Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-145/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-535/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" Fərdi Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19979,4 (on doqquz min doqquz yüz yetmiş doqquz manat dörd qəpik) manat, hüquqi yardıma görə 300 (üç yüz) manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatın cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Fərdi Şirkəti arasında 10.09.2018-ci il tarixli, 16 nömrəli müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin tikinti, təmir bərpa işləri məqsədi ilə icarəsinə dair müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı müqavilə bağlandığı andan dəmir dirəklərinin icarəsini həyata keçirmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverən malları icarəçinin sahibliyinə və istifadəsinə verdikdən sonra icarəçi razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. "xxxx" Fərdi Şirkəti tərəfindən 19979,4 manat məbləğində pul vəsaiti ödənilməmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan son tarix kimi 2020-ci ilin iyun ayının son günü olmaqla 19979,4 manatın ödənilməməsi nəticəsində hüquqlarını bərpa etmək üçün 300 manat hüquqi yardıma görə və 31 manat məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödəyərək xərc çəkmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-535/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Şirkətindən 19979,04 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, 04 qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" Şirkətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Z.Məmmədov). Qətnamədən narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. apelyasiya şikayətinin dəlilləri: Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-535/2021 saylı 28 iyul 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur və bu səbəbdən ləğv olunmalıdır. İşin obyektiv həlli baxımından cavabdehin real borcunun müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, cavabdeh "xxxx" Şirkəti tərəfindən 10.09.2018-ci il tarixli, 16 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, yəni icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə iddiaçıya ödəməmişdir. Bu səbəbdən müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün cavabdeh "xxxx" Şirkətindən 19979,04 (on doqquz min doqquz yüz yetmiş doqquz manat, 04 qəpik) manat pul tutulmasına dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, icarəyəverən İddiaçı (VÖEN **********) ilə icarəçi Cavabdeh arasında bağlanmış 10.09.2018-ci il tarixli, 16 nömrəli avadanlıqların icarə müqaviləsinə əsasən icarəyəverən müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı müqaviləyə əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında və ya başqa, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Həmin müqavilənin tərəflərin hüquqları və öhdəlikləri adlanan 5-ci bəndinin şərtlərinə əsasən icarə haqqının ödənilməsini icarəçidən tələb etmək icarəyəverənin hüququ (5.2.1), icarə haqqını müqavilə ilə müəyyən edilən məbləğdə və şərtlərdə ödəmək isə icarəçinin öhdəliyidir (5.3.2). İş materiallarında olan 10.09.2018-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna (10.09.2018-ci il tarixli 16 nömrəli müqaviləyə 1 saylı əlavə) əsasən “İcarəyəverən” İddiaçı ilə “İcarəçi” Cavabdeh arasında razılaşdırılmış 3000 ədəd ayaqaltı iskələ sisteminin ümumi icarə məbləği 2100 manat müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən F.Əmircanov və baş mühasib C.Əlizadə tərəfindən imzalanmış və möhürlərlə təsdiq edilmiş 26.02.2020-ci il tarixli “İddiaçı ilə Cavabdeh Fərdi Şirkətinin arasında 28.08.2019-cu il tarixində olan borcların” üzləşdirmə aktına əsasən 16.02.2020-ci il tarixinə müqaviləyə əsasən layihədə olan ayaqaltı iskələ və dirək sistemlərin cəmi 19979.4 manat təşkil edir. Həmin akta əlavə edilmiş 1 nömrəli əlavəyə əsasən malların ümumi dəyəri 19979.4 manat təşkil edir. Beləliklə, məhkəmə tədqiqatı ilə müəyyən edildi ki, İddiaçı ilə "xxxx" Fərdi Şirkəti avadanlıqların icarəsinə dair müqavilə bağlamışlar. Həmin müqaviləyə görə, İddiaçı müqaviləyə Əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemləri (“Avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə "xxxx" Fərdi Şirkətinin sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Kollegiya cavabdehin real borcunun müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilməli olması barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil əsassızdır. Belə ki, iddiaçının istinad etdiyi hallar, yəni cavabdehlə aralarında bağlanılmış müqaviləyə əsasən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərinin iddiaçı tərəfindən cavabdehə icarəyə verilməsi və həmin sistemlərin icarəsinə görə cavabdehin iddiaçıya 19979,4 manat məbləğində icarə haqqını ödəməməsi iş materialları ilə, o cümlədən icarə müqaviləsi və üzləşmə aktı ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh "xxxx" Fərdi Şirkətinin apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, e-2-2(119)-535/2021 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 28 iyul 2021-ci il tarixli e-2-2(119)- 535/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-145/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-145/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver