Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-14/2022 24.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı “X8 X1” publik hüquqi şəxsinin cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2- 2(119)-963/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “X8 X1” publik hüquqi şəxsi cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 “Qudyalçay” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 49000 (qırx doqquz min) manat məbləğində dövlətə vurulmuş maddi zərərin alınıb, X3 üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 (otuz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq iddiaçı tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman “Qudyalçay” yatağında 27 dekabr 2018-ci il tarixli, 01131 saylı “Dağ-mədən ayırması” Aktı (DMAA) ilə cavabdeh M.Balabəyov tərəfindən ona ayrılmış 22 ha yer təki sahəsindən kənarda 14000 m3 qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə keçirilən monitorinq zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olunmuşdur. İstismar işləri Torpaq sahənin planı və ölçüsü sənədi ilə fiziki şəxsə verilmiş sahənin xaricində 2 ha sahədə orta istismar dərinliyi 0,7 metr olmaqla 14000 m3 həcmində hasilat aparılmışdır. 04.11.2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X5 23/20 nömrəli, 23.12.2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək qadağan edilmişdir. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququnun dayandırılmasına əsas olan hallar aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X5 27.05.2021-ci il tarixli, 90 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.03.2020-ci il tarixli, 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq hesablanmışdır: 14000 m3 * 5 manat * 0.7 = 49000 manat. Ümumilikdə 49000 (qırx doqquz min) manat məbləğdə ziyan müəyyən edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2-2(119)-963/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Zahid Məmmədov) Qətnamədən iddiaçı “X8 X1” publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, işdə iştirak edən şəxsin izahatını dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2-2(119)-963/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Çünki, irəli sürülən tələb üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən X8 X1 “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirir. X8 X1 həmin fəaliyyətdən irəli gələn funksiyanı yerinə yetirərək cavabdehdən dövlətə vurulmuş ziyanın ödənilməsini tələb edir. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun 47-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən (2020-ci il yanvarın 1-dən qüvvədə olan), sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəlləyə görə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. (MPM-in 1-ci maddəsinin qeyd hissəsi) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalı olmadığı üçün iş üzrə icraata xitam verilməli, iddiaçıya qeyd edilmiş halları nəzərə alaraq, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28.09.2021-ci il tarixli, e-2-2(119)-963/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “X8 X1” publik hüquqi şəxsinin cavabdeh X4 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair 2-2(105)-14/2022 saylı iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyatı üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-14/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-14/2022
24.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver