Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-141/2021 27.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2-2(119)468/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh (VÖEN **********) 39000 (otuz doqquz min) manat məbləğində pul və 30,40 (otuz manat 40 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və xidmət haqqı olmaqla, cəmi 39030,40 (otuz doqquz min otuz manat 40 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı Nümayəndə1 xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh 17 avqust 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsini elektron kabinetdə yalnız 03 avqust 2021-ci ildə görərək, qətnaməni rəsmi qaydada həmin tarixdə əldə etmiş, cavabdehin elektron sistem barədə anlayışı olmamış, o heç bir zaman elektron sistemə daxil olmamış, həmin sistemdə heç vaxt hər hansı əməliyyat aparmamış və bu sahədə təcrübəsi olmamış, iş materiallarında qətnamənin 05 iyun 2021-ci ildə cavabdehin ünvanında rəsmi qaydada qəbul edilməsi barədə “xəbərnamə” olsa da, cavabdeh işi ilə əlaqədar çox vaxt rayonlarda olduğu üçün onun özü şəxsən qətnaməni almamış, məhkəmə bildirişləri ona çatdırılmamış, məhkəmə iclasının tarixi və vaxtı barədə məlumatsız olmuş və iş üzrə məhkəmə baxış iclaslarında iştirak edə bilməmiş, hazırkı işlə bağlı sübutları təqdim etmək və özünü müdafiə etmək imkanı olmamış və cavabdehin məhkəmədə iştirak etməyərək sübutlarını təqdim edə bilməməsi ədalətsiz qərarın çıxarılmasına səbəb olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2-2(119)468/2021 nömrəli qərardadı ilə Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2-2(119)- 468/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinin verilməsi müddəti ötürülmüşsə belə onun buraxılması bu aşağıdakı hallara görə üzürlü hesab olunaraq bərpa olunmalıdır: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-468/2021 saylı, 24.05.2021- il tarixli qətnaməsini elektron kabinetdə 03.08.2021-ci il tarixdə görmüşlər. Cavabdeh elektron sistem barədə qəti surətdə anlayışı yoxdur. O yalnız Abşeron Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çağırılan zaman bilmişdir ki, onun barəsində qətnamə qəbul edilmişdir. İddiaçı təşkilatda baş mühasib işləmiş, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan X2 həm də cavabdehin etibarnamə əsasında mühasibatlıq işlərini görmüş, cavabdehin asan imzası və inteqrasiya olunduğu elektron sistemlərin idarəçiliyi də onda olmuşdur. Buna görə Cavabdeh heç bir zaman elektron sistemə daxil olmamış və həmin sistemdə heç vaxt hər hansı əməliyyat aparmamışdır. O, istəsə belə bu əməliyyatı apara bilməzdi. Çünki bu sahədə ümumiyyətlə təcrübəsi yox idi. Həmçinin Cavabdeh ali təhsili belə yoxdur. Cavabdeh çox vaxt işi ilə əlaqədar rayonlarda olur. İş materiallarından görünür ki, o özü şəxsən qətnamənin surətini almamış, adətən məktubları onun adından onun qeydiyyatda olduğu evdə yaşayan yaşlı qohumları-dayısı qəbul etmişdir. Qeyd olunmalıdır ki, cavabdeh qeydiyyatda olduğu evdə yaşamır. Ora gediş-gəlişi yoxdur. Bunu iş materiallarında olan xəbərnamələrin əksər hallarda yaşlı qohumları tərəfindən qəbul edilməsi də sübut edir. Məhkəmə bildirişləri cavabdehə çatdırılmamış, məhkəmə iclasının tarixi və vaxtı barədə məlumatsız olmuşdur. Cavabdeh sahibkarlıqla məşğul olan fiziki şəxs kimi süd və süd məhsullarının istehsalı və satışı ilə məşğul olur. İlin çox böyük hissəsini rayonlarda olur. Elektron sistemdən nəinki istifadə edilməsini, heç həmin sistemə daxil olunmasını belə bilmir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bir dəfə də olsun iştirak etməmişdir. Onun hazırki işlə bağlı nə apelyasiya şikayətinə əlavə edilmiş sübutları təqdim etmək imkanı, nə də özünü müdafiə imkanı olmuşdur. İş materiallarından açıq-aydın görünür ki, cavabdehə etibarnamə əsasında mühasibatlıq xidmətləri göstərən X2 həm də iddiaçının mühasibatlıq işlərini aparmışdır. X1 hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunması səbəbindən dolayı cavabdehə məxsus elektron məhkəmə sistemi və digər sığorta-vergi-maliyyə işləri ilə bağlı elektron sistemlər nəzarətsiz qalmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli e-2-2(119)-468/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq, cavabdehin vəkilini dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 saylı qətnaməsi 31 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmış və 31 may 2021-ci ildə saat 10:39-da Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilərək, ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Belə ki, Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş və hətta, hazırkı iş üzrə məhkəmə prosesi zamanı elektron kabinetdən istifadə etməklə 05 may 2021-ci ildə məhkəməyə “məhkəmə iclasının başqa vaxta təxirə salınması” barədə ərizə də göndərmişdir. Bundan başqa, Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)-468/2021 nömrəli qətnaməsi 31 may 2021-ci il tarixli məktuba əlavə edilərək “sifarişli-xəbərnaməli” poçt göndərişi ilə Cavabdeh rəsmi qeydiyyat ünvanına, yəni iş materiallarında olan və eyni zamanda, cavabdehin özünün də məhkəməyə ünvanladığı ərizələrində poçt ünvanı kimi qeyd etdiyi “Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ünvan 2 göndərilmişdir. Həmin poçt göndərişi üzrə məhkəməyə qaytarılmış “Xəbərnamə” ilə müəyyən olunur ki, qətnamənin göndərildiyi poçt göndərişi 05 iyun 2021-ci ildə Cavabdeh ünvanında rəsmi qaydada qəbul edilmişdir. Göründüyü kimi, qətnamə Cavabdeh “qətnaməni elektron qaydada rəsmi olaraq əldə etmək imkanı verən” elektron kabinetə 31 may 2021-ci ildə yerləşdirilməklə yanaşı, 31 may 2021-ci il tarixli məktubla da poçt xidməti vasitəsi ilə onun rəsmi ünvanına göndərilmiş və həmin ünvanda məhkəmə qətnaməsi 05 iyun 2021-ci ildə rəsmi qaydada alınmışdır. Lakin, Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-22(119)- 468/2021 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə hazırkı ərizəsi və apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 17 avqust 2021-ci ildə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürüldükdən sonra verilmişdir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 10- 1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləliklə, Sumqayıt Kommersiya Məhkəməsinin 24 may 2021-ci il tarixli e-2-2(119)- 468/2021 saylı qətnaməsi 31 may 2021-ci ildə “qətnaməni elektron qaydada rəsmi olaraq əldə etmək imkanı verən” elektron kabinetə yerləşdirilməklə həmin qətnamə Cavabdeh həmin tarixdə rəsmən təqdim olunduğundan və eləcə də, əlavə olaraq poçt xidməti vasitəsi ilə də göndərilmiş həmin qətnamə Cavabdeh rəsmi ünvanında 05 iyun 2021-ci ildə rəsmən qəbul edildiyindən - qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət artıq hazırkı ərizənin və apellyasiya şikayətinin verilmiş olduğu 17 avqust 2021-ci ildə (hətta 11 avqust 2021-ci ildə) ötürülmüşdür. Belə ki, qətnamədən apellyasiya şikayəti verilmə müddətinin son günündən bir aydan çox müddət keçdikdən sonra cavabdehin apellyasiya şikayəti Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və bununla da, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət buraxılmışdır. Kollegiya qeyd edir ki, iş materialları ilə apelyasiya şikayətinin verilməsi müddətinin cavabdeh tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Cavabdeh qətnaməni ərizəsində qeyd etdiyi kimi “03 avqust 2021-ci ildə” deyil, yuxarıda qeyd olunan tarixlərdə - yəni, elektron qaydada 31 may 2021-ci ildə, poçt vasitəsi ilə göndərilmiş qətnamənin surətini isə 05 iyun 2021-ci ildə rəsmi qaydada alsa da, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prosessual müddəti hər hansı bir üzürlü səbəb olmadan buraxmışdır. Cavabdehin “apellyasiya şikayətinin verilməsi müddətin buraxılmasının üzürlü səbəbləri” kimi göstərilmiş hallarla bağlı kollegiya qeyd edir ki, iddiaçı Nümayəndə1 MMC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olandan sonra məhkəmə iclaslarının yeri və vaxtı barədə “sifarişlixəbərnaməli” poçt göndərişləri ilə rəsmi olaraq göndərilmiş məhkəmə bildirişləri cavabdehin ünvanında rəsmi qaydada qəbul edilmişdir. Eyni zamanda, məhkəmə bildirişlərini poçt xidməti vasitəsi ilə göndərməklə yanaşı, həm də cavabdehin bütün mobil telefon nömrələrinə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMS-bildirişlər” vasitəsi ilə də məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilmişdir. Hətta, Cavabdeh 05 may 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edərək elektron imza ilə imzalamış olduğu ərizə ilə məhkəməyə müraciət edib, “vəkilinin Bakı Apellyasiya Məhkəməsində məhkəmə iclasında olduğuna görə 06 may 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasının başqa vaxta təxirə salınmasını” xahiş etmiş və buna görə də, 06 may 2021-ci ildə keçirilən məhkəmə baxış iclasında cavabdehin həmin ərizəsi nəzərə alınaraq təxirə salınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli e-2-2(119)468/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-141/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-141/2021
27.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver