Məhkəmə qərarları › İş №2-2(105)-139/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-139/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-139/2020 01.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-334/2018 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh MMC-dən 69574 manat məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh MMC-nin İddiaçı MMC-nin anbarında saxladığı malları daşıması qət edilmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək həmin qiyabi qətnamənin ləğv edilməsini və mübahisəyə Cavabdeh MMC- nin iştirakı ilə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmış, Cavabdeh MMC-yə həmin qiyabi qətnamənin ləğvinə dair ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh MMC-nin nümayəndəsi X.Z.Musayev qeyd edilən qərardaddan şikayət verərək onun ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qərardad qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh MMC məlumatsız olduğundan məhkəmə prosesində lazımi formada iştirak edə bilməmiş, məhkəmə qətnaməsi göndərilən ünvan 2016-cı ildə təsisçi Alıyev Abdullanın kirayədə qaldığı ünvan olmuş, həmin ünvana gələn bildirişlər və məhkəmə qətnaməsindən məlumatsız olmuşlar. Polis idarəsindən məlumat verilən zaman məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə qətnamə alınmış və onun ləğvi barədə ərizə verilmişdir. Ərizəyə baxılan zaman Cavabdeh MMC-nin 2015-ci ildən heç bir işçisinin olmaması barədə sənədlər məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə məhkəmə qətnaməsinin hansı ünvana göndərilməsi barədə məlumat da iş materiallarında yoxdur. Məhkəmə ərizəni təmin etməməklə cavabdehin konstitusion hüququnu pozmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(085)-334/2018 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Məmmədov) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X6 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2020-ci il tarixli qiyabi qətnamənin surəti məhkəmənin xx.xx.2018-ci il tarixli məktubu ilə cavabdehin rəsmi qeydiyyata alındığı ünvan olan ünvan 1 ünvanına göndərilmiş və poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən xx.xx.2020- ci il tarixdə həmin ünvanda “Səlimov” soyadlı şəxs tərəfindən imzalanaraq təhvil alınmışdır.(iş mat. Səh 58). Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, ərizəyə əlavə olunmuş sənədlərdən, o cümlədən Cavabdeh MMCnin nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, təsisçisi və qanuni təmsilçisi (direktoru) X5 olan Cavabdeh MMC 2 saylı X1 xx xxxxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır və reyestr məlumatlarına əsasən həmin hüquqi şəxsin hüquqi ünvanı hal-hazırda da məhz qiyabi məhkəmə qətnaməsinin göndərildiyi və alındığı “ünvan 1” ünvanıdır. Cavabdehin nümayəndəsi Cavabdeh MMC-nin faktiki olaraq həmin ünvanda yerləşmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən hüquqi ünvana dəyişiklik edilməsi barədə hüquqi şəxslərin dövlət reyesterindən çıxarışı məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, hüquqi şəxs yaradılarkən onun təsisçisi (təsisçiləri) tərəfindən hüquqi ünvan kimi qeydiyyat orqanına təqdim edilən və onun olduğu yer kimi nizamnamədə də qeyd edilən ünvan (Mülki Məcəllənin 47.2-ci maddəsi) hüquqi şəxsi fərdiləşdirən əlamətlərdən biri olmaqla yanaşı mülki dövriyyənin iştirakçısı kimi onun digər mülki dövriyyə iştirakçılarına və dövlət orqanlarına (vergi, gömrük, statistika və s, habelə məhkəmə) məlum olan yeganə rəsmi ünvanı kimi qəbul edilir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh MMC-nin məhkəməyə məlum olan qeydiyyatda olduğu ünvanında qəbul edilməsi həmin qətnamənin rəsmi şəkildə təqdim edilməsi kimi qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan reyestr məlumatlarına əsasən qeyd edilən “ünvan 1” ünvanı hazırda da cavabdehin rəsmi dövlət qeydiyyatına alınmış ünvanı olaraq qalır və cavabdeh qeyd edilən ünvanda fəaliyyət göstərməməsi barədə ərizədə və şikayətdə göstərdiyi dəlilləri təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(085)-334/2018 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar