Məhkəmə qərarları › İş №2-2(105)-139/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-139/2021

27.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-139/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə kommersiya işi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli e-2-2(119)-900/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kabel xəttinin yenilənməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus kabel xəttinin yenilənməsi və vurulmuş 5000 (beş min) manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli e-2-2(119)- 900/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “iddiaçıya məxsus kabel xəttinin yenilənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə icraata xitam verilmişdir.(hakim Z.Sadiqov) İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-900/2021 saylı 01 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətindən imtina haqqında ərizə ilə məhkəməyə müraciət edərək, həmin ərizənin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətdən apelyasiya icraatı zamanı imtina edilməsi birbaşa prosessual qanunvericiliklə tənzimlənmədiyindən, qanunun anologiyasına istinad edilməklə, qərardaddan verilmiş şikayətdən imtina edilməsi məsələsinə apelyasiya şikayətindən imtina ilə bağlı normalara uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və şikayət üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 365, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçının nümayəndəsi Nümayəndə1 şikayətdən imtina barədə ərizəsi qəbul edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli e-2-2(119)- 900/2021 saylı qərardadından iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar