Məhkəmə qərarları › İş №2-2(105)-14/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-14/2021

24.02.2021 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-14/2021 24.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(119)-327/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxxx 2019-cu ildə Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Siyəzən rayon İcra Hakimiyyəti göstərilməklə) “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin yerləşdiyi ərazinin çıxışında, ASC-nin inzibati ərazisinə yaxın sahədə Siyəzən şəhərinə və Ata çaya yaxın ərazidə Cavabdeh məxsus faktiki “xxxx” Quşçuluq Müəssisəsi kimi fəaliyyət göstərən quş kəsim sexi özbaşına və qanunsuz yolla tikildiyindən, gündəlik fəaliyyəti birbaşa ASC-nin istehsalat fəaliyyətinə ziyan vurmaq olduğundan, tikinti və torpaq ayırma sənədi olmayan torpaq sahəsində inşa edilmiş tikilinin Cavabdeh hesabına sökülməsi və onun ərazini əvvəlki vəziyyətinə qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(059)-42/2020 nömrəli qərardadı ilə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC quşçuluq fabriki olaraq ötən əsrin 80-ci illərində tikilib istifadəyə veriılmişdir. Hal-hazırda “xxxx” ASC Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük quşçuluq müəssisəsidir və ölkənin ərzaq təhlükəsizliyinə məsul olan əsas hüquqi şəxslərdən biri olmaqla ən böyük toyuq əti məhsullarının istehsalçısıdır. "xxxx" ASC-də ayrı-ayrı istehsal sahələri olmaqla yanaşı, fəaliyyətinin əsasını toyuq əti məhsullarının istehsalı və satışı təşkil edir. ASC-də halhazırda 1000 nəfərdən artıq işçi çalışır. Normativ hüquqi aktlara əsasən quşçuluq sahəsinin unikallığı ondan ibarətdir ki, bu istehsal sahəsi yaşayış və qeyri-yaşayış məntəqələrindən, qanunsuz məskunalaşmalardan və tikintilərdən, xüsusilə quşçuluq məhsulları istehsal edən müəssisələrdən bir neçə kilometrlərlə radiusda sahələrdə izolyasiya edilməlidir. Yəni, infeksion və yoluxucu xəstəliklərdən qorunmaq məqsədi ilə bütün qanunu və qanunsuz tikililər, məskunlaşmalar “xxxx” ASC-nin inzibati ərazisindən kənarda inşa edilməlidir. “Siyəzən” quşçuluq fabriki tikilən zaman mövcud öhdəliklərə riayət edilməklə, hətta fabrik işçiləri üçün tikilən yaşayış sahələri binaları və digər tikililər fabrikdən bir neçə kilometr aralıda inşa olunaraq istifadəyə verilmişdir. Bunlara əməl edilmədən “xxxx” ASC-nin yerləşdiyi ərazinin çıxışında, inzibati əraziyə yaxın sahədə Siyəzən şəhərinə və Ata çaya yaxın ərazidə Cavabdeh məxsus “xxxx” Quşçuluq müəssisəsi kimi fəaliyyət göstərən tikilidə quş əti istehsalını və kəsimini icra edir. Bu tikilinin fəaliyyətinin qanunsuz olması, tikilidə istehsal və kəsim işlərinin antisanitar şəkildə aparılması ilə yanaşı, tullantılar idarə edilməyərək və utilizasiya tədbirləri görülmədən “xxxx” ASC-yə yaxın əraziyə atılır. Bu azmış kimi Müəssisə Ata çayın yaxınlığında yerləşdiyindən qanlı və çirkab sular birbaşa təmizlənmədən, emal edilmədən Ataçaya və Samur-Abşeron kanalına axıdılır. Həmçinin, Cavabdeh məxsus “xxxx” Quşçuluq quş kəsimi müəssisəsi ASC-nin yetişdirmə və broyler toyuq sahələrinə (toyuq damları) yaxın ərazidə yerləşdiyi üçün tullantılardan yaranmış infeksion və ağır xəstəliklər, bioloji viruslar və çirkab suların açıq əraziyə axıdilmasından broyler toyuqlarını sağalmaz və müalicəsi mümkün olmayan müxtəlif ağır xəstəliklərə yoluxdurmuşdur. Aşkar və müəyyən olunan qanunsuz hərəkət və hərəkətsizlik nəticəsində “xxxx” ASC-nin istehsalı olan çoxsaylı toyuq tələfatı baş vermişdir və nəticədə ASC böyük məbləğdə maddi və mənəvi ziyanla üzləşmişdir. Cavabdeh qanunsuz əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, X1 və digər müvafiq icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. Cavabdeh qanunsuz əməlləri aşkar olunduğu vaxtdan hal-hazıra kimi “xxxx” ASC-də kəsim mərhələsinədək aşkar olunan ölü toyuqlar və cücələr ümumilikdə 530648 başdan artıq sayı əhatə edib. Mövcud qanunsuz əməlin təsdiqi “xxxx” ASC-nin məsul və səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib olunmuş aktda və akta əlavə olunmuş fotoşəkillərdə və videoçəklişlərdə öz əksini tapmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Cavabdeh vəzifəli şəxs kimi 3000 manat məbləğində cərimə edilmişdir. Siyəzən rayon İcra Hakimiyyətinin, Baytarlıq İdarəsinin, Beşdam Bələdiyyəsinin, Beşdam kəndi üzrə Nümayəndəliyinin və Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakları ilə 26 və xx xxxxxxxx 2019-cu il tarixlərdə tərtib olunmuş aktlarda 500 başa qədər ölü quşların Samur-Abşeron kanalına atıldığı, sexin yaxınlığında çayın ətrafında qırmızı qana bənzər mayenin aşkar edildiyi, tullantıların açıq sahəyə atıldığı və tullantılar üzərində utilizasiya tədbirlərinin görülmədiyi halları aşkar edilmişdir. Yuxarda qeyd edildiyi kimi “xxxx” ASC quşçuluq fabriki olaraq hal-hazırda da yüksək istehsal gücü ilə tam fəaliyyət göstərir və mütəmadi olaraq yeni istehsal sahələri istifadəyə verilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxxx 2019-cu il tarixli məktubunda iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, quşçuluq məhsullarının istehsalı və satışı ilə məşğul olan “xxxx” ASC müəssisəsi yüksək risk qrupuna aid olduğundan, onun quşçuluq təsərrüfatlarından ara məsafəsi zoobayatarlıq qaydalarına uyğun olaraq 2000 (iki min) metr müəyyən edilir. Bu ardıcıllığın gözlənilməsi biotəhlükəsizlik baxımdan vacibdir. Bu ara məsafə norması sanitar, baytarlıq-gigiyena, tikinti və texniki qaydalara əməl edilməklə tikilən quşçuluq müəssisələrinə şamil olunur. Cavabdeh məxsus “xxxx” Quşçuluq Müəssisəsi kimi fəaliyyət göstərən tikili “xxxx” ASC-nin quş damlarından və tutumu 9000 ton olan su anbarından 460 və 480 metr məsafədə yerləşir. Cavabdeh tərəfindən tikilən tikili baytarlıq-gigiyena və sanitar normalara, tikinti və texniki qaydalara əməl edilməməklə tikilib və fəaliyyəti birbaşa ASC-nin məhvinə yönəlib. Bu formada əvvəlcədən planlaşdırılan anti-sanitar vəziyyətdə fəaliyyət göstərmənin mahiyyəti odur ki, ASC-nin istehsalı olan broyler toyuqları müalicəsi mümkün olmayan xəstəliklərə və infeksiyalara tez yoluxsun, nəticədə Cəmiyyətin istehlakçılar qarşısında mövcud olan öhdəlikləri icra olunmasın və Cəmiyyət müflis olsun. Quşçuluqdqa müəyyən olunan infeksiya və digər xəstəliktörədici vasitələr açıq hava ilə çox sürətli yoluxma qabiliyyətnə malikdirlər. Xüsusən tullantılar utilizasiya edilmədikdə və çirkab sular zərərsizlədirilmədikdə infeksiya və digər xəstəliktörədici vasitələr daha böyük və ağır fəsadlara səbəb olur. Cavabdehin bu qanunsuz və hüquqazidd əməllərinə hüquqi qiymət verilməsi və quş kəsimi sexinin fəaliyyətinin dayandırılması barədə Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası X1, Siyəzən rayon Polis Şöbəsinə, Siyəzən Gigiyena və Epidemiologiya Mərkəzinə və cavabdehin özünə yazılı müraciətlər edilmişdir. Cavabdeh bu qanunsuz əməlləri Mülki Məcəllənin, Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Baytarlıq haqqında və Yeyinti məhsulları haqqında Azərbaycan Respublikası qanunlarının tələblərini kobud şəkildə pozmuşdur. Mülki Məcəllənin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yasayiş evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin tələblərindən bir daha aydın olur ki, Cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ərazisində xx xxxxx 2014-cü il tarixli 03 nömrəli torpaq icarəsi müqaviləsi ilə uzunmüddətli icarəyə götürdiyi örüş torpaq sahəsində təyinatdan kənar bu tikilini qanunsuz və özbaşına tikməklə, Mülki Məcəllənin, Torpaq Məcəlləsinin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Torpaq Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işləri aparıla bilməz. Cavabdeh Baytarlıq haqqında Qanunun 19-cu maddəsinin, yəni heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq sanitariya) tələbləri üzrə vəzifələrin tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, qanunsuz quş kəsim sexi kimi fəaliyyət göstərən müəssisə baytarlıq qeydiyyatına da alınmayıb. Cavabdeh Yeyinti Məhsulları haqqında Qanunun tələblərini pozmaqla qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qeydiyyatdan keçməyib, mənşə və keyfiyyət sənədləri olmayan, yeyinti məhsulları istehsal edən obyektlərinin layihələşdirilməsini və razılaşdırılmasını təmin etməməklə kobud qanun pozuntusuna yol vermişdir. Bu pozuntular və qanunsuzluqlar barədə yuxarıda qeyd edilən təşkilatlara müraciət olunsa da, bu günə kimi cavabdeh barəsində hər hansı bir tədbir görülməyib. Yuxarıda istinad olunan hüquq normalarından bir daha məlum olur ki, cavabdeh tərəfindən tikilən tikili özbaşına və qanunsuz yolla tikildiyindən, gündəlik fəaliyyəti birbaşa ASC-yə zərər vurmaq və istehsalat fəaliyyətini pozmaq olduğundan, bu özbaşına tikilən tikili cavabdehin özü tərəfindən sökülməli və cavabdehin özü ərazini əvvəlki vəziyyətinə qaytarmalıdır. Cavabdeh iddia ərizəsinə etirazı onunla əsaslandırmışdır ki, ilk növbədə iddia ərizəsində sökülməsi nəzərdə tutulan obyektin yerləşdiyi torpaq sahəsi iddiaçı ’’xxxx” ASC-nin mülkiyyətində olmadığı üçün iddia tələbi əsassız olduğuna görə rədd olunmalıdır. Çünki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasda dair” xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Bundan əlavə, iddiaçı ərizəsinin ilk abzasında göstərir ki, “iddiaçı Azərbaycan Respublikasında fəaliyyət göstərən ən böyük quşçuluq müəsissəsidir. Ölkənin ərzaq təhlükəsiziliyinə məsul olan əsas hüquqi şəxslərdən biridir. ASC-də halhazırda 1000 nəfərdən artıq işçi çalışır”. Yəni, iddiaçı guya demək istəyir ki, 1000 nəfər işçiyə çörək verir və bu sayda işçi ilə Ölkənin ərzaq təhlükəsiziliyinə məsul müəsissələrdən biridir. İddiaçının bu iddiası onun öz əleyhinədir. Ona görə ki, iddiaçı quş ətinə olan tələbatı ödəyirsə, nədən xarici ölkələrdən quş əti gətirilir və Azərbaycanda minlərlə quşçuluq sexləri faliyyət gösərir. Digər tərəfdən ASC-nin faktiki istehsal həciminə görə orada 1000 nəfər nədir, 10 minlərlə işçi işləməlidir. Lakin iddiaçının işçilərə qarşı əmək qanunvericiliyini kobud şəkildə pozan hərəkətlərinə görə hazırda rayon sakinləri yaşadığları ərazidə yerləşən ’’xxxx” ASC-də işləməkdən imtina edərək, uzaqlığına baxmayaraq qonşu Xızı rayonunda fəaliyyət göstərən Giləzi quşçuluq fabrikində işləməyə məcburdular. Habelə, iddiaçı qeyd edir ki, “normativ hüquqi aktlara əsasən quşçuluq müəsissələrinə yaxın ərazidə digər obyektlər tikilə bilməz. Buna baxmayaraq, cavabdehə məxsus kəsim sexi ASC-nin yaxınlığında tikilmişdir”. Lakin ona məxsus kəsim sexini ’’xxxx” ASC-dən, iki tərəfli 4 hərəkət hissəsində ibarət “Bakı-Rusiya” dövlətlərarası avtomobil yolu və “Bakı-Rusiya” dövlətlər arası iki tərəfli dəmir yolu kimi, iki müxtəlif nəqliyyat infirastrurkuru ayırır. Digər tərəfdən, ona məxsus mübahisə predmeti olan kəsim sexi hazırda qüvvədə olan normativ hüquqi aktların müəyyən etdiyi qaydalara əsasən tikilmişdir. Belə ki, mübahisə obyektinə dair Siyəzən rayon İcra Hakimiyyətinin xx xxx 2014-cü il tarixli “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğularin) istismara qəbul edilməsi haqqinda” Akta əsasən müəyyən olunur ki, Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xx xxxxxx 2008-ci il tarixli 06 saylı sərəncamla yaradılmış Komissiya tərəfindən Cavabdeh məxsus həmin kəsim sexinin tikintisi yanğın təhlükəsizliyi, sanitar-tikinti norma və qaydalarının tələblərinə uyğun aparıldığına və tikinti quraşdırma isləri basa çatdığına görə istismara qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Lakin iddiaçı bundan əlavə digər yerdə qeyd edir ki, “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxxx 2019-cu il tarixli məktubunda bildirirlmişdir ki, quşçuluq məhsullarının istehsalı və satışı ilə məşqul olan “xxxx” ASC müəsissəsi yüksək risk qrupuna aid olduğundan, onun quşçuluq təsərrüfatlarından ara məsafəsi zoobaytarlıq qaydalarına uyğun olaraq 2000 metr müəyyən edilir”. İddianın faktiki halı kimi qeyd edilən bu əsasa cavab olaraq bildirilir ki, əvvəla “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx xxxxxxxx 2019- cu il tarixli məktubu” hüququn mənbəyi sayılmadığından, bu məktuba istinad edilərək tələb əsaslandırıla bilməz. İkincisi, “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.18-ci maddəsinə əsəsən “Bu Qaydaların yerinə yetirilməsində məsuliyyət heyvan sahiblərinin, görülən tədbirlərə nəzarət edilməsi isə dövlət baytarlıq orqanlarını üzərinə düşür”. İddiaçı boş fərziyyələrə əsaslanaraq hesab edir ki, ona məxsus “Kəsim sexi” “baytarlıq-gigiyenik və sanitar normalara, tikinti və texniki qaydalara əməl etmədən tikilib və fəaliyyəti birbaşa ASC-nin məhvinə yönəlib”. Hətta bu və yaxud digər formada təhlükə varsa belə, qanunverici təsərrüfat sahiblərinin özləri tərəfindən tədbir görməsini vurğulayır. Habelə, etirazın əvvəlində qeyd edildiyi kimi, iddiaçıya münasbətdə hüquq haqqında mübahisə vardır. Ona görə ki, özgə mülkiyyətində tikilən əmlakın barəsində hər hansı mübahisə açmaq hazırkı halda iddiaçı üçün istisna olunur. Çünki bu ərazi cavabdehin mülkiyyətində olmasa belə, hazırki vəziyyətdə iddiacının da mülkiyyətində deyil. Yəni, bu torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqları və qanuni mənafeləri müdafiə edən akt kimi çıxış etməlidir”. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək bildirir ki, iddiaçının ona qarşı hazlrkı tələb üzrə, habelə tələbin faktki əsası kimi qeyd etdiyi, yəni onun tərəfindən “əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair qida təhlükəsizliyi sahəsində normativ aktların pozulması, baytarlıq haqqında qanunvericiliyin pozulması, özbaşına tikinti işlərinin aparılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma” kimi mübahisələrə dair iddia irəli sürməsinə subyektiv hüququ yoxdur. Beləliklə də, qeyd edilən pozuntuların baş verməsi sübut olunarsa belə, bu pozuntuları törətmiş şəxslər haqqında qanuni təsir tədbirləri iddiaçı tərəfindən deyil, bu sahələrə nəzarət edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən görülə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(119)- 327/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: qüvvədə olan normativ hüquqi aktlara əsasən quşçuluq sahəsinin unikallığı ondan ibarətdir ki, bu istehsal sahəsi yaşayış və qeyriyaşayış məntəqələrindən, qanunsuz məskunalaşmalardan və tikintilərdən, xüsusilə quşçuluq məhsulları istehsal edən müəssisələrdən bir neçə kilometrlərə radiusdasahələrdə izolyasiya edilməlidir, yəni viruslardan, infeksion və yolxucu xəstəliklərdən qorunmaq məqsədi ilə bütün qanuni və qanunsuz tikililər, məskunlaşmalar xxxx ASC-nin inzibati ərazisindən kənarda inşa edilməlidir. Faktiki olaraq Siyəzən quşçuluq fabriki ötən əsrin 80-ci illərində tikilən zaman mövcud öhdəliklərə, qaydalara əməl edilməklə, hətta fabrik işçiləri üçün tikilən bir neçə beşmərtəbəli yaşayış sahələri- binaları və digər ictimai tikililər, məktəblər fabrikdən bir neçə kilometr aralıda inşa olunaraq istifadəyə verilmişdir. Cavabdeh məxsus xxxx Quşçuluq müəssisəsi kimi fəaliyyət göstərən tikilinin fəaliyyətinin qanunsuz olması, tikilidə istehsal və kəsim işlərinin antisanitar şəkildə aparılması ilə yanaşı, tullantılar idarə edilməyərək, utilizasiya tədbirləri görülmədən ətrafa qəsdən xxxx ASC-yə yaxın əraziyə atılır. Bu azmış kimi, Cavabdeh məxsus tikili Ata çayın yaxınlığında yerləşdiyindən qanlı və çirkab sular birbaşa təmizlənmədən, emal edilmədən Ataçaya və Samur-Abşeron kanalına axıdılır. Bu hallar barədə məhkəməyə təqdim edilən iddia ərizəsində daha geniş sübutlara əsaslanmaqla həm sənədlər, həm də videogörüntülər və fotoşəkillər təqdim etmişlər. Məhkəmə qətnaməsində göstərilir ki, iddia tələbinin əsaslılığı məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 7-ci bəndində göstərilib ki, hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Məhkəmə qətnaməsində göstərilir ki, Cavabdeh məxsus tikiliyə ayrılan, uzunmüddətli icarəyə verilən torpaq sahəsinin yerləşdiyi sahə Siyəzən rayonu Beşdam Bələdiyyəsinə məxsus olan örüş otlaq sahəsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələblərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikinti işləri aparıla bilməz. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddənin tələblərindən bir daha aydın olur ki, cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinin ərazisində xx xxxxx 2014-cü il tarixli 03 nömrəli torpaq icarəsi müqaviləsi iiə uzunmüddətli icarəyə götürdüyü örüş torpaq sahəsində təyinatdan kənar bu tikilini qanunsuz və özbaşına tikməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında Cavabdeh tərəfindən ona məxsus tikiliyə dair sənədləri məhkəməyə təqdim edən zaman qətnamədə bu sənədlərə istinad etmək əvəzinə, bu sənədlərin qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyinə hüququ qiymət verməli idi, yəni Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən belə bir sərəncam və digər sənədlər verilə bilərdimi? Keçmiş SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xx xxxxxxxx 1981-ci il tarixdə təsdiq olunan qaydalarda baytarlıq və sanitar qaydalara əsasən quşçuluq təsərrüfatları (fermaları) tikilən zaman əsas tələblərdən biri quşçuluq fabrikləri və digər təsərrüfat sahələri arasında məsafə ən azı 2000 (iki min) metr olmalıdır. Quşçuluq təsərrüfatlarında ara məsafəsi zoobayatarlıq qaydalarına uyğun olaraq 2000 (iki min) metr müəyyən edilir, ara məsafəsini gözləməklə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2019-cu il tarixli məktubunda da öz əksini tapmışdır. Bu ardıcıllığın gözlənilməsi biotəhlükəsizlİk baxımdan çox vacibdir. Bu ara məsafə norması sanitar, baytarlıq-gigiyena, tikinti və texniki qaydalara əməl edilməklə tikilən istənilən fəalyyətli quşçuluq müəssisələrinə şamil olunur. İstinad olunan hüquq normalarından bir daha məlum olur ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz yolla tikildiyindən, gündəlik fəaliyyəti birbaşa ASC-yə zərər vurmaq və istehsalat fəaliyyətini pozmaq olduğundan, bu qanunsuz yolla tikilən tikili də cavabdehin özü tərəfindən sökülməli və özü də ərazini əvvəlki vəziyyətinə qaytarmalıdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Üçüncü şəxs Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, üçüncü şəxs Siyəzən rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini və cavabdehi dinləyərək, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(119)-327/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla müəyyən olunur ki, Siyəzən rayonu Beşdam kəndi ərazisində yerləşən 0,20 ha torpaq sahəsinin xx xxxxx 2014-cü ildən başlayaraq 99 il müddətinə Cavabdeh icarəsində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 23 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********61; Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – xx xxx 2014-cü il) . İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2014-cü il tarixli AA 003856 saylı Torpaq sahəsinin planı və ölçüsü haqqında Şəhadətnamə ilə müəyyən olunur ki, reyestr nömrəsi **********61 olan hüquq sahibi Cavabdeh bələdiyyə mülkiyyətində olan 0,20 ha örüş otlaq sahəsi Siyəzən rayon Beşdam Bələdiyyəsinin xx xxxxx 2014-ci il tarixli 03 nömrəli torpaq icarəsi müqaviləsi əsasında icarəyə verilmişdir. İş materiallarında olan Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx xxx 2014-cu il tarixli 377/H-15 nömrəli məktubdan görünür ki, uzun müddətli icarəsində olan torpaq sahəsində (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış - seriya RX, № 0391337) kəsim sexinin tikintisinə Siyəzən rayon İcra Hakimiyyəti etiraz etmir. İş materiallarından görünür ki, Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xx xxx 2014-cü ildə təsdiq edilmiş “Qeyri-dövlət qurumlari, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqinda” Akta əsasən Cavabdeh tərəfindən Siyəzən rayonu Beşdam kəndi ərazisində inşa edilmiş kəsim sexinin istismara qəbul edilməsi barədə qərar qəbul edilmişdir. İş materialları ilə müəyyən olunur ki, fərdi sahibkar Cavabdeh Siyəzən rayonu Beşdam kəndində (Beşdam kənd Bələdiyyə torpağında) ət istehsalı və konservləşdirilməsi sahəsində fəaliyyəti xx xxxxxx 2018-ci ildə ********** nömrə ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən Çıxarış). İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(105)-272/2020 nömrəli qərarı ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X4 “inzibati tənbeh vermə haqqında” xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı, ******* saylı qərarına əsasən Cavabdeh vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Lakin, Siyəzən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(059)32/2020 nömrəli qərarı ilə əməlində inzibati xəta tərkibinin olması sübuta yetməməsi əsası ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X4 xx xxxxxxxx 2019-cu il tarixli MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və eyni zamanda, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X3 məhkəmə məsrəfi hesab olunan 133 (yüz otuz üç) manat ekspertiza xərcinin tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qərara alınmışdır. Həmin Qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və X5 tərəfindən verilmiş apelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(105)-272/2020 nömrəli qərarı ilə təmin edilməmiş və Siyəzən rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 3(059)- 32/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materialları ilə müəyyən olunur ki, “X7 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) təsisçisi X2 olmaqla xx xxxx 2008-ci ildə dövlət qeydiyyatına alınmışdır və həmin hüquqi şəxsin ev quşlarının istehsalı (ev quşları və dovşan ətinin emalı və konservləşdirilməsi) sahəsində fəaliyyəti xx xxxxxx 2020-ci ildə 53-Q-00004 nömrə ilə qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt kimi qida təhlükəsizliyi qeydiyyatına alınmışdır (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən Çıxarış). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Siyəzən rayonu Beşdam kəndində yerləşən 0,20 ha bələdiyyə torpaq sahəsi xx xxxxx 2014-cü ildən başlayaraq 99 il müddətinə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN: **********) icarəsinə verilmiş və onun həmin torpaq sahəsinə olan icarə hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Kollegiya qeyd edir ki, Cavabdeh icarəsində olan həmin 0,20 ha torpaq sahəsinin sərhədləri iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində və istifadəsində olan torpaq sahələri ilə kəsişmir və iddiaçı tərəfindən sökülməsi tələb olunan tikili cavabdehin icarəsində olan torpaq sahəsində inşa edilməklə (Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən xx xxx 2014-cü ildə təsdiq edilmiş “Qeyri-dövlət qurumlari, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğularin) istismara qəbul edilməsi haqqında” Akta əsasən istismara qəbul edilmişdir), iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçı isə bu mövqe ilə razılaşmamış və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tikilən tikili qanunsuz yolla tikildiyindən, gündəlik fəaliyyəti birbaşa ASC-yə zərər vurmaq və istehsalat fəaliyyətini pozmaq olduğundan, bu qanunsuz yolla tikilən tikili də cavabdehin özü tərəfindən sökülməli və özü də ərazini əvvəlki vəziyyətinə qaytarmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi tələbilə bağlı müvafiq subyektiv hüquqa, yəni mübahisəli qeyri-yaşayış sahəsinin sökülməsini və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasını tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. İddiaçının vermiş olduğu tələb üzrə subyektiv hüququ mövcud olmadığı halda, tələbin tam və yaxud qismən təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların yaradılması nəticəsini doğura bilər. Qeyd etmək lazımdır ki, hər hansı bir şəxsin sahibkarlıq sahəsində və yaxud, hər hansı bir sahədə fəaliyyətinin qanunsuzluğu və ya qüsurları isə müvafiq normativ-hüquqi aktlarla nizamlanan aidiyyəti orqan və təşkilatların müdaxiləsi əsasında aradan qaldırıla bilər. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(119)-327/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-2(119)- 327/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 3 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 4 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar