdir. Müqaviləyə əsasən icarəyə verilən bina üçün aylıq icarə haqqının məbləği 30000 (otuz min) manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən icarə haqqı müqavilənin bağlandığı tarixdən 6 (altı) aydan sonra yəni, 20 avqust 2020-ci il tarixindən hesablanmağa başlamışdır. Ümumilikdə icarə haqqının hesablandığı 20 avqust 2020-ci il tarixindən 30 dekabr 2020-ci il tarixinə qədər olan dövr üçün Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ƏDV daxil olmamaqla 60000 (altmış min) manat məbləğində icarə haqqı ödənilmişdir. Cavabdeh MMC tərəfindən 2020-ci ilin noyabr və dekabr ayları üçün icarə haqqı ödənilməmişdir ki, bu da ƏDV daxil olmaqla 70800 (yetmiş min səkkiz yüz) manat təşkil edir. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli “Öhdəliklərin verilməsi haqqında” müqavilədən görünür ki, Cavabdeh MMC, "xxxx" MMC və "xxxx" MMC (məlum icarə obyektinin yeni icarədarı) arasında bağlanmış üçtərəfli həmin müqavilə ilə Cavabdeh MMC "xxxx" MMC-yə 12242,58 manat qalıq borcunun olmasını etiraf etmiş və "xxxx" MMC isə həmin qalıq borcun "xxxx" MMC-yə ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 2021-ci ilin fevral ayında Cavabdeh MMC, Novruzov Cabir və "xxxx" MMC tərəfindən tərtib edilmiş qarşılıqlı razılaşma aktından görünür ki, Cavabdeh MMC-nin Novruzov Cabirə olan 8500 manat borcun hissə-hissə ödənilməsini "xxxx" MMC (məlum icarə obyektinin yeni icarədarı) öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etmiş, qarşılıqlı iddia tələbini təmin etməyərək gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 700.1, 700.2, 385.1, 425.1, 427.3, 442, 448-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş İcarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən görünür ki, 20 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən İddiaçı MMC tərəfindən Sumqayıt şəhəri, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 7169,20 kv.metr olan bina (qeyri-yaşayış sahəsi) aylıq icarə haqqı (ƏDV xaric) 30000 manat olmaqla 5 il müddətinə icarəçi Cavabdeh MMC-nin icarəsinə verilmişdir. 07 dekabr 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğvinə dair” sazişə əsasən isə icarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh MMC 20 fevral 2020-ci il tarixli icarə müqaviləsiə 30 dekabr 2020-ci il tarixindən etibarən xitam verilməsi və 30 dekabr 2020-cı ildə icarə obyektinin geri təhvil verilməsi barədə razılığa gəlmişlər. Sazişə əsasən onun imzalandığı tarixə ödənilməyən icarə haqqı üzrə (2020-ci ilin noyabr və dekabr ayı üzrə) 60000 manat (ƏDV xaric), habelə müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləği (20 aylıq icarə haqqına bərabər məbləğ) Cavabdeh MMC tərəfindən 1 ay ərzində ödənilməlidir. Lakin, Cavabdeh MMC həm 20 fevral 2020-ci il tarixli icarə müqaviləsindən, həm də icarə müqaviləsinin ləğvinə dair sazişdən irəli gələn həmin öhdəliklərini yerinə yetirməmiş, qeyd olunan məbləğləri İddiaçı MMC-yə ödəməmişdir. İcarə müqaviləsinə xitam verilməsi barədə 01 oktyabr 2020-ci il tarixli bildirişdən də görünür ki, müqavilənin ləğv edilməsi təşəbbüsü ilə Cavabdeh MMC çıxış etmiş və iddiaçıya bu barədə bildiriş göndərərək, bildirişdə göstərilən xitam tarixinə ödənilməyən olan icarə haqqı (2020-ci ilin noyabr və dekabr ayı daxil), habelə müqaviləyə icarəçi tərəfindən birtərəfli qaydada xitam verilməsi nəticəsində müqavilənin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiyanın sazişdə göstərilən müddət ərzində ödəyəcəyini göstərmişdir. Həmin bildirişə cavab olaraq iş materiallarında olan İddiaçı MMC-nin Cavabdeh MMC-yə göndərdiyi 05 oktyabr 2020-ci il tarixli 45/12 nömrəli məktubdan (səh.29) görünür ki, İddiaçı MMC 20 fevral 2020-cil il tarixli icarə müqaviləsinin bildiriş müddəti gözlənilmədən 30 noyabr 2020-ci il tarixdən etibarən xitam verilməsinə və həmin tarixdən icarə obyektinin qeyd edilən icarə müqaviləsinin şərtlərinə uyğun olaraq təhvil təslim aktı əsasında, Cavabdeh MMC-nin təqdim etdiyi bildirişdə qeyd olunan Cavabdeh MMC-nin icarə müqaviləsi üzrə maliyyə öhdəliklərinin (o cümlədən 2020-ci ilin noyabr və dekabr ayı üzrə icarə haqqı, habelə icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq nəzərdə tutulmuş kompensasiya məbləği) ödənilməsi şərtilə İddiaçı MMC-yə geri təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. 20 fevral 2020-cil il tarixli icarə müqaviləsinin 3.3-cü bəndində isə tərəflər belə razılığa gəlmişdirlər ki, icarəçi iki ildən tez icarəyə götürdüyü əmlakı tərk edə bilməz, əks halda icarəyə verənə kompensasiya şəklində iki illik icarə haqqını ödəməyə borcludur. Bundan sonra tərəflər arasında icarə müqaviləsinin ləğvinə dair 07 dekabr 2020-ci il tarixli saziş bağlanmışdır. Lakin icarə haqqı borcu və kompensasiya məbləği İddiaçı MMCyə ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC tələb edilən məbləği müqavilə üzrə ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, ilk iddia üzrə Cavabdeh MMC bu vəzifəsini icra etməyərək pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə öhdəliklər Cavabdeh MMC tərəfindən yerinə yetirilmədiyi üçün birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin edərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin sazişin şərtlərinə dəyişiklik edilməsi və həmin səhifəyə imza edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinə sazişin notarial qaydada təsdiq edilmiş və qaytanlanmış surəti təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında 07 dekabr 2020-ci il tarixli “İcarə müqaviləsinin ləğvinə dair” sazişin əslinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, saziş bir vərəqədən ibarətdir. Cavabdeh MMC-nin direktoru X1 isə həmin sazişi imzalayaraq iradə ifadəsini bildirmişdir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəf sazişin şərtlərinin onun direktoru ilə razılaşdırılmadığını göstərsə də, istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə yuxarıda göstərildiyi kimi iş materiallarında olan ilk iddia üzrə cavabdehin 01 oktyabr 2020-ci il tarixli məktubu onun icarə haqqı və kompensasiya ödənilməsi barədə öhdəliyindən, ödənilməli olan pul öhdəliyinin miqdarından məlumatlı olduğunu və həmin məsələ ilə əlaqədar iradə ifadəsinin mövcudluğunu təsdiq edir. Məhkəmə kollegiyası 20 fevral 2020-ci il tarixli icarə müqavilənin etibarsız hesab edilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin müqavilə Mülki Məcəllənin müddəalarına və tərəflər arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilmişdir və müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Belə ki, qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarlı olması üçün qanunda nəzərdə tutlmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Hazırkı mübahisə üzrə isə bağlanmış müqavilənin etibarlılığını şübhə altına alan belə hal müəyyən edilməmişdir. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşdən görünür ki, mübahisə predmeti olan 20 fevral 2020-ci il tarixli müqavilə bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı) Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Buna görə də, qeyd edilən müqavilə etibarsız hesab edilə bilməz. Odur ki, qarşılıqlı iddia ərizəsinin göstərilən dəlilləri əsassızdır. Qarşılıqlı iddia tələbinin və apellyasiya şikayətinin binanın təmirinə çəkilən xərclərlə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndində göstərilmişdir ki, tərəflər razılaşır ki, icarəçi bu müqavilənin 4-cü bəndinə uyğun olaraq icarə obyektini təhvil aldıqdan sonra icarə obyektində öz vəsaiti hesabına müvafiq təmir yenidən qurma işlərini həyata keçirir. Müqavilənin 5.4-cü bəndində isə göstərilmişdir ki, icarəyəverənin yazılı razılığı ilə icarə obyektində icarəçi tərəfindən yerləşdirilən, aparılması (ayrılması) mümkün olmayan yaxşılaşdırmalar, bu müqaviləyə istənilən əsasla xitam verildiyi halda, əvəzi ödənilmədən icarəyəverənin mülkiyyətinə keçir və icarəçiyə geri qaytarılmır. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən, icarəçi yəni Cavabdeh MMC icarə obyektində öz vəsaiti hesabına təmir işlərini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqaviləyə hansı əsasla xitam verilməsindən asılı olmayaraq ayrılması mümkün olmayan yaxşılaşdırmalar əvəzi ödənilmədən icarəyəverənin mülkiyyətinə keçir və icarəçiyə geri qaytarılmır. Belə olan halda, təmir işlərinə çəkilən xərcin ödənilməsi barədə də qarşılıqlı iddia ərizəsinin dəlilləri əsassızdır. Cavabdeh apellyasiya şikayətində müqavilə şərtlərinin “İcarə haqqında” Azərbaycan Respublikası Qanununa zidd olduğunu göstərsə də, məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Ödənilmiş 2 aylıq icarə haqqının Cavabdeh MMC-nin xeyrinə tutulması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan 01 oktyabr 2020-ci il tarixli (səh.28) bildirişdən görünür ki, icarə müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC iddiaçıya müraciət etmiş və bildirişdə göstərmişdir ki, bildiriş göstərilən xitam tarixinə ödənilməli olan icarə haqqı, yəni 2020-ci ilin noyabr və dekabr ayları daxil sazişdə göstərilən müddət ərzində Cavabdeh MMC tərəfindən ödəniləcəkdir. İcarə müqaviləsinin ləğvinə dair sazişdə də 2 aylıq icarə haqqının cavabdeh tərəfindən ödənilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Göründüyü kimi, cavabdeh həm saziş üzrə 2 aylıq icarə haqqının ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüş, həm də müqaviləyə xitam verilməsi barədə bildirişdə həmin məbləği ödəyəcəyini göstərmişdir. 200000 manat məbləğində vurulmuş ziyana görə təzminatın tutulması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən həmin ziyanın nədən ibarət olması əsaslandırılmamış, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirilmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-615/2021 saylı, 23 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar